İnana bilmirdim ki, ağbəniz, bəstəboy, idmançı
görkəmi olan bu insan hansısa cinayət əməlinin
sahibidir...
O, elə bu adla tanındı - Masallı Mamed. Hüseynov Məmməd İsgəndər
oğlu. 1961-ci ilin noyabr ayının 4-də Masallıda doğulmuşdu. 2011-ci
ilin martın 21-də növbəti dəfə həbs olunduğunda, rəsmi məlumatlarda
deyilənlərə inansaq, əhvalı pisləşib və dünyasını dəyişib.
Masallıda dəfn olunub.
Qan-qada – onun həqiqəti
Onun haqqında çox yazılıb, çox danışılıb və danışılacaq. Masallı
Mamed hələ sağlığında mifləşdirilən, əfsanələşdirilən yaxın
tariximizin real simalarındandan olub. Düzdür, bu qəhrəmanlığın
arxasında qan-qada, zorakılıq, həbs və digər əməllər dururdu. Amma
bu qan-qada onun həqiqəti idi. O, talançılıqla, başqasının əmlakını
əlindən almaqla, nüfuzundan istifadə etməklə zəifin və kimsəsizin
hissiyatı ilə oynamaz, onu aşağılamazdı. Onun əməllərində qanuni
baxımdan həmişə cinayət tərkibi olub. Amma onu sevənlər, ona
güvənənlər də çox olub. Problemlərin həllində qanun acizlik
göstərəndə ona olunan müraciətlərə verdiyi müsbət reaksiyalar bunu
deyir.
Hüquq mühafizə orqanları isə onu daima nəzarətdə saxlayıb. 50
illik ömrünün çoxu qalın divarlar arasında keçib.
Onu şəxsən tanıdım. Amma dost olduq demək düzgün olmazdı. Buna
vaxtımız çatmadı. Söhbətimiz isə alınırdı. Ömrümdə ilk dəfə idi ki,
qanuni oğru ilə həmsöhbət olmuşdum.
Daşdan keşən ad
Bu zamana qədər isə Mamedin haqqında çox eşitmişdim. Bayıl
türməsinə qədər bu adam haqda kifayət qədər informasiyam vardı.
Sabiq iş yoldaşlarım, macəra dolu günlər yaşamağa, dava–dalaşa
meyilli olan dənizçilərin keçmiş SSRİ-nin bir çox limanlarında
törətdikləri "hoqqalardan" Mamedin, rəhmətlik Hikmət Sabirabadlının
adından istifadə edərək qurtulduqlarının da şahidi və iştirakçısı
olmuşdum. Bayıl türməsində isə Masallının Şərəfə kəndindən olan,
dələduzluğa görə həbs olunmuş Xanlar kişi Mameddən saatlarla
danışardı. İsti yay günlərinin Bayıl türməsinin can alan
havasızlığında bu söhbətlər vaxtımızın "səmərəli" keçməsinə
hesablanırdı sanki.
Xanlar kişinin söhbətindən
"Mən bir neçə dəfə tutulmuşam. Rusiyanın ayrı-ayrı
həbsxanalarında, eləcə də Piterdə, "Morskaya tşinia"da, "Krest"də
cəza çəkmişəm. Çox avtoritetlərlə, köhnə "koterjanlarla" kamera
yoldaşı , "xlebnik" olmuşam. Mənim "işim" balaca "iş" olub, amma
böyük qardaşlarla söz-söhbətim tutub. Yaxşı qardaşlar idi hamısı.
Masallı Mamedlə də salam-əleykim olub. Deməzdim "xlebnik",
"podelnik" səviyyəsində, - yox, əlbəttə yox. Sadəcə, bir neçə dəfə
onunla Moskvada görüşmüşəm. O, bizim xeyirxahımız idi. Adına
güvənib bazarlarda rahat nəfəs alır, reketlərdən, qruplaşmalardan
yaxa qurtara bilirdik. Oğru dünyasının dəmir qanunları var. O
qanunlar imkan verməzdi ki, nahaq haqqı üstələsin. O da düzdür ki,
kriminal aləmdə olanların da kifayət qədər "qrexləri" var ki, bu
"qrexlər" əslində hökumətin, hüquq-mühafizə orqanlarının ucbatından
yaranırdı. Oturub baxanda da görürdün ki, bu adam bu yola düşübsə,
demək, "vnujden" olub. Oğurluq edibsə "nujdası" varmış.
Reketlərin əsirliyində
Bir dəfə Gürcüstandan 5 fura apelsin, mandalin vurub Kalininqrad
və Vilnüs bazarlarına aparırdıq. Yollar təhlükəli olduğu üçün
Azərbaycana, sonra da Rusiyaya getməliydik. Rusiyadan Pribaltikaya,
ordan da Kalininqrada. Çeçenistandan keçmək istəmədik. Qərara aldıq
ki, Volqa boyu hərəkət edək. Həştərxan vilayətinin ərazisində
alatoran vaxtı reketlər bizi saxladı. Pul tələb edirdilər. Məbləğ
çox idi. O qədər pulu versək, ziyana düşəcəkdik. Razılaşmadıq.
Zorakılıq etdilər, saldılar bizi Volqanın içinə. Çayın sahilə yaxın
yerində qurşağa qədər suyun içində idik. Bir neçə ağ rəngli "09"da
idilər. Avtomatla, tapança ilə silahlanmışdılar. Gürcü sürücülərdən
biri dikbaşlıq etdi, basıb döydülər. Polislər gələndə sevindik.
Reketlər polislərlə xeyli söhbət etdilər, zarafatlaşdılar, maşının
baqajının üstündə süfrə açdılar, yeyib içdilər... getdilər.
Rusiyada da dərəbəylik idi o zamanlar. Nə isə, reketlərdən biri
arada bizə yaxınlaşırdı və pulu verməyəcəyimiz təqdirdə bizi ölümlə
hədələyirdi. Birdən qeybdən ağlıma gəldi ki, bunlara yalan danışım.
Amma bu da risk idi. Adını çəkəcəyim adamla əlaqə saxlaya
bilərdilər və yalanım üzə çıxsa, durumumuz daha pis olardı. Ancaq
daha dözüləsi deyildi - soyuq su artıq iliyimizi dondururdu. Mən
reketə dedim ki, maşınlar Moskvaya gedir və Masallı Mamedin
nəzarətindədir. Biz ona haqq veririk. Bir yerə toplaşdılar. Xeyli
məşvərətdən sonra harasa zəng elədilər. Bir saat yarımdan sonra
maşınlarına minib getdilər. İşarə elədilər ki, gedin. Sonra da
qərara aldıq ki, Moskvaya gedək. Getdik. Mamedlə görüşdüm.
Təşəkkürümü bildirdim. Bir maşın yükü onlara verdim ki, dustaq
olaraq əziyyət çəkən qardaşlara "qrev" etsinlər".
Mamedi gətirirlər
Xəbər ildırım surəti ilə yayıldı: Oğru gəlir! Cəlilabadın Alar
kəndindən olan Cəlal kişi həmyerlisi, qonşu Sabirabad kəndindən
olan "Qara Kəl" ləqəbli İlyas Şükürova: "Adə, Andrey, deyirlər zona
oğurçu gəlir, pal-paltarundan muğayat ol!" mesajını verdi. Yaşı
70-i haqlamış kənd adamının, təsadüf nəticəsində həbs olunmuş Cəlal
kişinin oğru dünyası haqda düşüncəsi, bilgisi bu idi. O, İlyasa –
Qara Kələ qonşu kəndləri olan Andreyevkadakı macəralarından çox
danışdığına görə "Andrey" deyridi.
"Balta" ləqəbli "opartaçenni" dustaq vardı, o da bu məşhur
Oğrunu səbirsizliklə gözləyirdi. Sınmış, sındırılmış taleyinin
səbəbkarlarının divanını qurmağı xahiş edəcəkdi.
Dələduzluğa və vergidən yayınmaya görə həbs olunmuş Möhsün adlı
iş adamının isə qorxusu gözündən və yerişindən oxunurdu: O, Mamedin
zona gəlməsini arzulamayanlardan idi...
Nadzor da "qədeşi" gözləyir
Cəzaçəkmə Müəssisəsinin həyətində Oruc adlı nadzorun öz-özünə
danışdığının şahidi oldum. Əslən Gürcüstandan olan Oruc fağır və
miskin görkəmli bir nəzarətçi idi. Dustaqlara yaxşılıq etmək istəyi
onu həmişə pis vəziyyətə qoyurdu. Fikirləşmirdi ki, içəridəkilərin
90 faizi dələduz, fırıldaqçı, qətl törətmiş və başqa cinayətlərdə
günahkar bilinərək məhkum olunanlardı. Oruc: "Baxarıq, qədeş
gəlsin, görüm onda necə olacaq; bespredeldi". "Qədeş" deyəndə
Mamedi nəzərdə tuturdu.
Beləliklə, hər kəs bu gəlişi özünün yaxın adamının, yaxud
arzulamadığı insanın gəlişi kimi gözləyirdi.
Nadzorlar da Oğrunun "zon"da olmasına sevinirdi. Bunun bir neçə
səbəbi vardı.
Qanuni oğru olan "zon"da oğru qanunları işləyir və bu qanunlar
"bespredelliyin" qarşısını alır.
Oğru olan "zona" çöldən "qrevlər" çox gəlir və bu da kimsəsiz,
kasıb dustaqların dolanışığına, qidalanmasına yönəldilir və
sair.
Bu baxımdan Orucu başa düşmək olardı.
Mamedi "Voronok"da gətirmədilər. Deyilənə görə, ona hörmət
əlaməti olaraq minik maşınında gəlmişdi. İnanmayanlar daha çox idi.
Çünkü Mamed özünü heç vaxt yuxarı tutmazdı. O özünün dustaq
həyatını başqalarından fərqləndirməzdi.
Müşahidələrimə və onunla söhbətimə söykənərək deyim ki, Masallı
Mamed həmişə haqlının yanında olub. Zorakılıq edib zəif dustaqları
incidənləri, zonda oğurluq edənləri, satqınları, işverənləri oğru
qanunlarının diqtə etdiyi cəza növləri ilə cəzalandırılmasının
hökmünü də verirdi.
Sən get, mən qardaşların yanındayam...
Rejimin rəis müavini "sançasta" kapitan Raufla gəldi. Aralıq
uşaqları, "strimit" edənlər, özlərini oğru dünyasının yolçuları
bilənlər artıq Böyük Qardaş üçün tibbi məntəqənin həyətində süfrə
açmışdılar. Meyvə, şirniyyat, çay...
Mamedin pişvazına "yerini bilən dustaqlar" toplaşmışdı. Sakit
adama bənzəyirdi. Mən bir qədər uzaqdan seyr edirdim. Baxmayaraq
ki, "Nemes" ləqəbli Yasamal uşağı olan Azər mənə təklif etdi ki,
şair, qədeş gəlir, gəl, tanış ol. Şeiri, xüsusi ilə də klassik
poeziyanı gözəl bilən, yüzlərlə qəzəli əzbərində saxlayan, üst-üstə
bir neçə cinayət maddəsi ilə həbs olunan Nemeslə çox yaxın idik.
Bizi ədəbiyyat dost etmişdi. Mən: "Sonra yaxınlaşaram,
salamlaşaram", - demişdim, o da təkid etməmişdi. Həm də bir gəmi
kapitanı və yazarın OĞRU ilə ilk ünsiyyətinin baş tuta biləcəyinə
inamsız görüntü vardı onun sifətində.
Təxminən 15-20 metrlik məsafəsdə oturub "Azərbaycan" jurnalını
oxuyurdum. Türmədən göndərdiyim şeirlərim dərc olunmuşdu. Fikrim
isə onun - haqqında əfsanələr dolaşan Oğru dünyasının
nəhənglərindən birinin yanında idi. Mənə elə gəldi ki, oradakıların
hər biri ona özünü tanıtmaq istəyir... Bəlkə də belə deyildi.
Gözlərimin önünə kəndimizdəki ağır məclislər gəlir. Ötkəm sözlü,
ötkəm duruşlu sayılıb-seçilən kişilərin yanında dayananlar onların
xoşuna gəlmək, ağsaqqallardan bir atmaca, papaq atma eşitmək üçün
sinov gedərdilər. Eynən həmin mənzərə idi. Lap yaxında zonun
"polojeniya"sına baxan, "tarsovkanı" tutan və digər "bərk gedənlər"
durmuşdu. Oturanlar da vardı. Bir qədər aralıda isə "aralıq
uşaqları", "təsbeh fırladanlar" dayanmışdı. Birdən Masllı Mamedin
ətrafında olanların hamısı komanda verilibmiş kimi mənə tərəf
çevrildilər. Yenə də sükut. Mamed sakit halda çayını içir, nəsə
deyir, ətarafdakılar hesabat verirmiş kimi danışırdı. Elə bil,
"zonda" dikbaşlıq edən bunlar deyildi. Oruc bədbəxt düz deyirmiş:
"Qədeş gələndən sonra görərik, kimdi bərkgedən".
Maraq məni çəkir, bir qədər yaxına gedirəm.
Kapitan Rauf Mamedə: "Dur bax, səninçün yer hazırlanıb. Bu
gecəlik burda qal. Sabah yerini düzəldərlər", - deyir.
Mamed ona tərəf dönmədən: "Sən get, mən qardaşların
yanındayam".
Təsəvvür edilməyəcək ifadələr sifətlərə çilənir. Kənardan
müşahidələrim bunu deyir: "Ay dedi ha", "Duxun var, cavab ver",
"Bizi özünə qardaş bildi" və sair...
Rauf furajkasını əlinə alıb "sançast"ın həyətindən çıxır. Onu da
deyim ki, Rauf çox ləyaqətli adam idi və zabit şərəfini
tapdalatmağa heç kəsə imkan verməz, nahaqdan da dustaqları
incitməz, onlara çox şeydə yardımçı olardı. Açığı, söz sahibi olan,
"özünü tanıyan, yerini bilən" dustaqların onunla isti münasibətləri
vardı.
Şair, sən "razvod"a getmə
Səhər "razvod"una getmək üçün "sançast"ın həyətinə çıxdım. Mamed
dünənki stolun arxasında oturmuşdu. Yanında da bir-iki nəfər oğru
dünyasına meyilli dustaq. Salam verdim, salamımı aldı. Qapıdan
çıxarkən arxadan Mamed: "Şair, sən razvoda getmə, gəl otur", -
dedi. Qayıtdım və onunla üz-üzə oturdum. İşarə etdi. Mənə də çay
süzdülər. Yenə də səssiz işarə, hər kəs kənara çəkildi. "Parlament"
siqareti vardı masada. Yanında da alışqan. Amma o, cibindən kibrit
qutusu çıxardıb siqaretini yandırdı. Təklifsiz-zadsız siqaret
götürdüm, alışqanı götürüb, siqareti yandırdım və ani olaraq
fikrimdən keçirdim: niyə o, siqaretini cibindən çıxardığı kibritlə
yandırdı? Soruşacam, vaxtı gələndə. Amma indilərdə isə sanki heç
ətrafda MDB-nin kriminal aləmində adı, nüfuzu olan, Qanuni Oğru
Mamed yox, sadə bir insan vardı. Maraqlıdır, inana bilmirdim ki,
ağbəniz, bəstəboy, idmançı görkəmi olan bu insan hansısa cinayət
əməlinin sahibidir.
Dolanışığımla maraqlandı. Həbs olunduğum maddəni bildiyini
söylədi, əlavə başqa mövzulardan danışdıq. "Brjuysan deyəsən,
maddən də bunu deyir",– dəxli olmayan anda dedi.
- Dostlarım kömək edir. Jurnal və qəzetlərə buradan məqalə, şeir
göndərirəm, dərc edirlər, qonorar yazırlar. Oğlum qonorarı alır,
ailənin dolanışığına sərf edir. Buranın aylığını isə yenə də
dostlar ödəyir. (Mən "sançast"da qalırdım və aylıq kirayə haqqı bir
nəfər üçün 150 dollar idi.)
"Dostların yaxş uşaqlarmış",- dedi.
Şair, sən "dalyak"san
Bu vaxta qədər çox "koterjanlarla", "smotriyaşşilərlə",
"özlərinə bu yolun yolçusu" deyənlərlə söhbət etmişdim. Bəzən
mübahisələrim, söz deyişmələrim, hətta dalaşmalarım da
olmuşdu.Yazıçı marağımdan, bu dünyanın daimi sakinlərindən, onların
həyatından yazmaq istəyim məni buna sövq edirdi. Və hamısının da
sifətində təkkəbbür, etdikləri cinayətə qəhrəmanlıq donu
geyindirmək, peşman olmamaq (təbii haldır), özlərini cinayət
aləminin bilicisi kimi göstərmək və s. ifadələr. Amma Masallı
Mameddə bir təmkin, insana diqqət, qayğı, yavaş tonda danışıq,
diqqət, ətrafa ani nəzər yetirib də, elə nəzərləri ilə
ətrafındakılara diqtə gücünü müşahidə etdim. Doğrusu, bu insanın
fəhminə, duyumuna valeh oldum.
İlk söhbətimizdə mən ondan, "hər hansı bir "sxodka" olsa, məni
də dəvət edərlərmi", - deyə soruşdum.
Üzümə təəcülə baxdı: - Nə sxodkası?
- Heç, eşitmişəm ki, sənin gəlişindən sonra bəzi məsələlərə
aydınlıq gəturiləcək.
Eləcə güldü:
- Şair, sən "dalyok"san bu həyatdan, baş qoşma belə şeylərə,
"posajir"sən, tez qocalarsan. - Yumor hissi də varmış demə. Amma
mən onu heç zaman danışıb-gülən görmədim. Çox ciddi insan idi.
"Sxodka"ya isə dəvət edildim.