Yuxarı

İki qardaşın ordusu Azadlıq meydanında…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 il bundan öncə Azərbaycanın çağdaş tarixində möhtəşəm hadisə baş verdi. Söhbət 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərinin şərəfinə Bakının Azadlıq meydanında 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradından gedir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır!”

Bəli, bu bir başqa paraddı; bəli, biz qalib xalqın haqlı qürurunu, şanlı zəfərimizi dünyaya nümayiş etdirirdik, əvəzsiz qardaşımız Türkiyə ilə birgə təntənəli hərbi vətənpərvərlik bayramı keçirirdik. O gün Azərbaycanın üç min hərbçisi ilə birgə qardaş ölkənin hərbçiləri də izdihamlı hərbi keçiddə ştirak edirdi. Zəfər paradında qazilərimiz, şəhid ailələri üzvləri, elm-təhsil, mədəniyyət-incəsənət xadimləri, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri və b. iştirak edirdi. Orada biləvasitə iştirak edə bilməyənlərsə ekranlar önündəydi, əslində, bütün dünya azərbaycanlılarının, Azərbaycanın vəfalı qardaşlarının, sadiq dostlarımızın nəbzi Azadlıq meydanında vururdu.

Biz bu günü çox gözləmişdik; biz bu günə inanmışdıq; məhz o inam bizi bütün ağrı-acılardan, təhdidlərdən və daha nələrdən-nələrdən keçirdi, müstəcəb oldu. İnamımız nəyə əsaslanırdı?

İlk növbədə, bizim işimizin haqq işi olduğunu bilirdik. Bilirdik ki, İlham Əliyevin prezidentliyinin ilk günündən üstünlük verdiyi ən əsas məsələ məhz torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpasıdır. Bizə dövlət-xalq birliyimiz, vətənpərvər gənc nəsillərimiz, günü-gündən güclənən Silahlı Qüvvələrimiz güc verirdi, inam bəxş edirdi. Bu inam, dünya erməniliyinin uzun illər beynəlxalq səviyyədə apardığı antiazərbaycan siyasətini dəf edəcəyimizə, Ermənistanın çox güclü himayədarlarının olmasına baxmayaraq, haqqımız olanı alacağımıza bəslənən inamın özüydü. Bu sözləri indi yazmaq asandır, ancaq etiraf edək, işğal illərində inamda sabit olmaq, “inşallah gələn bayramlarımızı Şuşada keçirək!” diləkləri ilə gur səslə çıxış etmək heç də asan deyildi.

Düşmən hər keçən gün daha da azğınlaşır, yeni vandallıq aktları törədir, “yeni müharibə - yeni ərazilər” deyə öz hərbi-siyasi kurslarını təlqin edirdi. Amma asanlığından-çətinliyindən asılı olmayaraq, məhz sarsılmaz inam bizi haqqımız olan Zəfəri qazanacağımız ali məqama götürdü. O ali məqamı, o günü bizim inamımız, haqq işimiz, dövlətin xalqına, xalqın dövlətinə dərin bağlılığı, gənclərimizin vətəncanlılığı və kainatın ruhu təcalla etdirdi. Dövlət başçımız İlham Əliyev uzaqgörənliklə, zərgər dəqiqliyi ilə, necə deyərlər, yüz ölçüb, bir biçərək ən uyğun gün və saatda əks-hücum əmri verdi!

Əlbəttə, bundan öncə, Tovuz döyüşləri olmuşdu, ondan öncələr – 2016-cı ildə Aprel döyüşləri olmuşdu, ancaq işğalçı ağıllanmamışdı. 2020-ci il 27 sentybarda işğalçı qoşunlar “bardağı daşıran son damla”dan da çəkinməyincə, müharibə başlandı.

Biz öz ərazilərimizdə öz gücümüzə arxalanaraq, savaşarkən Ermənistanın arxasında ənənəvi müttəfiqləri və dünya erməniliyi vardı. Üstəlik, işğalçılar üç onillik boyu elə möhkəmlənmiş, elə mövqelərdə müdafiə olunmaq imkanları əldə etmişdilər, bizim qələbəmiz düşmən üçün real görünmürdü və mümkün irəliləyişlər də çox uzun müddət və çoxsaylı itkilərlə başa gələ bilərdi. Ancaq Azərbaycanın şanlı Silahlı Qüvvələri öz Ali Baş Komandanının, xalqımızın etimadını doğruldaraq mümkün olmayanı mümkün etdi, keçilməz sədləri keçdi, işğalçıları yurdumuzdan iti qovan kimi qovdu! İndi Hərbi Qənimətlər Parkında canlandırılan (nümayiş olunan) “Ohanyan xətti”ni yarıb keçmək özü hər hansı bir ordu üçün qüdrətin ifadəsi sayılardısa, Azərbaycan Ordusu o bədnam xətti ildırım sürəti ilə yarıb keçdi və işğalçılardan fərqli olaraq bir gün belə geri çəkilmədən, bir əsgəri belə fərarilik etmədən, mülki şəxslərə və obyeklərə atəş açmadan – döyüş meydanında ləyaqət göstərərək hər gün irəlilədi! Murovdağ yüksəklikləri, Talış, Suqovuşan, Cəbrayıl, Ağoğlan (Hadrut), Füzuli, Zəngilan, Qubadlı, Laçının kəndləri, Şuşa və daha neçə-neçə yaşayış məntəqəsi cəmi 44 gün içində azad olundu! Şuşa Zəfərindən sonra Ermənistanın öz üzərinə götürməyə məcbur qaldığı öhdəliyə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın da 20 noyabr, 25 noyabr və 1 dekabrda bayrağımızın işığına qərq oldu, ordumuzun addımları ilə dincəldi.

Bax, Zəfər paradı bütün bu vurğulananlar da daxil olmaqla, müharibədə qızıl ləyaqət göstərmiş ordunun Ləyaqət paradıydı. Hər ordu müharibədə qızıl ləyaqət göstərmir, əksinə müharibə cinayətləri törədən ordular var. – Biz məhz saysız-hesabsız müharibə cinayətləri törətmiş dövlətə, vandalizmi dövlət siyasətinə çevirmiş ölkəyə qalib gəlmişik! Bizə Zəfər paradı çox yaraşırdı və Müzəffər Ali Baş Komandanımız qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla birgə bu paradın raportunu qəbul etdi, qalib ordunun, qardaş ordu mənsublarının nizamlı keçidini, hərbi qüdrət nümayişini izlədi.

O tarixi anlara şahidlik etmək bizim nəslin bəxtiyarlığıdır! Biz xoşbəxt insanlarıq ki, haqqın nazilsə də, üzülmədiyinə şahid olduq! Şahid olduq ki, Zəfərin rəmzi əziz Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən dağlar incisi üzərində qaldırılan Zəfər bayrağı parada gətirilib!

Parad əlbəttə, hərbi gücün nümayişidir. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən Ordumuzun silahlanmasına yeni qəbul edilmiş çağdaş hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Özəlliklə, döyüşlərdə hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də Zəfər paradında nümayiş olundu. Ermənistan hərbi-siyasi rəhbərliyinə daxil olan yüksək çinli şəxslər məsuliyyətsiz bəyanatlar verirdi ki, yeni müharibə başlasa, tanklarımız Bakıyadək gedəcək – dedikləri kimi də oldu, ancaq bir vacib fərqlə: o tanklar və digər hərbi texnika məhz hərbi qənimət olaraq Bakıya daxil oldu və bir qismi Xətai rayonu, 8 noyabr prospektindəki unikal Hərbi Qənimətlər Parkında sərgilənməkdədir...

Zəfər paradından iştirak edən hərbçilərimizin bir çoxu o parada yeni status və təltiflərlə gəlmişdi: Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın paraddan öncə verdiyi Sərəncamla Vətən Müharibəsi Qəhrəmanı yüksək adı ilə, general rütbəsi ilə, “Zəfər”, “Qarabağ” ordenləri ilə təltif olunmuş hərbçilərimizin bir hissəsi paradda iştirak edirdi. Qürur üstə qürur, fərəh üstə fərəh gəlmişdi, Azərbaycan bayram edirdi. Bu bayram yalnız Azərbaycanın deyil, haqqın nahaq üzərində qələbəsinə sevinən hər kəsin bayramıydı. Əslində, keçmiş zamanda danışmaq, yazmaq istəməzdim – çünki Zəfər paradı iki il öncə keçirilsə də, iki il öncədə qalmayıb; o günün mənəvi enerjisi bu gün də bizi sarır, o gündən aldığımız ilham gözümüzə işıq, qəlbimizə fərəh, böyük gələcəyimizə böyük inam verməkdədir.

Biz ləyaqətlə savaşmağı, layiqli Zəfər çalmağı, əsalətli bayram keçirməyi də bacarırıq, sülh üçün, birgə yaşayış üçün, mehriban qonşuluq üçün də dəyanət göstərə bilirik.

Biz gələcəyə baxmağa, Qafqazda əmin-amanlıq üçün çalışmağa hazırıq, bölgəmizdə, Avrasiyada, dünyada əməkdaşlıq ruhu ilə fəaliyyət göstəməyə qadirik; ancaq balaca və məğlub Ermənistan, dalan Ermənistan revanşizmdən qəti şəkildə əl çəkməlidir, terroru, vandalizmi, separatizmi dövlət siyasəti olmaqdan çıxarmalı və birmənalı rədd etməlidir. Yoxsa... yoxsa nə olacağını postmüharibə dövründəki sərhəd toqquşmalarında aldıqları qüvvətli dərslə gördülər hər halda. Unutmasınlar,

Dəmir Yumruq yerindədir!

Dövlətimiz var olsun!

Tarix
2022.12.10 / 14:27
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla