"Axar.az" muğam ifaçısı Fərqanə Qasımova ilə müsahibəni
təqdim edir.
Çox çətin sınaq
idi...
- Səhnəyə ilk dəfə nə zaman çıxdığınızı
xatırlayırsızmı?
- Mən bu sənətin içində böyümüşəm, xəmirim muğamla yoğrulub,
ancaq böyük səhnəyə atam məni ilk dəfə 1996-cı ildə Almaniyada
olarkən çıxardı. Onu da qeyd edim ki, doqquz yaşım olanda, atamın
filarmoniyada konserti oldu, üçlüklərdən ibarət qızların tərkibində
"Araz-barı" oxudum. Çox çətin bir sınaq idi, amma Allaha şükür
olsun ki, yaşım az olsa da, öhdəsindən gəlməyə müvəffəq oldum. Mən
indi də o videolentə baxanda kövrəlirəm.
İş çətinləşdirən ata
- Siz də muğam ifa edərkən Alim müəllim kimi bir ayrı
aləmdə olursuz, bu necə bir aləmdir, bizə də deyə
bilərsiz?
- Çox sehrli bir aləmdir, məni də o aləmlə atam tanış edib. Heç
bir sözlə ifadə edə bilmirəm o hisləri, bəlkə atamın ifasını
dinləyənlər qismən də olsa, o aləmə daxil ola bilərlər. Mən hər
zaman atama deyirəm ki, ata, sən mənim işlərimi çox
çətinləşdirmisən, məni elə bir aləmə salmısan ki, ordan baş
çıxarmaq çox çətindir. Bir var, adi muğam ifa edirəm, bir də var,
mən o sehrə düşürəm, bu bir qadınçun çox çətindir. Atama
minnətdaram ki, məni həmişə öz sənətinə, öz şöhrətinə şərik qoşub,
özüylə bütün çətin yollardan keçirib.
Səhnəmizin tək Fərqanəsi mənəm
- Fərqanə Qasımova - bu ad sizinçün nə
deməkdir?
- Fərqanə adı bizim nəinki ailəmizdə, heç nəslimizdə olmayıb,
nənəmin istəyi ilə qoyulub. Nənəm Özbəkistandan gələndən sonra mən
dünyaya gəldim və o çox istədi ki, adımı Fərqanə qoysunlar.
Mənimçün adımın önəmi odur ki, insanlara tanıdır, təkcə məşhurluq
baxımdan yox, elə hər mənada. Ailədə Fərqanə deyəndə, bilirəm ki,
məni çağırırlar, hətta səhnəmizin də Fərqanəsi hələ ki, təkcə
mənəm.
Səhnənin xofuna qapıldım
- Alim Qasımovun sənət möhürlərindən olan "Bayatı-Kürd"ü
insanlara sevdirən onu sizə hirsləndiyinə görə ifa etməsi olub,
deyirlər...
- Hirs də ola bilər... Mən Fransa səfərimizdə səhnənin xofuna
qapıldım və atam mənə nə qədər dedisə ki, oxu, oxumadım, atam da
sonda əsəbiləşib uca səslə "Bayatı-Kürd"ü oxudu və necə oxudusa,
tamaşaçılar heyranlıqlarını gizlədə bilmədilər. Bu baxımdan mənə
elə gəlir ki: "Mən onsuz da hər şeyin öhdəsindən gələrəm, mənim
əlimdə bu heç nədir, mən yaradacam",- deyə bir hislə ifa etməsi
olub.
- Sənətə olan bu boyda sevginizə rəğmən, heç yorulub
istirahətə ehtiyac duyduğunuz zamanlar olub?
- Qətiyyən... Mənim onsuz da çox illərim boşa gedib, sənətimə
çox az zaman sərf etmişəm, başım övladlarıma qarışıb, öz şəxsi
həyatıma çox vaxt ayırmışam, ona görə sənətimə doyunca vaxt ayıra
bilməmişəm.
Ağlaşma mərasimi...
- Ömrünüzün hansı anlarını yaddaşınızdan silinməz hesab
edirsiz?
- Mən gəlin köçəndə evimizdə həngaməli ağlaşma mərasimi oldu
(gülür). Atam bir yandan, anam bir yandan, qohumlar da o biri
yandan, elə ağlayırdılar ki, sanki mən ərə yox, gora gedirəm.
Mənimçün ailəmdən ayrılmaq çətin olmuşdu. Bir də nənəm rəhmətə
gedəndə mən çox ağır hislər yaşadım, özümü aylarla toparlaya
bilmədim, çünki nənəmi çox istəyirdim, elə o rəhmətlik də məni çox
istəyirdi, adımı da o qoymuşdu. Amma zamanla bütün acılar gedir,
yavaş-yavaş unudulur, yalnız xatirələri qalır.
Atam bizi çox sərbəst böyüdüb
- Sevib ailə qurmuşduz, yoxsa ailə məsələsində də
atanızın məsləhətini dinləmişdiz?
- Xeyr. Atam bizi çox sərbəst böyüdüb, azad fikirli olmağımızı
istəyib. Hər bir məsələdə öz qərarımız olduğu kimi, kimlə ailə
qurmaq barədə də özümüz qərar vermişik. Ailə elə bir məsələdir ki,
gərək könlümə yatan biriylə ailə qurum, çünki bir ömür bərabər
olacağıq.
- Bir zaman Alim Qasımov və sizin haqqınızda şayiələr
bitib-tükənmirdi, bu söz-söhbətlərə necə güc gəldiz?
- Susmaqla, həmin insanlara cavab verməməklə... Alim müəllim öz
böyüklüyünü göstərdi, mənə də dəstək oldu. Allahın bizə və bizim
Allaha olan sevgimiz, inamımız bütün söz-söhbətlərə sinə gərməyə
kömək etdi.
Bilmirəm bu kimin şəxsi-qərəzliyi idi
- Muğam musiqi yarışmasında Xalq artisti Arif Babayev və
milli konservatoriyanın rektoru Səyavuş Kərimi tərəfindən
müsabiqənin seçim turundan kəsildiz, səbəb nə idi?
- Bilmirəm bu kimin şəxsi-qərəzliyi üzündən olmuşdu, amma gərək
Arif müəllimlə Səyavuş müəllim bunun qarşısını alaydılar. Ancaq mən
Alim Qasımovun qızıyam, onun çörəyini yemişəm, atam heç vaxt heç
kəslə ədavət aparıb məsələni uzatmayıb. Mən də onun iziylə
getdiyimçün hər kəsə hörmət etməyə borcluyam, bu üzdən həmin
insanları öz konsertimə dəvət edəcəyəm.
- Alim Qasımov sənətə çox böyük kasıblıq və çətinlik
içində gəldiyini deyir, bəs sizin çətinliyiniz olubmu və nədə
olub?
- Doğrudur, atamgil çox böyük kasıblıq içində böyüyüblər, bir
günün çörəyini zorla tapıb yeyiblər və növbəti günün fikrini
çəkiblər, amma mən dünyaya gələndə artıq belə bir çətinlik yox idi,
atamın işi vardı, kasıb deyildik, ruzimiz bol idi. Tanrı atamın
insanlara köməyini, dəstəyini və verdiyi çörəyi qiymətləndirdi.
Mənim isə sənətdə çətinliyim olmayıb, çox böyük sevgiylə bu işə
yanaşmışam, tək çətinliyim Alim Qasımovun qızı adının
məsuliyyətidir.
- İndi konsertə hazırlaşdığınızdan qaynar iş
rejimindəsiz, bəs adi gündə nə ilə məşğul olursuz?
- Adi günlərdə səsyazma studiyasına gedirəm, pianino arxasında
hansısa mahnının üzərində işləyirəm, Asəf Zeynallı adına musiqi
məktəbində işləyirəm, tələbələrimə vaxt ayırıram, amma çalışıram
vaxtımı ən çox övladlarıma sərf edim. Onların geyimlərinə,
dərslərinə, yeməklərinə və dərsə gedib-gəlməklərinə nəzarət edirəm.
Övladlarımın parlaq gələcəyi mənimçün hər şeydən önəmlidir.
- Geyimlərinizdə ifa etdiyiniz muğamı tamamlayan
özünəməxsusluq müşahidə edirik. Geyiminizlə özünüz məşğul olursuz,
yoxsa stilist köməyindən istifadə edirsiz?
- Geyimimlə hər zaman özüm məşğul oluram, bəzən Fəxriyyə
Xələfovanın zövqündən istifadə edirəm, inşallah konsertimdə də
Fəxriyyə xanımdan geyim alacam, "Könül-Bakı moda evi"nin də
geyimlərindən istifadə edəcəm. Anamın da zövqünə çox arxalanıram,
konsertlərimiz olanda anam geyimlər seçib alıb gətirir, mən onları
geyinəndə hər kəs yaxşı mənada heyrət edir. Yəni heç kəs mənə demir
ki, bunu geyinməlisən, sonucda qərarı özüm verirəm ki, bu paltarı
geyinim, ya yox?!
Hər zaman ehtiyac...
- Konsertə qonaqlar dəvət edəcəksiz, yoxsa buna o qədər
də önəm vermirsiz?
- Əlbəttə, önəm verirəm, çünki bizim çox gözəl müəllimlərimiz
var, onların dəyərli fikirlərinə hər zaman ehtiyac duyuram və
konsertimə də dəvət edəcəyəm inşallah. Güman edirəm ki, məni
qırmayıb dəvətimi qəbul edəcəklər.
- Bəs həm atanız, həm müəlliminiz olan Alim Qasımovu öz
tamaşaçılarınızın içində görmək necə hisdir?
- Mənimçün tamaşaçıların ən qorxulusu, ən həssası və ən böyüyü
elə Alim Qasımovdur.
- Sonda nə demək istərdiniz?..
- Sonda "Axar.az" saytına, onun əməkdaşlarına
dərin təşəkkürümü bildirirəm, oxuculara isə öz dəyərli vaxtlarını
ayırıb bizi oxuduqları üçün minnətdaram. İnşallah, hər kəsi 28
fevral saat 19:00-da Heydər Əliyev adına sarayda baş tutacaq
konsertimə dəvət edirəm, çünki məni yaşadan tamaşaçıların böyük
muğam sevgisidir. Bilet alıb gələnlərə və gəlmək istəyənlərə
təşəkkür edirəm. Gəlmək istəməyənlərə isə inşallah böyük muğam
sevgisi arzu edirəm.