Tanınmış jurnalist, "Bakı-Baku" qəzetinin
baş redaktoru Rauf Ağayev dahi bəstəkar Üzeyir Hacıbəyovla bağlı
bir neçə xatirəni qələmə alıb.
Jurnalist bu xatirələri Üzeyir bəy Hacıbəyovun Azərbaycan Dövlət
Konservatoriyasına rəhbərlik etdiyi dövrdə onun assistenti olmuş
Zaxar Yakovleviç Stelnikin danışdığını bildirib. O qeyd edib ki,
Stelnikin danışdığı xatirələri o illərdə qəzetə yazmaq olmazdı və
buna görə də onları üstündən uzun müddət keçəndən sonra qələmə
alıb.
Dahi bəstəkarla bağlı iki xatirəni təqdim edirik:
Karlar
Günlərin birində Dağıstandan vilayət partiya komitəsinin katibi
Bakıya, Üzeyir bəyin evinə qonaq gəlir. Söhbət əsnasında qonaq
xahiş edir ki, onu Müslüm Maqomayevlə tanış etsin.
Üzeyir bəy məmnuniyyətlə:
- Bu dəqiqə zəng vuraram, ona desinlər ki, tez bizə gəlsin.
Şəxsən özü ilə telefonla danışmaq günü-gündən mümkünsüz olur.
Qulağı ağır eşidir axı. Lap kar olub e. Xahiş edirəm onunla çox
ucadan danışasınız. Yoxsa eşitmir və təkrar soruşmağa da utanır.
Çox utancaqdır.
Otaqdan çıxıb Müslüm Maqomayevə zəng vurur. Deyir ki, Dağıstanın
katibi bizdədi. Səninlə tanış olmaq istəyir. Tez gəl. Amma... amma
bərkdən danış. Lap ucadan. Bədbəxt oğlu kar imiş. Eşitməyəndə də
təkrar soruşmağa utanır. Nəzərə al.
Müslüm Mamqomayev gəlir. Qonaqla qucaqlaşıb öpüşürlər,
qışqıra-qışqıra hal-əhval tutduqdan sonra qışqıra-qışqıra söhbətə
başlayırlar. Çay gətirən Məleykə xanım evi bürüyən
çığırtı-bağırtıdan, padnos əlində, yerində donub qalır. Üzeyir bəy
isə kresloya yıxılıb gülməkdən uğunur. Az sonra qonaqlar da başa
düşürlər ki, bu, Üzeyir bəyin növbəti zarafatlarından imiş.
Bəxtimiz gətirib
Üzeyir bəy heç vaxt tək yemək yeməzdi. Bu xasiyyətini hamı
bilirdi. Mütləq kimi isə dəvət edirdi. Bir gün günorta zəng vurur
Səid Rüstəmova. Onu evə, nahara dəvət edir. Səid and-aman eləyir
ki, Üzeyir bəy, məni məzur tutun, bu dəqiqə yaxşı nahar edib
durmuşam. Üzeyir bəy israr edincə Səid söhbəti uzatmır. Gəlir.
İxtilat edirlər və Üzeyir bəy də yeməyini yeyir. Söhbətə başı
qarışan Səid bir boşqab şorbanı içir. Sonra ikincini içir. Söhbətin
şirin yerində girişir tabakaya. Bu vaxt Üzeyir bəy Məleykə xanımı
səsləyir. O içəri girib:
- Bəli, Üzeyir bəy, - deyir.
- Ay Məleykə xanım, necə şanslı insanlarıq, bəxtimiz gətirib ki,
Səid yeyib gəlib, - deyir.