Nəcibə İlkinlə 55 yaşı
ərəfəsində söhbət etmək istədim. Zəngləşdik. Azərbaycan
Nəşriyyatında onun iş otağında söhbətimiz baş tutdu. Kifayət qədər
aktiv xanım olan Nəcibə İlkinin özünəməxsus ədəbi mülahizələrinin
oxucular üçün də maraqlı olacağını düşürəm.
- Nəcibə xanım, sizi bir çox ədəbi məclislərdə görmək
olur. Qəzet redaktorusunuz, kitablar redaktə edirsiniz. Deyəsən,
gün sizin üçün 24 saatdan çoxdur, necə çatdırırsınız?
- Berlioz yazırdı ki, "Zaman ən yaxşı müəllimdir, amma
şagirdlərini öldürür". Həyatı və sənətimizi seviriksə, vaxtı
öldürməyə haqqımız yoxdur. Çünki həyat vaxta bağlıdır. Vaxtdan
ağıllı istifadə etməyi çox sevirəm, amma vaxt mənimlə çox zaman
hesablaşmır. İti sürətlə qaçır. Əlimdə əlacım olsaydı, nəinki
vaxtı, zamanı saxlayardım. Sözün həqiqi mənasında həm qəzet, həm
jurnal, həm də kitablara redaktorluq və ədəbi məclislər… Çətin və
məsuliyyətli işdir. Vaxtı itirmək isə intihara getmək kimi bir
şeydir. Çox istərdim, mən vaxtı yox, vaxt məni itirsin...
- Bütün bunlarla yanaşı, qadın yaraşığı, səliqə-sahmanı
da sizi tərk etmir.
- Qeyd etmək istərdim ki, yüzilliklərlə qadında cəmlənmiş bir
çox sırf ona xas olan keyfiyyətlər, bu gün həddindən artıq
məşğulluğun təsiri altında müəyyən dərəcədə onun genetikasında
xoşagəlməz dəyişiklərə səbəb olur. Analıq instinkti, uşaqlara
bağlılıq, nəciblik hissiyyatı, səliqə-sahman və s. bəzi qadınlarda
tükənməkdədir. Qadın bu mənada öz zərifliyini, incəliyini itirir.
Bir şeyi unutmayaq ki, "qayğı", "nəvaziş", "incəlik", " gözəllik",
"səliqə-sahman" kimi sözlər qadın sözü ilə bərabər işlənir. Yazar
qadın təkcə özü üçün deyil, ailəsi üçün, ictimaiyyət üçün səliqəli
olmalıdır. Səliqə qadının başlıca məşğuliyyətidir.
- Bu yaxınlarda bir şeirlər kitabınızı oxudum, eyni
səliqə-sahman kitabınızda da nəzərə çarpır. Misralarınız ütülü,
şeirləriniz bir qəlibin içində. Bu qəlib şeirlər qəlbinizin də
sahmanlı olmasından xəbər verir, deyəsən.
- Ədəbiyyat elmi özü ədəbdir, mədəniyyətdir. Allahın bizə
verdiklərini qəlbimizin səsi ilə diktə edirik. Bu mənada qəlbin
necəliyi əsərlərdə özünə yer tapır. Qəlbimizin ilhamı bizim üçün
işıq saçan şimşəklərdir. Biz onun işığında daxili aləmimizin
acılarını ehtiva edirik. Həya özü gözəldir. Biz də bu gözəlliyi
səliqəli şəkildə yaşamalı və yazmalıyıq.
Dünya qayğılarla dolu bir evdir
- Yetim bir uşağa yazılmış şeirinizdə gözəlimiz dünyanın
alt qatının çirkinliyini də səliqə ilə elə bil, uşağın qulağına
pıçıldayırsınız.
- Əslində, o uşaq yetim deyil, bir ananın qucağında ağlayan
uşaqdır. Təsadüfən bu uşağın narahat ağladığını gördüm və bu şeir
yarandı. Bəli, yaşadığımız və çirkinliyini gördüyümüz bu dünyanın
necə olduğunu o uşağa siz demiş səliqəli şəkildə anlatmağa
çalışmışam. Dünya qayğılarla dolu bir evdir. Biz də o evin əzablı
sakinləri. Və dünyaya ağlaya-ağlaya gəlməyimizlə cəfakeş səhnəyə
gəlişimizi bildiririk. Orda belə bir bənd var:
Yazmayıb bəxtini qara kürsülər,
Gözlərin tanımır bu kor dünyanı.
Hələ görməmisən ürəkağrıdan,
Üstünə atılan şəri, böhtanı.
Sevgini sağlam düşüncə ilə yaşamaq lazımdır
- Bütün bu səliqə-sahman söhbətindən sonra soruşmaq
istəyirəm, niyə lirik şeirlərinizdə əlçatmaz bir sevgidən
danışırsınız, nədir sizi qübarlandıran?
- Dünyanın heç bir neməti insanı sevgi qədər nə doydura, nə də
yaşada bilər. O, o qədər güclüdür ki, hətta bizi yenidən yaşadır.
Həyatımızın musiqisi və rəngidir məhəbbət. O, həm vətəndir, həm
anadır, həm dostdur, həm də insandır. Onun nə yaşı var, nə vaxtı,
nə zamanı. Dahi Bəxtiyarımız deyir ki:
Sevgi yaş tanımır, qəlbini yandır,
Yanaraq yaşasan yaş düşməz yada,
Sevən doxsanında da elə cavandır.
Sevməyən qocadır otuzunda da.
Baxın Füzulini Füzuli edən onun sevgisi olmadımı? "Leyli və
Məcnun" əsəri onun öz həyatı olmaqla yaradıcılığının pilləsidir.
Leonardo Da Vinçi ən böyük əsəri "Mona Liza"nı dəlicəsinə sevdiyi
bir qadına həsr etdi. Böyük rəssam Rafael "Skistin madonnası"
əsərində çox sevdiyi bir qadının portretini yaratdı. Alman şairi
Höte Ketxen adında bir qızı dəlicəsinə sevir, qızı dostu ilə tanış
edir. Çox keçmir ki, qız həmin dostuna qoşulub qaçır. Bu nakam
məhəbbət əsərlərində dilə gəlir onun. Yaxud Lev Tolstoy, Puşkin
yaşadıqları sevgi əzabı onların həyatına son qoymadımı? Amma
sevgini sağlam düşüncə ilə yaşamaq lazımdır. Eşqi dəlilik heç kəsə
xoşbəxtlik gətirmir.
- İctimai-siyasi mövzuda da şeirlər yazmısınız. Milli
qəhrəmanlarımızdan bəhs edən kitablarınız da var. Bəzən
misralarınızda qəzəb də var, bu zərifliklə o qəzəbi necə
yaşadırsınız?
- Faiq müəllim, özünüz də şairsiniz və ədəbi mühitdə öz yeriniz
var. Əvvəla, bizim hər birimizin borcudur qəhrəmanlarımızın,
şəhidlərimizin adına əsərlər, kitablar yazmaq. Bu həm də
vətəndaşlıq borcumuzdur. Xalqımızın keçmişindən bu günə qədər
əzablı həyat yolu, başına gətirilən müsibətlər, hələ I Pyotrun
vaxtından Azərbaycana qarşı təcavüzlər, torpaqlarımızın işğalı,
Cənubi və Şimali Azərbaycan dərdimiz, 1905-1918-ci illərdə
Azərbaycanda rus imperiyasının fitvası ilə bədnam qonşularımızın
torpaqlarımızda etdikləri soyqırımlar və 25 ildən artıqdır ki,
Qarabağın işğalı və şəhid olan oğullarımız. Bundan başqa əsirlikdə
olan qız-gəlinlərimizin taleyi. Bütün bunlar məni özümdən necə
uzaqlaşdırmasın? Qələm susa bilərmi bu qədər ağrıların
qarşısında?
Ədəbiyyatı şou-biznesə çeviriblər
- Qadın yazarlarımızı tez-tez Türkiyədə keçirilən ədəbi
tədbirlərdə görürük. Necədir vəziyyət? Onların bizim ədəbiyyatın
təbliğində rolunu əsasən nə təşkil edir? Öz yaradıcılıqları, yoxsa
ədəbiyyatımız haqda hansısa bilgini çatdırmaları?
- Yaralı yerimə toxundunuz. Yazar adam əvvəlcə öz ölkəsində
tanınmalı, sonra başqa ölkəyə üz tutmalıdır. Çox təəssüf ki,
ədəbiyyata dəxili olmayan bəzi qadınlarımızın gedib Türkiyədə
görünməsi ədəbiyyat alverindən başqa bir şey deyil... Heç bir
misrası belə olmayan, şeirdən başı çıxmayan müxtəlif dələduzluq
nümayiş etdirərək orda özlərinə oxşar adamlarla birləşib pul
yığaraq min cür saxta reklam etməklə kitab çıxarırlar. Dəhşətdir.
Şeiri, kitabı olmayan, hətta tərcümeyi-halını belə yaza bilməyənlər
başqa ölkədə elə başından böyük işlər görür ki... dəhşətə gəlirsən.
Belələri ədəbiyyata ləkədən başqa bir şey deyil. Həddindən artıq
keyfiyyətsiz kitablara klassiklərimizin şeirlərini də biabırçı
şəklə salmaqla onların da ruhunu narahat edirlər. Ədəbiyyatı
şou-biznesə çeviriblər. Bunların qarşısı birmənalı şəkildə alınmalı
və təcili tədbirlər görülməlidir. Əks halda bu alaq otları hər
tərəfi bürüyəcək.
- Məsələn, ədəbiyyatımızdan bəhs edərkən kimləri dilə
gətirirlər? Axı mən onların bəzilərinin ədəbi fəaliyyətində işıqlı
nəsə görmürəm.
- Onlar nə ədəbiyyatdan, nə də ədəbiyyatda olanlardan
xəbərdardır. Xəbərləri olsaydı, Bəxtiyar Vahabzadənin "Şəhidlər"
şeirini S.Vurğunun adına kitabda çap etməzdilər. Və o boyda xalq
şairinə biabırçı şəkildə tərcümeyi-hal yazılmazdı. Yaxud başlarına
panamanı keçirib müxtəlif formalarda türk kişilərilə qol-qola şəkil
çəkdirmək şair olmaq demək deyil. Onların məqsədi yalnız və yalnız
bayaq dedim, pul yığmaq və şit-şit oyunlardan ibarətdir. Ora
gedərkən mən hər şeyi gördüm və dərhal uzaqlaşdım. Hələ eşitməmişəm
ki, hansısa qadın gedib orada yaxşı mənada ədəbi işlərin davamçısı
və təbliğatçısı olsun.
Yubiley...
- Nəcibə xanım, deyəsən bu il, sizin 55 illiyinizdir.
Necə hazırlaşmısınız bu yubileyə? Bəri başdan təbrik
edirik.
- Sağ olun, təşəkkür edirəm. Bilirsiniz də mətbuat günü mənim ad
günüm, həm də bayramımdır. İnşallah, o vaxta kimi 55 şeirdən ibarət
bir şeir kitabım və "Sözün ölçüsü və çəkisi" adlı fikirlər və
rəylərdən ibarət publisist kitabımı çıxarmaq fikrindəyəm. Həm də
qəzetimin 10 yaşı tamam olur. Onun da xüsusi buraxılışını çap etmək
fikrindəyəm. Bir sözlə, istədiyim qələm dostları bir yerə
yığacağam, inşallah.
- Sizə uğurlar...
- Çox sağ olun, Faiq müəllim, dəyər verdiniz.