Hər kəs birbaşa Vikipediyaya
girib, istənilən məlumatı əldə edə, eyni zamanda, əldə etdiyi
məlumatı Vikipediyaya yerləşdirə bilər. Bura fayllar, videolar, filmlər və s.
aiddir.
Bu sözləri Axar.az-a AMEA İnformasiya Texnologiyaları
İnstitutunun sektor müdiri, Vikimərkəzin rəhbəri İradə Ələkbərova
Vikipediyanın yaranmasının 15 illiyindən danışarkən deyib.
Onun sözlərinə görə, sayta daxil olan məlumata heç kim əks təsir
göstərə bilməz. Lakin daxil olan məlumatı bütün istifadəçilər
gördüyündən, hər kəs müdaxilə edib, mətndə müəyyən dəyişiklik etmək
ixtiyarına sahibdir.
- Edilən düzəlişlərin doğruluğu necə
yoxlanılır?
- Burada artıq mübahisələr yarana bilər. Vikipediyada
informasiyalar müxtəlif insanlar tərəfindən yarandığına görə
baxışlarda, ideologiyalarda müxtəliflik hiss olunur. Hər kəsin baş
verən hadisələrə öz baxışı var. Ona görə də Vikipediyada yaradılan
məqalə istifadəçilərin dünyagörüşlərini, baxışlarını ifadə
edir.
Biz Vikipediyada yayımlanan məlumatların hər birinin düzgün və
etibarlı olması barədə heç nə deyə bilmərik. Orda yanlış,
mübahisəli məqalələr çoxdur.
- Vikipediyada yanlış məlumatlar necə müəyyən
edilir?
- Vikipediyanın əsas şərtlərindən biri etibarlı mənbənin
göstərilməsidir. Əgər bu mənbə göstərilmirsə, məlumat sistemdən
silinə bilər.
- Mötəbər mənbə dedikdə nələr nəzərdə
tutulur?
- Dövlət saytları, dünyaca məşhur xəbər agentlikləri, hər hansı
elm xadiminin rəsmi saytı, dünyaca tanınmış universitetlərin nəşri
və s. Bu kimi yerlərdən götürülən məlumatların silinmə ehtimalı
sıfra bərabərdir.
- Vikipediyanın mərkəzi harada yerləşir?
- Baş ofis Amerikada yerləşir. Vikipediya qeyri-hökumət
təşkilatıdır. Təşkilatın özünün mütəxəssisləri, proqramçıları,
nəzarətçiləri, hər bir dil bölməsinin administratorları var.
- Administratorlar necə seçilir?
- Təşkilatda fəaliyyət göstərən hər bir administrator səsvermə
vasitəsilə seçilir. Zamanla onlar arasında dəyişikliklər baş verir.
Təşkilatın əsas prinsiplərindən biri də gənclərə yer verməkdir.
- Nəzərə alaq ki, Vikipediya böyük saytdır və fəaliyyəti
üçün böyük vəsait lazımdır. Bəs təşkilat bu vəsaiti hardan əldə
edir? Və yaxud, sistem əsas nəyə, kimlərə xidmət edir?
- Vikipediyanın arxasında əsas olaraq Amerika dövləti dayanır.
Və təşkilat birbaşa Amerika dövlətinin marağına xidmət edir. Digər
sosial şəbəkələrdə olduğu kimi, bu sayt da Amerika tərəfindən
nəzarətdə saxlanılır və idarə olunur. Rəsmi şəkildə isə bu barədə
heç bir məlumat yoxdur.
- İndi isə Vikimərkəzdən danışaq...
- Bizdə Vikipediya ilə məşğul olan xüsusi mərkəz var. Həmin
mərkəz Vikimərkəz adlanır. Mərkəz müxtəlif sektorlara bölünüb. Hər
bir sektorda 3-4 əməkdaşımız fəaliyyət göstərir. Onlar sırf
araşdırma ilə, bir də tədrislə məşğul olan qruplardır. Təbliğat
qrupumuz da var. Çalışırıq ki, gənclərimizi Vikipediyaya yönəldək.
Çünki belə olarsa, səsimizi dünyaya daha tez çatdıra bilərik.
- Vikipediyada azərbaycanca olan məqalələrin sayının az
olmasına səbəb nədir?
- Bu gün saytda ən çox məqalə ingilis dilindədir. Bu dildə 4
milyondan artıq məqalə var. Buna səbəb isə dünyada ingiliscə
danışanların çox olmasıdır. Bizim dildə olan məqalələrin sayının az
olmasına səbəb isə internet istifadəçilərinin azlığıdır.
Xatırladaq ki, Vikipediya — müxtəlif dillərdə, həmçinin,
Azərbaycan dilində virtual, açıq ensiklopediyadır. Ümumi internet
vasitəsilə azad yayımlanır və könüllülər tərəfindən
zənginləşdirilir. Sistem 300 dildə fəaliyyət göstərir. Dünyada
internetə çıxışı olan hər bir kəs Vikipediyaya daxil olaraq
qeydiyyatdan keçmədən səhifələrdə dəyişiklik apara bilər. Sistem
dünyanın ən böyük mənbə və məlumat bazası hesab edilir.
Vikipediya 15 yanvar 2001-ci ildə yaradılıb, azərbaycanca isə
2004-cü ildən etibarən fəaliyyət göstərir. Sistem fəlsəfə doktoru
Larri Sanqer və amerikalı sahibkar Cimmi Ueylsdirin birgə ideyası
əsasında yaranıb.