"Açıq dərs"
layihəsində
Kolxoz mövzusunda insani münasibətlər
Mirzə İbrahimovun "Böyük dayaq" romanı əsasında yazdığı eyniadlı
ssenari əsasında Həbib İsmayılovun 1962-ci ildə quruluş verdiyi
filmin əvvəlində manqa başçısı ilə traktorçunun mübahisəsinə
müdaxilə edən kolxoz sədri Rüstəm kişinin (Ələsgər Ələkbərov)
Sarıqamışa, yaylağa qalxması, çobanların qayğısını çəkməsi
təsərrüfat rəhbərinin portretini yaradır.
Evə qayıdan Rüstəm kişinin oğlu Qaraşın (Həsən Məmmədov)
şəhərdən Mayanı (Tamilla Rüstəmova) özünə gəlin gətirməsini
əsəbiliklə qarşılaması milli dəyərlərə söykənən ailə başçısını
canlandırır. Qızın ata–anasının müharibədə həlak olmasını eşidən
Rüstəm kişinin divardakı cəbhə fotoşəkilinə baxaraq yumşalması
qəhrəmana rəğbət hissi yaradır.
Romanda gənclər şəhərdə kəbin kəsdirib gəlsələr də, filmdə
Qaraşın toyunda oynaya–oynaya meydana girən Salmanın (Firudin
Mehdiyev) özünün və bacısı Naznazın (E.Ediqarova) adından bəylə
gəlini təbrik etməsi mühiti açmaqla yanaşı personajları fəaliyyətdə
təqdim edir. Yanındakı mühasib Yarməmmədə (İbrahim İsfahanlı)
"Baxmaqla doymaq olmur" deyən Salmanın bəd niyyəti bəlli olsa da,
başına papaq qoyub sazı sinəsinə basan partiya təşkilatı katibi
Şirzadın (M. Yegizarov) oxuduğu "Mirzəcanı" havasını Pərişana həsr
etməsi yeni bir sevgi motivini üzə çıxarır. Ananın bəylə gəlinə
xeyir–dua verməsi Pərişanın otağa daxil olmaq istəməsi, Mayanın
Kürlə Arazın birləşdiyi suqovuşanı seyr etməsi teatr estetikasında
həllini tapsa da, növbəti epizodda gəlinlə qayınatanın kolxoz
problemlərini müzakirə etmələri istehsalat mövzusunu qabardır.
Rüstəm kişinin Şirzadı özünə müavin götürməsinin fırıldaqçı
Salmanda qısqanclıq hissi yaratması personajlararası ziddiyyəti
yaradır. Mayanın Muğan haqqında sözlər yazılan kitabın ardınca
Qaraşı göndərməsini götürməyən Rüstəm kişinin mentalitet təfəkkürü
yenidən üzə çıxır. Salmanın bacısı Naznazın bişirdiyi plovu
tərifləyən "ispalkom" sədri Kələntər lələni evlərinə dəvət etməsi,
Rüstəm kişinin kolxoz iclasında pambıq planının müzakirəsində
müavini Şirzadın çıxışına hiddətlənməsi, sovet iqtisadi siyasətin
iç üzünü açan qarğıdalı, mərcimək məsələsinin ortaya çıxması,
Salmanla Yarməmmədin ötənilki vəziyyəti araşdıran Şirzadı sədrə pis
qələmə vermələri xeyir-şər ziddiyyətini qızışdırır. Sübhdən qapını
kəsdirən Yarməmmədlə Salmanı evə buraxmamağı ərinə tövsiyə edən
Səkinənin: "Onlar mənim arxamdır!" cavabını alması və Kələntər
lələnin Rüstəm kişidən yazılan anonim məktubdan söz açması Salmanın
kolxoz sədrinin müavini təsdiq edilməsi, ferma müdiri çoban Kərəmin
işdən çıxarılması fabulanı nizamlayır. Kolxozçuları uzaqdakı
tarlalara çatdırmaq üçün nəqliyyat tələb edən Telli xalanın (Nəsibə
Zeynalova) anonim məktub yazmaqda günahlandırılan oğlu Kərəmi
müdafiə etməsi, atını yaylağa çapan Salmanın yolüstü Mayanı da dilə
tutub tərkinə alması qarşıdurmanı artırır.
Çoban Kərəmin alaçığında zarıyan arvadına baş çəkən Mayanın
gəlib çıxan Rüstəm kişidən qadını xəstəxanaya aparmağı tələb
etməsi, özünü mərd-mərdanə müdafiə edən ferma müdirinin sözünü
dinləməyən sədrin evə qayıtdıqdan sonra öz maşını ilə Qaraşı
xəstənin ardınca göndərməsi insani keyfiyyətin açılışına xidmət
edir. Rayona yeni raykom katibi təyin olunan Şərəfin (Məmmədrza
Şeyxzamanov) Rüstəm kişinin cəbhə dostu olduğunun bəlliliyi
problemin həllinə yönələn hadisələrə rəvac versə də, Mayanın
suvarmanı düzgün aparmayan briqadir Lal Hüseyni məzəmmətləməsi,
qonşu kolxozun sədri Kərəmoğlu ilə sosializm yarışına hazırlıq, yun
və yağ planının doldurulmamasının, pambıq sahələrinə gübrənin az
verildiyinin üzə çıxması istehsalat mövzusunu qabardır. Nəhayət
Rüstəm kişinin oğluna "Sən kişi olsan, arvadı öz başına
buraxmazsan!" deməsi, Naznazın Qaraşı tora salmaq istəməsi
ziddiyyəti şəxsi-psixoloji motivə, ailə müstəvisinə gətirir. Gecə
Naznazın Qaraşı evinə dəvət etdikdə paralel montajda tənha Mayanın
ərinin: "Mən səni qızılgül kimi bağrıma basıb oxşayacağam"
sözlərini xatırlayaraq piano arxasına keçməsi əyalət təfəkkürlü
sentimentalizmi bəyan edir. Paralel montajda tikanlı kəlmələrlə
Naznazın arvadının at belinə yaylağa getməsini Qaraşa xatırlatması
və işdən qayıdan kolxozçu qadınların onları görməsilə dedi-qodunun
artması, atanın oğluna sillə vurması, həyətdəki zanbaqlarla
vidalaşaraq evdən gedən Mayanın qonşu kənddə kirayənişin qalması
dövlət planının doldurulduğunu, hökumət malına kəm baxmadığını
deyən çoban Kərəmi kolxozçuların müdafiə etməsi, raykom katibi
Şərəfin müdaxiləsilə anonim məktub yazanın axtarılması gözönü
ziddiyyəti artırır.
İkili ekspozisiyada Rüstəm kişinin öz-özü ilə danışması
şərtiliyi artırmaqla informasiya gerçəkliyinin üzərinə kölgə salsa
da: "Səndən əvvəl olanların gözündə hamı düşmən kimi görünürdü"
cümləsi stalinizmə mesaj kimi səslənir. Rayondan yeni texnika
gətirərək suvarmanın səviyyəsini yüksəltməklə Rüstəm kişinin
gözündə qalxan Mayanın evə qayıtması naminə atasının qonşu kolxozun
sədri Qara Kərəmoğluna göndərdiyi kitabı çatdırmağa gedən Qaraşın
həyətdə zanbaq yığması və eyni çiçəkləri Salmanın gecə Mayanın
pəncərəsindən içəriyə atması melodrama üçbucağını qızışdırır. Kəbin
kəsdirməyi təklif edən Naznaza Qaraşın:
"Mənim gül kimi arvadım var. Sən onun dırnağına da dəyməzsən!"
cavabını verməsi, Pərişanla Şirzadın yaxınlığını görən Rüstəm
kişinin qızını ərə vermək niyyəti və gəlib çıxan Şərəfin apardığı
iclasda imzasız məktub yazanların ifşası, qaranlıq gecədə Lal
Hüseynin çadırına yaxınlaşan qoca çobanın onun Yarməmmədlə fermanı
talamaq barədəki söhbətini Rüstəm kişiyə çatdırması, aradan çıxan
Salmanın yolüstü rastlaşdığı Mayaya pulları göstərib: "Ömrümüzün
axırına qədər çatar!" deyə, az qala gəlini zorlamaq istədiyi
məqamda at belindəki Rüstəm kişinin özünü çatdırması xeyir-şər
qarşıdurmasını səciyyələndirir.
Salmanı, Yarməmmədi, Lal Hüseyni qamçılayan Rüstəm kişinin
dəyənəklə başından vurularaq suya atılması buraxılan səhvlərin
cəzası kimi səslənir. Gur çayın apardığı yaralı Rüstəm kişinin
harayına məhz çoban Kərəmin yetişməsi kimin kim olduğunu gözönü
hadisədə təsdiqləyir. Xəstəxana çarpayısına uzadılmış yaralı Rüstəm
kişinin dostu Şərəfə işdən çıxacağını bildirərək: "Mən səni
gələcəyi yaradanlar sırasında görməyə öyrəşmişəm!" cavabını alması
şəxsiyyət faktorunun hələ də yaşadığını təsdiqləyir. Rüstəm kişinin
yanına gələn Mayaya üzrxahlıq etməsi, bir–birinə yenidən qovuşan
gənclərin açılan səhəri seyr etmələri problemlərin həllini
verir.
9 oktyabr 1962-ci il tarixli Bədii şurada: "Kolxozlarda ədalət
və demokratiya uğrundakı mübarizənin metodu köhnə günləri
xatırlatmaqla filmin qüsuruna çevrilir" deyən Rza Təhmasibdən
sonra, "Şəxsiyyətə pərəstiş, xalqdan aralanma məsələsi düzgün
əksini tapmışdır" fikirlərinin sahibi, əsərin və ssenarinin
müəllifi Mirzə İbrahimov ədəbiyyat və sənətimizin yalnız zahiri
bərpaya qadir olduğunu təsdiqləyir. Əlbəttə ki, quruluşçu
rejissorun peşəkar üslubundakı teatrallıq kinematoqrafik
metodların tətbiqinə, mühitin mənzərəsinin açılışına, ikinci
planın yaranmasına, səslənmədə psixoloji məqamların ortaya
çıxmasına, musiqinin leytmotivə çevrilməsinə imkan vermədi.
Bununla belə məhz Həbib İsmayılovun dəqiq seçimi, iş birliyi
əsasında ekranda sonuncu rolunu oynamaqla sanki bizimlə vidalaşan
Ələsgər Ələkbərov filmin əsas dramaturji yükünü məharətlə çəkə
bildi".
19 may 1963-cü ildə çıxan "Ədəbiyyat və incəsənət" qəzetindəki
"Böyük dayaq" məqaləsində filmin məziyyətlərindən söz açan Cəlal
Məmmədovun: "Ələkbərov hər bir hərəkəti, hər bir baxışı ilə
göstərir ki, Rüstəm kişi nə isə daxilən özündən narazıdır. Onun
qəlbində daim nigarançılıq vardır. Tamaşaçı duyur: belə bir insan,
yəni yaxşı keyfiyyətləri üstünlük təşkil edən bir insan
cəmiyyətimizin böyük həqiqətini dərk etməyə bilməz" cümlələri
aktyorun daxili monoloqunu ali qayəsini dolayı yolla
səciyyələndirə bilir. Kinoşünas Nelli Hacınskayanın: "Romandan
fərqli olaraq filmdə Rüstəm kişinin insanlara, dünyaya baxışının
dəyişməsi cəhdinin açılışı, özünün özü ilə mübarizənin nəyin
hesabına başa gəlməsi yoxdur və şekspiranə rolların mahir ifaçısı
kimi məşhur aktyor-Ələkbərov rolun sxematikliyini aşa bilmir"
fikirləri əslində dövrün sosrealizm ictimai üslubunun dəyişməsidir.
Siyasətdən uzaq Qaraş rolu ilə bu filmdə ilk böyük rolunu oynayan
Həsən Məmmədov isə fəth edəcəyi ekran sənətində ilk addımlarını ata
bildi.
6 iyun 1963-cü ildə çıxan "Sovet kəndi" qəzetində İnqilab
Kərimovun "Böyük dayaq filmi haqqında" məqaləsindəki: "Qaraşla
Mayanın yataq otağını təsvir edən açıq səhnə yaxşı təsir
bağışlamır. Ölkəmizin digər kinostudiyaları tərəfindən istehsal
olunmuş bir sıra kinofilmlərdə göstərilən ərlə-arvadın (yaxud
sevgililərin) çarpayı söhbətinin "Böyük dayaq" kimi layiqli bir
filmə gətirilməsinin nə mənası varmış?" sualı mühafizəkarlığın
göstəricisinə çevrilir.