Düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə
yanaşılmayacaqsa, mən burda işləyə bilərəm.
Axar.az xəbər verir ki, bu sözləri teleaparıcı İlhamiyyə Rza
xeber365.com-a müsahibəsində deyib.
Onun sözlərinə görə, ANS telekanalında "Nəzər nöqtəsi"
proqramının dayanmasına səbəb reytinq tələb edilməsi olub:
"Buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də
aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün
verilişlərin reytinqi düşür.
Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə
yanaşılmayacaqsa, orada işləyə bilərəm. Və bu barədə mənə zəmanət
verildi. Əslində, özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu
verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla
məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar
azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə.
Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman
"iqnor" etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan.
Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan. Bütün hallarda
bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı
ilə aid ola bilər. Belə ki, burda məndən reytinq tələb etməsi
ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə "get" deyən olmadı,
sadəcə, mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa
aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd
kimi Tofiq Abbasovun adını çəkdim. Onun peşəkarlığına şübhəm
yoxdur. Amma bilmirəm, reytinq gətirəcək, ya yox. Çünki nə o, nə də
mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda
mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər, yola
davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna
deyil".
Xatırladaq ki, İlhamiyyə Rza bu gün ANS-dən getdiyini
bildirib.