Yuxarı

Hamı ona can atar, ancaq... - Behrudi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sim-sim.az-ın "Sualım var" layihəsində müsahibimiz şairlərin, tənqidçilərin, incəsənət xadimlərinin suallarını cavablandırır. Budəfəki qonağımız şair Rüstəm Behrudidir.

Cavid Zeynallı: - Rüstəm müəllim, sizi tənqid edən, hətta təhqirə yol verən adamlarla qarşılaşanda o adama qarşı necə davranmısınız? Yaxud o adam özünü necə aparıb, birinci kim əl uzadıb, kim jest edib?

– Cavid bəy! Adam özünü tanıyandan sonra oxucunun da, tənqidçinin də fikri onun üçün çox da maraqlı olmur. Bu uzun illər ərzində heç bir tənqidi rəylə qarşılaşmamışdım. Bəlkə də belə bir şeylər olub, ancaq mənim xəbər tutmamışam. Qaldı təhqirə, onları da cavabsız qoymuşam. Çünki cavab verəndə, nə dəyişəcək ki? Bir dəfə məni cavan yazarlardan biri haqsız, qələminə və özünə yaraşmayan şəkildə aşağılamağa çalışmışdı. Bir konsert zamanı fasilədə yanımdan keçib gedərkən təsadüfən qarşılaşdıq. Mən onu bir bakal pivəyə qonaq etdim. O gözləyirdi ki, mən ona yazısı ilə bağlı irad tutub nəsə deyəcəm. Heç nə demədim. Düşünürəm ki, düzgün hərəkət elədim.

Şərif Ağayar: - Niyə qonaqlıq vermirsiniz?

– Əzizim Şərif! Mən restoran sahibi deyiləm, mən şairəm. Ancaq cavan istedadlı yazarlarla oturub-durmağı sevirəm. Nə vaxt zəng vursan, bir qonaqlıq verə bilərəm.

Qan Turalı: - Sizin poeziyanıza türk düşüncəsi nə qədər sirayət edib? Şamanlıq olmasaydı, Rüstəm Behrudi olardımı?

– Əzizim Qan Turalı! Sualın qoyuluşu mənə elə gəlir ki, bir az yorumsuzdur. Çünki yaradıcı adam, nəyin və kimin ona nə dərəcədə təsir elədiyini hiss eləmir. Onu oxucu şairin özündən daha yaxşı hiss eləyir.

Qaldı ikinci suala, Şamanizm və şamanist düşüncə tərzi mənə nə vermişdisə, mən onu artıqlaması ilə ədəbiyyata qaytardım. Bunun ən dolğun cavabını böyük alim, mifoloq, mərhum Mirəli Seyidov hələ 80-ci illərin sonunda yazdığı bir məqalə ilə cavablandırıb: "Türk mifik düşüncə tərzi, Turan ideyası və türk milliyyətçiliyi XX əsrin sonlarında R. Behrudinin şeirləri ilə yenidən həyat qazandı".

Bir də ki, qardaşım, mənim kitablarımın hamısı elə şamanizm və mifopoetik düşüncənin ifadəsindən ibarət deyil ki! Mən sizi oxuyuram. Çalışın siz də sizdən əvvəlkiləri oxuyun.

Ömər Xəyyam: - Ruhunuzun əziyyəti ancaq şeirlərdə görünür. İkiləşmək çətin deyil? Bir üzü Allahın yanında, o biri Allah olmayan hər yerdə. Yoxsa əslində şairlər ikili həyat yaşayanlardır? Ruh-bədən toqquşması qafiyəli şeirlərlə həll olunacaq məsələ deyil. Bu barədə nə düşünürsünüz?

– Bir şairi yaxından tanımadan "ruhumuzun əziyyəti ancaq şeirlərdə görünür" deməsi yanlış, özü də çox yanlış bir şeydir. Siz mənim nə cür, yaşadığımı haradan bilə bilərsiniz ki? Mənim həyat tərzim elə şeirlərimdəki ruhumun əziyyətinə bənzəyir. Mənim üçün şairlərin - əsl şairlərin bir həyatı olur. Bu həyat da özləri ilə savaşmaqdan ibarət olur. Çox sevdiyim Kleist kimi, Hölderlin kimi, Artur Rembo kimi, Müşfiq kimi…

Qaldı ikinci sualına… Əsas məsələ qafiyədə, formada deyil. Əsas məsələ hansı formada yazmaqda deyil, necə və nə cür yazmaqdadır.

Anar Niftəliyev: - Rüstəm Behrudi deyəsən daha şeir yazmır, başqa sözlə, şair həyatı yaşamır, şeir həyatı yaşayır. Əziz qardaşımız necə düşünür, özü necə şeirdir? (hər kəs Allahın şeiridir kimi ümumi baxışla cavablandırmasını istəməzdim)

– Əzizim Anar! Vaqif Səmədoğlu ölən günü ona ünvanlanmış bir yazı yazmış, sonradan ona həsr olunan kitaba ön söz olaraq qoymuşdum. Vaqif haqqında yazmışdım ki, Vaqif ədəbiyyat tariximizdə ilk şairdir ki, yaddaşlarda şair kimi yox, şeir kimi qalacaq. Yaddaşlarda şeir kimi qalmaq, şair kimi qalmaqdan daha çox ilahidir. Hər kəs Allahın şeiridir fikrinin də tam əleyhinəyəm. Çünki bəzi adamlar Allahın hekayəsi, felyetonu, essesi də ola bilir. Mən tam əminəm ki bu yer üzündə tək şairlər Allahın şeiridir.

Sənin bu fikrin (şair və şeir həyatı) uzun illər bundan əvvəl Stefan Sveyqin Kleist haqqındakı düşüncələrini xatırlatdı mənə. Sveyq yazırdı ki, Kleisti tanıyanlardan heç biri onu tərk etmək, amma yanında qalmağa da heç kim səbir eləyə bilməz. Hamı ona can atar, ancaq yanında bir kimsə olmaz. Bax əzizim, Anar! Bu şair kimi qalmaq deyil, şeir kimi yaşamaqdı. Bütün ömrümü belə yaşadım mən. Dua anddan, pıçıltı hönkürtüdən necə ucadırsa, şeir də şairdən o qədər ucadır.

Rəqibə Nazimqızı: - Adətən şair özünün ən çox sevilən, tələb olunan şeirinə həm də bir qədər qıcıq duyur. Düşünür ki, o biri şeirlərinə ədalətsizlik olur. Rüstəm Behrudi nə zamansa bu hissi keçirib?

– Tamamilə haqlısınız xanım əfəndi! Baxın, mənim Azərbaycanda və xaricdə çox sayda kitablarım çap olunub. Ancaq oxucular da ədəbi tənqid də "Salam, dar ağacı", "Boz qurd", "Şaman duası" və bu kimi çox az sayda şeirin üzərində dayanır. Heç ola bilməz ki, bu cür sevilən, türk dünyasında məşhur olan şairin yaradıcılığı elə bu şeirlərdən ibarət olsun. Mən bir şair kimi yox, həm də bir oxucu kimi bilirəm ki, mənim bu kitablardan daha gözəl kitablarım, şeirlərim var. Məsələn mən "Məzarlıqda bitən yovşan", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Cəhənnəmdən qalxan duman" kimi şeirlərimi o məşhurlaşan şeirlərimdən daha çox sevir, öz-özümə oxumaqdan ləzzət alıram.

Aysel Əlizadə: - Bu işlərin axırı necə olacaq?

– Aysel xanım! Məndən bu işlərin sonunu soruşursan. Bir şey bilirəm ki:

Bir yerdəyəm, bura yerdimi?

Od düşsün buranın üstünə.

Tökəcəm günahsız qanımı

İncilin, Quranın üstünə.

Və bilirəm ki:

Gözəl olacaq, çox gözəl,

Bu qana köynək toxumaq;

Bu qana köynək toxuyub,

Sonradan dua oxumaq.

Mövlud Mövlud: - Rüstəm bəy, mənə təcili min manat pul lazımdır, kömək eləyə bilərsiniz?

– Mövlud bəy, sonuncu 200 manat pulumu Ağanın yanında (müsahibə vaxtı) çox ehtiyacı olan bir dostuma verdim. Sən gözləməli olacaqsan. Bir də mənim belə zəngin olmam təəssüratını kim və niyə yaradır, bilmirəm.

İlham Rəhimli:

1. Rüstəm Behrudi şeir yazanda emosional duyğu ilkin olur, yoxsa idrak?

2. Rüstəm Behrudinin "Əlvida, dar ağacı!" şeirini yazması üçün nə lazımdır?

– Çox dəyərli İlham müəllim! Şeirə və şeirin ilahi başlanğıca dayandığına mənim qədər inanan çox az adam var bəlkə də. İdrak fəlsəfənin predmenti olduğundan onun şeirin yaranmasına az dəxili var. Elə ona görə də bütün şairlərin filosof olmasına baxmayaraq, filosofların çoxu şair deyil. Təbii ki şeirin yaranmasında emosiya, hiss-həyəcan, psixoloji vəziyyət əsasdır. Bu hal və psixoloji ana idrakın əlavə olunmasının da başqa bir gözəlliyi var.

Qaldı "Əlvida, dar ağacı" yazmağıma, günlərin bir günü bir səfil Diogendən Tanrıya inanıb-inanmadığını soruşur. Diogenin cavabı çox maraqlı olur: – Bu boyda pisliyi, haqsızlığı, ədalətsizliyi yaradan tanrını nə cür sevmək olar?

Türk etnosunun, türklüyün, millətin taleyinin belə ağır zamanında dar ağacına əlvida söyləmək ağılsızlıq olardı məncə. Nə qədər ki, problemlər və onun üstünə gedən adamlar durur, dar ağacları da duracaq, ona salam verən adamlar da.

Könül Həsənqulu: - Rüstəm Behrudi bir şeiri yazarkən tamamlayır, yoxsa başqa vaxt həmin şeirin üzərində bir neçə dəfə işləyirmi?

– Könül xanım, istənilən bir şeirimi tamamlamamış yazı masama buraxıb getməmişəm. Bu uzun illər ərzində təbii ki, yarımçıq şeirlərim olub. Ancaq onlara heç vaxt qayıtmamışam.

Qurban Yaquboğlu: - Orta Asiya türkdilli poeziyani izləyirsinizmi? Sevdiyiniz şair kimdir o coğrafiyada?

– Qurban bəy! Ədəbiyyatçı olduğumdan klassik şair və yazıçıların demək olar ki, əksəriyyətini oxumuşam. Oxumaqdıqlarım da ola bilər. Oljasla şəxsi tanışlığım var. Ancaq mənim çox sevdiyim şair, dostluq elədiyim mərhum özbək şairi Rauf Pərvindir. İlk tanışlıqdan onun "Mən yalqız, səsim yalqız" misrası indi də qulaqlarımdadır. Uktamay adlı bir özbək şairəsinin də yaradıcılığını izləyirəm.

İbrahim İlyaslı: - Rüstəm bəy, dar ağacıyla aranızda çoxdanın haqqı-salamı var. Ona niyə demirsən ki, nə istəyirsən mənim millətimdən?

– Qardaşım İbrahim bəy! Problem dar ağacında deyil. Problem bizdə, yəni öz millətimizdədir. Çünki hər gün yolumuzu gözləyən o dar ağaclarını nə vaxtsa biz öz əllərimizlə əkmişik. Biz onları, uyğurlar göytürklərə xəyanət eləyəndə, Gürşad bütöv bir çin ordusu ilə Çin səddində üzbəüz tək qalanda, Teymur Bəyazitin üstünə gedəndə, Şah İsmayıl Sultan Səlimə meydan oxuyanda, bir zamanlar Qarabağda erməniləri başlı-başına buraxanda, "allahu-əkbər" sədalarından qorxub diksinəndə əkmişik və indi də əkməkdəyik.

Elmin Nuri: - Sizcə, dar ağacı sizin salamınızı alıb?

– Əzizim Elmin, buna ən gözəl cavabı dostum, gözəl şairimiz Ramiz Rövşən mənim haqqımda yazdığı essesində cavab verib:

"Dar ağacına çox adam salam verə bilər. Amma dar ağacının "Əleyküm salam" dediyi tək şair Rüstəm Behrudidir".

Mirmehdi Ağaoğlu:

1. Rüstəm Behrudi Azərbaycan poeziyasının şamanı ola bildimi?

2. Gəlin etiraf edək ki, "Salam dar ağacı" şeirinin məşhurlaşması bir az da Meydan hərəkatı dövrünə düşməsinə görə oldu. Sizcə, Meydan hərəkatı olmasaydı, hansı şeiriniz daha çox tanınardı?

– Mirmehdi bəy! Sizə də böyük türk alimi Ə.B.Ərculasunun mənim haqqımda yazdığı kitabdan gətirdiyim sitatla cavab verəcəyəm. Çünki özümün cavab verməyim qeyri-etik görünərdi: "Rüstəm Behrudi bir şaman nəvəsi… Hüseynzadə Əli, Ziya Göyalp, İsmayıl Kaspıralı, Yusif Akçura… Bunların hamısı birər "şaman nəvəsi" deyilmi? R. Behrudi zamanlar üstündə yaşayan bir şair, ağzı dualı bir şaman nəvəsi".

Bəy əfəndi, əgər "Salam, dar ağacı"nın məşhurlaşması (şeir Meydan hərəkatından çox-çox əvvəl yazılıb) Meydan hərəkatı ilə bağlıydısa, o dövrdə yüzlərlə şeir yazılmışdı. Niyə heç biri bu qədər məşhur olmadı? Sizin bu şeirin bədii dəyərini bir yana qoyub, zamanla bağlamanız mənə qəribə gəlir. Siz türk dünyasında ikinci bu boyda məşhur olan bir nümunə göstərə bilərsinizmi? Meydan hərəkatı baş verməmişdən əvvəl bu şeir Türkiyədə bütün dərgilərin və qəzetlərin üz qabığında çap olunmuşdu. Təbii ki, Meydan hərəkatının da rolu vardı…

İkinci sualınıza gəldikdə düşünürəm ki, bu şeirlər "Boz qurd", "Şaman duası" və yaxud "Cəhənnəmdən qalxan duman" şeirlərindən biri olardı.

Sevda Sultanova: - Rüstəm bəy, ədəbiyyatdan başqa hansı sənət ilə maraqlanırsınız? Məsələn, ciddi filmlər izləyirsinizmi? Yoxsa elə bilirsiniz həyat təkcə dar ağacıdır?

– Sevda xanım! Siz niyə elə düşünürsünüz ki, mən həyatın yalnız dar ağacından ibarət olduğu düşüncəsindəyəm. Mən həyatını dolu-dolu yaşayan tək-tük adamlardan biriyəm. Mən həbsdə də yaşadım, gözəl günlər də yaşadım, və sizin xəyal belə edəməyəcəyiniz bütün dünyanı gəzdim. Həyatın anlamının nə olduğunu sizdən az bilmirəm.

Qaldı maraq dairəm, psixoanaliz və fəlsəfə çox sevdiyim və öyrəndiyim sahələrdi. Dünya kinosunun demək olar ki, bütün şah əsərlərinə baxmışam. Sevdiyim iki filmi xüsusi ilə qeyd eləmək istəyirəm- Aktyor və rejissor Mel Gibsonun "Cəsur ürək" filmi və Tomas Harrisin romanı əsasında çəkilmiş, rejissor Conatan Demminin "Quzuların səssizliyi".

Balıq tutmağı da sənət hesab elədiyimdən, bu işdə usta olduğumu demək məcburiyyətindəyəm.

Nəriman Əbdülrəhmanlı: - Şair Rüstəm Behrudi özünü dünyanın harasında daha rahat hiss eləyir?

– Əzizim Nəriman, təbii ki kəndimizdə- Behrudda, bir də İstanbulda Tanrı dağlarını ilk dəfə görəndə elə bildim ki, buralar elə mənim düşündüyüm yerdi…

Aqşin Yenisey: - Rüstəm Behrudi həm də fəlsəfə doktorudur. Şeir ilahi vergidirsə, insanın allahla söhbətidirsə, fəlsəfə idraki prosesdir, yəni insanın özünün özüylə söhbətidir. Rüstəm Behrudi üçün hansı daha maraqlı söhbətdir, allahla, yoxsa özü ilə?

– Əzizim Aqşin! Çox heyf ki, mən fəlsəfə doktoru deyiləm. Qaldı şeirin allahla söhbət olması fikrinə, bu mənim üçün keçərli deyil. Çünki mənim allah anlayışım fərqlidir. Ateist də deyiləm. Mənim üçün panteist dünyagörüş daha maraqlıdır. Çünki mən orda özümü daha rahat hiss eləyirəm. Buddizm məni qalan o üç dindən daha çox çəkir. Mən gördüyüm hər şeyin allahın (Tanrının) bir hissəsi olduğu düşüncəsindəyəm. Ona görə də, mənim üçün özümlə söhbət Allahla söhbətdən daha çox maraqlıdır. Qaldı fəlsəfəyə, fəlsəfə hər şeyin, hətta insanın belə sintetik analizindən başqa bir şey olmadığından, mən şeiri fəlsəfədən ucada hesab eləyirəm.

İnsan mikro aləmdirsə (fəlsəfə bu cür qəbul eləyir) allah da elə bizim içimizdədir. İçimizdə olan bir şeyi kənarda axtarmaq, dənizə su aparmaq, dağa daş daşımaq qədər ağılsızlıqdı.

Günel Şamilqızı:

1. Deyirsiniz, ömür insana Tanrını tanımaqçün verilib. Tanışlıq necə keçir? Bir ömür bəs edəcəkmi?

2. Adamları sözlərinə büküb dəfn elədim deyir şair. Heyf deyilmi o sözlərə? Məsələn, "ümid" sözünə çox adamı bürüyüb dəfn edə bilərik zaman-zaman. Amma bir gün başqa biri peyda olar, o sözü mənə yenidən sunmağa, tapa bilməz, başqasıyla dəfn etmişəm deyə.

- Günel xanım, Tanrı ilə adi tanışlıq belə yetərlidir. Qaldı adamları sözlərimə büküb dəfn eləməyimə… Mən adamları kəfənə büküb dəfn eləmədim ki! Mənim şeirlərimdə sözlər həmişə diridir, dipdiri. Ona görə, sözlərimə büküb dəfn elədim ki, o adamların bir gün dirilmək, yəni geriyə dönmək şansları olsun. Bir də ki bu həyatdır. Bir şairin dəfn elədiyini, başqa bir şair sözlərinə büküb dirildə bilər. Mən dəfn elədim. Siz çalışın sözlərinizə büküb, dirildin o dəfn olunanı.

Adının çəkilməyini istəməyən müəllim: - Rüstəm müəllim mənə iki kub taxta təşkil edə bilər?

– Mən elə düşünürəm ki, adını belə yazmağa cəsarət eləyə bilməyən birisinin sualına cavab yazmaq zorunda deyiləm.

Hazırladı: Ağa Cəfərli

Tarix
2016.06.20 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Astroloq: Təyyarə qəzası ilə bədəl ödədik - Video

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırır - Yeni siyahı

Əliyev Tokayevə zəng etdi

Qazaxıstan “balon partlaması” açıqlamasından imtina etdi - Təcili

Tokayev kimi seçəcək: Bakını, yoxsa Kremli?

İƏT baş katibi İlham Əliyevə başsağlığı verdi

Arakçının müavini Azərbaycan səfirliyində - Foto

Rusiyadan “ört-basdır”a növbəti cəhd - Rosaviasiya “bəhanə” tapdı

Kreml üzr istəməyə məcburdur: əks halda... - “Nezıqar”

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla