Axar.az-ın "Xatirə dəftəri"
layihəsinin budəfəki qonağı Qarabağda şəhid olmuş, qəhrəman döyüşçü
Famil Qulaminin qızı Tamilla Məmmədova-Qulamidir. Tamilla xanım
atalı və atasız günlərinin xatirəsini bizimlə
paylaşır.
21 Azərdən başlayan yol
1983-cü il təvəllüdlüyəm. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin "Kulturologiya" fakültəsinin bakalavr,
magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Ailədə 3
övladıq. Məndən böyük qardaşım və məndən balaca bacım var. Qardaşım
dövlət qulluğunda, bacım isə özəl şirkətlərdən birində çalışır.
Anam evdar qadındır. Qardaşım və mən ailəli, bacım subaydır.
Babam Miriş Qulami 1946-cı ildə 21 Azər hərəkatının fəallarından
olub. 21 Azər Hərəkatı süquta uğradıqdan sonra Quzey Azərbaycana
gələn babam Tərtərdə məskunlaşıb. Atam Famil Qulami 1957-ci ildə
Tərtərdə doğulub. 79-cu ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu, 81-ci ildə Qazaxıstan SSR-nin Semipalatinskdəki hərbi
texnikumu bitirib. Anamı da universitet illərində tanıyıb. Anamdan
"hə" cavabını 5 ildən sonra alıb. Anam Gövhər Qulami 1962-ci ildə
Bakıda doğulub. İlk ixtisası mühəndis olsa da, sonradan
məktəbəqədər müəllim təhsilini alıb.
Hərbi xidməti bitirdikdən sonra bir müddət Bakıda Statistika
idarəsində baş iqtisadçı vəzifəsində çalışıb. Sonra Tərtər
Statistika İdarəsində işinə davam edib. 1988-ci ildə hadisələr
başlayanda atam çox narahat idi. İndiki kimi yadımdadır. Bir dəfə
dedilər ki, ermənilər bizim torpaqlara keçib dinc əhaliyə hücum
etmək istəyir. Atam gecə yuxudan oyanıb nələr baş verdiyini
öyrənmək üçün küçəyə çıxanda qardaşımın şalvarını geyinib, "mən də
səninlə birgə gedəcəm", - dedim. İndiyə kimi o mənzərə gözümün
önündən getmir. Ona çox bağlı idim. Onunla nəfəs alırdım.
Vətən əldən gedər axı
Atam döyüşə könüllü getdi. 34 yaşı, 3 övladı vardı. Ana nənəm
ondan çox xahiş edirdi ki, bizi buraxıb getməsin. "3 övladla 29
yaşlı həyat yoldaşını qoyub getmə", - deyəndə atam, "mən getməsəm,
o getməsə, vətən əldən gedər axı" - dedi və getdi.
Atam anasını çox tez itirib. Ana nənəm atama çox bağlı idi. Onu
çox istəyirdi. Atamdan sonra nənəm heç vaxt başına xına qoymadı,
heç bir toyda qol qaldırıb oynamadı. Düzdü, deyəcəksiz ki, sevgi
bunların göstəricisi deyil, amma onlar üçün bu belə idi. Nənəm heç
öz övladlarının toyunda oynamadı atamdan sonra. Atam hər kəsin
sevimlisi idi. Şeir yazardı, çoxlu kitab, qəzet oxuyardı. Onun
işdən evə gəlməyini səbirsizliklə gözləyərdik üçümüz də. Evə
gələndə iki dəfə öskürərdi. O iki öskürək bizim həyatımızın sevinci
demək idi. Tez eyvandan baxırdıq, əlində qəzet və çörəklə gəlir.
Uzun saçlı, enlikürəkli atam. Bütün atalar kimi o da gözəl idi.
Mənə elə gəlirdi ki, mənim atam kimsəyə bənzəmir. Elə gözəl
şəkillər çəkirdi ki! Əsgərlik fotolarının yanında öz rəsmləri də
olurdu. Cızma-qara etməyi sevirdi. Onun dəftərlərinin arxasında
mütləq bir şeir misrası olurdu.
Qardaşım Rəşad atama çox bənzəyir zahirən. Amma xasiyyətcə elə
də bənzəmirlər. Qardaşım çox qısqancdır, atam isə elə deyildi.
Məsələn, anama yolla gedərkən kimsə baxsaydı, atam fərəhlənərdi.
Hətta kimsə deyəndə ki, sənin acığına gəlmirmi bu hallar, atam
deyərdi ki, mənim həyat yoldaşım gözəldir, nə etməli?
Gələcək gözəl gələcəkdi
Atam 1992-ci ilin yazında müharibəyə getdi. Anamın onun
getməməsi üçün qarşısına çıxmasını xatırlamıram. Bəlkə də deyib,
əlbət ki, deyib. Amma ana nənəmin ona "getmə, ailəni, bizi qoyub
getmə" deməsini xatırlayıram.
Müharibənin bir oyun olduğunu düşünürdüm. Başladı və bitəcək
kimi bir oyun. Biz Bakı-Tərtər yolunu su yolu etmişdik. Anam
Bakıdan olduğundan daha çox burda yaşayırdıq. Atam savaşa gedən
ildə Tərtərdə yeni tikilən binalardan birində ev aldı bizim üçün.
Müharibə bitəcək, biz də hamımız birlikdə o gözəl evdə
yaşayacaqdıq. Gələcək gözəl gələcəkdi. Atam yenə də bizim yanımızda
olacaqdı. Amma sən saydığını say...
Atamın ən böyük istəyi bizim təhsil almamız idi. Çox istəyirdi
əla oxuyaq, hətta "4 almayın - deyirdi. - Oxusanız həyatda
istədiyiniz hər şeyə nail olacaqsınız". Yadımdadır, zarafatla
demişdi, 5 alsanız, hər 5-ə 20 qəpik, 4 alsaz, 15 qəpik verəcəm. 3
qiymətini isə ümumiyyətlə qəbul etmirdi.
Bacım hələ 5 yaşına yeni girmişdi, qardaşımın 10, mənimsə 9
yaşım hələ tamam deyildi o şəhid olanda...
Düşmən olsa belə, əliyalındırsa...
Tərtərdə də savaşırdı. Artilleriya üzrə batalyon komandiri idi.
Tərtərdə hamı onu çox sevirdi. İndiyədək onun qəhrəmanlıqlarından,
insanlığından danışırlar. Atamgil bir gün əsirləri Tərtərdə Həzi
Aslanov küçəsi var, oradan keçirirmişlər, küçədən biri əlinə daş
alıb erməni əsirə atmaq istəyəndə atam qoymayıb ki, düşmən olsa
belə, əliyalın birinə əl atmaq olmaz.
Atam Tərtərdə savaşda olanda biz Bakıda yaşayırdıq. Fürsət
tapdıqca gəlib bizimlə görüşürdü. Savaşda olduğu vaxt cəmi 3, ya 4
dəfə gəlib.
Anam elə xoşbəxt idi ki... Onlarınkı sevgi
idi
9 may 1992-ci il tarixində atam cəbhə bölgəsindən - Tərtərdən
Bakıya - yanımıza gəlmişdi. "Əsgər marşı"nı bizə yazdırdı,
oxutdurdu, sonra bizimlə həyətə düşdü. Daha doğrusu, özümüz təkid
elədik ki, bizimlə həyətə düşüb, sonra evə qayıtsın. Məhəllə
uşaqlarının yanında qürurlanırdıq, fəxr edirdik ki, o, bizim
atamızdı, yanında görünmək istəyirdik. Hətta gizlənqaç oynayanda
onu gətirən hərbi maşının sağında, solunda gizlənirdik, başqa
gizlənəcək yer yox idi sanki... Ən son onu anamla gəzməyə gedən -
bu şəkli çəkdirdikləri gün - 9 may günü görmüşdüm. Anam elə xoşbəxt
idi ki! Onlarınkı sevgi idi... "Əsl" demirəm... çünki sevgi elə
sevgidir, əsli, yalanı yoxdur. İndiyədək gedərkən onun geriyə dönüb
anama, sonra bizə baxdığı baxışları heç vaxt unutmuram... Ən son
onu 92-ci ilin 4 iyununda gördük.
Qəlpə anamın alnından keçib atamın ürəyinə
dəyib
Atamın şəhid olmasını gizləmişdilər hamımızdan. Tərtərdən zəng
gələndə "Famil yaralanıb, sizi görmək istəyir" demişdilər anama.
Anam deyir ki, elə bil ürəyimdə nə isə qırıldı o xəbəri eşidəndə.
Amma ümidli və inamlı idim ki, yaşayır. Famil ölə bilməz. "O
güclüdür, bizi qoyub gedə bilməz", dedi. Tələm-tələsik dayımla ona
lazım olan şeylər, bir də "Astra" siqareti alıb, düşüblər yola.
Anam deyir, Tərtərə necə çatdığımı dillə anlatmaq çətindi... Onu
görəcəyinə inanırdı anam. Amma sən demə, bomba partlayanda bütün
bədəninə qəlpələr girib. Əlləri, qolları, ayaqları, qarnı... Və...
Başı... Qəlpə başına elə giribmiş ki, üzü tanınmaz hala düşüb.
Qohum-qonşu deyir ki, qəlpəni başından çıxarandan sonra tanıyıblar
ki, odu. Anam gəlib çatanda artıq yuyub kəfənə sarımışdılar atamı.
Qoymayıblar anam üzünə son dəfə baxsın. İndiyədək anam onun acısını
yaşayır. Amma bir tərəfdən də deyirik ki, bəlkə də belə yaxşı
idi... Atamın ürəyindən dəymiş qəlpə yerində anamın şəkli olub. Düz
anamın şəkildəki alnının üstündən ürəyinə dəyib qəlpə. O şəkil və
cibində çıxan pullar, ulduzları, darağı, qələmi, kiçik bloknotu
indiyədək xatirə kimi bizimlədir. Qara musiqili sandıqçada əbədi
xatirəsi var. Ürəyimizdəki kimi...
Onun qarşısında hər zaman 9 yaşlı qızcığazam. Hər dəfə məzarı
üstünə gedəndə, sanki gülümsəyir gözləri, vidalaşanda kədərlənirmiş
kimi görünür gözlərimə... Hər dəfə onu düşündükcə bu vətəni daha
çox sevirəm, daha çox bağlanıram. Bəzən müharibə olsa, deyirlər ki,
xeyr ola, mən getməyəcəm, məmur övladları getməyəcək, mənmi
getməliyəm?! Anlamırlar, bu sevgini bilmirlər... Bu vətən
hamımızındır; sənindir, mənimdir, onundur... Sevən sevəcək,
sevməyənlərə də elə bir sevgi göstərməliyik ki, sevməyi öyrənsin.
Sevməmək qəbahət deyil, qəbahət sevgini göstərə bilməmək, duydura
bilməməkdir...
"Ata, mən də səninlə gedəcəm" deyən qızı
Atam üçün fərqi yox idi, oğul övladı, yoxsa qız övladı...
Düşünürəm ki, atam daha çox məni sevirdi. Bəlkə də uşaqlıqda
səhhətimdə daha çox problemlər olub, ona görə: bilmirəm. Qohumlar
deyir ki, səni çox istəyib. Hər bir kişinin arzusu oğul atası
olmaqdır. Qardaşım ilki idi onun. Çox sakit olub Rəşad. Mənsə 2
yaşına kimi dəcəl olmuşam – anam deyir. Atam "nazlı qızım"
deyəcəyi, onunla nəfəs alacağı, daim arxasında dayaq olacağı,
sevdiyi olan zaman dərhal qaçıb atasına dost kimi ürəyini açacağı
bir qızı olmasını istəyirdi hər zaman... Onunla nəfəs alacağı,
gecələri nağıllar uydurub danışacağı, dünyada hər kəsdən gözəl, hər
kəsdən ağıllı sayacağı qızı, savaşa hazırlaşanda gecə yarısı şirin
yuxudan dik atılıb, böyük qardaşının şalvarını geyib, "Ata, mən də
səninlə gedəcəm" deyən qızı, 1990-cı il 19-dan 20-sinə keçən qanlı
20 yanvar gecəsinin güllə yağışı altında belə atasıyla birgə olacaq
qızı var idi onun... Bizdən balaca bacımızın heç 5 yaşı tamam
olmamışdı. Atam heç vaxt balalarını, dünya gözəli həyat yoldaşını
buraxmayacaqdı... Amma Vətən sevgisi hər şeyə üstün geldi... Hər
şeyə...
Bacımın çox az şeylər yadındadı. 4 yaşında atanı itirən bir uşaq
üçün çox çətindi atasızlıqdan danışmaq. Atalı olanlara baxıb yaxşı
mənada həsəd aparırıq sanki.
Bilirsiniz, atamın şəhid olduğu gün mənim ayağıma blokda
dayandığım yerdə qapının şüşəsi töküldü, kəsik-kəsik etmişdi.
Ayağım kəsiləndə elə hönkürtüylə ağlamışdım ki... Bəlkə də ruhumun
bir köşəsində onsuzluğa ağlamışdım.
Anam intihar etmək istədi
40-ı günü Tərtərə gedəndə həyətə çatanda bir çadır quruldugunu
gördüm. Babam hardasa 1 il idi dünyadan köçmüşdü. Mən də uşağam da,
xatırlamıram ayları. Elə bildim ki, onun ildönümüdü. Qapıya çatan
kimi bacımla qaçdıq bağa, meyvə dərməyə. Uşaqlıqda heç vaxt
kiminləsə görüşməyi sevmirdim. Utanırdım, çəkinirdim. Salam verib
qaçırdım... Nənəm mənə güllü don almışdı, onun ətəyinə alçaları
doldurmağa başladım. Bir az keçmişdi anam gəldi. Biz də ondan
dərhal atamı soruşduq. İndiyə kimi yadımdadı, anamın gözləri doldu
birdən... Bizi qucaqlayıb bir kəlmə dedi ki, "atanız bu dünyadan
köçüb, amma hər zaman sizin ürəyinizdə yaşayacaq, onu birlikdə
yaşadacağıq..."
Bu sözlərdən sonra bütün dünya dayandı gözlərimdə. Anam
qarşımızda diz çöküb bizi qucaqlamışdı. Əllərim ətəyimdən üzüləndə,
alçalar yerə səpələnəndə bütün uşaqlığım gözümün qarşısında bir
sandıqda qıfıllandı... Artıq mən uşaq deyildim. Uşaqlığım yerə
tökülən alçalarla birgə torpağa gömülmüşdü. Atamı itirdiyimi
öyrəndiyim gün...
Anam onun ölümünü eşidən gün intihar etmək istəyib. Biz
Bakıdaydıq onda. Bəlkə də yanında olmamışıq deyə, zəif olub. Deyir
ki, intihar etməyə hazırlaşanda dərhal üçünüz də gəlib gözümün
qarşısında dayandınız və mən anladım ki, atanızın istəyi olaraq
sizi böyüdüb ona layiqli etməli, sizi yaşatmalıyam ki, atanızı da
yaşadaq...
Atamdan sonra biz Tərtərdə atamın aldığı evdə yaşamağa başladıq.
Hər gün güllə, savaş səsləri... Və bu səslərdə hər şeyə hazır
olmaq... Nənəm çox gəlib gedirdi ki, bizi Bakıya qaytarsın. Amma
anam demişdi ki, Familimin gözünü yumduğu torpaqda mən də gözümü
yumacam. Amma sabah nələr olacağını kimsə bilməz. Tərtər İcra
Hakimiyyətinin başçısı Sərdar Həmidov şəhid ailələrinə lazımi
yardımı edirdi. Hər ay evin ərzaqları var idi. Ərzaq sarıdan
əziyyət çəkmirdik. Amma müəyyən səbəblərdən o vəzifəsindən azad
olduqdan sonra bizim də çətin günlərimiz başladı. Düzdür, dövlət
tərəfindən hər uşağa pul ayrılırdı, amma bir tərəfdən də anlayırsan
ki, ata yoxdursa, istəyirsən milyonların olsun, onun qayğısının,
doğmalığının əvəzini kimsə vermir.
Artıq Tərtərdə qala bilməyəcəkdik. Orda demək olar ki, bizə
dayaq olan kimsə yox idi. Bakıya, nənəmgilin yanına gəldik. 1998-ci
ilə qədər onlarla birgə yaşadıq. Əhmədlidə orta məktəbdə davam
etdirdik təhsilimizi. Nənəmgil bəzi səbəblərdən Sabunçuya köçəsi
oldu, bizə isə yolumuz uzaq olduğuna görə dayılarım Əhmədlidə
kirayə ev tutdular ki, məktəbə gedib-gəlmək bizim üçün çətin
olmasın. Ev sahibiylə də yaxından tanış oldular, ünsiyyət
yaratdılar. Tez-tez gəlib bizi yoxlayırdılar, həftəsonları
nənəmgildə qalırdıq. Çox balaca idi yaşadığımız otaq. Amma anamın
sevgisi, qayğısı hər şeydən üstün idi bizimçün.
Famil Qulami küçəsi
Atamın adına olan küçədən keçərkən yoldan ötən birinə "bura
hansı küçədir?" soruşuram bilərəkdən. "Famil Qulami küçəsi"
deyirlər... Onun adının verildiyi küçədən keçmək, birinin dilindən
onun adını eşitmək necə fəxarətdir, bir bilsəniz... Görməsəm də,
onun bu torpağı qorumaq üçün necə qəhrəmanlıqlar etdiyini hiss
etmək o qədər də çətin deyil.
Universitetə daxil olduğumu öyrənən zaman, rəfiqəm də öz kodunu
jurnalda tapmayıb ağlaya-ağlaya atasına zəng vurdu ki, qəbul
olmamışam. O biri xətdən atasının səsi gəldi ki, qızım, canın sağ
olsun, gələn il yoxlayarsan yenə. Pis niyyətlə deyil, amma içimdə
elə fırtına qopdu ki, həmin an. Düşündüm ki, kaş ki, mən atama
telefon edib, "qızın universitetə qəbul olub", deyə bilsəydim. Ona
o qədər ehtiyacım var idi ki!