"Birlik Ulduzları" mükafatının təqdim edilməsi bütün
MDB-yə yayılacaq sevindirici xəbərdir.
Axar.az "BELTA" agentliyinə istinadla xəbər verir ki, bunu
iyunun 11-də Minskdə mükafatı təqdimetmə mərasimində iştirak edən
Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin
sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
bildirib.
P.Bülbüloğlu mərasimin Milli Akademik Böyük Opera və Balet
Teatrında təşkil edilməsi imkanına görə Belarusa təşəkkür edib.
Azərbaycanlı diplomat bildirib ki, müasir narahat dünyada tez-tez
neqativ xəbərlər eşidilir. Odur ki, humanitar mükafatın təqdim
edilməsi ürəkləri qızdırır. P.Bülbüloğlu deyib: "Bu sevindirici və
xoş hadisə bütün MDB məkanında yayılacaq". Azərbaycan səfiri qeyd
edib ki, postsovet dövlətləri uzun illər bir ölkənin tərkibində
olublar və bu gün MDB üzv ölkələrinin Humanitar Əməkdaşlıq Fondu
müxtəlif istiqamətlərdə fəaliyyət göstərən görkəmli xadimlərin
sayəsində bu inteqrasiya birliyində humanitar əlaqələrin
qorunmasına kömək edir. P.Bülbüloğlu əlavə edib: "Təcrid şəraitində
yaşamaq olmaz, açıq olmaq, bilikləri bölüşmək lazımdır ki,
humanitar məkanda, xüsusilə mədəniyyət və incəsənətdə insanların
ümumiliyini hiss edək".
P.Bülbüloğlu ilə birlikdə Minskdə mükafatı DHƏF-in İdarə
Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da təqdim
edib.
Belarusun informasiya naziri Liliya Ananiç qeyd edib ki, "Birlik
Ulduzları" mükafatı özünəməxsus yaradıcılıq bağıdır, o, təkcə MDB
ölkələrini deyil, həm də ədəbiyyatı, tibbi, mədəniyyəti və əhatə
etdiyi digər sahələri də bir-birinə bağlayır. Nazirin fikrincə,
Belarus dövlətlərarası əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə
verir.
Belarus tərəfindən qonaqları həmçinin mədəniyyət naziri Boris
Svetlov salamlayıb.
"Birlik Ulduzları" mükafatının laureatlarının adları açıqlanıb:
Azərbaycan Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad
Bədəlbəyli, Belarus bioloqları Vladimir Reşetnikov, Vladimir Titok
və Yelena Spiridoviç, Qazaxıstan Milli Akademik Kitabxanasının baş
direktoru Umutkan Munalbayeva, Qırğızıstanın Xalq Artisti Muratbek
Beqaliyev, Moldovanın Xalq Yazıçısı İon Drutse, SSRİ Xalq Artisti,
Rusiya Malıy Teatrının bədii rəhbəri Yuri Solomin.
MDB dövlətlərinin Humanitar Əməkdaşlıq Şurası və DHƏF tərəfindən
təsis edilən "Birlik Ulduzları" mükafatı hər il humanitar fəaliyyət
sahəsində ən mühüm uğurlara görə təqdim edilir. Bu uğur dünya
nailiyyətləri səviyyəsinə uyğun olmalı, hər bir MDB dövlətinin və
bütövlükdə Birliyin inkişafına xidmət etməlidir. Mükafat üç
nominasiyada verilir: elm və təhsil, mədəniyyət və incəsənət,
habelə humanitar fəaliyyətdə nailiyyətlərə görə. O, pul mükafatı,
diplom, fəxri laureat nişanı və laureat şəhadətnamədən ibarətdir.
Hər üç nominasiyada hər biri iki milyon rus rublu məbləğində üç
mükafat verilir. İlk dəfə nüfuzlu mükafat 2010-cu ildə təqdim
edilib.
Təqdimetmədən bir gün əvvəl bu nüfuzlu mükafatın laureatları və
adlı-sanlı qonaqlar aksiyada iştirak ediblər. Tədbiri öz həmkarları
üçün "Birlik Ulduzları"nın Belarus laureatları hazırlayıb. "Qələbə
yasəməni" adlanan layihə müəlliflərinin təşəbbüsü ilə Mərkəzi
Nəbatat Bağının Partizan talasında mükafatın Birlik ölkələrindən
olan bütün laureatları yasəmən kolları əkib, bununla da Belarus
seleksiyaçılarının təşkil etdiyin unikal vətənpərvərlik layihəsinə
qoşulublar.
Fərhad Bədəlbəyli deyib: "Bu, çox təsirli aksiyadır. Dünən biz
Xatında olduq. Faşizm qurbanlarının xatirəsinə həsr olunan dünyanın
ən yaxşı abidələrindən birini ziyarət etdik. Hamımız tarixi
xatırlamalıyıq. Bu gün dünyada çoxlu müharibələr var, günahsız
qanlar tökülür, Belarusda isə rahatlıq, sakitlik, mehribanlıq hökm
sürür. Bu vəziyyəti qorumaq və qiymətləndirmək lazımdır".