Ana səhifə Kult |
09:07
Kənddən gələn biri kimi demək istəyirəm ki, o vaxt biz şəhərdə elm, təhsil, mədəniyyət axtarışında idik. Böyük şəhərlər mədəniyyət, sənət beşiyi, elm mərkəzi olub. Ancaq bu gün kənd sakini şəhərə elm, təhsil dalınca deyil, dolanışıq üçün gəlir. Ən ciddi problem budur.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudov əməkdar artist Bəhram Bağırzadənin rayondan gələn bəzi insanların şəhər mədəniyyətini mənimsəməməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
“Bəhramın dediyi məsələni mən başqa aspektdən izah etmişəm. Televiziyalarda bu mövzuyla bağlı gedən verilişlərdə əvvəllər mən də iştirak edirdim. Ancaq bundan psixoloji və mənəvi əzab çəkdim. Çünki bunun sosial faciə olduğunu gördüm. Bəlli oldu ki, kəddə yaşayan övladlarımızın ən böyük problemi sosial məsələlərdən doğur. Bu insanlar özlərinə bir yol tapa bilmirlər.
Çox təəssüf ki, kənd mühitində doğulub böyüyən şəxs rayondakı işsizlik, problemlər ucbatından Bakıya üz tutur. Halbuki o şəxslərə yaşadıqları yerdə şərait yaradılsa, bu cür müzakirələrə də ehtiyac qalmaz”, - xalq artisti bildirib.
Ş.Ə.Mahmudovun sözlərinə görə, belə məsələlər izah edilmədən birmənalı şəkildə danışmaq sözsüz ki, narazılığa səbəb olur:
“Əminəm ki, Bəhramın qətiyyən kəndçiləri aşağılamaq fikri olmayıb. Sadəcə olaraq ya hər şeyi olduğu kimi deməyə cəsarəti çatmayıb, ya da izah etmədən birbaşa nəticəni deyib. Kəndçilər necə dolanmalıdır? Otlaq sahəsin əlindən alırsansa və yaxud çox baha qiymətə ona icarəyə verirsənsə, əkin sahələri əsasən böyük sahibkarların əlindədirsə, meyvəsini, tərəvəzini, kartof-soğanını gətirib şəhərdə sata bilmirsə, qapısında isə qəpik-quruşa verirsə, necə yaşasın? Kəndçi niyə gətirib məhsulunu rahat satıb gedə bilmir? Onlara niyə şərait yaradılmır? Bayramdan-bayrama 2-3 yarmarka yaratmaqla deyil, bu məsələlər köklü şəkildə həll edilməlidir.
Həll edilmir, insanlar da ailələrini qoyub, Bakıya, yaxud Rusiyaya üz tuturlar, nəticədə də elə problem yaranır”.
Şeyx Əbdül vurğulayıb ki, Bəhram Bağırzadənin düzgün anlaşılmamasının səbəbi var:
“Bütün bunların səbəbləri haqda danışmaq lazımdır, “Sən kəndlisən, özünü apara bilmirsən” kimi fikirlər çaşdırıcıdır, zahiri əlamətlərdir, üzdə görünəndir. Kökündə nələr dayanır, onları həll etmək lazımdır. Nəfslərinə qul olan, Azərbaycanın sərvətini yeyən şəxslər anlamalıdır ki, onlar bu yolla öz xalqına, üstəlik onlara etimad göstərən Prezidentə xəyanət edirlər”.
Xalq artisti bildirib ki, nə vaxt rayonlarda bu problemlər həll ediləcək, nə vaxt Bakıya dolanmaq üçün yox, mədəniyyət mərkəzi kimi, yüksək təhsil naminə, elm-sənət öyrənmək üçün gələcəklər, onda da Bəhram Bağırzadənin toxunduğu məsələlər olmayacaq.
Tarix
2023.01.17 / 11:26
|
Müəllif
Sayalı Abasova
|