"Türmə əhvalatları" layihəsində
Bayılda kəlbəcərli dustaq, boz qurd olmuş, avtoritet kimi
tanınan Xaqani Həşimovun bir dəfə söhbət zamanı dediyi sözlər heç
yadımdan çıxmadı. O, məhkəməm yekunlaşdıqdan sonra kameradakı
dustaqlarla vida mərasimi keçirərkən mənə: "Zon"da xəyalına
gətirmədiyin adamlara, tanışlara, millətlərə rast olacaqsan. "Zon",
elə bil, bir dövlətdir. Bütün millətlərin nümayəndələri var orada,
– demişdi.
Dediyi kimi də oldu. CÇM-ə gəldikdə köhnədən tanıdığım
insanlarla - kəndçilərimlə, jurnalist fəaliyyəti ilə məşğul
olanlarla görüşdüm.
Beynəlmiləl Cəza evi
İçəridə müxtəlif ölkələrin vətəndaşları vardı. Türkiyə, İran,
Rusiya, Pakistan, Əfqanıstan, Ukrayna, Özbəkistan, Tacikistan,
Qırğızıstan, Qazaxıstan, Gürcüstan... Hələ Rusiyanın tərkibində
əriyib yoxa çıxan ölkələri – muxtar respublikaları demirəm.
Afrikadan, Ərəbistan və bir çox ölkələrdən olan dustaqlar da vardı
ki, əməllərinin sonucu olaraq burada "məskunlaşmışdılar".
Bura Beynəlmiləl Cəza evi idi sanki. Əcnəbilərdən diqqətimi daha
çox tibb məntəqəsində olan iki dustaq - Nigeriyadan olan Samsun və
erməni Mişa çəkmişdi. Samsunun adı ötən yazılarda bir neçə dəfə
ötəri də olsa çəkilib. Onun haqqında da ətraflı yazmaq istəyim var.
Bu yazımın qəhrəmanı isə erməni Mişadır.
Bakı ermənisi
Mişa Bakı ermənisi idi. 2005-ci ilə qədər Bakıda azadlıqda
yaşamışdı. Onun həbsinə səbəb azərbaycanlıya ərə gedən və
adını-soyadını dəyişən qızı olmuşdu. Mənə bu haqda demişdilər.
Özündən də soruşmuşdum. Nə isə mızıldanmışdı, amma qaneedici bir
şey deməmişdi. Yazıq bir adam idi. Adamın ona ürəyi yanardı.
Yalançı millətsevərlərin xətrinə dəyməsin, amma o, doğurdan da rəhm
olunası adam idi. Xəstə olduğundan hərəkət edə bilmir, çarpayıda
uzanılı qalırdı. Yeməyini dustaqlardan kimsə gətirib verirdi.
Dişsiz çənəsi ilə yeyir və dualar edirdi. Bəzən bu dualar erməni
dilində olurdu.
Bir dəfə erməni dilini yaxşı bilən bir zabitdən onun dediklərini
olduğu kimi təkrar edib nə dediyini soruşdum. Qulaq asdı:
"Dua edir, - dedi. - Sağ olsunlar deyir".
Onun erməniliyi qalmayıb
Mişanın vəziyyəti ağır idi. Osman adlı bir çeçen ona xüsusi
diqqət kəsilirdi. Yeməyinə, suyuna baxırdı. Ona qulluq edən
üzdəniraq dustağa ərzaq verirdi ki, yedizdirsin. Bir dəfə ondan
niyə erməniyə belə xüsusi diqqət ayırdığını soruşdum. O:
- Onun erməniliyi qalmayıb. O, artıq o dünyasını gözləyir.
Xəstədir. Yanına gələni də yoxdur. Məni də azərbaycanlı bilir. Mən
heç ona demədim ki, çeçenəm. Bunun nə fərqi var ki? Allah görür.
Hər kəsin əməli yazılır. Bilirsən, mənim etdiklərimi o, sizlərin
adına yazır.
Mişa bir dəfə mənə dedi ki, siz azərbaycanlılar yaxşı
adamlarsız... Sonra soruşdu ki, niyə Azərbaycan dilində
danışmırsan? Dedim, rus dilində özümü yaxşı ifadə edirəm.
Daş bizim başımıza
Mişa ilə kobud rəftar edilmirdi. Bəzi dustaqlar ilk dəfə sirkə
gəlirmiş kimi tibb məntəqəsinin həyətinə gəlir, çarpayısı həyətdəki
böyük tut ağacının kölgəsinə qoyulmuş Mişaya baxıb: - Alə, daş
bizim başımıza, gör müharibəni kimə uduzmuşuq, - deyib bambılılıq
edirdilər. Bəziləri Mişaya tum təklif edirdi. Mişanınsa ağzında
dişi yox idi. Qoca və heysizdi.
Mən otaq yoldaşlarımla - indi Allahın rəhmətinə qovuşmuş əslən
Yevlaxdan olan Ramin Məmmədli və ağdamlı dostum Aqil Əliyevlə bir
neçə dəfə erməni Mişanın "ziyarətində" olmuşduq.
Araq içmək istəyirəm
Bir dəfə ondan nə üçün tutulduğunu soruşdum. Demək istəmədi.
İsrar etdiyimi görüb, "bir şərtlə deyərəm", - dedi.
- Şərtini de.
- Araq içmək istəyirəm, tapsan, danışaram.
Bu, əslində nağıllarda olduğu kimi, səni gedər-gəlməzə yola
salmaq idi. Türmədə araq? Bu, müşkül məsələdir. Amma daha Aqillə
mənə yox da...
Sabahı onu su ilə qarışdırılmış təmiz tibbi spirtə qonaq etdik.
İnanmadı. İylədikdən sonra içdi. Heysiz əli ilə ağzının qıraqlarını
silib,"sonra danışaram", - dedi.
- Mişa, bura "zon"dur. Baxmazlar qocasan, söz ağızdan çıxıb, biz
riskə gedib sənə spirt gətizdirmişik. Sən isə tutulmağının səbəbini
danışmırsan. Buranın qanunları qocaya, cavana, xəstəyə baxmır ha! -
Ramin dedi.
Qızım məni tutdurdu
Onu qızı tutdurubmuş. Mişanın dediklərindən belə başa
düşdük.
- Qızım azərbaycanlıya ərə gedib, ad-soyadını dəyişdirdi. Anası
bacıları ilə çıxıb getmişdi. Yeznəm mənim də adımı dəyişdi. Adımı
Mikayıl yazdırdı, familiyamın arxasındakı "yan"ı, "yev"lə əvəzlədi.
Oldum Mikayıl Allahverdiyev. Ölümümə az qalıb. Qızıma dedim ki, evi
satım, iki bacın da var Rusiyada, pulunu 3 yerə bölüm, onların da
payını verim, sənin də.
"Zavağzalnı"da iki mərtəbəli 8 otaqlı evim vardı. Həyətimdə də 3
xırda ev tikmişdim, kirayədə qalanlar vardı. Pullarını qızım
alırdı.
O, razı olmadı. Mən də dedim ki, gedib vəsiyyətnamə yazacağam,
notariusda təsdiq etdirəcəm ki, evim 3 övladım arasında bərabər
bölünsün. Bu sözü deyəndən sonra qızım məni tutdurdu.
- Necə tutdurdu? - maraq məni aparmışdı.
- Polisə xəbər vermişdi ki, guya mən priton açmışam evimdə.
Narkotik alveri ilə məşğulam. Polislər axtarış apardı. Evimdən
tiryək və bir bağlama nəşə tapıldı. Bir neçə kibrit qutusu da hazır
satış üçün olan marixuana. 6 il iş verdilər. 2 ilə yaxındır
burdayam. Çölə sağ çıxa bilmərəm. Məhkəmədə isə JEK-dən arayış
alınanda məlum oldu ki, mən erməniyəm - Mişa Allaxverdiyan. Qızım
isə azərbaycanlı gəlinidir. Mən ölsəm, evimin yeganə varisi qızım
olacaq...
Mişa başqalarına həbs olunmasının səbəbini bir qədər fərqli
danışmışdı. Məsələn, hərbidə kəşfiyyatçı mayor olmuş dustaq Nizar
deyirdi ki, onun erməni olduğunu bilən JEK müdiri guya ona deyibmiş
ki, gəl, evini sataq, pulunu yarı bölək, sənə başqa yerdən ev alaq,
bununla da erməni olmanın izini itirək. Guya bu razılaşmayıb və MİS
müdiri onu tutdurub.
"Çapıq" ləqəbli dustaq isə (adını unutmuşam) söyləyirdi ki, guya
MİS müdiri onun qızının sevgilisi imiş və iki sevgili onu aradan
götürmək üçün planlar cızırmış. Hər halda, bütün versiyalarda
qızının onun həbs olunmasında adı keçirdi.
Yeznəm pis adam deyil
Azərbaycanlı olan yeznəsi ilə maraqlandım:
- Bəs sənin yeznən nə deyir? O haradadır?
- O, yaxşı vəzifədə çalışır. Vəzifəyə qalxmasında elə mənimlə
qohum olması mühüm rol oynamışdı. Bu SSRİ vaxtından başlamışdı.
İndi nəvələrim də var. Amma məni yoluxmurlar. Axı mən onların
nəyinə lazımam? – sonra da dilini dişsiz ağzından çölə çıxararaq
alt-üst çənəsini "təmizləyib" batıq səsi ilə, - Yeznəm pis adam
deyil. Erməni qızını hələ də saxlayırsa... – dedi.
Elə edin ki, ölüm
Qışda Mişanın vəziyyəti daha da ağırlaşdı. Ona Tibb
məntəqəsindəki otaqlardan birində yer düzəltmişdilər. Qaz sobası
otağı daima isti saxlayırdı. Hərəkətsiz olduğundan yerini batırırdı
və üzdəniraq dustaqlar onun altını təmizləyir, paltarını
dəyişirdilər. O, dəfələrlə:- Elə edin ki, ölüm, - deyərək
yalvarırmış. Lakin onun ölümünün qarşısını həkimlər kəsirdi.
Müalicə edir, dava-dərmanın köməyi ilə bu dünyada çəkdiyi əzabının
zamanını uzadırdılar. Onun ölümü həm də siyasi söz-söhbət ola
bilərdi. Cəza evinə gələn beynəlxalq komissiyalar onunla
maraqlanır, söhbətə tutur, ona yaradılan şəraitdən daima razı
qalırdılar. Ona müraciət olunmuşdu ki, cəzanın qalan vaxtını
Ermənistanda çəkmək istəyirsənsə, müraciət etsin. Lakin o, qəti
şəkildə etiraz etmişdi:
- Mən Bakıda doğulmuşam...
Mişanın ölümgünüylə bağlı mərc
Mişanı bir qış günü dustaqların Mərkəzi xəstəxanasına apardılar.
Bunu mənə Ramin dedi:
- Şair, Mişanı aparırlar. 3 günə öləcək.
Mən beyləqanlı Namiq Namazəliyevlə şahmat oynayırdım. Oyundan
fikrimi ayırmadan:
- O, çox yaşayacaq, təxminən 2 həftə, -
dedim.
Ramin aman vermədən əlini uzatdı:
- Gəl mərcləşək, bir blok "Vest"dən.
Mərcləşdik.
Mərci uddum. Mişanın ölüm xəbəri 3 həftədən sonra gəldi.