Yuxarı

Bütün Qafqaza təsir edən İrəvan qadınlarının geyim tərzi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli geyimlərimiz uzun və mürəkkəb inkişaf yolu keçən mədəniyyətimizin incisidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Azərbaycanın hər bir bölgəsinin öz milli geyim tərzi, üslubu, xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə və toxumalarında özünü göstərir. Zəngin geyim mədəniyyəti olan bölgələrimizdən biri də Qərbi Azərbaycandır.

Kult.az Publika.az-a istinadla Qərbi Azərbaycan geyim mədəniyyətinin əsas mərkəzi olan İrəvan şəhərinin geyim üslubu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Tarixən Azərbaycanın hər bölgəsinin özünəməxsus geyim tərzi olub. Əlbəttə, geyim seçilərkən mütləq təbii şərait, ailələrin sosial fərqləri nəzərə alınıb, dövlətli ilə kasıbın geyimi fərqlənib, amma təkcə fərqlənməyən milli elementlər olub. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız da öz geyim tərzi ilə hər zaman seçiliblər. Türk geyim adətlərinin əlamətləri Qərbi Azərbaycanda yaşadılıb və baş geyimləri türk kimliyinin göstəricisi olub. İrəvan şəhəri Qərbi Azərbaycan geyim mədəniyyətinin əsas mərkəzi sayılıb.

Qıpçaq geyim tərzi bütün Qafqazın geyim adətinə təsir edib. Qıpçaqların geyimini götürən xalqlar onu öz adları ilə təqdim edirdilər. Azərbaycan geyim tərzində də əsas yeri Qıpçaq geyimləri tutur. Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsi sayılır.

Köynək, tuman, uzunqol arxalıq

İrəvan geyimləri köynək, tuman və uzunqol arxalıqdan ibarətdir. Tuman və arxalıq Naxçıvanda olduğu kimidir, köynək isə fərqlidir. Yaxası oyma formalı kəsimdən ibarət olub, kənarlarına haşiyə tikilirdi. İrəvan qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı, qolu uzun olub. Davamlı olmaq üçün köynəyin yaxasına bir qarış enində ikinci qatın qoyulması dəb halını alıb.

Bəzən xişdək uzun biçildiyindən qol altından başlayıb ətəyədək uzanır və bununla köynəyin gövdəsini genişləndirməyə imkan verirdi. İrəvan qadınlarının alt köynəyi çox vaxt ağdan, bəzən də güllü çit və ya kətandan tikilərdi. İrəvanda geyinilən uzun ətəkli üst köynəyin ön tərəfi 3 hissə parçadan ibarət biçilib tikilərmiş. Göbəyin altına qədər olan birinci hissə ensiz, ikinci və üçüncü hissələrin hər biri əvvəlkindən bir qədər gen götürülərək büzmələnirmiş. Köynəyin ikinci və üçüncü hissələrini birləşdirən tikişin üzərinə, adətən “ətəklik” tikilərdi.

İrəvan mahalında varlı qadınların üst tumanı topuğa qədər uzun olurmuş. 3-4 taxta parçadan tikilən bu tumanlar büzməli və qırçınlı olmaqla iki cür tikilib. Adətən tumanın belinə nifə tikilib, belbağı vurulardı. Belbağı xüsusi bağ toxuma dəzgahında toxunarmış. İrəvanda da geyinilən alt tumanı şəltə adlanardı. Şəltə bir qayda olaraq, üst tumanından dörd barmaq enində qısa tikilərmiş. Arxalığın yaxası düzbucaqlı və ya oval formada biçilib. Açıq və ya meydan yaxalı arxalıqlar daha geniş yayılıb.

İpək tafta, darayı, qanovuz, atlas, alaca, xara

Azərbaycanın Qərb bölgəsində də XIX əsr və XX əsrin əvvəllərində əhalinin geyim materialı kimi, əsasən yerli ustalar tərəfindən kustar üsulla üfüqi toxuculuq dəzgahlarında - kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, həmçinin aşılanmış gön və dəridən istifadə edirdilər. Lakin, əhalinin varlı təbəqəsinin geyimi əsas etibarı ilə ipək tafta, darayı, qanovuz, atlas, alaca, xara və s. parçalardan ibarət idi ki, bunlarında çoxu satınalma yolu ilə əldə edilirdi. Rəng çalarlarına gəldikdə isə Qərbi Azərbaycan qadınlarının geyimlərində rəngarəng olaraq al, yaşıl, sarı və s. rəng çalarları üstünlük təşkil edirdi.

Çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycan da qadın üst geyimlərinə üst köynəyi, çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə, çalma, arxalıq, ləçək, örpək, şal, kəlağayı, başmaq, corab, kəmər və müxtəlif bəzək növləri daxil idi. Bu üst geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Qadın üst köynəkləri bölgələr üzrə müəyyən fərqli xüsusiyyətlərə malik olsa da, ümumi səciyyəvi xarakteri var idi. İrəvan xanımları geyimin estetik gözəlliyinə xüsusi diqqət yetirirdilər. Onlar üst köynəkləri ilə yanaşı, digər üst geyimlərinin sinəsini, tikişlərin kənarlarını, yaxa və qolçaqlarını, ətəklərini xüsusi bəzək elementlərindən olan tikmələr, çaxma və asma metal bəzəklər, cürbəcür baftalar, şahpəsəndlər, zəncirələr, muncuqlar, piləklərlə bəzəyirdilər.

Azərbaycan qadınının zərifliyinin, gözəlliyinin, Azərbaycan kişisinin cəsarətinin, ləyaqətinin göstəricisi olan milli geyimlərimizi qoruyaq və onu gənc nəslə olduğu kimi sevdirək. Sevdirək ki, milli kimliyimizin simvolu kimi nəsildən-nəslə ötürülsün.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.

Tarix
2024.09.27 / 17:23
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla