"Açıq dərs" layihəsində:
Firuz Mustafanın "Pələng ili" pyesində əl-ayaqdan uzaq
meşədəki şüşəli yeməkxanada ailəvi istirahət edən üç kişi ilə üç
qadının münasibətləri fonunda ekoloji problem önə
çəkilir.
Yeməkxananın sahibi Ağa təbiətlə bağlı dərin məzmunlu
mühazirələr söyləyən, əcdadlarına, kökünə bağlı təbiətşünas,
rəssam, psixoloq, filosof, yazıçı Nihadla, bu səfərin təşəbbüskarı
meşənin qırılıb mebel istehsalına sərf olunmasını arzulayan, nazir
postunu tutmağa hazır nüfuzlu, vəzifə sahibi Tumaş Safoyeviç,
çalışdığı iaşə idarəsinin il boyu xəstə olub, işə seyrək çıxan
təqaüd yaşlı rəisinin yerinə keçmək istəyən Çinar problemə
münasibətdə xeyir-şər qarşıdurmasını səciyyələndirir.
Melodram üçbucağı
Baş götürüb sivil ölkələrin birinə getmək, Parisdə ölmək istəyi
ilə yaşayan Sevda xanımın yuxusuzluqdan əziyyət çəkən əri Tumaşın
dərmanlarını gəzdirdiyi çantası hadisələrin gedişində mühüm
əhəmiyyət daşıyan əşyaya çevrilir. Əri Tumaşla eyni xislətli
Sevdadan fərqli olaraq uşaqlarının mədəni ölkələrin birində
yaşamasını təmin etməyə çalışsa da, daim quşların səsinə qulaq
kəsilməklə hissiyyatını, nəcibliyini büruzə verən Türfə əri Çinarın
kölgəsinə çevrilən günahsız qurbana dönür. Onlardan fərqli olaraq
əri Nihad Farizlə bir məktəbdə oxuyub, eyni məhəllədə böyüyən Elayə
mənəviyyatlı bir ailə harmoniyasını yaradır. Beləliklə, gənclik
dostlarının bir-biri ilə təzə tanış olan xanımları ilə uzaq meşədə
məqamlar mühitin sosial mənzərəsini yaradır. Hadisələrin süjet
xəttində vəzifəli Tumaş Safoyeviçin xanımı Sevdanın Çinarın keçmiş
münasibətlərinin üzə çıxması melodram üçbucağı yaradır. Tumaş
Safoyeviçin Sevda xanımla əbədi sevgisinin şərəfinə "badə
qaldırmaq" istəyən Çinarın mənfur siması gözönü hadisədə
açılır.
Əri Tumaşın rəqiblərini gözügötürməyən, paxıl və xəbis
adlandıran, "onların imkanları olsa kişini diri-diri yeyərlər. Neçə
dəfə sui-qəsd ediblər, zəhərləmək istəyiblər. Çinar, sən arabir göz
qoy o kabab bişirənə, ətə ayrı şey vurar. Onsuz da Tumaşın çörəyini
yeyib kölgəsini qılınclayanlar çoxdur" deyən Sevda xanımın Çinarın:
"Tumaşın arxasında bütün xalq dayanıb..." cümləsinə: "Xalq kimdir
ey?.. Nə xalq?.. Kimdir xalqın üzünə tüpürən? Bir də ki, xətrinizə
dəyməsin, bizim xalq çox paxıl, dargöz xalqdır" (Firuz Mustafa.
Qara qutu. B. 206. s. . 147) cavabı Nihadın əsəbiləşərək durub
kənarda gəzişməsi mühit-personaj əlaqələrini münasibətlər
sistemində yarada bilir.
Alçaqların işi əla gedir
Çinarın hamını güldürən: "Bir neçə il əvvəlin sözüdür. Doğrusu,
o vaxt işlərim çox pis gedirdi. Türfə o günlərimin canlı şahididir.
Nə isə... Onda oğlum hələ kiçik idi. Uşaq mənə tez-tez suallar
verirdi; məsələn, soruşurdu ki, ata, qonşumuz təzə maşın alıb, bəs
bizim niyə yoxdur? Deyirdim ki, bala, o, yaramazın biridir,
alçaqdır. Oğlum deyirdi ki, filan dostu valideynləri ilə xaricdə
dincəlib, amma biz heç yerə getmirik. Deyirdim ki, ay oğul, sənin
dostunun valideynləri alçaqdır. Yazıq uşaq evdə bərk gedənlərin,
pullu adamların hansı barədə söz salırdısa, elə bircə kəlmə cavab
eşidirdi: "alçaqdır". Axırda bir gün uşaq dedi ki, ata, mən
böyüyəndə mütləq alçaq olacağam. Dedim, nə danışırsan, "alçaq"?..
Dedi, ata, görmürsən alçaqların işi necə əla gedir?" (148)
cümlələri müəllifin deqradasiyaya uğrayan mühitə fəlsəfi baxışını
sosial zümrələrdən birini təmsil edən tipin dilindən qabardır.
Qadınlar yol üstündəki ətrafı sapsarı çiçəklərlə dolu bulağa
getmələri ilə meşədə vəhşi heyvanın olub-olmamasının müzakirəsi
əsas dramaturji hadisəni məntiqi cəhətdən əsaslandırır. Ağanın
radioda tez-tez çıxış edən Nihad Farizi səsindən tanıması,
kitablarını maraqla oxuduğunu bildirməsi bu ziyalıya status
qazandırır. Vəhşi heyvanların yaşadığı meşə ilə insanların yaşadığı
cəmiyyət arasında fərq qoymayan Tumaşın "Məmləkətin böyüyü olan
kimi, meşənin də öz böyüyü olur. Meşənin ağası pələngdir. Burada
hamı pələnglə hesablaşır" qənaətinə: "Yalnız komplekslərlə yaşayan
adam şöhrət barədə düşünə bilər" deyən Nihadın: "Bəzən pis yaxşıya,
yaxşı isə pisə çevrilə bilər", "Gərək işi işbilənə tapşırasan"
(153) cavabı maarifçiliyi bəyan edir. Paralel olaraq rəis
vəzifəsinə keçmək üçün lazım olan məbləği əvvəlcədən yox, sonra,
işlədikcə, tədricən vermək istəyən "İndi heç kəs vəzifəyə nağd pul
verib getmir. (Pauza). Hər yerdə faizə oturublar" deyən Çinarla:
"Xeyr, əzizim... Nisyə-girməz kisəyə... Əgər nağd söhbəti olsaydı,
yuxarılara saqqal tərpətmək olardı" cavabını verən Tumaş
dövlətçiliyə ağır zərbə vuran korrupsiya problemini üzə çıxarır.
Təbiət və cəmiyyət barədəki dialoq hadisəlilik prinsipini uzatsa
da, vəzifə dərdi reallaşmayan Çinarın çantasından araq çıxarıb
içməsi ilə ağacların arasından vəhşi pələngin peyda olması, Tumasın
üç ov tüfəngindən birini özü ilə götürdüyünü söyləməsi əsas
hadisənin dinamikasını nizamlayar.
Sizi qol-qola gördüm
İaşə işçisi kimi ağ xələt geyinib, ağ papaq qoyan əlindəki iki
iri qaşığı qılınc kimi bir-birinə vurub havada oynatmaqla hamını
güldürən Çinarla Ağanın iri bir qazanı çəkib ortaya gətirmələri ilə
"yeyib-içmə" səhnəsinin başlanması, hamının əl-ələ tutub rəqs
etməsi karnaval estetikası yaradır. Və hamıdan aralanan Çinarla
Sevdanın "sevgi" tarixçəsinin üzə çıxması, gəmi, təyyarə
səfərlərinin bahalı hotellərin yada salınması növbəti bir problemi
süjet kontekstində təqdim edir. Dialoqda Sevdanın imkanlı ailədən
çıxmasının, Tumaşın yetimliyinin üzə çıxması, onların ailə
qurmalarının təəccüb doğurması ilkin baxışdan lüzumsuz görünür.
Lakin Çinar mətnində vaxtilə Sevdanı onunla görən: "Çina, bu dünya
gözəli sənin nəyindir? Kimdir bu bacı?" suallarının yamsılandığı
Tumaşın var-dövlət hərisliyi: "Aradan bir müddət keçmiş sizi
qol-qola gördüm" kəlmələrində açılır...
Gecə qadınların yeməkxananın kabinələrində, kişilərsə çadırda
yatacaqlarının planlaşdırılmasından sonra pələngin hücum
ehtimalından söz açılması əsas hadisəni yenidən vurğulasa da,
Çinarın arvadı Türfə ilə dialoqunda söydüyü Tumaşı impotent
adlandırması, çürük almaya oxşatması, "Gündə bir ovuc dərman
içəndən nə kişilik gözləyirsən?.." sualını verməsi yalnız sonrakı
epizodda özünə bəraət qazandıracaq uyuşdurucuları gündəmdə
saxlayır. Üstəlik Türfənin xarici səyahətlərini vurğulayan, nəinki
qonşularını, elə təbiətin özünü; dağı, meşəni, bulağı belə xaricdən
gətirmək istəyən Sevdaya: "Mən öz yerlərimizi gəzib-dolaşmağı
xoşlayıram" deməsi digər qadın personajları ilə müqayisədə
dramaturji yükü kasad olan bu personajın platformasını
neytrallaşdırır... Bu məqamda söhbətə "Əslində, elə bütün yer üzü
bizim hamımızın vətənimizdir" cümləsi ilə yekun vuran Nihad müəllif
təfəkkürünün qloballığını önə çəkir. Bundan sonra Tumaşın: "Mən işə
qayıdan kimi aparatda məsələ qaldıracağam. Düz bu meşənin ortasında
mebel fabriki açılmalıdır. Bayaq dediyim kimi, ustalar xaricdən
gətirilməlidir. Qoy bizim küt vətəndaşlar o xaricilərin işinə baxıb
özləri üçün nəticə çıxarsınlar. Heç bilmirsiz bu ağaclardan necə
gözəl taxtlar, divanlar, kreslolar çıxar?.. Təsəvvürə
gətirirsinizmi?.." (166) mətni təkrarçılıq yaratsa da, Sevdanın:
"Və o kresloların üstünü pələng dərisi ilə bəzəmək olar..." (167)
cümləsindən sonra Pələngin yenidən peyda olması, hamının qaçıb
kənardakı yeməkxanaya doluşması fabula mexanizmini işə salmaqla
birinci hissə qapanır. Yeri gəlmişkən, son emal prosesini, həllini
səhnədə tapacaq pyesdə Pələng personajının aktyor ifasında olsa
belə, natural təqdimatı bədii şərtini pozması diqqətdən
yayınmır.
Həmin məqamdan başlayan ikinci hissədə yeməkxananın iri şüşə
fasadının çölündəki pələngin qorxu içində saxladığı personajların
çıxış yolu axtarmaları əsas hadisəni davam etdirir. Çinarın: "Ay
heyvan oğlu heyvan, buralarda vəhşi heyvan olduğunu niyə əvvəlcədən
deməmisən bizə?.. deyib hücum çəkdiyi Ağanın: "Bura bax,
tərbiyəsiz... Qapını açıb buraxaram o heyvanı içəri, səni
xurd-xəşil edib sümüklərini gəmirər..." (168) cavabı, ov tüfəngi
bayırdakı çadırda qoymuş Tumaşın bu meşəyə gəlmək məsələsinin
birinci kimin ağlına gəldiyini araşdırması dramatizmi artırır.
Nihad Farizin göyün üzündəki buludlar da pələngə bənzətməsi, onunla
birgə təmkinini pozmayan xanımı Elayənin pələng ilində
yaşadıqlarını yada salması ilə qorxuya düşən digərlərinin qeyzlə
bir-birini sancmaları personajların xislətini açmaqla dramatizmi
artırır.
Pələng nə etməlidir
Paralel olaraq şərə qarşı çıxan Ağanın: "Mən özüm ali təhsilli
təbiətşünasam. Bir müddət müəllim işlədim. Sonra meşə idarəsinə
gəldim, meşəbəyi oldum... Hər ağacın üstə əsirdim. Amma mənə məhəl
qoyan kim idi? Elə bir yandan ağacları qırıb çatırdılar. Pullu
adamlar qiymətli ağacları kəsdirib öz evlərinin döşəməsi, parketi
üçün daşıdır, aparırdılar. Səsimi eşidən yox idi. Mən ağacların
kəsilmiş başlarından süzülən qana nə qədər tamaşa edə bilərdim?..
Bir baxın, hər tərəf kötükdür... Yuxarıdakılar məndən pul tələb
edirdilər. Mən bu pulu hardan tapmalı idim? Gərək özüm qayğısını
çəkib böyütdüyüm ağacları öz əlimlə doğrayıb sataydım. Məncə, bunu
edə bilməzdim. Mən hər ağaca canlı bir adam kimi baxıram. Nə isə...
Ərizə yazıb işdən çıxdım. Meşəbəyiliyin daşını atandan sonra bu
yeməkxananı işlətməyə başladım... Əslində bu, heç iş də deyil...
Sadəcə olaraq, üz-gözüm bu yerlərə öyrəşib... Çıxıb getməyə iradəm
çatmır. Axı, ömrüm-günüm burada bu ağacların, bu kötüklərin
arasında keçib... Ayrıla bilmirəm... Özümü təbiətsiz təsəvvür edə
bilmirəm..." (180) mətni mövzunun həllinə yönələn problemi
qətiyyətlə açır. Nihadın: "Mənə də elə gəlir ki, insan təbiətdə öz
yerini hələ tam müəyyənləşdirməyib; bəziləri təbiətə bir dost kimi
yox, düşmən kimi yanaşır. Belə bir fikir də var ki, insanlar bu yer
üzünə başqa planetlərdən, başqa qalaktikalardan gəlib. Bu, bəlkə
həqiqətdir?.. Yoxsa biz təbiətə nə üçün bu qədər divan
tutmalıyıq?.. (Ağaya). Sən düz deyirsən; meşəsini itirən pələng nə
etməlidir? O, harada yaşamalı, harada daldalanmalıdır?.. O pələngin
üzə çıxması, insanlara üz tutması bəlkə də təbiətin bir siqnalıdır
bizə?.." (186) cümlələri müəllif platformasını əsərin ali qayəsində
təqdim edir.
SOS siqnalı
Qoyun cəmdəyinin qoluna Sevdanın çantasındakı lenium, fanizapam,
insulin, demidrol, imovane, insulin kimi dava-dərman həbləri,
ampulaları yeridərək pələngə yedirtməsi ilə Sevdanın bayaq bulağın
başında qaladığı tonqaldan meşəyə od düşməsi obrazlı həyəcan
təbilinə çevrilir... Əri Tumaşa: "Hər yoldan keçən it-qurdla
ağız-ağıza vermə!.." deyən Sevda xanıma sərxoş Çinarın: "İndi də
"it-qurd" olduq hə?.. Əlbəttə! Əlbəttə... Bəs bu sözləri niyə o
vaxt demirdin? (Yamsılayır). "Sən mənim pələngimsən, bəbirimsən,
şirimsən..." İndi pələng çevrilib itə dönüb?.. Qurda dönüb? Nə
tez?.. Baxmaram sənin dədənin var-dövlətinə, ərinin oğraşlıqla,
adam sata-sata tutduğu vəzifəyə, hər ikinizi ataram o pələngin
ağzına. Murdarlar! Şərəfsizlər! Sürünənlər!.." (189) xitabı,
Tumaşın yaxasından yapışaraq sürüyüb qapıdan bayıra atmaq,
nərildəyən pələngə yem etmək istəyi keçid dövrü ədəbiyyatına xas,
pislərlə daha pislərin qarşıdurmasını yaradır. Bu məqamda
dərmanların təsirindən pələngin başı şüşə örtüyün üstünə düşüb səsi
xırıldayan pələngin canını tapşırması ilə səssizliyin yaranması
şərin qələbəsini səciyyələndirir. Əks mövzunun önə keçdiyi bu
məqamda Ağanın, Elayənin, Türfənin üsyanı, dramaturji strukturda
əməli fəaliyyət baxımından passiv mövqe tutan Nihadın can verən
pələngin yanına getməsi fonunda Tumaşın törətdiyin cinayət üçün
cavab verməli olacağını bildirməklə müəmmalı şəkildə ideya
daşıyıcısına çevrilən Çinarın mətni, uzaqdan qəzəbli pələng
nərələrinin, sürəkli ayaq tappıltılarının və atəş səslərinin
eşidilməsinin SOS siqnalına çevrilməsi mövzunu uğurla
tamamlayır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyulan
bu pyesə rejissor Ağalar İdris oğlunun yozumunda, pələngin səhnədə
görünməməsi aktyorların müşahidə metodunun tətbiqi ilə uğurlu
həllini tapıb. Bununla belə, tamaşada ölərti mənbəli görünməyən
musiqidən və rəqsdən hədsiz istifadə pyesin psixoloji dram janrını
arxa plana atır. Təsadüfi deyil ki, Vaxtanqov Teatrının tarixən
formalaşan musiqi kollektivi məhz psixoloji dram janrının təzyiqi
ilə ixtisar edilib. Tamaşada aktyorların yaradıcılıq imkanlarını
səfərbər etməyi bacaran Ağalar İdrisoğlu əsərin mövzu – problem
əlaqəsini açmağa müvəffəq olub. Keçid dövründə 20 il xırda bizneslə
məşğul olduqdan sonra çoxsaylı rollar oynadığı doğma səhnəyə
qayıtmaya bilməyən aktyor Sabir Məlikov mənəvi aşınmaya məruz qalan
Tumaş Safoyeviç Məlikovun timsalında oliqarxa çevrilən məmurun
harınlığını pyesdən gələn mətn zənginliyi hesabına bacarıqla
canlandırdı. Onun xanımı, həyatın mənasını var-dövlətdə, pulda
görən meşşan təfəkkürlü Sevda rolunun ifaçısı, melodrama
üçbucağında meşşan qadın tipini günahsız qurbanlıqdan xilas edə
bilən Mehriban Abdullayeva oynadığı personajın situasiyalara uyğun
dəyişkənliklərini anında həyata keçirməklə yadda qaldı.
Müsbət imicini sona qədər qorumaqla, üstəlik ideya daşıyıcısı
missiyasını Çinara güzəştə getməklə dramaturji hadisə kontekstində
xüsusən ikinci hissədə kölgədə qalan Nihad rolunda Respublikanın
Xalq artisti Tariyel Qasımov vicdanlı ziyalı personajını özünün
illərlə səhnədə və ekranda cilalanan peşəkar üslubu hesabına yarada
bildi. Onun mənəvi platformasını qorumaqla sosial tipalogiyasını və
ailə portretini tamamlayan həyat yoldaşı Elayə rolundakı Nuriyyə
Əliyeva daim ərinin arxasında gizlənə bilən ev xanımını
canlandırır.
Tamaşada şərin təcəssümünü göstərməklə yanaşı, ittihamçıya da
çevriməklə müəllif mövqeyini səciyyələndirən Çinar rolunun ifaçısı
Ədalət Əbdəlsəməd yalnız bu günün qayğıları ilə yaşayan obıvatelin,
müxtəlif situasiyalarda fasiləsiz olaraq dəyişən buqələmunun
simasızlığını göstərə bilir. Çinarın arvadı Türfə rolundakı
Hüsniyyə Əhmədova əri tərəfindən aldadılan günahsız qurban rolunun
passivliyini göstərə bilir.
Sosial mühitdəki korrupsiyanın təzyiqi ilə meşəçilik
mütəxəssisliyində yeməkxana aşpazına çevrilən, Ağa rolundakı Rasim
Səfərov şərə qarşı dözümsüzlüyünü daxili monoloqunun
fasiləsizliyində və plastika rəngarəngliyində təzahürünü tapan
oyununda bütün parlaqlığı ilə göstərə bildi.