Axar.az gənc və istedadlı müğənni Anar Şəkili ilə
müsahibəni təqdim edir:
Atam tanınmış ifaçıdır...
- Anar bəy, özünüzü oxucularımıza təqdim
edərdiniz.
- Əvvəlcə onu vurğulayım ki, soyadım Məmmədbağırovdur. Sadəcə,
əslən Şəki şəhərindən olduğum üçün öz şəhərimin adını özümə ləqəb
götürmüşəm.
- Bəllidir ki, Şəki şəhəri istedadlar diyarıdır. Bəs
ailədə necə, musiqiçi və ya yaradıcı insan varmı?
- Bəli, atam İlham Məmmədbağırov Şəki şəhəri və ona yaxın ətraf
rayonlarda kifayət qədər tanınan qarmon ifaçısıdır. Onun
yaradıcılığıma göstərdiyi dəstək əvəzsizdir. Bilirsiniz ki,
yaradıcı insanlar maddi dəstəkdən öncə hər zaman mənəvi dəstəyə
ehtiyac duyurlar. Bu baxımdan xoşbəxt ifaçıyam ki, valideynimdən
özümə qarşı hər zaman həssaslıq və yardım görmüşəm.
- Kimlərdən dərs almısınız?
- Mən 2 nömrəli Şəki şəhər musiqi məktəbini bitirdikdən sonra
Milli Konservatoriyaya daxil oldum. Burada görkəmli xanəndələrimiz
Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev və dünyasını dəyişmiş
İslam Rzayevdən dərs aldım.
- Səhnəyə ilk çıxışınız...
- İlk çıxışım böyük rəğbətlə qarşılandı. Açığı, mən bu qədər
sevgi ilə qarşılaşacağımı düşünmürdüm. İlk çıxışlarımdan biri Şəki
şəhərində dahi Bülbülün yaradıcılığı ilə bağlı oldu. Mən burada
Üzeyir Hacıbəylinin "Sevgili canan" əsərini ifa etdim. Bildiyiniz
kimi, əsər özlüyündə olduqca çətin ifa ediləndir, lakin alqış
sədalarından bu işin məharətlə öhdəsindən gəldiyimə əmin oldum.
"Kral"
- Bildiyim qədər hal-hazırda "Kral" qrupunun üzvüsünüz.
Bu qrupda ifa etmək çox çətindir.
- Doğrudur. Burada istər-istəməz öz həmkarlarını dinləməli və
onlarla eyni ritmə tabe olmalısan. Əks halda bütün ifa korlana
bilər. Prodüser və təşkilatçı İbrahim Əkbəroğlunun rəhbərliyi ilə
yaranan "Kral" qrupu üç nəfərdən ibarətdir. Mən öz həmkarlarım olan
Asif və Nurşudla uzun müddət məşqlər aparıram ki, ifa zamanı hər
hansı bir texniki səhvə yol verməyək.
- Toylara neçəyə gedirsiniz?
- Qrup olaraq toylara bizi müşayiət edən musiqiçi heyətimiz də
qoşulur. İnanın, konkret məbləğ əsasında deyil, sırf bizi
sevənlərin arzusu ilə xeyir işlərdə iştirak edirik. Bu baxımdan
konkret məbləğ yoxdur. Maddi məsələmiz insanların arzu və istəyinə,
onların imkanına uyğun şəkildə həll olunur.
- Anar bəy, toy olmasa, musiqiçi və müğənnilərimizin
qazanc yeri hara olacaq?
- Əsas gəliri el şənliklərindən əldə edən ifaçılar konsert
proqramları təşkil etməklə də qazanc əldə edə bilərlər.
Toyda dünyasını dəyişib...
- Bir ifaçı olaraq bugünkü toylar sizi qane
edirmi?
- Əsla. Ən yaralı yerimə toxundunuz. Mən dəfələrlə toyda bir
neçə insanın dünyasını dəyişməsinin şahidi olmuşam.
- Hansı şəraitdə?
- Olub ki, xanım toyda oynayıb-oynayıb və ürəyi dayanıb. Və
yaxud ürək xəstəliyindən əziyyət çəkən yaşlı kişi içki içib,
qəfildən dünyasını dəyişib.
- Sizcə, insanların sevincini yasa çevirən bu faciələrin
başlıca səbəbi nədir?
- Məncə, biz normal qaydalarla yaşamırıq. Hədd deyilən bir şey
var. Ümumiyyətlə, bizim kütlədə belə bir anlayış var ki, toyun
əvvəlindən sonuna qədər yalnız rəqs olmalıdır, hamı qan-tər içində
son nəfəsinə qədər oynamalıdır. İnanın ki, heç kəs bir dəqiqə belə
dincəlmir, səs-küy, necə deyərlər, ağız deyəni qulaq eşitmir.
Ümumiyyətlə, məncə, toylarımızda bu baxımdan islahatlar aparılsa,
daha gözəl olar.
Güclü səs...
- Sizə görə musiqi dünyasında vəziyyət
necədir?
- Açığı, ürəkaçan deyil. Mənim üçün Azərbaycanda yeganə güclü
səs və peşəkarlıqla seçilən bir isim var: Azər Zeynalov. Çox
istərdim ki, efiri bəzəyən lazımsız səslərə və çıxışlara senzura
şəklində komitə yaransın və sözügedən heyətdə Azər müəllim şəxsən
əyləşərək, istedadları qeyrilərindən seçməkdə rol oynasın. Mən
düşünürəm ki, keyfiyyətsiz verilişə baxan tamaşaçı əvvəlcə öz
zövqünü və daxili dünyasını korlayır. Bu, böyük faciədir.
- Necə düşünürsünüz, musiqimizin sonrakı taleyi necə
olacaq?
- Əgər qarşısı alınmasa, bərbad. Çünki getdikcə daha çox
istedadı olmayan insanlara yol açılır. Bir çox müğənninin
ümumiyyətlə not anlayışı yoxdur, o ki qaldı normal ifası. Düşünürəm
ki, siz media nümayəndələri mədəniyyətimizə xələl gətirə biləcək
amilləri işıqlandıraraq, yaradıcılığa zərbə vuran bütün
mənfiliklərin qarşısını ala bilərsiniz. Kütləyə sağlam təbliğat
zəruridir.
- Amma nəzərə alsaq ki, kütlənin əksər nümayəndələri
məhz bayağı mahnılara üstünlük verir...
- Doğrudur, amma el sözü var, "Aşıq gördüyünü çağırar".
Düşünürəm ki, normal yazılan ritmik, ahəngli musiqi hər zaman öz
yerini tutur. O ifanı sevirlər də, dinləyirlər də.
"Ay gecikən məhəbbətim"
- Yeni mahnı üzərində çalışırsınızmı?
- Bu yaxınlarda dəyərli sənət yoldaşımız, illərin gözəl ifaçısı
Sərxan Sərxanlının "Ay gecikən məhəbbətim" mahnısını ifa etdim.
Düşündüm ki, mahnı səs diapazonuma yaxındır.
- Sərxan müəllim mahnısının səslənməsinə narazılıq
etmədi ki?
- Açığı, ondan icazə ala bilmədim. Çünki bildiyiniz kimi, Sərxan
Sərxanlı uzun illərdir Moskvada yaşayıb yaradır. Amma təbii ki,
icazə almaq şərtdir və deyərdim ki, zəruridir. Hər halda, Sərxan
bəy onun mahnısının peşəkarlıqla səsləndirilməsinə etiraz
bildirməz. İfa bayağı və keyfiyyətsiz olsaydı, o məni çoxdan
axtarıb tapar və iradını bildirərdi. Ümumiyyətlə isə qrupumuzun
ifasında səslənən "Anam sizə elçi gəlir" mahnısı bir çox məşhur
müğənninin repertuarına daxil olub.
- Bildiyim qədər, musiqi sahəsində yiyələndiyiniz hərbi
rütbə var.
- Bəli. Olduqca məsuliyyətli və özümə qarşı tələbkaram. Bu
minvalla, Fövqəladə Hallar Nazirliyinin orkestrində baş məşqçi
təyinatçısı vəzifəsinə təsdiq edilmişəm, gizir rütbəsi
daşıyıram.
Luçano Pavorotti...
- Müasir musiqilərdən hansı janrı
dinləyirsiniz?
- İtalyan musiqiçiləri hədsiz sevirəm. Dinlədiyim klassik musiqi
sənətkarları: Enni Marikone, Andrio Baçelli, Luçano Pavorotti,
Franko Karelli və digərləridir.
- Sizin ciddi şəkildə idman növü ilə məşğul olmanız
faktı doğrudurmu?
- Vaxtı ilə uşu-sanda idman növü ilə məşğul olmuşam. Respublika
daxilində keçirilən yarışlara həvəslə qatılırdım. Hazırda vaxtım
olmasa da, yenə həyatımda idmana yer ayırıram.
- Müasir gənc ailələrdə yaranan problemlər bir gənc
olaraq sizdə hansı təəssüratları oyadır? Ümumiyyətlə, ailədaxili
konfliktlərin və ayrılıqların qarşısını necə almaq
olar?
- Təbii ki, azərbaycanlı ailəsi üçün xas olmayan hallardan bəhs
etdiniz. Gənclərimizi bu vəziyyətdə görmək istəməzdim. Hər halda,
düşünürəm ki, baş verən münaqişələrdə ilk növbədə övladları tərbiyə
edən valideynlər günahkardırlar. Onlar qızlarına normal tərbiyə
versələr, öyüd-nəsihət ilə ər evinə yola salsalar, bəlkə də
qarşılıqlı anlayış sayəsində ailələrdə bu dərəcədə qərəzlilik
yaşanmaz. Təəssüf ki, indiki qızların əksəriyyəti qayınanasız ev,
qayınatasız ailə arzusundadırlar. Onlar düşünmürlər ki, özləri
sabahın qayınanalarıdır və etdikləri hərəkətlər mütləq bir gün
qarşılarına çıxacaq.
- Kifayət qədər yaraşıqlı və gənc müğənni Anar Şəkili
müğənni xanımla evlənərmi?
- Qətiyyən! Mən heç vaxt incəsənət sahəsində olan xanımla öz
taleyimi bağlamaram. Buna səbəb isə hədsiz qısqanc xarakterə malik
olmağımdır. Düşünürəm ki, mənimlə ailə quran xanım öncə çətin
xasiyyətimə uyğunlaşmalı, daha sonra isə mənimlə izdivaca razılıq
verməlidir.