Xalq artisti İlhamə Quliyevanın qalmaqallı miras
məsələsi bu günlərdə yenidən gündəmə gəldi.
Musavat.com
xəbər verir ki, bu dəfə mirasın qohumları arasında razışladırılması
xəbəri ilə. Belə ki, müğənninin vəkili Habil Vəliyev modern.az
saytına açıqlama verərək bildirmişdi ki, miras məsələsində Orxan
Nadirovdan başqa vərəsəlik iddiasında olan digər qohumlar, o
cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva ilə birgə razılığa
gəliblər. Lakin vəkilin bu açıqlamasını müğənninin bacısı Gülbahar
Quliyeva təkzib etdi:"Bizim nə Orxanla söhbətimiz olub, nə də onun
vəkilini tanımırıq... Orxan Nadirovun vəkili yalandan, özündən
şayiələr buraxmasın!"
Bəs görəsən miras razılaşması hansı qohumlar arasında
olub?
"İlhamə Quliyevanın qohumları təkcə Gülbahar xanım və
başqalarında ibarət deyil ki? Onun çox qohumları var. Onların da
əksər hissəsi Orxan Nadirovun yanındadır". Bu sözləri Orxan
Nadirovun vəkili Habil Vəliyev "Yeni Müsavat"aaçıqlamasında
bildirib. Vəkil razılaşan qohumların adlarını çəkmək istəmədi:
"Mən ad çəkə bilmərəm. Görürsünüz, ad çəkilən kimi problem
yaranır. Mən gördüyümü deyirəm. Görürəm ki, bunlar bir yerdədirlər,
hamısı da Orxanın yanındadırlar. Çünki axı Orxan onların yaxın
qohumudur, kənar deyil. Kimsə mənim əleyhimə bir cümlə işlədərsə, o
məhkəmə müstəvisində bizə cavab verməli olar".
Vəkil bundan öncə verdiyi açıqlamasını təkzib edib: "O ki, qaldı
Gülbahar xanımın bizim haqqımızda nəsə deməyə... o, bizim
haqqımızda heç nə deyə bilməz! Çünki biz onun adını çəkməmişik.
İlhamə xanımın bacıları var, xalası qızları var və yaxud kimlərsə
var. Nəsil böyük nəsildir, hamısı da bir-birinə yaxın qohum hesab
edilirlər. O mənada razılaşıblar ki, bir çoxları var ki, Orxanı
övladı kimi qəbul edirlər".
Vəkil tezliklə Orxan Nadirovun vərəsəlik məsələsinin də həll
olunacağını deyib:
"Bəzən məlumat yayırlar ki, guya "nümayəndəsi Orxan Nadirovdan
imtina edib" və sairə... Yaxın günlərdə O. Nadirovun vərəsəlik
məsələsi ilə bağlı mətbuata məlumat veriləcək".
Mərhum müğənninin vəkili Elmira Məmmədova isə hələ ki, bu
məsələyə açıqlama vermək istəmədiyini dedi. Vəkil qeyd etdi ki,
bəzi məsələləri yerində araşdırdıqdan sonra mətbuata açıqlama
verəcək.
Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən
xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan
Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi
övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb. İlhamə
Quliyevanın qohumu Əli Mirəliyev bildirmişdi ki, müğənni Orxan
Nadirovu rəsmi olaraq oğulluğa götürmədiyindən mirasının hamısı
dövlətə qalacaq. Onun bu açıqlamasından sonra tərəflər arasında
yaranan ciddi narazılıq bu gün də səngimək bilmir.