Ana səhifə Reportaj |
Axar.az türkiyəli məşhur jurnalist və hərbi müxbir İrfan Sapmazla müsahibəni təqdim edir:
– Azərbaycanda “Avrasiya” adlı qəzetiniz fəaliyyət göstərirdi. Onun nəşri niyə dayandı?
– Təxminən 12 il Azərbaycanda qaldıq. Bizim Can Azərbaycanımız! Ən yaxşı illərimizi orada keçirdik. “Avrasiya” qəzetində işləyən azərbaycanlı dostlarımız sayəsində qəzetimiz adını ölkə tarixinə yazdırdı. Ancaq təəssüf ki, daha sonra nəşri dayandıraraq, Türkiyəyə dönmək məcburiyyətində qaldıq. Çünki maddi vəziyyətimiz qəzet çıxarmağımıza imkan vermirdi. Üzülərək Azərbaycanı tərk etdik.
– “Avrasiya” qəzetində birlikdə çalışdığınız insanlarla əlaqə saxlayırsınızmı?
– Hazırda yalnız sosial media vasitəsilə ünsiyyətdəyik. Təəssüf ki, sosial mediaya girməyə və dostlarla görüşməyə, danışmağa çox vaxtım yoxdur. Çox sayda mesaj gəlir, amma vaxt məhdudiyyətinə görə onları oxuya bilmirəm. Bəlkə, bir çox dostum cavab vermədiyim üçün məndən inciyib. Ancaq həqiqətən də yüzlərlə mesaja bir-bir cavab verməyə vaxtım yoxdur. Fürsətdən istifadə edərək, sizin vasitənizlə “Avrasiya” və “Hər gün” qəzetlərində çalışan dostlarımıza, qardaşlarımıza ən xoş arzu və salamlarımı çatdırıram.
– Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz?
– 2011-ci ildə Azərbaycanı tərk etdim və qayıtmağa vaxtım olmadı. Ancaq ümid edirəm ki, bu ilin sonunda Azərbaycana gəlmək planım baş tutacaq. Çünki doğrudan da Azərbaycan üçün çox darıxmışam. Azərbaycanda baş verən hadisələri yaxından izləyirəm. Çox şeyin dəyişdiyini öyrəndim. Qismət olarsa, gəlib öz gözlərimlə görmək və köhnə xatirələrimi yad etmək istəyirəm.
– SAHA informasiya agentliyini hansı məqsədlə yaratmısınız? Türkiyədə media agentliklərinin bolluğunu nəzərə alsaq, bu agentliyi önə çıxarmağa müvəffəq ola biləcəksinizmi?
– Məqsədimiz jurnalistikaya yeni nəfəs gətirməkdir. Adından da göründüyü kimi, əsl jurnalistləri meydana (türkcə: saha) çıxarıb, işlərindən yararlanmaq istəyirik. Bildiyiniz kimi, dünyanın tək-tük savaş müxbirlərindən biriyəm və öz təcrübəmi bu agentlik vasitəsilə insanlara ötürmək arzusundayam.
– Nəyə görə hərbi müxbirliyi seçdiniz?
– 1983-cü ildə Adanada jurnalistikaya başlamışam. İstanbulun məşhur və təcrübəli jurnalistləri arasında olmaq, uğur qazanmaq asan deyildi. Buna görə də hərbi müxbirliyi seçdim. 1987-ci ildə Əfqanıstana getdim. İllərlə Sovet İttifaqı ilə əfqan mücahidləri arasındakı müharibələri yaxından izlədim. Sonra Azərbaycana gəldim. Hazırda işğal altında olan Azərbaycan ərazilərindəki döyüşləri izlədim. İşğal olunmuş ərazilərinizdə ayaq basmadığım yer qalmayıb.
– Müharibələrin ağrı-acılarını görmüş biri kimi, sizcə, bu savaşları durdurmağın bir yolu varmı?
– Təəssüf ki, bu müharibələri dayandırmağın yolu yoxdur. Çünki ABŞ başda olmaqla, Rusiya, İngiltərə, Almaniya və Fransa kimi dünya nəhənglərindəki müharibə tacirləri milyard dollarlıq silahları sataraq, sərvətlərinə sərvət qatırlar. Bütün savaşlar bu cür təhrik olunur və nəticədə daha çox silah satılır. Dünyada hər zaman müharibə olacaq. Buna görə müharibə müxbiri olaraq, dünyanın ilk müharibə kanalının əsasını qoydum və www.wartv.net veb səhifəsini açdım. Onu 24 saat efirdə olan bir televiziyaya çevirməyi planlaşdırıram.
– Sizi müharibə müxbiri kimi tanıyırıq, amma şəxsi həyatınızla bağlı heç nə bilmirik. Bizə özünüz haqda danışa bilərsinizmi?
– Ən çətin şey insanın özü haqda danışmasıdır. Çünki insan həmişə özünü axtarır. Mən özümü axtarıram, böyük bir axtarış içindəyəm. Buna “sufi yolu” deyirik. İnsan özünü kənarda deyil, yalnız öz içində, öz qəlbində tapa bilər. Mən də onu ürəyimin dərinliyində axtarıram, sufi alimlər onu “Qara dəlik” adlandırır. Bu “qara dəlik”dən keçə bilsəm, istədiyim hədəfə çatacağam. Demək istəyirəm ki, böyük mənəvi sirlərə yiyələnə biləcəm. Müharibə müxbiri olaraq, dünya artıq mənim üçün əhəmiyyət kəsb etmir. Buna görə də qorxmadan müharibəyə gedirəm. Mən cəbhələrdə bombalar altında, mərmi yağışının ortasında işləməliyəm və ölüm qorxusunu dəf etməliyəm. Çünki harda olursansa-ol, ölüm gəlib səni tapacaq. Bunun üçün müharibənin içində olmaq lazım deyil. Buna görə də sufi alimlər “ölmədən öncə ölün” deyirlər. Yəni ölmədən öncə ölməyi bacarmaq lazımdır. Bu, əlbəttə ki, fiziki ölüm deyil, mənəvi ölümü dadmaqdır.
– Xocalı soyqırımını dünyaya təqdim edən ilk jurnalistlərdənsiniz.
– Mən azərbaycanlı dostum Ağası Hunla Ağdamda olduğum zaman Xocalıda bir qırğın olduğunu öyrəndik və oraya gedərək, yaşananların fotoşəkillərini, videolarını çəkib, dünyaya çatdırdıq. Ancaq təəssüf ki, hələ də Xocalı soyqırımını dünyaya lazımı qədər çatdıra bilməmişik.
– Türkiyədəki media orqanları, vətəndaş cəmiyyətləri Qarabağla bağlı çox az məlumata sahibdirlər. Hətta Qarabağı erməni torpağı hesab edənlər də var. Qardaş ölkədə Azərbaycanla bağlı bu məlumatsızlığın səbəbləri nədir?
– Bu mənada həm Azərbaycan, həm də Türkiyə mediası olaraq təəssüf ki, üzərimizə düşənləri tam olaraq yerinə yetirə bilmədik. “CNN Türk”ün koordinatoru olduğum 1,5 illik müddətdə Türkiyə televiziyalarında Azərbaycan və Qarabağ xəbərlərini yayımlayırdım. Şöbə müdirlərinə tapşırmışdım ki, Azərbaycanla bağlı hər hansı bir xəbər gələrsə, mütləq mənə məlumat verib, televiziyada işıqlandırsınlar. Ancaq Türkiyə mediası olaraq, bu mövzuda tam uğur qazandığımızı deyə bilmərik.
– Müharibə müxbiri olaraq, sizin fikriniz bizim üçün maraqlıdır. Sizcə, Azərbaycan Qarabağ savaşında qalib gələ biləcəkmi?
– Müharibə müxbiri kimi yubileyimi qeyd etmək istədiyim yer, şübhəsiz ki, Qarabağdır. Qəhrəman Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əsgərləri ilə polad dəbilqəmi geyinərək, Qarabağın qaytarılmasını canlı yayımla dünyaya çatdırmaq istəyirəm. Və bunun olacağına inanıram. Yetər ki, buna təkcə mən yox, hamımız inanaq. Azərbaycan Ordusunun əsgərlərinin böyük təlimlər keçərək, peşəkarlaşdıqları ilə bağlı məlumatlar əldə edirəm. Bir gün televiziyada Azərbaycan Ordusu haqqında böyük bir proqram və ya sənədli film çəkmək istərdim. Sizin vasitənizlə Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə salam və hörmətimi yollayıram.
Tarix
2019.10.23 / 09:00
|
Müəllif
Rəfiqə Əlisəfa
|