"Hazırlıq kursu" layihəsində
Xoş günlərin birində, lap elə götürək, uşaqların ən çox
sevdikləri Yeni il ərəfəsində övladınıza: "Gəl, Şaxta babaya məktub
yazaq. Onda o, sənə istədiyin hədiyyəni gətirər", - deyə müraciət
edə bilərsiniz.
Körpə həm Şaxta babaya, həm də sizə tamamilə inanaraq razı olur.
Ancaq o, hələ yaza bilmir. Amma arzularını dilə gətirə, "diktə
edə", həmçinin yazılanların altından adını "çəkə" (onun yaza
bildiyi hərflər hələ ki şəklə bənzəyir) bilir.
Yaranmış situasiyanın əsrarəngizliyi yalnız Şaxta baba ilə bağlı
deyil. Körpənin arzuları, daha doğrusu, onun daxilində gizlənənlər
tamamilə yeni forma alır – kağıza cızılmış sözlər və ifadələrə
"qablaşdırılır".
Heç bilirsinizmi nə baş verib?
Siz "yazılı nitq situasiyası" yaratmısınız. Oxumaq təlimini biz
adəti üzrə hər şeydən əvvəl hərfləri bilməklə əlaqələndiririk. Və
aydındır ki, bu bilgilər olmasa, oxumaq da mümkün olmaz. Uşaq
hərfləri əzbərləsin və sonra isə onları birləşdirib sözləri oxuya
bilsin deyə, biz xeyli güc və vaxt sərf edirik. "Nə qədər tez olsa,
o qədər yaxşıdır" prinsipindən israrla geridə qalırıq və daima
hansısa "qızıl açar"ı və ya bəd ayaqda oğlumuz və ya qızımızın
qarşısında bu mühüm bacarığın gizli qapılarını açmağımıza imkan
verən kilidaçan (qıfıl açmaq üçün açar əvəzində işlədilən qarmağa
oxşar alət – tərc.) axtarırıq. Və bütün bu proses boyunca
mütaliənin, oxumağın əslində nə olduğunu unuduruq.
Mütaliə - ünsiyyətdir
Mütaliə isə ünsiyyətdir. (Bəlkə də bu, bayağı səslənir, ancaq bu
bayağılıq olmadan irəliləmək olmur!) Mütaliə ünsiyyətin digər
növlərindən onunla fərqlənir ki, burada həmsöhbətimiz bəzi fiziki
xüsusiyyətlərini "itirir": vücudunu, zahiri simasını, səsini. Ondan
yalnız xüsusi işarələrin köməyilə şifrələnmiş məlumat qalır.
Dialoqa girmək üçün məlumatın şifrəsini açmaq, orada deyilənləri
anlamaq və öz münasibətini bildirmək lazımdır. Sonuncu olmasa,
dialoq alınmayacaq.
Başqa sözlə desək, mütaliə - intellektual səy tələb edən
mürəkkəb prosesdir və belə bir səy göstərən insan bunu yalnız
hansısa tutarlı bir səbəbdən həyata keçirə bilər.
Mütaliənin ən mühüm funksiyasından biri – informasiya almaqdır.
Ancaq söhbət uşaqdan və onun oxumağı öyrənməsindən gedirsə,
çalışırıq ki, bütün pedaqoji səylərimizin nəticəsində o, hər hansı
bir sənədin altında öz imzasını ata bilsin, yaxud kompüter
oyunlarının instruksiyasını, yeni musiqi diskinin üzərindəki
etiketi oxusun.
Biz adətən dinib-danışmadan elə güman edirik ki, oxucu
böyüdürük, sonda da məmnuniyyətlə mütaliə edən bir övlada sahib
olacağıq. O, hansısa səbəbdən mütaliə kimi bir ünsiyyət vasitəsini
onun bütün digər növlərindən daha üstün tutacaq və ya bədəbəddə
onlarla yanaşı qoyacaq.
Oxumaq həvəsini çətin ki "mükafatlandırma"nın köməyilə
formalaşdırmaq olar.
Burada psixoloqların "fəaliyyətə meyil" adlandırdıqları
anlayışsız keçinmək olmur. Uşaq özü oxumalı, onun buna daxili
ehtiyacı olmalıdır. Ancaq motivasiya (meyillənmək, həvəslənmək) –
olduqca müəmmalı bir prosesdir. Bir məqamı unutmayın, uşağı daima
digər bir uşaqla müqayisə etməklə, başqasını misal çəkməklə onda bu
həvəsi oyatmaq olmaz. Və yaxud da: bu gün on səhifə oxu, əvəzində
kompüterdə yarım saat oynamaq olar. Bu, çox yanlış yanaşmadır.
Nəzarətiniz əksilən kimi uşaq oxumağı atacaq.
Mütaliəyə daxili meyil yalnız bu məşğuliyyətin mənasının dərk
edilməsilə bağlı prosesdir. Odur ki, mütaliənin məğzinin, mənasının
açılımı hərflərin təlimini qabaqlamalıdır.
Hansısa çox mühüm anda uşaq üç vacib məqamı özü üçün kəşf
etməlidir: yazılı nitqin də mövcud olduğunu, onun şifahi nitqdən
fərqləndiyini və ünsiyyətin digər növlərindən üstünlüyünü.
Fikirləşə bilərsiniz ki, burada böyüdüləcək nə var ki, axı
kitabı onunçün onsuz da oxuyurlar. Bəli, bu, çox vacib məsələdir.
Bu gün valideynin övladı üçün mütaliə etməsi onun gələcək
təhsilinin əsas bazasına çevrilir.
Və bu çox mühüm təcrübə yazılı nitqlə tanışlıqdan başlayır.
Ancaq uşaq öz nitqinin də yazılı nitqə çevrilə biləcəyini dərk
etməlidir.
Bə o, bunu necə anlaya bilər? Bunu ona, sadəcə, nümayiş etdirmək
lazımdır: hər şeyi onun arzularınını, təəssüratlarını, başına gələn
xırda əhvalatları qələmə almaqdan başlamaq olar. Həm də bunu onun
gözləri önündə, bunun necə baş verdiyini göstərərək, yazılanları
yenidən oxuyaraq, məhz bunlarımı nəzərdə tutduğunu dəqiqləşdirərək
etmək lazımdır.
"Yazılı nitq situasiyası" ifadəsini ilk dəfə psixoloq və pedaqoq
Feliks Soxin işlədib. O, sovetlər dönəmində Məktəbəqədər tərbiyə
institutunda uçaqların nitqinin araşdırılması üzrə laboratoriyaya
başçılıq edib. Aparılan araşdırmalar zamanı aydın olub ki, uşaqlar
böyüklərə "diktə edərkən" onların şifahi nitqləri dəyişir: daha
asta danışmağa başlayır, deyəcəkləri fikri götür-qoy edir, daha
çətin qrammatik cümlə quruluşundan istifadə edirlər. Lakin Soxin və
onun ardıcıllarının tədqiqatlarında belə "situasiyalar" müstəsna
olaraq məktəbəqədər uşaqların nitqinin inkişafnda əlavə vasitə kimi
araşdırılırdı.
Əlbəttə, "yazılı nitq situasiyası" bu gün də bir çox yaradıcı
pedaqoqların əsərlərində öyrənilməkdədir. Lakin çox vaxt buna köhnə
paltardakı parlaq bir bant kimi baxırlar. Elə valideynlər də belə
şeyləri "bant" kimi qəbul edirlər.
Həyat çox vaxt Şaxta Babanın hansı hədiyyəni gətirməsindən asılı
olur!
Əslində, yazılı nitq situasiyasının ardıcıl istifadəsi, nitqi
idarəetmənin əyani nümayişi – gözlə görünməyib lakin eşidilənin
magik şəkildə görünüb eşidilməyənə, yəni nitqin səslərinin qrafik
obrazlara çevrilməsi - uşağa oxumağın mahiyyətini açır. Bu artıq
çoxdan verilmiş məlumatın qəbul edilməsindən ibarətdir. Məlumat isə
həm onu göndərən, həm də alan üçün çox əhəmiyyətli ola bilər. Axı
uşağın özü də məhz onunçün vacib olanları diktə edir. Həyat isə çox
vaxt Şaxta Babanın hansı hədiyyəni gətirməsindən asılı olur! Odur
ki, belə təcrübənin başlıca nəticəsi daxili əminlikdir: "Mən bunun
necə yarandığını bilirəm".
Anlamaq – çox böyük və mühüm haldır. Və biz dərk etdiyimizi,
anladığımızı həm də çox vaxt sevirik. Nə isə etmək arzusu çox vaxt
prosesin dərk edilməsindən, onu daxili ehtiyacla əlaqələndirə
bilmək bacarığından doğur. Yəqin ki, razılaşarsınız: mənasız iş ən
ağır və dözülməz işdir.
Fin alimi, professor Liis Karlssonun da fikirləri bu baxımdan
dəyərlidir. O, təklif edir ki, uşaq hər hansı bir gəzintidən,
tutalım, muzeydən qayıdarkən mütləq baş verənlər haqqında
danışmalıdır. Əgər bunu özü etmirsə, valideyn xoş yolla onu
danışdırmalı, bu zaman onun dediklərinin hamısını olduğu kimi, heç
bir düzəliş etmədən yanındaca yazmalı, sonra isə bunu uşağın özünə
oxumalıdır ki, o özü dinləyib istədiyi yerdə istədiyi düşəlişi edə
bilsin.
Beləliklə, bütün bu deyilənləri bir cümlə ilə ümumiləşdirmək
olar: uşaq mütaliəyə təxəyyülünün yazılı nitqə çevrilməsi
vasitəsilə gəlməlidir.