Z.Sadatlı keçən ilin bu günü – fevralın 5-ində uzun
sürən ağır xəstəlikdən sonra 52 yaşında vəfat etmişdi.
"Axar.az" Zakir Sadatlının Mahmud Kaşğarinin
1000 illiyi çərçivəsində YUNESKO-nun 2008-ci ildə 24 türkdilli
ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər
içində üç qalibdən biri olan və alman, ərəb, qazax, rus, tatar,
türk dillərində nəşr edilən "Salam Baça" hekayəsini təqdim
edir.
Ruhu şad olsun!
Zakir Sadatlı
SALAM, BAÇA!
"Salam, baça!.."
Bu səsi eşidəndə, əvvəlcə elə bildim yuxu görürəm.
"…Salam, baça!"
Sonra gördüm yox. Uzaqların çöllü-biyabanının
yuxularından gələn harayıdı bu səs. Biz hamımız -
ordumuz, əsgərimiz, çörəyimiz, qumqumamız o yuxuya
qərq olub. Biz buralarda yoxuq, oralarda qalmışıq.
"Salam, baça!.."
…On il idi ki, on il uzanan müharibə çıxıb getmişdi.
Davanın ad gününü - 10 yaşını, özünün iştirakı olmadan
"yaxın" və "doğmaları" qeyd edirdi. Həmin müharibə özü bu
mənzərəni görsəydi gülməkdən uğunub gedərdi. Bu
məclisin qonaqları qorxunun, həyəcanın, ölüm-itimin acı
şərbətini şirin mey kimi başlarına çəkirdi elə bil.
Hamı qəhrəmanlıqdan danışırdı, igidlikdən dəm
vururdu.
Hamı sədaqətliydi.
O şeylər ki, haqqında səngərdə danışmaq olmazdı - onun
haqqında səhnədə, televiziya ekranında
danışırdılar.
Hamı danışırdı…
…Sonra səhnənin yarımqaranlıq küncündə əsgər geyimli
orta yaşlı bir kişi gitaranı sinəsinə sıxıb rus dilində
oxumağa başladı:
"Salam, baça!.."
Elə bildim tırtıllar yeridi, gün kürəyimizi
yandırdı, burnumu qan qoxusu deşdi. Bir siqaret… bir
qurtum su… qulağımın dibindən vıyıldayıb keçən
güllələrin qaqqıltısı…
Qədim torpaq… müqəddəs torpaq… cənnətdən qovulub
cəhənnəmə düşmüş torpaq. Burda aləm bir-birinə
qarışıb.
Mələk kimi adamlar… şeytan kimi adamlar…
Əşşi, bir də səninçün nə fərqi. Burda heç kəs sənin
dilində danışmaq istəmir, amma silahların sözlüyünü
hamı əzbərdən bilir, ən incə mətləbləri də yeri
gəldi-gəlmədi ölümün dilinə tərcümə etmək istəyir…
"Salam, baça!.."
Bəs bu nə möcüzədi? On il sonra sənin səsin dirilibmi,
sənin dilin başqa bir millətin dodağında ayılıbmı? Niyə
bu "əfqan əsgər"in ruhu yorğun kəpənək kimi sənin
ordular aşa bilməyən dağlarından keçib, vadilərini
adlayıb balaca bir oğlan uşağının - "baça"nın,
cadar-cadar olmuş əllərinin üstünə qonmaq istəyir:
"Salam, baça! Tikanlı əllərini ver mənə, qoyum ürəyimin
üstünə, köksümə sıxım!.."
"Əfqan əsgər" səhnədə nalə çəkir: "Ey xaraba qoyduğum
oylaqlar, viran elədiyim şəhərlər, kefiniz necədir? Ey
ölümün şələsini balaca çiyinlərinə qaldıra bilməyən
baça! Sən indi necə yaşayırsan?!"
Hayıf ki, o uzaq paytaxtın televiziyasının
yarımqaranlıq səhnəsində ürəyinin qabığını soyan
"əfqan əsgər"ə əlim çatmır. Çatsaydı deyərdim ki, o ölümün
ünvanına göndərdiyin sevgi məktubunda mənim də
ismarıcımı yolla. De ki:
Salam, Fərah!
Salam, Şindand!
Salam, Qəndahar!
Salam, Herat!..
Salam, Əsgər Məmmədəsgəri!..
***
Həmişə Əfqanıstan adını eşidəndə gözümün qabağına
birinci Herat gəlir. Sonra o qədim və sehrli şəhərin
gözümə çəkdiyim donuq şəkilləri arasından
tələm-tələsik cavan bir adam məzardan dikəlirmiş kimi boy
verib qalxır. Xeyli maddım-maddım üzümə baxıb gülümsəyir.
Nurlu sifətində - baxıb ağlamalı kəfən işığı; məzlum
baxışlarında - yonca yarpağında bardaş quran şeh
yalvarışı…
Adı - Əsgər
Soyadı - Məmmədəsgəri.
Mən soydaşımız Əsgərlə əsgər olanda Heratda
rastlaşdım. O gündən bu günə kimi harada bir qərib
soydaşımızla tapışırıqsa, mütləq Əsgər
Məmmədəsgərini onun böyründə görürəm…
Lənət şeytana. Biz onunla görüşəndə bahar idi. Amma o
vaxtdan soyuq qış günləri qarlı budaqlarda büzüşüb
civildəşən andıra qalmış sərçələrə baxanda da elə
bilirəm o insanın ruhudur - qanadlanıb gəlib bu
tərəflərə…
… 80-ci illərin yazında Əfqanıstanın silahlı
qüvvələri Heratda döyüş əməliyyatları keçirməli idi.
5-ci diviziyanın ayrı-ayrı hərbi hissələrindən çoxlu
canlı qüvvə, aviasiya, artilleriya, zenit və tank
alayları ilə birlikdə bizim kəşfiyyat taborunun
"Saqqallılar" və "Müsəlman" döyüş qrupları da əməliyyata
cəlb olunmuşdu. Əslində, zəif və başıpozuq əfqan
ordusunun özündən qat-qat güclü, hərtərəfli silahlanmış,
təcrübəli və cevik mücahid dəstələri ilə vuruşda
nəyəsə nail olacağı "hərbi zarafat"dan başqa bir şey
deyildi. Təbii ki, ağırlığı sovet döyüşçüləri yenə də öz
üzərinə götürməliydi.
O gün "Xalq ordusu" adlanan əfqan könüllüləri də bizə
qoşulmuşdu.
Əməliyyatın başlanacağı vaxt məxfi
saxlanılırdı.
Hələ qüvvələr Herat şəhərinin cənub tərəfində səhraya
toparlanırdı. Adamlar bir-birinə qarışmışdı. Mülki
geyimli əfqan könüllüləri bizim hərbi texnikaya böyük
maraqla baxır, əsgər və zabitlərə xüsusi bir doğmalıq
göstərirdilər. Bu mehribanlığın davamı kimi, az sonra
sovet əsgərləri ilə əfqan könüllüləri arasında
əməlli-başlı xəlvəti bazar sövdələşmələri başlandı.
Onlar bizə dırnaqtutan, saqqız, kişmiş və təsbeh
"bəxşiş" verirdilər. Əvəzində bizdən sırıqlı, dəmir
qab-qaşıq, isti ayaqqabı, primus və papaq kimi
"hədiyyələr" alırdılar.
Tərcüməçilərin yaxası əllərdə qalmışdı. Hərə
onları bir tərəfə dartışdırırdı. Ətrafda ağız deyəni
qulaq eşitmirdi. Müxtəlif dillərdə danışan adamlar
bir-birini başa düşməyə can atırdılar. Bu
"vurçatlasın"da tərcüməçi qıtlığı yaranmışdı.
Dostum Bakir Qəmbərovla ikimiz PDM-in kölgəsində oturub
öz dilimizdə söhbət eləyə-eləyə çörək yeyirdik…
zarafatlaşırdıq…
Bakirin atmacaları, baməzə söhbətləri xeyli uzandı.
O, adəti üzrə "Vağzalı" havası üstə bir az fit çaldı.
Yadına düşən mahnılardan dodaqaltı zümzümə elədi.
Ətrafda heç kəs bir-birinə fikir vermirdi. Elə bil hamı
öz daxili hücrəsinə çəkilmişdi. Səhərdən ora-bura
vurnuxan könüllülərin də hay-küyü səngimişdi. Bir də
gördüm böyrümüzdəki mülki geyimli əfqanlardan biri
yerindən sıçrayıb tərcüməçimiz Şərifova tərəf şığıdı.
Bakirlə mənə baxa-baxa ona nəsə dedi. Qeyri-ixtiyari
olaraq yadıma düşdü ki, 30-35 yaşlı bu cavan oğlan
bayaqdan bizim yan-yörəmizdən əl çəkmir. Böyrümüzdə
oturub lal-dinməz bizə qulaq asır.
Təbii ki, bütün qarmaqarışıqlıqlarda olduğu kimi
bunları təsadüfün sifarişi bilib, biz də ona əhəmiyyət
verməmişdik.
… O, tərcüməçinin qolundan tutub asta-asta bizə
yaxınlaşırdı. Bakirlə mən təəccüblə bir-birimizin üzünə
baxdıq: "Görən nə olub?"
Qabaq-qənşər dayanmışdıq.
O, puştuca Şərifova yenə də nəsə deyib susdu.
Tərcüməçi boğazını arıtlayıb "xub…xub…" deyib başı ilə
təsdiqlədi. Və gülə-gülə rus dilində bizdən soruşdu:
- Başa düşürsüz o, nə deyir?
- Əlbəttə, yox, - mən dilləndim.
- Bayaqdan sizin söhbətinizə qulaq asırmış. Deyir, mən
də azərbaycanlıyam. Azərbaycan dilini bilmədiyinə görə
sizdən heç nə soruşa bilməyib. İndi istəyir ki, sizinlə
yaxından tanış olsun.
- Bəs o, hardan bilib ki, biz azərbaycanlıyıq?
Dilmanc tərcümə elədi. Və ondan ağlagəlməz bir cavab
aldıq:
- Elə şirin danışırdılar ki… Ürəyim yerindən oynadı…
Ömrümdə bir dəfə uşaq olanda bu dili eşitmişdim…
Biz heyrətlə bir-birimizə baxdıq. Onun üzündən -
müharibənin qarsıdıb qopardığı rənglərin içindən, bir
uşaq saflığı boylanırdı. Anlaya bilmirdik - bu yaza, bu
Herat çöllərinə, bu müharibənin içinə bu zavallı uşaq
haradan gəlib çıxdı…
- Bircə dəfə babam danışıb bu dildə. Ölümündən bir gün
qabaq…Vəsiyyət elədi, hamımızla vidalaşdı. Sonra dedi
ki, atımı gətirin. Gətirdik. O, atın boynunu qucaqlayıb
ağladı. Hamımız mat-məəttəl qalmışdıq. Heç vaxt
eşitmədiyimiz bir dildə o atıyla halallaşırdı…Onda
mənim uşaq ağlım elə kəsdi ki, babam ölüm olan yerə yox,
başqa bir dilin olduğu yerə səfərə gedir…
…Mən yavaş-yavaş sarsılırdım. Burda - bu bomboz Herat
çölündə, PDM-in kölgəsində Bakirə baxdım və özümü gördüm.
Hər gün zarafat eləyib, deyib-güldüyümüz bu dildə bizi
hifz eləyən nəsə varmış. O dil burada deyil - uzaqlardadı.
Buralarda qalan isə atının boynunu qucaqlayıb
halallaşan kişinin ana dilindəki qərib duasıdır…
- Babamın son nəfəsiydi. Mən isə uşaq həvəsimi saxlaya
bilmirdim. Elə fikirləşirdim ki, onun bütün ömrü uzunu
gizlədib saxladığı sehrli bir mücrü əlimizdən çıxacaq.
Heç olmasa orada nə gizlətdiyini soruşum. O, ağır-ağır
nəfəs ala-ala bir neçə söz pıçıldadı: "Təbriz…Badi-kubə…
Gəncə…Ərdəbil…"
…Allah dadına çatsın tacik Şərifovun, bizi naümid
qoymurdu. Düzdü, onun əsas vəzifəsi müharibənin dilini
bizə tərcümə eləməkdi. Amma… Bu vadilərin, çöllərin,
dağların içində yatan bambaşqa bir hikmətlə aramızda
araçılıq eləyirdi.
Heyrətlə üzümüzə baxırdı Əsgər Məmmədəsgəri.
Tapdığını itirməkdən qorxan uşaq kimi təşviş və həyəcan
içində bizi bağrına basıb qoynunda gizlətmək istəyirdi
elə bil…
Və birdən o, göy üzü kimi hönkürdü. Qollarını açıb
Bakirlə mənim boynuma sarıldı.
Amma bu mənzərədə tərcüməyə və tərcüməçiyə yer yox
idi.
Mən elə orda - bu mənzərənin içində anladım ki, bu
davanın bizimlə heç bir bağlılığı yoxdu. Burda ancaq
fələyin oyunu var. Bəs onda bizi niyə bu oyunun içinə atıb.
Öz-özümə deyirəm ki, heç bir sual vermə. Bəlkə elə bütün bu
başımıza gələnlər də, elə bu müharibə də, məni
nişangaha götürən, mənim gülləmə tuş gələnlər də, Herat
çölünün özü də qəzavü-qədərin bəhanəsidir. Bəs məqsəd
nəydi?..
Bəlkə eldən qırılıb düşmüş və bu diyarda yiyəsiz
ruhlar kimi sərgərdan gəzən qərib soydaşımızın duasına
sahib çıxmaq?
Bəlkə Keçmiş və Gələcəyin zaman adlı ilahi kodlarının
izahını rəqəmlər deyil, hadisələr gizlədir...
Və birdən yadıma düşdü ki, mən beş ay əvvəl sübh çağı
Heratı ilk dəfə görəndə heyrətimdən dil-dodağım
təpimişdi, ovsunlanmışdım. Nə vaxtsa burda
doğulduğumu, haçansa burda öldüyümü xatırlamaq
niyyətim hasil olmamışdı.
…Onunla birlikdə şəkil çəkdirdik. Çörək yedik. Əsgər o
gün öz "könüllülər"inin həndəvərinə belə hərlənmədi,
onlara gözünün ucuyla belə baxmadı.
Axşama yaxın biz ona dedik ki, çıxıb evinə getsin. O,
əvvəlcə razılaşmadı.
Sonra:
- Bircə şərtlə gedərəm, - dedi - sizi də özümlə aparım, heç
olmasa, bir gecəlik qonağım olun.
Biz hərbçi kimi əmrə tabe olduğumuzu, ixtiyarımızın
öz əlimizdə olmadığını ona başa saldıq…
Əsgər Məmmədəsgəriyə xeyli təkid elədik, yalvardıq
ki, fürsət varkən evinə qayıtsın. O xeyli düşündü və:
- Yaxşı, gedərəm, - dedi - Sabah tezdən mütləq sizə
çay-çörək gətirib gələcəyəm…
Görüşüb ayrıldıq.
…Biz səhərə qalmadıq. Gecəyarısı bizi yuxudan
qaldırdılar. Üzü Bədəxşan dağlarına tərəf döyüşə
getdik…
Gör e, gör neçə ildi Əsgərin Bakirlə mənə gətirdiyi
çörək - heybəsində, qardaş harayı - dilində, Herat
çöllərində divanə ruhlar kimi bizi axtarır.
Yəqin indiyə kimi saç-saqqalı ağarmış olar…