Bu dəfə Axar.az-ın
"Qəfil qonağ"ı yolunu tanınmış şair Saday Şəkərlinin evindən
saldı.
Həzi Aslanov metrosuna yaxın yerdə, hündürmərtəbəli binadlardan
birində qərarlaşıb. Günün elə vədəsi idi ki şairin evdə olmaması
mümkün olmazdı. Amma bilmək olmazdı, dostları çoxdur, söz adamları
və sözə ehtiram edənlər həmişə onun yanında olur. Bu fikirlərlə
yuxarı, binanın altıncı qatına qalxıram. Zəngi sıxıram. Qapını
şairin kiçik oğlu Ərşah açır. Məni görən kimi sevinir.
- Faiq əmi, atam balkondadı, siqaret çəkir.
Dəhlizdə Saday görünür. Şəklini çəkmək istəyirəm.
İmkan vermir. Özünəməxsus əda ilə xoşgəldin edir:
- Ay səni xoş gördük, Faiq, sən hara, bura hara, çoxdandı
görsənmirsən (zarafat edir)...
VAXT VARIYDI
Otağa keçirik. Sadayın qıyqacı baxışı bəs edir ki, Ərşah
mətbəxə tərəf qaçsın...
- Ərşah məni görəndə sevindi.
- Sevinər də. Vaxt varıydı, evimizin bir günü qonaqsız keçməzdi.
Qabil, Musa Yaqub, Fikrət Sadıq, Siyavuş Məmmədzadə, Ələkbər
Salahzadə, Əhəd Muxtar, Vaqif Yusifli... sən, Salam... daha kimlər,
kimlər. Əsəd onların hamısıyla bir süfrədə dəfələrlə oturub, şirin,
məzəli söhbətlərinə qulaq asıb...
GƏRƏK "QAÇQINKOM"DA QEYDİYYATA DÜŞƏK
- Ərşahın bu sarıdan bəxti gətirmədi, o körpəykən köçüb
getdiniz Başqırdıstana.
- Hə, dörd yaşı vardı, o doğulunca 10-15 mənzil dəyişmişdik,
evdəkilər vərdiş eləyib bizim köçkün həyatımıza. Gərək gedib
"Qaçqınkom"da qeydiyyata düşək (yenə zarafat eləyir). Bu dəfə uzaq
səfərə çıxdığımızdan evdəkilərə dedim ki, kim nə istəyir götürsün,
bax, onda Ərşah təkcə Füzulinin kitabını götürdü, çünki böyük
şairin qəzəllərindən bir neçəsini əzbər bilirdi və mütləq yatmazdan
əvvəl həmin qəzəllərdən deyib yatardı.
BELƏCƏ KÖÇÜB GETDİK
- Nə idi axı, diyarbədiyar gəzməyin sirri?
- Bizi bu didərgin həyatı yaşamağa ermənilər məcbur etməmişdi,
günahkarlar özümüzünkülər idi... Nə isə. Beləcə köçüb getdik, köhnə
münasibətlər qırov bağlamağa başladı, indi çoxdandı qapımızı açan
olmadığından uşaq səni görən kimi sevinib.
Bu ara Ərşah çayla otağa girir. Bu dəfə Ərşahın saçına
atası tumar çəkir:
- Mənim kişi balamdır, - sonra mənə tərəf, - çayla heç aram
yoxdur, sənin xətrinə içərəm bir stəkan.
- Çay keçməklə necə, aran var?
- Hə-ə... (fikrə gedir). Yaramın qaysaqlarını qopartdı bu
sualın.
- Uşaqlıq illərinə qayıtdın deyəsən, misraların var
idi:
Böyüdüm kədərlə, qəmlə yanaşı,
nə qədər sevincim qaldı düyündə,
göynəyə-göynəyə qəlbinin başı,
mənə məktub yazır körpəliyim də.
30-cu İLLƏRDƏ ATAMA ÖLÜM HÖKMÜ KƏSMİŞDİLƏR
Çaydan bir qurtum alır, siqaret yandırır, qocalardəstiri:
- Mən heç otaqda siqaret çəkmərəm, - deyir, - amma siqaretinə od
vurur, - Atamı 9-10 yaşlarımda ikən itirmişəm, bu vaxtacan bir gün
də olsun onu xatırlamadan keçinəmmirəm, böyük kişiydi. Otuzuncu
illərdə ölüm hökmü kəsmişdilər. Kolxoz sədri olub, rəhbərliyin izni
olmadan kənd camaatına buğda bölüşdürmüşdü ki, acından ölməsinlər.
Bunu oxumusan da, "Lənətlənmiş cənnət " poemasında yazmışam.
BÜTÜN ÖMRÜM SELİN AĞZINDA KEÇİB
- Qayıdaq çay keçmək məsələsinə. Deməli, həyətimizin ayağından
dağ çayı axır, hərdəmxəyaldı mənim kimi, gah daşır, gah quruyur.
Yaz günlərinin birində dərsdən qayıdan kimi əlimdə şor-çörək
yeyə-yeyə eşşəyimi qovdum meşəyə sarı (bu yolu hər gün
gedib-gəlmişəm) ki, hava qaralmamış bir az odundan-şaxdan yığıb
qayıdım. Geri dönəndə gördüm ki, kəndin yarısı yığışıb məni
gözləyir, sən demə, dağlarda qar sürətlə elə əriyib ki, çayı sel
götürüb gedir, hələ üstəlik sısqa yağış da yağırdı. Anamın harayını
eşitdim, can ay bala, eşşəyin yükünü boşalt, görək nolur, anam az
qala özünü selə vuracaqdı. 12-13 yaşlarındayam, çay elə dəlicəsinə
axır, gəl görəsən. Bir andaca məni süpürləyib aparardı. Yükü
boşaldıb eşşəyimi bütün gecəni canavarların ümidinə buraxdım. O
bizim çörək ağacımızıydı, neyləməli, hələ özüm də qalmışam o tayda.
İnan, yağış elə isladıb ki, cücəyə dönmüşəm. Nə isə, kənd camaatı
bir qərara gələ bilmir ki, bilmir. Nəhayət, Tarqulu kişi öz kürən
atını sürür suların üstünə, at xeyli sel aşağı üzəndən sonra keçir
mən tərəfə, otur, tərkimə, belimdən bərk-bərk yapış, təvəkkül
Allaha, deyib atdıq özümüzü selin ağzına. Haraylar, qışqırıqlar,
dualar... bax, Faiq bütün ömrüm selin ağzında keçib, hər gün bu
dərin quyulu dünyada batmaq ehtimalım olub. Səhərəcən yatmadıq
külfətliklə, eşşəyi səslədik ki, darıxmasın, səhər çağı sular
avazıyanda artıq qara əjdaham qapımızdaydı.
Siqaretin son qullabını da vurub külqabıda qətlinə
fərman verir. Başından basıb söndürür.
Gülümsəyir:
- Nə isə... səndən olmayan iş, xeyir olsun, xoş gəlibsən.
- Allah səni güldürsün, o boyda həngamədən sonra heç niyə
gəldiyimi xatırlaya bilərəmmi?
Şiri cəlilabadlı ləhcəsilə:
- Ədə, Allah evüü tiksin, de gəlsin dənən, - deyir.
OĞLUM ƏSƏD SÜRGÜNDƏDİR
- Sonralar bütün ömrün dünyanı səyahətdə keçib,
eləmi?
- Buna səyahət yox, sürgün deyərlər.
Sonra onun sifətində heç vaxt görmədiyim, hiss
etmədiyim qəribə bir kədər görünür, elə səsində
də:
- Qəribədir atam Sibirə sürgün olunub. Mən qürbətdə 10 il
süründüm, indi də oğlum Əsəd "sürgündədir". Nə qismətdir belə, nə
taledir belə, bu boyda Vətəndə bir tikə çörək uzun illərdi atlı
olub, biz piyada, - deyir və qəfil gələn qonaq qəfil də yoxa
çıxır.
YÜNGÜL SÖHBƏT
- Bəs azərbaycanca çıxan ilk kitabını (məlumat üçün
deyim ki, Sadayın ilk kitabı "Məhəbbət ağacı" adlanırdı, Rusiyada
nəşr olunmuşdu. – F.B.) torpağa, vətənə məhəbbətindən "Torpağa oğul
sözü" adlandırmışdın, torpaq dediyin, Vətən dediyin sənin sözünü
eşitmədi deyəsən?
- Gəlsənə, yüngül söhbət eləyək, hə?
- Olsun, bu manqal, şiş nədir?
- Mən harada yaşamışamsa, balkonda mütləq kömürüm, manqalım,
şişim olmalıdır, həvəskar kababçıyam.
- Qazan yeməklərini necə, özün sifariş verirsən, yoxsa,
nə istəsələr bişirirlər?
- Evdə çörək yeyirəm ki... Əslində, dadlı yeməyi xoşlayıram, elə
də olur, belə də.
- Maşallah olsun, bu il iki kitab nəşr
etdiribsən.
- Elədir, "Lənətlənmiş cənnət" və "Qadağan olunmuş rəng". Sən
sağ ol ki, maşallah dedin, xeyli dostların halı pərişan olub e,
xəbərin yoxdur?
- Bu il 55 yaşın
olacaq.
- Onu Allah bilər, sentyabrdadır.
- Necə qeyd edəcəyik?
- Sənin 50 illiyin kimi (yenə zarafat), 5 cildlik nəşr etdirmək
fikrim var, qayğı göstərən olsa...
- Qabaqdan AYB-nin
qurultayı gəlir, nə gözləyirsən?
- Heç nə!
AYB ilə sanki incikliyi varmış kimi əlini yelləyir, yəni
söhbətin mövzusu dəyişsə yaxşıdır.
- Bu yaxınlarda səsin yenə Rusiyadan gəldi, böyük yazıçı
İsmayıl Şıxlının 95 illiyinə dəvət olunmuşdun?
- Elədir, o təkcə böyük yazıçı yox, həm də böyük şəxsiyyət olub.
Eh, keçər dövran, belə qalmaz.
- Ölkəmizdə və xaricdə 15 kitabın nəşr olunub, hansı
mükafatları alıbsan?
Yenə də siqaret yandırır. Tüstüsünü ciyərlərinə
tərəf elə ürəkdən sümürür ki, siqaretin canı olsaydı, bəlkə də ilk
dəfə olardı ki, yanıb külə dönəcəyinin ağrısını çəkməzdi. Sualıma
bir bənd şeirlə cavab verir:
- Şair doğulmağım sanki, qəzadır,
başıma nə gəlir sözümdən gəlir,
mənim mükafatım - tanrı əzabı,
axıb gilə-gilə gözümdən gəlir.
- Əsədin xeyli yaşı var, ali təhsil alıb, evləndirmək
fikrin yoxdur?
- Əvvəla, onun özündən
soruşsan yaxşı olar evlənmək fikri var, ya yox? İkincisi, indi qız
məsələsi müşküldür, üçüncüsü, mənzil məsələsi həll
olunmalıdır.
- Bəs bu Rusiya-Bakı-Cəlilabad yollarından nə vaxt
yığışacaqsan?
-Yollar tükənəndə.
– Nəvələrin səsi gəlmir...
- Demə-demə, darıxdım, bir həftədir kəndə gediblər.
- Dostlardan gileylisən, nə olub?
- Gərək ki, Həzrət Əlinin
sözüdür, təxminən belə deyir ki, haqsızlıq önündə susanları özünə
dost bilmə, onlar susanda təkcə səsini yox, həm də şərəf və
ləyaqətini itirənlərdir.