Yuxarı

KEÇmiş – indiki DURum

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baxış bucağı" layihəsində

(Avtomobil tıxacında düşüncələr)

Birbaşa mətləbə keçmək istərdim. Bu düşüncələrim öz yaradıcılıq yolunda yorulmayaraq addımlayan Kamal Abdullanın yeni çapdan çıxmış kitabı – "Platon, deyəsən, xəstələnib" adlı hekayələr toplusu haqqındadır. Onu da öncədən qeyd etməyi vacib sayıram ki, kitab Azər Mustafazadənin rus dilinə etdiyi çox gözəl tərcümədə Rusiyanın ən nüfuzlu nəşriyyatlarından olan "Художественная литература" nəşriyyatında işıq üzü görüb.

- Yaxşı, düşüncələr anlaşılandır, - deyə fikirləşə bilərsiniz, - bəs nəyə görə tıxacda?

Bəli! Bu ayrıca bir söhbətin mövzusudur və bu haqda o qədər yazılıb, o qədər danışılıb ki... Lakin bu problemi mən yeni, gözləmədiyim bir rakursdan gördüm.

Tıxac haqqında "Oda"

Hazırda "tıxac" sözü o qədər gündəlik həyatımıza və məişətimizə daxil olub ki, onu daha dırnaq arasına da almırlar. Bu barədə hamının sözü, mülahizəsi və dəlilləri də tükənib artıq, hamı bu şəhər bəlasının qaçılmaz olduğunu qəbul edib. Bunun səbəbini isə yalnız Bakı küçələrinin daim təmir olunması ilə deyil, həm də bizim mentallığımızla – "cipomaniya" ilə, yəni, ən böyük, iri və tez gözə dəyən maşinları almaq və sürmək həvəsi ilə də izah etmək olar. Qoy hamı görsün ki, MƏN gəlirəm!

Elə bu dəfə də bağa getmək istəyəndə tıxacda ilişib qaldıq; düz iki saat – düz iki saat biz şəhərdən... şəhərin çıxacağına, yəni "Koroğlu" metrosuna qədər gəlib çata bildik.

- Tıxacın uzunluğu azı üç kilometrdir, az olmaz, - deyə taksi sürücüsü Rəhim dilləndi.

Maşınlar yalnız arxada və qabaqda deyil, həmçinin solda və sağda durmuşdular, yol üçzolağlı idi. Maşının pəncərəsindən baxanda digər maşınlarda oturanların üzündə bir itaət, yəni, qismət belədir - ifadəsi gördüm. Kim isə çox həvəssiz nə isə danışırdı, lakin tıxacda olan əksər insanlar bu vaxt itkisini nə ilə dolduracaqlarını bilməyərək mənasız şəkildə susub durmuşdular (taksi sürücüləri üçün isə bu həm də pul itkisi demək idi).

Bu zaman bir qədər öncə üstünə avtoqraf yazmaqla Kamal Abdullanın mənə hədiyyə etdiyi kitabı yadıma düşdü. Dərhal kitabı əlimə alıb açdım. Təkrar da olsa deməliyəm ki, nüfuzlu nəşriyyatda çap olunması bu kitabın zahiri görünüşü, yəni, üz qabığından, çapından, oxucu üçün çox rahat olan qeyri-adi dördkünc formatda olmasından (bu halda sətirlər uzun, sətirdən sətirə keçirilmələr isə az olur) aydın görünürdü. Oxumağa başladım.

Bilirsinizmi, mən şəhərdən çıxana kimi iki saat tıxacda oturmağımızı və ondan sonra da Şüvələnə nə qədər yol getdiyimizi qətiyən hiss eləmədim. Beyinimdə belə bir fikir də yarandı, siz əlbətdə buna gülə də bilərsiniz, hazırda kitab oxumaq üçün ən yaxşı yer oxucuların çox az olduğu kitabxana yox, məhs tıxacdır, bəli-bəli, tez-tez olduğumuz tıxaclardır! Necə deyərlər, sağ olsun, tıxac!

Sirri-zəmanə

Yır-yığış etmək vaxtıdı,

Dur ayağa, getmək vaxtıdı.

Dünyadan itmək vaxtıdı,

Bu vaxt bir də ələ düşməz.

Bir daş altda, bir daş üstdə,

Ruh dərində, cisim üzdə.

Dənizdə, səhrada, düzdə

Nə qoydum ki, qaldı sənsiz?!

Təxminən on il bundan əvvəl işıq üzü görmüş Kamal Abdullanın şeirlər kitabından olan bu parça, zənnimcə, müəllifin bədii təfəkkürünün mahiyyətini özündə gözəl əks etdirir. (Bu şeirlər kitabı rus dilində Alla Axundovanın tərcüməsində Moskvada çap olunub). Fikrin daim naməlum, sirrli bir istiqamətdə hərəkəti, hətta hamıya məlum olan "həqiqətlərin" birmənalı olmaması, bildiyimiz və bilmədiyimiz hər bir şeyin dəyişilən, variativ olması, fantaziyanın və xəyalın gücü – bütün bunlar, görünür ki, hazırki postmodernizm mədəniyyətinin, ümumiyyətlə, zamanın ruhudur. Lakin... tək bircə indiki zamanınmı ruhudur?

"Təbrizi sirrə qovuşubdur. Amma o, bunu xələflərindən gizlin tutmaq istəyibdir. Xələfləri həmişə bu sirrin axtarışında olmalıdılar. Çünki əbəs bildiyin bir şeyin uğrunda həyatını qoymadınsa, yaşamağın mənası itər... Oyun davam etməlidir".

Bu sətirlərə mən həmin kitabda çap olunmuş hekayələrdən birində rast gəldim (hekayə elə belə də adlanır – "Sirri-zəmanə"). Əsərin qəhrəmanı bu sirri axtarır, onunla yanaşı isə xoşbəxtlik və ölümsüzlük düsturunu, kvintessensiyasını (əsas mahiyyəti, cövhərini) tapmağa can atır.

"– Sən heç "Sirri-zəmanə"dəki "zəmanə" sözünə fikir verdinmi?

– Yox, fikir vermədim, nədi ki?

– Əsas sirr elə bu sözün içində gizlənib".

Hekayənin qəhrəmanı, orta əsrlər mətnlərinin tədqiqatçısı olan gəncə özündə qoruyub saxladığı qədim əlyazmanı oxumağa verən qoca bu sualla ona müraciət edirdi.

Siz əgər diqqət yetirdinizsə, mən misal çəkdiyim parçalarda iki sözü xüsusi olaraq vurğuladım – Zaman və Oyun.

Bu gün biz özümüz də bunu hiss etmədən sanki zamanın axarından kənara çıxırıq, elə bil ki, zaman donub qalıb. Məsələ heç də yaxın keçmişdəki "durğunluq" illərində, yaxud da indiki, artıq azacıq, hətta dumanlı olsa belə gələcəyə işıq sala biləcək abstrakt, ya utopik ideya və ideologiyanın olmadığı zamanın həddindən artıq ötəri və səthi olmasında deyil. Bəs oyun necə... Biz sanki yenə bütün diqqətimizi və qüvvəmizi bu oyunun qaydalarına, modaya, reklama yönəldirik və oyunun canlılığını, onu öncədən proqnoz etməyin mümkünsüzlüyünü unuduruq və bunu duymaq hissini itiririk. Hətta uşaqlar belə nadinclik və dəcəllik eləmək, qaçıb-oynamaq əvəzinə (onların indi məhz belə vaxtlarıdır) tamamilə "oturaq", primitiv (hər yerdə tut, öldür) kompüter oyunlarına aludə olublar...

Əfsuslar olsun ki, kompüter oyunlarındakı hər hansı bir bacarığın, yaxud gündəlik həyatdan əldə olunan vərdişlərin deyil, məhz insanın öz şəxsi təfəkkürünün, xəyalının oyununa rast gəlmək olmur. Bu gün müxtəlif, hətta sadə komiks və detektivlərə olan tələbat elə bunun nəticəsi deyilmi?

Beləliklə, Kamal Abdullanı oxuyarkən bu detektiv və süjet "çaşqınlığını" görürsən (hər şey hara gedir? nəyə doğru gedir?). Eyni zamanda səni intellektual gərginlikdə saxlayan, lakin heç də yormayan, əksinə, sanki səni bir az da tələsdirən və marağını bir qədər də qızışdıran qələmin səlisliyini və xəyalın, fikrin oyununu duyursan.

Zamanın, yuxunun və gerçəkliyin daim dəyişməsi, yalnız xəyallarda mümkün olanların və gündəlik məişətdə rast gəlinən realilərin yan-yana mövcud olması oxucunu cəlb edir. Necə deyərlər, həm xəyalına gəlir, həm də inanırsan. Belə təəssürat yaranır ki, müəllif daim... oxucuya inanaraq, onunla bərabər bir tərəfdaş kimi oyun oynayır...

Bax belə bir mütaliə-oyun ortaya çıxır!

(Elə mən özüm də bu yazının başlığında belə bir oyun oynamağı özümə rəva bildim - KEÇmiş – indiki DURum; buna GƏLəcək sözünü də əlavə eləmək istərdim).

"Gələcək mədəniyyətlərin ulduz çələngi (bürcü)"

Hazırda bir tərəfdən bizi əhatə edən görünməmiş imkanlar, digər tərəfdən isə onların, bu imkanların qarşısındakı çaşqınlığımız (istehlak dalanları, separatizm alovları) şəraitində uzaq keçmişimizlə, tariximizlə "bağlılığımız" bir qədər çətin yada düşür. Lakin biz hazırda məhz belə, hər şeydən azad, sərbəst, ZAMAN XARİCİNDƏ olan bir baxışla diqqətimizi Qeyri-adi, Əbədi məhfumlara cəmləməliyik.

Belə sərbəstlik və azadlıq artıq çoxdandır ki, Kamal Abdulla yaradıcılığının ayrılmaz bir hissəsinə çevrilib. İstər artıq dünya şöhrəti tapmış onun "Yarımçıq əlyazma əsəri", istərsə də ilk baxışdan elmi-populyar xarakter daşıyan "Dilçiliyə səyahət" kitabı olsun, bunların hər ikisində eyni oyun, eyni detektiv-axtarış cizgilərini görmək olar. Və burada "müəllif daima fikir və həyat arasında baş verən faciəni görməyə imkan verən ümumi maarifçilik erudisiyasını nümayiş etdirir. Fikir hər zaman hansısa bir dəyişilməz, sabit, şüurlu, məntiqi və stereotipi olan məhfum axtarışındadır, həyat isə hər dəqiqə bu ana qədər naməlum olan, qəribə, mövcud təsnifat sxemlərinə və kateqoriyalara sığmayan kombinasiyalar qurur" (elmlər doktoru İlyas Həmidov).

Avroposentrizmi və modernizmin (avanqardın) nihilizmini inkar edərək, forma müxtəlifliyini təsdiqləyən, ünsiyyətə, dialoqa, istənilən keçmiş zamanla (bəli-bəli, zamanın, zamanların), istənilən mədəniyyətlə və ilk növbədə, hazırda - ən qədim və mənəvi cəhətdən dərin Şərq mədəniyyəti ilə konsensusun əldə olunmasına hazır olduğunu göstərən postmodernizm (Kamal Ablulla məhz bu cərəyanın parlaq nümayəndəsidir) hər hansı cüzi belə məhdudiyyəti, totallığı (ümumiliyi) inkar edir. Bu isə öz növbəsində nəinki incəsənət sahəsindəki ab-havanı yaxşılaşdırmalıdır, onun sayəsində "gələcək mədəniyyətlərin uzaq bürcləri"(Nitsşe) və özümüz, bütün cəmiyyət görünməlidir.

***

Bax beləcə "tıxacda" duraraq (sözün əsl mənasında duraraq), yəni indiki DURumda, Kamal Abdullanın gözə görünməyərək, lakin sanki yanımda taksidə əyləşdiyini hiss edərək, onun sayəsində mən yolda rastıma çıxa biləcək bütün narahatlıqlardan kənar oldum. Onun kitabını oxuduqca hiss edirdim ki, daxilimə necə də keçir, süzülüb axır o KEÇmiş...

Mən artıq nə vaxtlarını hədər yerə öldürərək söyüşən sürücüləri, nə sağda və soldakı maşınlarda oturub darıxan insanları, nə mənasız yerə səs salaraq qarşılarında duran maşınlardan, sanki indicə helikopter sayağı göyə qalxıb onlara yol vermələrini istəyən müxtəlif səs siqnallarının səsini eşidirdim və görürdüm.

Mənim bütün fikrimi və xəyalımı Kamal Abdullanın oxucu ilə qurduğu olduqca maraqlı, müxtəlif obraz və fantaziyalarla dolu dialoq-oyun özünə cəlb etmişdi. Burada quyuda yaşayan və kəndin ən gözəl qızına vurulmuş cin də, həmin cinə vurularaq onunla bir yerdə quyuda yaşamağa başlayan və sonralar cazibəli şəkildə işıq saçan bir məxluqa çevrilərək hamını vahiməyə salan qız da var; burada göydən yağış təki yağan virtual dəvələr də, gülə çevrilmiş insanlar və insanlara çevrilmiş güllər də var. Burada ər və arvadın reinkarnasiyadan sonra görüşmək arzusu; bu zaman yaddaşının itirilməsi və ondan əvvəl nə baş veribsə, hər şeyin unudulması onlarda kod-sözün yaradılması ideyasını əmələ gətirir. Məhz bu sözün köməyi ilə onlar öz gələcək həyatında biri-birlərini tanıya bilərdilər, daha sonra onlarda böyük qalmaqala səbəb olan cinayət törətməklə bu işə üçüncü şəxslərin də cəlb olunması ideyası yarandı. Və bu cinayət onları peşələrinə görə (jurnalist və müstəntiq) bir araya gətirməli idi...

...Bir zamanlar fikirləşib tapdığım bir formulaya görə böyük qürur hissi keçirirdim və özüm özümlə fəxr edirdim, baxmayaraq ki, burada qeyri-adi bir şey yox idi. Həmin fikir belə səslənirdi: incəsənət – SÜBUTA YETİRİLMİŞ GÖZLƏNİLMƏZLİKDİR.

Mənim fikrimcə, Kamal Abdulla bu sənətə məharətlə yiyələnib.

***

Sonda mən yenə də "Oda Tıxaca" qayıtmaq istəyirəm. İndiki bu tələskən, heç bir şeyə vaxt tapa bilmədiyimiz, yalniz hara isə çatmaq, nə isə eləmək, pul qazanmaq istəyi ilə yaşadığımız zəmanəmizdə bəlkə bizə elə dayanacaqlar, duracaqlar və pauzalar, "qəlbimiz üçün istirahət məkanı" lazımdır. Artıq yalnız bir şey, yəni bütün bu zahiri vurnuxma və qaçışmalardan uzaq olmaq imkanını əldə edərək fikrini bir yerə - bəlkə də heç vacib olmayan, əhəmiyyətsiz... yalnız özünün, qəlbinin dərin qatlarında olanlar haqqında fikrini cəmləyərək düşünmək qalır.

Ona görə də xahiş edirəm gülməyin - gülməyin, bir daha hamınızı, demək olar ki, tam ciddiyyətlə buna dəvət edirəm.

– Tıxaclarda ilişib qalmış maşinlarda vaxtınızı hədər yerə öldürərək boş-boşuna oturmayın! Niyə? Mütaliə edin... tıxaclarda oxuyun!

Haqqın.az

Tarix
2014.09.29 / 15:37
Müəllif
Emil Ağayev
Digər xəbərlər

ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi

Prezident üç yeni səfiri qəbul etdi

Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...

Milli Məclisin iclası başladı

Paşinyan hakimiyyəti devirmək üçün Tiflisə 500 nəfər göndərdi

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

DTX şok faktı açdı: Terrorçular Azərbaycan üzərindən Avropaya…

Bu, Əsəd-HTŞ savaşı deyil: Türkiyə və İran meydandadır!

Ceyhun Bayramov İrana getdi

Tunberqi “yaradan”, Bakıya qarşı çıxan Rentjoq nələr dedi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla