
Gəlinin valideynləri onların evliliyini "fil və
göyərçinin nikahı" adlandırırdılar. Həqiqətən də bəy gəlindən 21
yaş böyük, iki baş hündür, zahirən eybəcər idi, lakin bütün
bunlarla bərabər həm də qadın düşkünü kimi tanınmışdı.
Dieqo Riveranı "Qurbağalar şahzadəsi" adlandırırdılar.
Yekəpərliyi, yöndəmsiz görkəmi ilə uyuşmayan parlaq yumor duyumu,
həyat eşqi, həssaslıq və incəliyilə qəribə bir cazibə qüvvəsinə
malik idi. Bu, qadınların diqqətini çəkirdi. İkinci evliliyinə
qədər Rivera artıq çoxdan monumentalist rəssam kimi tanınmışdı. O,
təsviri sənət həvəskarları və eləcə də Meksika hökumətindən
sifarişlər alırdı.

Meksikada məşhur rəssam Dieqonun evini küçədəki ayaqyalın
uşaqlar da tanıyırdı. Və budur, günlərin bir günü belə bir xəbər
yayılır: Dieqo Mexiko yaxınlığındakı Koyoakanda yaşayan hansısa
tanınmaz-bilinməz bir qızla evlənir.
Gəlinin adı Frida Kalo idi. O, Macarıstandan mühacirət etmiş
yəhudi fotoqraf Gilyermo Kalo və yerli gözəl Matilda Kalderonun
ailəsində dünyaya gəlmişdi. Matilda ərinə iki qız hədiyyə etmişdi.
Böyüyü, Frida anasına bənzəyirdi və atasının sevimlisi idi. O,
zəkası, yüksək həyat şövqü və ipə-sapa yatmayan xarakteri ilə
seçilirdi. Fridanın məktəb dəhlizlərindəki sürətli qaçışı quşun
uçmasını xatırladırdı. Qızın altı yaşında poliomiyelit (yoluxucu
uşaq iflici – tərc.) keçirdiyini bilənlər buna daha çox
təəccüblənirdilər.
1925-ci ildə Fridanın on səkkiz yaşı tamam olanda quşun uçuşu
yarımçıq qaldı. Fridanın getdiyi avtobus tramvayla toqquşub qəzaya
uğradı. Frida onurğa sütunu və çanaq nahiyyəsindən ciddi zədə aldı,
qabırğa və körpücük sümükləri sındı. Müalicə isə bir neçə il davam
etdi. Qız otuz üç dəfə əməliyyata girməli oldu, iyirmi səkkiz
korset (bədəni düz saxlamaq üçün enli kəmər – tərc.) dəyişdi, daimi
ağrılar ona əzab verirdi. Sanki vücudunda salamat qalmış yeganə şey
ruhu idi. "Mən sağ qaldım, üstəlik uğuruna yaşaya biləcəyim
dəyərlər var. Rəssamlıq naminə, təsvirlərim naminə yaşamağa dəyər"
, - deyə gənc qız anasına bildirirdi. Onu Dieqo Riveraya gətirən də
məhz rəsmləri oldu.

Hələ özü parta arxasında oturduğu vaxtlar hazırlıq məktəbinin
həyətində divarlarda şəkillər çəkən iri, tosqun kişiyə fikir
vermişdi. Bir neçə ildən sonra isə öz rəsmlərini ona göstərmək
qərarına gəlir. Qorxudanmı, ya utandığındanmı, qız özünü bir qədər
qəribə aparır. Ehtiyat edir ki, birdən ustad rəssam onunla danışmaq
istəməz. Lakin Dieqo qızı qovmur. Əksinə, onunla yaxından
maraqlanır. Ancaq məlum deyil, Dieqonun daha çox xoşuna gələn nə
idi: qızın rəsmləri, yoxsa özü? Hər necə olsa da, hörmətli rəssam
Fridanın atasından onu istəyir. Bütün atalar kimi, Giyermo da
qızını adaxlıya qısqanır. İş ciddi şəkil alanda isə onu qızından
soyutmağa çalışır: "Mənim qızım ömrü boyu şikəst qalacaq. Bu barədə
düşünün, əgər fikrinizi dəyişməsəniz, razılıq verərəm".
Frida
toyda çox qəribə təsir bağışlayırdı: Boynunu keçmiş zamanların
boyunbağısı bəzəyirdi, qulaqlarında sallanan ağır sırğalar var idi,
xəstə ayaqlarını isə milli üslubda tikilmiş uzun ətək gizlədirdi.
Xoşbəxtlikdən işıq saçan Frida Dieqonun keçmiş arvadı Lupe Marinin
qəzəbinə gəlir. İçib keflənən Lupe gəlinin ətəyini qaldırıb var
səsilə bağırır: "Baxın görün bu ağılsız mənim yaraşıqlı ayaqlarımı
neçə eybəcər kibrit çöplərinə dəyişib!"
Qalmaqal düşür. Pərt olan bəy əlinə keçəni vurub sındırır, hələ
üstəlik kiminsə barmağını güllə ilə yaralayır. Adaxlılar
küsüşürlər, Frida evlərinə gedir. Rivera yalnız bir neçə gündən
sonra onu geri qaytara bilir.
Toydan sonra Lupe Marin yenidən onları görməyə gəlir. Təcrübəli
bir sahibə kimi evi gözdən keçirir, Frida ilə alış-verişə çıxır,
ona yemək hazırlamağı öyrədir. İzah edir ki, Rivera səhər yeməyini
iş otağında yeyir. Yeməyi ora kiçik zənbildə və üzərinə "Mən sənə
heyranam" – sözləri yazılmış kağız dəsmalla örtülmüş halda gətirmək
lazımdır. Lupe bu adəti Meksika kəndlilərindən öyrənmişdi.
Yeni evlilərin məhəbbətlə süslənmiş həyatını haylı-küylü
küsüşmələr də bəzəyirdi. Rivera öz vərdişlərindən əl çəkmək
istəmirdi: vaxtının çoxunu keçmiş rəfiqələri ilə keçirirdi. Bundan
başqa onun tənqidə heç dözümü yox idi. Rəssamlıq qabiliyyəti və
duyğusu olan Frida isə ustadın yanlışlıqlarını söyləməkdən heç vaxt
özünü saxlaya bilmirdi. Dieqo qəzəb içində fırçanı yerə çırpır,
arvadına lənətlər yağdıraraq evi tərk edirdi. Qayıdanda isə barışıq
əlaməti olaraq onu hədiyyələrə qərq edirdi – muncuqlar, sırğalar...
Fridanın bər-bəzəkdən ötrü ürəyi gedirdi. Mühüm deyil, qiymətli
daş-qaşdan hazırlansın, ya ucuz şüşədən, qızıldan, yoxsa
dəmirdən... Hind qanı özünü göstərirdi. O, alabəzək Meksika paltarı
geyməyi və saçına allı-güllü bər-bəzək vurmağı sevirdi.
Frida
məşhur həyat yoldaşına uşaq kimi baxırdı. O, çox vaxt Dieqonu
qucağındakı uşaq kimi təsvir edirdi. Ağır qəzadan sonra Frida
analıq xoşbəxtliyindən məhrum olmuşdu, odur ki, bütün qayğısını
ərinə bəxş edirdi. Daha yaxşı müalicə almaq üçün Rivera arvadını
ABŞ-a aparır.
Birləşmiş Ştatlar Fridanın heç xoşuna gəlmir. "Kübar həyat məni
hiddətləndirir, - o, gündəliyində yazırdı. – Bu varlı adamlar məni
özümdən çıxarır, çünki mən minlərlə insanı dəhşətli yoxsulluq
içərisində görmüşəm, tamamilə çörəksiz, mənzilsiz... Bütün bunlar
mənə çox böyük təsir göstərib. Minlərlə insanın aclıq içərisində
boğulduğu halda gecə-gündüz şadyanalıq edən, kef sürən varlıları
görmək necə də dəhşətlidir... Ancaq ABŞ sənayesi mənim üçün
maraqlıdır. Mənə elə gəlir ki, amerikalılar həssaslıq və incə
zövqdən məhrumdurlar... Onlar sanki hər yanı kir-pas və
narahatlıqlarla dolu olan böyük bir hində yaşayırlar. Evlər
sobalara bənzəyir, onların bəhs etdikləri gözəl şərait isə mifdir.
Bilmirəm, bəlkə də səhv edirəm, ancaq mən, sadəcə, hiss etdiklərimi
yazıram".
Səfər Fridaya xoşbəxtlik gətirmədi. Çəkdiyi iztirablar rəsmlərdə
əks olumağa başladı. Bu barədə Dieqo yazır: "...O, bütöv bir
silsilə təşkil edən şedevrlər üzərində işləməyə başlayır, hələ
rəssamlıq sənəti tarixində belə əsərlər yaranmayıb. Bu tablolarda
qadın mətanətinin acı həqiqət, amansız gerçəklik, insanın
qəddarlığı, cismani və ruhani iztirablar qarşısında təntənəsini
görürük".
Rivera ABŞ-da boş dayanmır. Nelson Rokfeller ona "Radio-Siti"nin
divarlarında (indiki Rokfeller mərkəzi) naxışlar işləməyi sifariş
verir. Dieqo kapitalizmi "vəhşi heyvan cildli maliyyə başçısı və
sifilisin ağır dövrünü yaşayan satılmış qadın şəklində təsvir
edir". Bu panoramanın üstündə isə Marks, Engels, Lenin, Trotski və
inqilabın digər rəhbərlərinin portretini təsvir edir. Bu
portretlər, xüsusilə də Leninin təsviri sifarişçinin narazılığına
səbəb olur. O, üzü hansısa bir neytral personajla dəyişdirməyi
tələb edir. Frida ərinə kompromissə getməməyi məsləhət bilir və
nəticədə Rokfellerin göstərişi ilə bütün işi məhv edirlər.
Əvvəllər Dieqo və Fridanı biləşdirən inqilab ideyaları sonralar
onların ailə faciəsinə səbəb olur. 1936-cı ildə Stalinin təqibindən
Meksikaya pənah aparan Trotski və xanımı Nadejda Sedova ilə möhkəm
dostlaşan cütlər mühacirləri sanki öz himayələrinə götürürlər.
Lakin bu idilliya Trotskinin Fridaya bəslədiyi coşqun məhəbbət
üzündən darmadağın olur. Onların romanı çox qısa sürür. Çünki Frida
Trotskiyə qarşı heç bir xüsusi hiss duymurdu. Bu onun tərəfindən
ərinin saysız-hesabsız, xüsusilə də doğma bacısı Kristina ilə
məhəbbət macəralarına qarşı atdığı qisas addımı idi. Frida
qalmaqaldan qaçmağa nə qədər cəhd etsə də, Dieqo arvadının yaxın
dostu ilə münasibətlərindən xəbər tutur. Trotski tələsik evini
dəyişdirib uzaqlaşır və himayədən məhrum olan inqilabçı Stalinin
agentləri tərəfindən vəhşicəsinə qətlə yetirilir.
Riveralar ailəsində isə ab-hava getdikcə daha da gərginləşir.
Dieqo arvadını bağışlamaq istəmir. Frida da öz növbəsində əri ilə
bacısının münasibətlərindən çox sarsılmışdı. Beləliklə, 1939-cu
ildə ayrılmağa qərar verirlər. Frida Nyu Yorka gedir. Riveranı
unutmağa çalışaraq bir-birinin ardınca sevgi romanları yaşayır.
Tezliklə xəstəliyi kəskinləşir, onurğasında ağrılar başlayır,
böyrəkləri imtina edir.
Onun yaratdığı şedevr nümunələrindən olan "İki Frida" əsəri bu
dövrdə yaranıb. Bu, ikiqat avtoportretdir. Birinci Frida Meksika
geyimindədir – xoşbəxt və sevimlidir, əlində Dieqonun şəkli olan
medalyon tutub. İkincisi, Avropa geyimində - tənha və talesiz. Onun
əlində tibbi borucuq və iynə var. Bu borucuqdan qan sızır, həyat
tükənir.
Ancaq belə böyük kədərə baxmayaraq o, sevgilisinin qayıdacağına
inanır. Dieqo həqiqətən də qayıdır. Frida bir ağır əməliyyatdan
çıxıb digərinə girməyə hazırlaşırdı. Həkimlərin proqnozuna görə, o,
ömrünün qalan günlərini yataqda keçirəcəkdi.
Dieqo
dizi üstə çökərək əfv diləyir. Keçmiş sevgililərin məhəbbət hisləri
yenidən alovlanır. Xoşbəxt Rivera evi səliqəyə salmağa yollanır,
Frida isə onun ardınca sevgi dolu məktublar göndərir: "Dieqo,
tezliklə biz əbədi birləşəcəyik, qalmaqalsız, qovğasız, sadəcə
bir-birimizi sevmək üçün. Mən səni həmişəkindən daha çox sevirəm.
Sənin balaca Fridan". 1940-cı ildə onlar yenidən evlənirlər.
Heç bir şübhə ola bilməz ki, Rivera kənardakı əyləncələrinə
baxmayaraq, Fridanı unutmamışdı. O, yazırdı: "Onun zərif, oyaq
vücudu və məlahətli üzü var idi. Uzun saçları, qara sıx qaşları
burnunun üst hissəsində birləşirdi. Onlar qaratoyuğun qanadlarına
bənzəyirdilər, altından isə qəribə qara gözlər mənə baxırdı".
Bu da Fridanın etirafı: "Mənim Dieqonu necə sevdiyimi heç kim
heç vaxt anlaya bilməz. Mən yalnız bircə şey istəyirəm. Qoy onu heç
kim incitməsin, narahat etməsin, yaşamaq üçün ona lazım olan
enerjisini almasın. Mən istəyirəm ki, o, istədiyi kimi yaşasın –
yazsın, baxsın, sevsin, yesin, yatsın, tək qalsın, dostları ilə
görüşsün, ancaq bircə ruhdan düşməsin". Qeyd edək ki, bu sözləri
yatağa məhkum olmuş qadın yazıb. "Mən xəstə deyiləm. Mən məhv
olmuşam. Ancaq neçə ki, çəkə bilirəm, xoşbəxtəm".
Xəstəliyi kəskinləşənədək, 1938-ci ildə Frida Kalo yazıçı Andre
Bretonun təklifi ilə öz işlərini Parisə aparır və orada böyük
müvəffəqiyyət qazanır. Rəsmlərdən birini Luvr alır. Bu şərəfə hətta
onun məşhur əri də layiq görülməmişdi. Qeyd edək ki, o, fransızları
yalnız əsərləri ilə deyil, özünün zahiri, ekzotik görkəmi ilə də
maraqlandırmışdı. Fridanın şəkilləri jurnalların üz qabıqlarını
bəzəməyə başlayır. Modelyer Elza Skiaparelli "Madam Rivera" adlı
məşhur geyimini hazırlayır, onun üslubinda bəzədilən "Şokinq" ətri
geniş yayılır. 1998-ci ildə Jan Pol Qotye "Frida" adlı bütöv bir
kolleksiya hazırlayır. Bu geyimləri saçları güllərlə bəzədilmiş
qara qaşlı və qara saçlı qızlar nümayiş etdirirdi.
Frida Kalonun təsvirləri: