Yuxarı

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı yazıçı, ssenarist Yeganə Kərimzadədir. O, atası, görkəmli yazıçı Fərman Kərimzadə ilə bağlı xatirələrini bölüşür:

- Yeganə xanım, xatirələrlə aranız necədir? Zaman keçdikcə insan ötənlərə boylanır, xatirələrə dalır.

- Elə bir insan varmı ki, xatirələri dönə-dönə yaşamasın? Düşünmədən, yad etmədən yaşamaq mümkün deyil. Xatirə yaddaşındır, yaddaş tərpənməyəndə, hərəkətə gəlməyəndə özün özünə yadlaşırsan...

- Atanız Fərman Kərimzadə ilə bağlı xatirələrinizi oxucularımızla paylaşmağınızı istəyirik. Atanızı necə xatırlayırsınız?

- Atam yaddaşımın bir köşəsində yaşayır. Heç məktəbə getmədiyim vaxtlarda məndən atamı soruşanda, “atam yazıçı Fərman Kərimzadədir”, - deyirdim. Lap körpəlikdən mənim üçün yazıçılıqdan böyük sənət olmayıb. Bu günümdə də belə düşünürəm.

Ata kimi onun əvəzi yox idi. Övladla dost, sirdaş, yol yoldaşı olmağı vardı. Amma bir baxışı bəs edərdi ki, özünü cəmləyəsən.

- Əsərlərini yazanda necə, xəlvət bir guşə, evdən bir qədər təcrid olunma - belə hallar olurdumu?

- Biz övladları və anam onun ilk oxucuları olmuşuq. Çox vaxt əsərlərini özü bizə oxuyardı. Fəxr edərdik ki, bizə inanıb, əsərlərini oxuyur. Oxudan sonra müzakirələr edərdik.

O, dünyasını dəyişdikdən sonra çap olunan və olunmayan yadigar əsərləri ilə üz-üzə qalanda artıq onları atamın əsərləri kimi yox, tanınmış yazıçının irsi kimi yenidən oxudum. Məhz onda Fərman Kərimzadə əzəmətini və fəlsəfəsini dərk etdim... Atamı yenidən tapdım.

- Zaman keçdikcə yaşınızın üstünə yaş gəldi və deyin, Fərman müəllim sizin üçün daha kim oldu?

- Atam dünyasını dəyişəndə cəmi 27 yaşım vardı. O, şan-şöhrəti sevən insan deyildi. Ən gözəl bəzəyi sadəliyi, dağdan ağır əzəmətinin yaraşığı, gümüşü saçları idi. Mərd, məğrur, sözünün ağası və əzəmətli biri idi.

- Yeganə xanım, atanız ananızdan ayrılmışdı, başqa xanımla ailə qurmuşdu. Balalarına da bu ayrılığı sezdirirdi?

- Bəli, bu, bir müddət - il yarım davam etdi, o, bizdən ayrı oldu, amma atmadı. Bizi heç vaxt tək buraxmadı. Buna baxmayaraq, o hadisənin izi qaldı. “Uşaqlığımın son yayı” adlı hekayəm o izin məhsuludur. Bu hekayə günümüzün ən güclü uşaq dramıdır, deyə bilərəm. Sənətim artıq öz əsərlərimə belə kənardan baxmağı öyrətdi mənə...

- İndi o illər çox geridə qalıb, ata ortağı olduğunuz bacı və qardaşlarla da deyəsən, sonralar mehriban olmadınız, yoxsa bu, bir söz-söhbətdir?

- Biz ailədə dörd uşağıq - üç bacı, bir qardaş. O hadisə olanda dördümüz də vardıq. Orda isə sonuncu bir qız dünyaya gəldi. Və o qız bizim kiçik bacımızdır. Söz-söhbətlər həmişə olub və olacaq. Biz o sözlərə qıcıqlanacaq insanlar deyilik.

- Atanız çox məşhur yazıçı idi. Bir çox tarixi romanların müəllifi kimi tanındı, sevildi. Bu əsərləri yazdıqda hər hansı bir maneələrlə üzləşməmişdi ki?

- Sovet dövründə yazıçıya yaradıcılıq üçün imkanlar yaradılsa da, qadağalar da vardı. “Axırıncı aşırım” bədii filmini Moskva qəbul edə bilmirdi. Milli kimlik Moskvaya lazım deyildi. Filmin təsdiqinə atam məni də özü ilə Moskvaya aparmışdı. Uşaq idim, amma çox şeyin şahidi oldum. Brejnevin qızı məsələyə qarışandan sonra film təsdiq olundu və qonaqlığı Qalina xanım öz evində verdi. Bir gecə məni öz evində qonaq saxladı, öz yanında yatırtdı. Bu gördüyü işə görə çox sevinirdi, atamı sanki mənə tanıtdırmağa çalışırdı “on oçen talantlivıy”, - deyirdi.

Hakimiyyətin əleyhinə hakimin dünyagörmüş qızı gedirdi. Atama qarşı çox haqsızlıqlar olub. O isə heç nəyə fikir vermədən bu millətin yazıçısı olmaqdan usanmadı.

- Sevilən romanların müəllifi olan Fərman müəllim dünyasını dəyişdikdən sonra sanki unuduldu.

- İyirmi yeddinci il olur ki, ildə bir neçə dəfə atamla bağlı müsahibələr verirəm, TV verilişləri hazırlanır. Dərslikdə var. Məktəblilər belə Fərman Kərimzadəni tanıyırsa, deməli, unudulmayıb.

- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib. Bəlkə də aralarında yaradıcılıq baxımdan hansısa rəqabət yaşanıb. Danışırdımı?

- O dövr fərqli idi. Çalışdığı yerləri demirəm, evimiz belə yaradıcılıq məkanı idi. Kimlər gəlməzdi bizə... Dövrün çox tanınmış ziyalıları, yazıçılar, şairlər. Müxtəlif ölkələrdən olan qələm adamları. O buna yalnız sevinirdi. Bir dəfə dilindən pis söz eşitmədik. Əksinə, təzə nə kitab çıxdısa, onu alıb gətirdi ki, oxuyun. Bu xalqın yazıçı, şairlərini tanıyın. Ən yaxın dostu isə Sabir Rüstəmxanlı idi.

- Yeganə xanım, atanızın nüfuzundan, ad-sanından istifadə edirdinizmi heç? Sinif yoldaşlarınız, dost-tanış, tay-tuş arasında qürrələnmək və sair baxımdan.

- Ailədə elə tərbiyə aldıq ki, yekəxanalıq nədir, bilmədik. Savadlı uşaqlar olmuşuq. Ata-anamız buna xüsusi nəzarət ediblər. Özümüzə güvənməyi başa salıblar. Hətta mən rəssamlıq məktəbinə imtahan verən zaman atam ora gəlmişdi, qaçıb uşaqların içində gizlənmişdim. Mənimlə imtahan verən bir qız birdən qayıtdı ki, qızlar, orda bir kişi dayanıb, baxın, görün nə yaraşıqlıdır. Hələ çox söz dedi, indi deyə bilmirəm (gülür). Məlum oldu ki, atamı deyir. Onda necə əsəbləşdimsə, “atamdır”, - dedim və gedib atamın yanında şəstlə dayandım.

- Ailə başçısı olaraq necə idi? Daha çox sizin ailəyə, yoxsa o biri ailəsinə vaxt ayırırdı?

- O qadın atamdan əvvəl də, sonra da ailəli olub. Qızı evimizə gətirərdik. Hədiyyələrini anam alardı. Yox, atam ora getməzdi, uşağı gətirərdik.

- Fərman müəllim qonşu kimi necə idi?

- O vaxt qonşuluq vardı, qardaşım. O, rəhmətə gedəndə qadınları demirəm, qonşu kişilər də ağlayırdı.

- Bəs dostlarla münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər? O dostlar bu gün görünürmü?

- Atamdan sonra dostları bir daha görmədik. Bayramları demirəm, adi günlərdə aşıb-daşan ev boşaldı. Bu barədə bu qədər. Ardı yoxdur bu sualın... və cavabın...

- Övladlar varis olmaqla yanaşı, həm də valideynlərin əsəridir. Yazıçınızın ümidlərini doğrultmusunuz?

- Onu deyə bilmərəm. Məncə, yalnız özü buna cavab verə bilərdi. Anam halallığını vermişdi bizə. Ailədə atamın davamçısı mənəm. Rəssam, yazıçı, ssenarist. Sağlığında fəxr edirdi mənimlə. Nə dərəcədə ona layiq övlad oldum, bilmirəm. Adının yaşaması üçün bacardığımı etdim. Onlarla film həsr etdim ona. İndi haqqında bədii film çəkmək üçün çalışıram. Bəlkə, sağ olsaydı, razı olmazdı. Şöhrət sevən deyildi axı.

- Onunla bağlı ən çox nəyə təəssüf edirsiniz, nədə, hansı zamanda yanında olmalıydınız, ola bilmədiniz?

- Son anlarında yanımızda olmadı. Camaatın İrəvandan köçürülməsi ilə məşğul idi. Dilinin əzbəri bir söz vardı: “El içində, öl içində”. El içində arzusuna çatmışdı. Biz isə onu evdə gözləyirdik. Həmin gün ilaxır çərşənbəsiydi...

- Sizcə, ona hansı əsəri daha doğma idi?

- O vaxtın KQB-si tərəfindən evdən aparılan adsız əsəri...

Tarix
2017.11.14 / 09:12
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla