"İnsan yalnız ölümə yaltaqlana
bilmir..."
(Seyran Səxavətin "İt intervüsü" hekayəsindən)
"Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı –
yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi. Və bu an bu çürük
toxumun içindəki milyardlarla toxum da çürüyürdü – ağac toxumu,
çiçək toxumu, adam toxumu..."
...Və Sənin ruhun rahatlıq tapa bilmir... çünki biz hələ fərqinə
varmasaq da, Sən bu acı gerçəyi bilirsən. Bilirsən ki, bir gün
gələcək, "bu çürük toxum – Yer kürəsi fırlana-fırlana yorulub
üzü qibləyə dayanacaqdı və bundan sonra bir də Yer üzünə yaz
gəlməyəcəkdi, toxumlar cücərməyəcəkdi..."
Bəşərin və bəşəriyyətin sürükləndiyi uçuruma baxırsan. Həyatın
ağrıyır... Ruhun əzablar içində qovrula-qovrula gücün yazmağa
çatır. Hə, bir də pozmağa...
Yazırsan... Bilə-bilə ki, "Səni Səndən savayı kimsə
anlamayacaq..." – yenə də bir inamla, nə zamansa Səni anlaya
biləcək birinin içində işıq yandırmaq ümidilə yazırsan... Yazıya
pozu olmadığını da bilirsən... Amma bütün bunları bilə-bilə əlinə
"daban daşı" alıb alnına yazılanları pozmağa çalışırsan. Əzablıdır,
deyilmi?!
Kitaba and içib, fəqət kitabla müxalifətdə olan bir toplumun
içində yaşamaq əski bir bezə atlazdan yamaq vurmaq kimi bir şeydi.
Onda görürsən ki, Allahın Sənin adına yazdığı Seyran Səxavət adlı
ssenarinin epizodları "Bəşərin komediyası"na uyğun gəlmir...
Şahmat taxtasına oxşayır Dünya... Ağ və Qara... Fiqurlar ancaq
şahmat taxtasının üstündə nəyisə həll etmək iqtidarındadırlar...
İndi hər şey mahiyyətini – şəklini, formasını, məzmununu elə
dəyişib ki, böyüklərin oyununa mən bu uşaq yaşımla sadəcə Mat
qalıram... Qaraların sayı durmadan necə artırsa, baxanda adamın
gözü alacalanır. Qaralar artdıqca "taxta" qaranlıqlaşır. Ağ
xanalardan "Ağ yol"a çıxan keçidi tapa bilmir adam...
Məchulluqlar içində sual işarəsi kimi başımı aşağı dikirəm:
görəsən, Biz uduzmuşuq?! – bu yük rahat buraxmır adamın
ruhunu...
- Yox, əsla! Biz məğlub deyilik. Oyunu qazanmadan çıxmış ola
bilərik. Maddi nələrimizsə olmaya bilər. Amma nə yaxşı ki,
YAŞADIQLARIMIZ TANRININ ALNIMIZA YAZDIQLARI KİMİ TƏRTƏMİZDİR... Və
belə məğlubiyyətlər yüzlərlə qalibiyyətdən daha şərəflidir...
Hər şeyə rəğmən üzü Aydınlığa doğru yola çıxmışıq... O yolu
getmək üçün yolun öz uzunluğu boyda əzablara qatlaşmağa dəyər.
Qaranlıqlaşan dünyada çiynini bizə sipər edən, ümidimizi öləziməyə,
həyat eşqimizi sönməyə qoymayanlar var, nə yaxşı ki... Onların
işığına tutunub yaşaya bilirik.
Nə yaxşı ki, Varsan! – deyə bildiklərimiz bizə Taleyin ən gözəl
qismətidir. Dedikləri Söz isə bizə əmanətdir – Tanrının
əmanəti...
Yaxşı ki, Varsan, Ustad!
Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan,
məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran
Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!
Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və
yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət
şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya
bildiyin üçün Var ol!
Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın
ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!
Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz
təmizlənəcəyik...
Həyatımızı zəhərləyən Məmmədtağıları, Salehləri, Zülfəliləri
süpürüb yolumuzdan ata bilsək, "ət taxtası"nda əzilmədən
"dəyirmanın boğazında"n keçə biləcəyik.
Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya
bilsək, Biz təmizlənəcəyik...
"İt həqiqətləri" ilə "adam həqiqətləri" arasındakı sərhəddi aşa
bilsək, Biz təmizlənəcəyik...
Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.
Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq,
Ustad!
Yolçu yolda gərək! Yolumuz aydın olsun!
Xəyalə Zərrabqızı