Elə insanlar var ki, müsahibəyə asanlıqla razılaşmır.
Onları yola gətirmək üçün bəzən aylarla əziyyət çəkməli oluruq.
Əlbəttə ki, söhbət "sənətkaram, xalqım məni sevir", - deyib tez-tez
öyünən, xalqın adından danışıb, özünü az qala dahi hesab edən
əldəqayırma ulduzcuqlardan getmir.
Əsl sənətkarlardan danışıram. Belə baxanda, onların sayı elə də
çox deyil. Əksəriyyəti dünyasını dəyişib, sağ qalanlar da çox zaman
diqqətsizliyin qurbanı olur. Ataların gözəl misalı var; su qabı
suda çatlayar. Təəssüf ki, onların əksəriyyəti ömürlərini canı-qanı
qədər sevdikləri səhnədən, sənətdən kənarda qocala-qocala başa
vurur. Vallah, kim nə deyirsə desin, itirən onlar yox, elə biz
tamaşaçılar oluruq.
O, "Nəsimi", "Babək", "Qatır Məmməd" kimi daha neçə filmdə
çəkilə bilərdi…
Söhbət xalq artisti, sevilən aktyor Rasim Balayevdən gedir.
Sənətkarın Publika.az-a
müsahibəsini təqdim edirik:
Xəcalət çəkirəm
- Rasim müəllim, eşitdik, yeni filmə dəvət almısınız,
çox sevindik…
- Xeyr, hələ razılıq verməmişəm. Sadəcə, bir filmdə çəkiləcəyimi
söyləyiblər. Mən də demişəm ki, o ssenarini göndərin, görüm, nə
roldur, orda kimlər çəkilir? Hər filmə də çəkilə bilmərəm axı.
Ssenarini oxumamış, özümü o rolda görməmiş, heç bir təklifi qəbul
etmirəm.
- Necə oldu, ssenarini göndərdilər?
- Yox əşi, indi aktyora ssenari göndərən var?
- Yəqin, göndərərlər, axı siz adi aktyor
deyilsiniz.
- İndi belə şeylərə fikir verən kimdir?...
- Heç seriallarda da sizi görə bilmirik. Ancaq xalq
artisti olan bəzi həmkarlarınız o seriallarda həvəslə
çəkilir…
- Məni də dəvət edirlər, amma qəbul etmirəm.
- Niyə?
- Niyə qəbul edim axı? O seriallara baxanda xəcalət çəkirəm.
İndi kimsə nəyinsə xatirinə istəmədən çəkilir. Mən evimdə oturub
şor-çörəyimi yeyərəm, ancaq elə filmlərə çəkilmərəm. Keçən dəfə
təsadüfən bir seriala baxdım. Qız deyir, "Ana, başım ağrıyır".
Anası da o saat bir stəkan çay gətirib onun qabağına qoyur ki,
"Bergamot ətirli çaydır, iç, başının ağrısı keçəcək". Birinin
mədəsi bulanır, o biri də xiyar turşusunu gətirir ki, "Filan
şirkətin məhsuludur, ye, əhvalın düzələcək". Bilmirsən, baxdığın
filmdir, yoxsa reklam çarxı? Qatıb-qarışdırırlar, adını da qoyurlar
film. Belə seriala çəkilib, özümü biabır edə bilmərəm.
Ağlamaq əvəzinə gülməyim gəlir
- Gənclərin çəkdildiyi komediya filmlərində də xalq
artistlərimizi görürük. O filmləri də bəyənmirsiniz?
- O filmlərə baxanda ağlamaq əvəzinə gülməyim, gülmək əvəzinə də
ağlamağım gəlir. Çəkirlər, amma çəkmək hələ keyfiyyətli film ərsəyə
gətirmək demək deyil. Söz yox ki, mən də kinosuz, ekransız
darıxıram. Zarafat deyil, 35 il kamera qarşısında dayanan adam
olmuşam. Kinodan kənarda özümü sudan çıxarılan balıq kimi hiss
edirəm. Çəkilmək istəyirəm, amma nəyə çəkilim? Yaxşı ssenari
yazanlar da ölüb getdi, kino çəkən rejissorlar da. Onlar indi
nağıl, rəvayət kimi xatırlanır.
- Niyə elə deyirsiniz, köhnə rejissorlarımızdan sağ
qalanlar var axı…
- Hanı, kim var? Adını çəkin.
- Biri elə Eldar Quliyev.
- O da qocalıb, çoxdandır film çəkmir. Yaxşı yazan, yaxşı çəkən
kino adamları getdi, indikilər "üç badam bir qoz" çəkir, adını da
kino qoyur. İndən belə yaxşı film heç gözləmirəm də. Əgər yaxşı
ssenari olsa, yaxşı rejissor çəksə, çəkiləcəm. Olmasa da, daha
neyləyə bilərəm. Deməli, mənimki də bura qədərmiş.
Bu mənim üçün dəhşətdir
- Sizi belə ümidsiz görmək istəməzdik. İnşallah, yaxşı
olar.
- Hər bir halda, reallıq budur. Barışmaqdan savayı yolum
yoxdur.
- Sadəcə olaraq, Rasim Balayevin kinodan kənarda
yaşlandığını görmək tamaşaçı kimi bizə ağır gəlir… Maşallah, heç
sizə qoca demək də olmaz…
- Yox, necə demək olmaz? Onsuz da qocalmışam, yetmişə nə qalıb
ki? Yaşıma görə təəssüflənmirəm, ömrümün boşuna hədər getdiyinə
görə heyfsilənirəm. Axı mən itkiyə gedən bu zamanı çəkiliş
meydançasında keçirə bilərdim, bir filmdə hansısa obrazı
yaradardım.
- Hərdən belə ümidsizliyə qapılanda aktyor olduğunuz
üçün peşmançılıq hissi keçirirsiniz?
- Xeyr, nə qədər çətinliklərlə qarşılaşsam da, peşman olmuram.
Çünki insanlar məni aktyor olduğuma görə sevib, hörmət edib. Mənim
bu həyatda qazancım sənətimə görə olub. Sadəcə olaraq, enerjimi
kinoya sərf edə bilmədiyim üçün heyfsilənirəm. Bu mənim üçün
faciədir, bu dəhşəti özüm anlayıram.
Həyatımda faciə də olub, komediya da
- Həyatınızı ekranlaşdırmaq imkanı verilsəydi, hansı
janrı seçərdiniz?
- Mən kiməm ki, həyatım ekranlaşdırılsın? Hər gün qastronoma
gedib pendir, şor alan bir adamın həyatının filmə çevrilməsi kimin
üçün maraqlıdır? Mən kinoda oynadığım rolllarla tanınıram. İnsanlar
üçün maraqlı olan yaratdığım obrazlardır. Adi həyatda sıradan bir
Rasim Balayevəm - gündəlik məişət qayğıları ilə yaşayan, sadə bir
vətəndaş.
- Bəs rənglərlə müqayisə etsək, Rasim Balayevin
həyatında hansı rənglər üstünlük təşkil edib - boz, qara, yoxsa
əlvan?
- Həyatımda həm çətin, həm gülməli məqamlar yaşamışam. Faciə də
olub, komediya da… Öncəki sualınıza cavab olaraq deyim ki, həyatımı
ekranlaşdırmaq istəməzdim, amma həyati filmlərə yenə də çəkilmək
istərdim. Heyf ki, ömrümün son 15 ili boşu-boşuna keçdi.
Onu gözləyirəm
- Maraqlıdır, həyatınızdan silib atmaq istədiyiniz illər
olub?
- Yox, heç birini atmaq istəmirəm, hətta faciəvi olsa belə,
çünki bu Allahın mənə verdiyi və yaşatdığı ömürdür. Onları
yaşamışamsa, demək, silib ata bilmərəm.
- Bəs ömrünüzün hansı mərhələsini yenidən yaşamaq
istərdiniz?
- Əgər zamanı geri qaytara bilsəydim, 1970-1980-ci illəri
yenidən yaşayardım. Lakin bu da mümkün olan şey deyil axı. Kimdir
geridə qalan ömrü mənə yenidən qaytaran? Həyatımın həmin
mərhələsində milli kinonun ən gözəl filmləri çəkildi.
- Hamısında da baş rolda çəkildiniz. Rasim müəllim, bir
çox aktyorların xəyal etdiyi ən gözəl rolları kinoda yaratmısınız.
Bilmək istərdim, arzuladığınız, amma ürəyinizdə qalan rol
varmı?
- Yox, elə deyil. Əslində, teatr aktyorları zaman-zaman hansısa
rolları oynamaq arzusunda olur. Kino aktyoru isə tam fərqlidir.
Ssenari yazılır, aktyora təqdim olunur və o, rolunu oynayır. Necə
oynaması artıq onun peşəkarlığından asılıdır. Bilmək
istəyirsinizsə, hələ ən gözəl rolumu oynamamışam. Bunu ilk dəfə
sizə deyirəm - onu gözləyirəm. Yaxşı bir film olsa, məni o rolda
görəcəksiniz.
Aktyor üçün yaşın fərqi yoxdur, o, 70 yaşda da gözəl rol yarada
bilər. Obrazın gənc olması mütləq deyil. Qoca insanların taleyini
yaratmaq da maraqlıdır. Əksinə, mən "Nəsimi"ni oynayanda çox cavan
və təcrübəsiz idim. İndi artıq illərin təcrübəsini qazanmışam,
yəni, daha gözəl oynaya bilərəm. Aktyor üçün heç bir sərhəd yoxdur
- nə yaş, nə də başqa bir şey.
Əşi, nə böyük aktyor
- Çoxları Rasim Balayev qədər sevilən, xoşbəxt aktyorun
olmadığı qənaətindədir. Bu fikri təsdiqləyirsiniz?
- Hər halda geriyə boylananda görürəm ki, bu aktyor ömrünü
boşuna yaşamamışam.
- Böyük aktyor, sevilən aktyor, şanslı aktyor… Rasim
Balayev hansını özünə daha yaxın bilir?
- Əşşi, nə böyük, adi aktyor olmuşam. Necə bir aktyor olduğumu
tamaşaçı deyə bilər. Özüm haqqında belə şişirdilmiş sözlər deyə
bilmərəm.
- Bu qədər təvazökar olmayın, siz, həqiqətən, böyük
aktyorsunuz. Bunu özünüz etiraf etməsəniz də, tamaşaçı çoxdan
etiraf edib.
- Əgər belə hesab edirlərsə, sağ olsunlar.