Potyomkinə qədər Yekaterinanın coşqun həyatında dörd
macərası – rəsmi favoriti olmuşdu. Saltıkov, Ponyatovski, Orlov,
Vasilçikov – özünün hökmdar ərinə (III Pyotra) ilk xəyanətindən
keçən 22 il ərzində "şimal Messalinası" adlandırılan bir xanım üçün
elə də böyük göstərici deyil.
Bu siyahının qısalığı daha çox keçmiş Sofiya Frederik Avqustun
sabitliyindən, onun hər bir var-dövlət və hakimiyyət axtarıcısında
hələ uşaqlıq çağlarında, rahat və darıxdırıcı Serbstdə (Almaniyada
şəhər – tərc.) arzuladığı həmin yaraşıqlı prinsi görmək meylindn
xəbər verirdi.
Fikhen (onu evdə belə çağırırdılar) knyaz Xristian
Anhalt-Serbstski və gənc İohann Yelizavetanın ilk övladı idi.
Valideynləri oğlan gözləyirdilər və qız uşağının dünyaya gəlməsi
onları çox kədərləndirir.
Sonralar Yekaterina öz "Memuarlar"ında ailədə ona qarşı olan
münasibət haqqında yazırdı: "Mənim varlığıma zorla dözürdülər,
tez-tez acıqla, hətta qəddarcasına danlayırdılar, həm də heç də
həmişə haqlı olmurdular. Atamı gec-gec görürdüm, o, məni mələk
sanırdı: anam isə mənimlə az məşğul olurdu".
Qız böyüdükdən sonra isə anası onunla daha çox maraqlanmağa
başlayır – İohanna Sofiyanın uğurlu nikahı sayəsində Avropanın kral
ailələrindən biri ilə qohum olmağı düşünürdü. Lakin Serbst
knyaginyasının ən şöhrətpərəst planlarında belə, onun Fikheninin
sahəsi Avropanın bütün dövlətlərinin birlikdə götürülmüş
ərazisindən daha böyük olan bir ölkənin imperatriçəsi olmasına dair
xülya yox idi.
Yekaterinanın xatirələrinə görə, anası "prinsessa böyük qızı"
ilə birlikdə Peterburqa, imperatriçənin qəbuluna gəlmək dəvətini
alanda çox həyəcanlanır və demək olr ki, bir neçə günə uzaq
səyahətə hazır olur.
Demək olmaz ki, uzaq qohumu və potensial nişanlısı olan knyaz
Pyotr Fyodoroviç ilk görüşdə Serbst prinsessasının çox xoşuna
gəlmişdi. "Mən çox tez anladım ki, - deyə o, xatirələrində yazırdı
– o, hökranlıq etdiyi xalqa ehtiram bəsləmir... rus mühitini sevmir
və ümumiyyətlə, hələ lap uşaqdır".
Bununla belə, Pyotrun həyat yoldaşı olmaq üçün Yekaterina
ciddi-cəhdlə rus dilini öyrənməyə başlayır və ən əsası da
lüterantlıqdan provaslav təriqətinə keçir. "Qəlbim yaxşı heç nəyi
vəd etmirdi, - o, öz "Memuarlar"ında etiraf edirdi. – Mənə yalnız
şöhrətpərəstlik duyğusu hakim idi. Qəlbimdə nə isə heç bir şübhə
yeri olmadan deyirdi ki, mən özüm hər şeyi əldə edəcəm və rus
imperatriçəsi olacam".
Knyaz Pyotr Fyodoroviçlə nişanlanandan sonra Yekaterina üçün
tamam başqa həyat başladı. Həm də öncə o, nəhayət, "kişi və qadın
arasındakı münasibətlərin sirrindən" agah oldu. Gələcək imperatriçə
xatırlayırdı ki, artıq on üç yaşından onda həssaslıq baş
qaldırmışdı. Zaman keçdikcə onda anlaşılmaz həyacanlı hallar baş
verirdi. Bunun səbəblərini o zaman başa düşmürdü, anası və
tərbiyəçisi Babet Kardel isə bu barədə onunla danışmırdılar.
Əlbəttə, ərə gedənədək Yekaterina artıq cinsi məsələlərdən
xəbərdar idi, lakin ancaq nəzəri baxımdan. Əlinə düşən oxuduğu
kitablar prinsessada məhəbbətə bir qədər romantik münasibət
formalaşdırmışdı və o, sevdiyi kişinin simasında təkcə sevgili
deyil, həm də ən yaxın həmdəm görmək istəyirdi. O, bunu ilk növbədə
öz ərində axtarmışdı. Lakin hövsələsiz və fərasətsiz Pyotr
Fyodoroviç gənc zövcəsinin sevgisini çox erkən nifrətə çevirə
bildi. Buna görə isə taxt-tacı ilə, sonra isə həyatı ilə cavab
verməli oldu.
Orlov qardaşlarından Qriqoridən və Alekseydən də arzulanan
sevgili alınmadı – onlar yeni hökmdar xanımdan tamahkarcasına çox
şey tələb edirdilər. Yekaterina üçün bu yaxşı dərs olur: dövlət
maraqlarını nəzərdə tutaraq düşünməyə adət etdiyindən o, bir daha
vurulmamağa söz verir. Artıq vaxt da keçmişdi: imperatriçə qırxı
aşmışdı. Onun yaşında olan bəzi xanımlar artıq nəvə gəzdirirdilər,
aşiq olmaq nədir?
Lakin romantik təbiəti sağlam düşüncəni üstələyir və o,
kamer-yunker (inqilabdan qabaq Rusiyada kamergerdən kiçik olan
saray rütbəsi – tərc.) Vasilçikovla macəra yaşayır. Lakin dayaz
düşüncəli kamer-yunker Yekaterinaya nə dövlət işlərində məsləhətçi,
nə də layiqli həmsöhbət ola bilir.
Rus dilini, yeni təbəələrinin adət-ənənələrini öyrənsə də,
etiqadını dəyişsə də imperatriçə "sehrli rus qəlbini" sonadək dərk
edə bilmədi. Yalnız kişi – ağıllı, cəsur və sevən kişi bu böyük yad
ölkəni anlamaqda və idarə etməkdə ona kömək etmək gücündə idi.
Favoritlərini dəyişmk səbəblərindən biri də məhz bu idi. Baxmayaraq
ki, başqa bir səbəb də var idi – imperatriçənin təbii
həssaslığı.
Sarayda pıçıldaşırdlar ki, o, yalnız kişinin ağuşunda yuxuya
gedə bilir. Və həqiqətən də "favoritsiz" keçən qısa sürələrdə
Yekaterina çox əsəbi olur, hər şeyə irad tutur, qulluqçulara
qışqırır və düşünülməmiş qərarlar qəbul edirdi. Belə ki, dövlətin
maraqları onun yanında sınanmış birinin olmasını tələb edirdi.
Belələrinin seçilməsi ilə imperatriçənin sadiq kameristkası
(keçmişdə xanımların xüsusi xidmətində olan qulluqçu – tərc.),
paytaxtın kübar həyatında parlayan bütün gənc, yaraşıqlı və
ucaboylu (boyu bir metr səksən santimetrdən aşağı olmayan) kişilər
haqqında xanımına hərtərəfli məlumat verən Marya Savvişna
Perekusixina məşğul olurdu.
Doğrudur, bəzən imperatriçə Perekusixinanın yardımı olmadan da
keçinə bilirdi. 1773-cü ilin sonlarında da belə olmuşdu.
İmperatriçə yeniçə təyin olunmuş, türklərlə müharibədə fərqlənmiş
general Qriqori Potyomkinə iltifatlı məktub yazıb onu Peterburqa
dəvət edir. Yekaterina Potyomkinlə ilk dəfə hələ 1762-ci ildə tanış
olmuşdu. Potyomkin Yekaterinanı taxta çıxaran çevrilişdə iştirak
etmişdi. O vaxt zəngin Smolensk mülkədarının oğlunun cəmi 22 yaşı
var idi və o, imperatriçənin xoşuna gəlmək üçün dəridən-qabıqdan
çıxırdı. Yekaterina xatırlayırdı ki, o, məzəli sözlər
danışıb-gülür, insanların və heyvanların səslərini yamsılayırdı.
Bir-iki dəfə Yekaterina onu saraya ziyafətə çağırmışdı, lakin
Potyomkinin ona tuşlanmış sevgili baxışları Orlov qardaşlarının
xoşuna gəlməmişdi.
Tezliklə faciə baş verir: Potyomkin gözünün birini itirir.
Özünün dediyinə görə, gözləri uğursuz müalicə üzündən görmək
qabiliyyətini itirib. İsitmə xəstəliyinə tutulan Qriqori türkəçarə
həkimə müraciət edir. O da xəstəyə kəskin, yandırıcı məlhəmlərlə
təpitmə edir. Lakin şayiə gəzirdi ki, onun gözünü quldur Orlov
qardaşları ilə davada vurub çıxartmışdılar. Hələ üstəlik ona
"siklop" (yunan əsatirində təpəgöz – tərc.), - deyə rişxənd də
edirdilər. Potyomkinin qohumu Samoylov yazırdı ki, ümdsizliyə
qapılan Qriqori kəndə çəkilir və hətta monstıra getmək istəyir.
Ancaq sonra axır ki, paytaxta qayıdır və uzun illər sarayda
əhəmiyyətsiz bir vəzifədə batıb qalır. Onun zamanı 1769-cu ildə
sarayın cansıxıcı həyatından bezib türklərlə müharibəyə könüllü
qoşulduğu an gəlib çatır. Bu müharibə ona nəinki cəsurluğunu, hətta
sərkərdəlik istedadını da göstərməyə imkan verir. İndi o, artıq şən
və zarafatcıl gənc deyildi, həyatında çətinliklər yaşamış yetkin
kişi idi.
Əlbəttə, görüş zamanı Yekaterina fərqi hiss etmişdi, lakin
imperatriçə hər şeydən əvvəl qonağın zahiri görünüşünə fikir
vermişdi: uca boy, səliqə ilə daranmış şabalıdı saçlar, həssas
dodaqlar və qüsursuz ağ dişlər – bu, o zaman üçün nadir hal idi.
Sağ gözü boz-yaşıl, sol, görməyən gözü isə daima qıyıq idi. Bu isə
simasına vüqarlı bir görünüş verirdi.
Əvvəllər heyran olduğu imperatriçəni görəndə onun necə bir hiss
keçirdiyini demək çətindir – tarix bu görüşə aid heç bir məlumatı
qoruyub saxlamayıb. O vaxt Yekaterina balaca boy (157 sm) və dolu
olmasına rəğmən kişilər üçün yenə də gözəl və cazibədar xanım idi.
Əlbəttə, bu cazibədarlığın böyük bir payı da hakimiyyət magiyasının
üzərinə düşürdü. Potyomkin də ona qarşı laqeyd deyildi: artıq bir
neçə gündən sonra hər şeyi bilən Avropa diplomatları öz
paytaxtlatına məlumat vermişdilər ki, Yekaterinanın yeni "əhvalatı"
başlayıb.
İngiltərə səfiri Hunninq bildirirdi ki: "Onun (Potyomkin nəzərdə
tutulur – tərc.) nəhəng və qeyri-proporsional fiqurası var. Zahiri
görkəmi isə qətiyyən cəlbedici deyil. Bununla belə, o, insanları
yaxşı tanıyır və həmvətənlərinə nisbətən çox fərasətlidir". Alman
Solmsın dedi-qodusu isə bundan ibarət idi: "General Potyomkin demək
olar ki, xanımın otağından çıxmır... Gəncliyi və ağlı sayəsində
Orlovun imperatriçənin qəlbindəki yerini tutmaq ona asan olacaq.
Vasilçikov onu əlində saxlaya bilməmişdi".
Elə belə də olur – iki il Yekaterina və Potyomkin ayrılmaz
cütlüyə çevrilirlər. Bu sevgi münasibətinin yüksəliş mərhələlərini
çar fərmanları addım-addım izləyirdi: 1774-cü ilin martında favorit
Preobrajenski polkunun podpolkovniki təyin edilir (polkovnik
çariçanın özü idi), iyunda Hərbi kollegiyanın vitse-prezidenti
olur, növbəti il isə qraf titulu alır.
Potyomkinin yüksək mövqeyi hələ qarşıda idi: o, çox tezliklə Qış
sarayına köçür və Yekaterinanın buduarı ilə dolama pilləkənlə
birləşən otağa yerləşir. Favorit eyni otaqları Böyük Çarskoselski
sarayında da alır, lakin orada Potyomkinin xanımın yataq otağına
olan yolu uzun soyuq dəhlizdən keçirdi və Yekaterina qayğıkeşliklə
tapşırırdı ki, "ayaqyalın gəzmə, soyuqdəymədən yaxa qurtarmaq
istəyirsənsə, tütün qırıntılarını iylə".
Potyomkin Yekaterinanın yaxın adamlarını şoka salaraq sarayda
xalatda, yaxud da lüt bədənə geydiyi xəzdə, ev başmaqlarında və
çəhrayı gecə papağında gəzirdi. Həm də həmişə nə isə çeynəyirdi –
alma, piroq, turp qalıqlarını isə utanmadan döşəməyə atırdı. Bəzən
camaatın içində dişlərini qurdalayır, hansısa nazir və ya səfirlə
söhbətə aludə olduğundan isə hətta çox vaxt dırnaqlarını da
yeyirdi. Başqası olsaydı, rüsvayçılıqla saraydan atardılar, sevimli
imperatriçəsi isə onu yalnız "imperiyanın ilk dırnaqyeyəni"
adlandırmışdı.
Doğrudur, imperatriçə onu tərbiyənləndirməyə çalışır, sarayda
davranış qaydalarını yazdırıb divarlardan asdırırdı. Bu qaydalar
içərisində belə bir bənd də var idi: "Şən olmaq. Lakin heç nəyi
korlamamaq, qırmamaq və heç nəyi gəmirməmək". Öz əşyalarını onun
otağına səpələdiyinə görə də imperatriçə sevgilisini danlayırdı:
"Bu, nə vaxtacan belə olacaq, əşyalarını niyə mənim otağımda
unudursan?"
Yekaterina özünü elə göstərirdi ki, guya inciyir – ciddi alman
qanunları ilə tərbiyələnmiş Yekaterina üçün Potyomkinin pintiliyi
də, sadəlövh zarafatları da sevimli olmuşdu: "Əzizim, dünən sən
necə bir cəfəngiyat danışırdın. Hələ bu gün də sənin sözlərinə
gülməyim tutur. Mən səninlə necə də xoşbəxt anlar keçirirəm!"
İmperatriçə ondan ayrılan kimi darıxmağa başlayırdı. Əgər gecələr
kart oynamağa qalıb onun yanına gəlmirdisə, yuxuya gedə bilmirdi;
bir dəfə Yekaterina onun otağının yanında yelçəkəkn yerdə iki saat
dayanıb gözləmişdi, içəridə adamlar vardı deyə, içəri keçə
bilməmişdi. Potyomkindən fərqli olaraq o, qaydalara məhəl qoymayıb
axşamlar onun otağına keçə bilmirdi. "Mən sənin yanına gəlmək üçün
yol axtarırdım, - deyə çariça şikayətlənirdi. – Lakin yolda o qədər
qayduk və lakeylər vardı ki, fikrimdən əl çəkdim... "Sərhədlərimiz"
arada veyillənən hər cür heyvanlarla doludur". Əlbəttə, o, yaxşı
başa düşürdü ki, özünü hökmdar xanım kimi aparmır və bunu onun
özünə də etiraf edirdi: "Cənab Potyomkin, bu necə təəccüblü bir
şeydir. İndiyədək Avropada ən qüdrətli xanım kimi tanınan
Yekaterinanın ağlını əlindən almısınız? Utancdır, ağılsızlıqdır,
günahdır! İkinci Yekaterina ağılsız bir ehtirasın ona hökmranlıq
etməsinə yol verir!"
Yekaterina və Potyomkinin bir-birlərinə yazdıqları yüzlərlə
məktub qorunub saxlanılıb və "Ədəbi abidələr" seriyasının bir
cildini təşkil edir. Bunlar əsasən iş-gücdən təklikdə qala bilməyən
sevgililərin gündə bir neçə dəfə yazdıqları qısa yazışmalarından
ibarətdir. İmperatriçə daha çox və nəvazişlə yazır, sevgilisi üçün
saysız-hesabsız sevimli ləqəblər fikirləşib tapırdı - "canım
mənim", "mənim əziz oyuncağım", "ən qiymətlim" və s. Potyomkin daha
təmkinli idi və Yekaterinanı "anam", "hökmdarım" adlandırırdı. O,
öz məhəbbətini başqa cür izhar edirdi – məktubu aparan nökərə əmr
edirdi ki, Yekaterina onu oxuyub cavab yazanacan diz çökərək
gözləsin.
Saray əyanları fikirləşməkdən "başlarını sındırmışdılar":
Potyomkin çariçanı nə ilə fəth edib? Cürbəcür şaiyələr gəzirdi:
həqiqətə uyğun olanları da vardı, olmayanları da. Deyirdilər ki,
Potyomkin çariçanı əyləndirir, dövlət işlərindən yayınmaqda (yəni,
dincəlməkdə) ona yardımçı olur. Bəziləri isə deyirdilər ki, o, qara
magiya ilə məşğuldur və Yekaterinanı sehrli iksirlə ovsunlayıb. Heç
kim inanmırdı ki, çariça onun ağıl və qabiliyyətini qiymətləndirir.
Halbuki əsl həqiqət məhz bu idi.
Potyomkin bütün mühüm dövlət sənədlərini oxuyur və onlara uyğun
tövsiyələrini verirdi və şübhəsiz ki, bunlar işə yarayırdı. Faktiki
olaraq rus ordusuna komandanlıq edən Potyomkin onu sanki yenidən
qurur, Pyotrun vəfatından sonra çökmüş hərbi donanmanı bərpa edir.
Xarici ölkələrlə münasibətlərdə böyük uğurlar əldə edir – misalçün,
Avstriya ilə ittifaq bağlayır və buna görə Müqəddəs Roma
imperiyasının şöhrətli knyazı tituluna layiq görülüb. Bu məsələ ilə
bağlı qəbulda Yekaterina hamının yanında Potyomkini qucaqlayıb
deyir ki, Rusiyada sənin başından yaxşı baş yoxdur.
Qriqori Aleksandroviçin məhz başı imperatriçəni onların
münasibətlərini qorumağa sövq edirdi. O, Potyomkinin hər cür
kobudluğunu, etiket qaydalarına etinasızlıq göstərməsini də,
melonxoliya tutmalarını da (bu isə tez-tez baş verirdi) buna görə
bağışlayırdı. Hələ üstəlik Qriqori əməlli-başlı qısqanclıq edirdi
və Yekaterina dəfələrlə özünə bəraət qazandırmaq üçün
dəridən-qabıqdan çıxırdı: "Yox, Qrişenka, ola bilməz ki, mən sənə
xəyanət edim. Bir özün düşün: səndən sonra kimisə sevmək
mümkündürmü? Məncə, sənin kimi birisi yoxdur".
Sevgilisinin şübhələrinə son qoymaq üçün Yekaterina cəsarətli
bir addım atır – onunla gizli nikaha girir. Belə bir versiya var
ki, bu, 1774-cü ilin iyununda Vıborq tərəflərdə kiçik bir kilsədə
baş verib. Onların nikahını təsdiqləyən sənəd yoxdur, lakin məhz bu
povestdən sonra Yekaterina məktublarında onu "əziz həyat yoldaşım",
özünü isə "sədaqətli zövcə" adlandırmışdı.
(Davamı var)