İradə Tuncayla "Şair ailəsi"
layihəsində görüşdük. Hələ ötən ilin sonlarında söhbət etmək
istədiyimi demişdim. Yeni ilə qalsın, demişdi. Yanvarın
ikinci yarısında vədələşdiyimizi yadına saldım. Yanvarın
22-də, günün 2-ci yarısında işdə olacağını dedi. Beləliklə, baş
redaktoru olduğu "Ədalət" qəzetinin redaksiyasında söhbətimiz
alındı.
Mən özümü arxa plana keçirdim
- İradə xanım, ənənəvi sualla başlayaq.
Necəsiz?
- Mən də ənənəvi cavab verim: yaxşıyam.
- Neçə vaxtdır müsahibə almaq istədiklərimdən biri də
siz idiniz.
- Çox olur deyə, etiraz edirdim. Oxucuları bezdirməmək üçün. Nə
isə lazım olanda yazırlar, zəng eləyib soruşurlar. Düz deyil axı,
başqa adamlara da müraciət edin də...
- Məsəl var e, iki qoçun başı bir qazanda qaynamaz.
Sizdə ailədə...
- Mən əvvəldən bir az geri durmuşam ki, onun qoçluğuna mane
olmayım. Görünür, mənim ona mane olmamağım bizim də bir qazanda
qaynamağımıza mane olmadı. Çünki mən uzun müddət hər şeydən uzaq
durdum. Özümü ancaq ailəyə həsr elədim. Bilmirəm, bu yaxşıdır, ya
pis, ancaq bu bir faktdır. Görünür, bu bizə və bizim ailə kimi
oturuşmamıza, formalaşmağımıza yardım etdi. Mən özümü arxa plana
keçirdim.
İndi həmin o olmayanları yaşayıram
- Bu, Aqil müəllimə sərf edirdi?
- Hə, əlbəttə ki, sərf eləyirdi. Mənə elə gəlir ki, bu hal bütün
kişilərə sərf eləyərdi.
- Bu ictimai baxışda belə oldu, bəs evdə?
- Qadın evdə arxa planda qala bilməz. Ev quruculuğunda, daşın
daş üstə qoyulmasında yük qadının çiynində olur.
- Bəzən status yazırsız və sanki Aqil müəllimi
qıcıqlandırırsız. Gənc, yeniyetmə bir qızın şıltaqlığı hiss
olunur.
- Bunun nəyi pisdir ki?
- Demədim ki, pisdir. Yaxşıdır. Adama elə gəlir ki,
ötənlərdə yaşanmayan hisslər, günlər yaşanır, geriyə
dönürsüz.
- Hə, düz tutmusuz. Ötənlərdə itib-batan çox şey var. Mənə elə
gəlir ki, heç nə üçün heç vaxt gec deyil. Bu, təkcə bizim
münasibətlərə aid deyil, böyüdüyüm ailədə hansısa qadağalar olub:
elə eləmə, ayıb olar, nə deyərlər və sair. Günlərin bir günü içində
yaşamaqdan bezirsən, gün üzünə çıxır hisslərin... Və həm də artıq
yaşın gətirdiyi arxayınlıq da var axı... İndi mən həmin o
olmayanları yaşayıram.
"Dolu"ya qədər o, yazıçı olmaq üçün gəlirdi
- Bir yazıçı ailəsində doğulmuş qızın gənc yazıçının yol
yoldaşı, ömür yoldaşı olmasında tərəddüdlər oldumu?
- Sizə deyim ki, heç bir tərəddüd olmadı. Düzdür, kiçik, o qədər
də nəzərə çarpmayan nələrsə oldu, həm bizim ailədə, həm də onların
ailəsində. Amma üstümüzə çox gəlmədilər.
- Hansı əsərindən sonra Aqili yazıçı kimi qəbul
etdiz?
- "Dolu"dan. O vaxta qədər o, yazıçı olmaq üçün gəlirdi. İlk
gənclik illərində yazdıqlarını qoyaq qırağa, sonradan yazdıqlarını
birinci mən oxumuşam. Həmişə verirdi mənə ki, oxuyum. Məndən nə isə
eşitmək istəyirdi. Mənim də ədəbi zövqümdə bir az qəddarlıq vardı
deyə o, ömrü boyu özünü mənim qarşımda sübut eləməyə çalışırdı. Axı
onun evinə gələnə qədər öz evimizdə yazıçının ən böyüyünü
görmüşdüm...
Aqilin əsərlərində kimlərsə var, mən yoxam
- Aqil müəllimin ilk oxuduğum əsəri "Ən xoşbəxt adam"
olub, orda siz varsız?
- Yox, mən Aqilin əsərlərində, ümumiyyətlə, yoxam. Kimlərsə var,
amma mən yoxam.
- Mənə elə gəlir ki, bu kimsələr onun əsərində və əgər
həyatında olubsa, günahkar sizsiz. Haradasa sizin özünüzün rolunuz
olub.
- Bəlkə də bu mənim səhvim olub. Mən istədim ki, Qərb yönümlü
insan kimi münasibətdə olum. Amma mənim ətrafımdakı insanlar elə
deyil axı. Ona görə döndüm oldum şərq qadını.
- Aqil müəllim nə qədər müasir olsa da, axı
millidi.
Qəribə bir əda və təbəssümlə gülür, üzünü yana çevirib istehza
dolu zarafat edir:
- Hə, çox millidir. Bu məsələdə xüsusi ilə...
O, yazdıqları qədər deyildi, hündürdə
idi...
- "Dolu"ya qədər çox əsərlər yazdı. Qədir Rüstəmov
haqda...
- Bu onun birinci povesti idi. "Evləri köndələn yar".
- Və digər povest və romanlar. Bu yazılanlar sizi oxucu
kim qane eləmirdi, ya ədəbiyyat bilicisi kimi?
- Ədəbiyyat bilicisi kimi. Oxucu kimi qane eləyə bilər. Amma mən
ondan başqa şey gözləyirdim. Çünki o yazdıqları qədər deyildi,
hündürdə idi.
Aqildən hətta qorxurlar da
- Sizcə, Aqil müəllim həyatda xanımı və oğlanları ilə
münasıbətdə nəyisə təkrarlamağı xoşlayır?
- Mən sizə deyim ki, cəmiyyət içində çox sərt görünənlər ailədə
yumşaq olur. Aqil ailədə tamam başqa adamdır.
- Demək istəyirsiz ki, Aqil müəllim çox
sərtdir?
- Var elə şeylər. O, sərtdir və sözünü deməyi bacaran adamdır.
Aqildən hətta qorxurlar da.
- Aqil müəllimin "Dolu" əsəri ilə "Çadırda Üzeyir
Hacıbəyov doğula bilməz" əsərində oxşarlıq və təkrarçılığı hiss
etmisiz?
- Var, əlbəttə var. Mövzu Qarabağ müharibəsidir də. Bilirsiz, o,
həmin ağrıları yaşayıb deyə, təkrar-təkrar yazır. Özü hiss eləmir
onların təkrar olduğunu. "Dolu"nu mən özüm redaktə eləmişəm. Elə
adını da özüm qoymuşam. Aqil uzun bir ad fikirləşirdi.
- Nə?
- "Dünyanın ən gözəl ölüsü". Dedim, ay bala, bu Markesin
əsəridir. Sən belə bir əsər yazıbsan, adı düzgün oturtmaq lazımdı.
"Dolu" olsun dedim. Dolu tək silah deyil ki. Dolu bizim üstümüzə
gələn dərddir, faciədir və biz dolunun altından necə çıxacağıq –
deyə azmı fikirləşmişik?..
Ədəbiyyata dolu kimi düşdü
- "Dolu"nu ədəbiyyatmızda da dolu əsər saymaq
olarmı?
- "Dolu" ədəbiyyata dolu kimi düşdü. Vaxtında yazıldı, gözəl
yazıldı. Mən bunu bir fakt kimi qəbul eləyirəm.
- Sizə elə gəlmirmi ki, bu əsərin təbliğatı düzgün
quruldu? Biz dostlar, siz yaxınlar və başqaları bütün
işimizi-gücümüzü atıb bu əsərin təbliğatı ilə məşğul
olduq?
- Mənə elə gəlir ki, yaxşı əsərin təbliğatı ilə məşğul olmaq
lazımdı. Çünki cəmiyyətdə ədəbiyyata qarşı biganəlik var. Düzdür,
indi dəyişib bir az... Beyinlərə xitab eləmək lazımdır.
Çoxlarının başqa yerləri də doyur
- Aqil müəllimin şərait yaratdığı dostlarla heç
qarşılaşmısız? Necə baxıblar sizə? Bu xanımın payını əlindən
almışam, deyə qürurlanmayıblar ki?.
- Anladım nə deyirsiz... - sonra yenə də qəribə bir əda ilə
əlavə edir, - Payımı? Yox bir... Bir dəfə bir yazımda yazmışdım:
mən o qədər zəngin insanam ki, artıqlarım ilə çoxlarının həm
qarınları, həm başqa yerləri də doyur...
- İradə xanım, görürəm ki, sizinlə söhbət eləmək asandı.
Amma mən bura gələnə qədər çəkinirdim.
- Bunu çox adamlar yazıb. Mənim görünüşüm aldadıcıdır. Çox göylə
gedən adam təəssüratı yaradıram. Amma o xətti tapmaq lazımdı.
- Sizin xatirələrinizi vərəqləmək istəyirəm. Mən
eşitmişəm ki, Aqil müəllim sizə görə kiminləsə dalaşıb
da.
- Dalaşmaq deməyək. Mənə meyli olan oğlana deyib ki, çəkil, o
qız sənlik deyil, mənlikdi.
- Sizin razılığınızı almadan həm də, əmin imiş yəqin
ki?
- Yox, onda münasibətlər yaranırdı. Özü də mənə çox heyrətli
gəlirdi. Sonradan onun xasiyyətinə bələd olandan sonra bildim ki,
Aqil öz məqsədinə çox əzmlə gedən adamdı. Fikirləşirəm ki, onun
kimi səbirsiz adam məni universitetin qabağında saatlarla
gözləyirdi. Çıxıb görürdüm durub gözləyir. Qorxurdu ki, mən
çıxaram, onu gözləmərəm. Ona görə də harada dərs keçirdiksə oranı
kəsdirirdi.
- Gecikdiyi vaxtlarda heç narahat olurduz?
- Təbii ki, çıxıb baxırdım, görüm harada qaldı? Amma heç
gecikmirdi ki...
Yəqin ki, onun məqsədləri də vardı
- Necə fikirləşirsiz, o, sizi görüb bəyəndi, yaxud
fikirləşib ki, Məmməd Arazın qızını alsam, daha yaxşı
olar?
Fikrə getdi. Görünür, o günləri vərəqləyirdi.
- Bilirsiz, necədir? Hər halda, nə mənim ailəmdə, nə də onun
ailəsində buna böyük alqışla yanaşmadılar. Mən onların ailəsini
bilirdim, onlar varlı qız istəyirdilər. Amma mənim atam varlı
deyil, şair idi. Və mənim valideynlərim də təbii ki,
fikirləşirdilər ki, bu izdivac necə olacaq; tanımırıq-eləmirik.
Amma deyim ki, çox belə maneələr də olmayıb. Yəqin ki, onun
məqsədləri də vardı. Çox güman hər ikisi də olub, əlli əlliyə,
yarıya-yarı, - gülümsəyir.
"Quql mama"
İradə xanımı övladları ilə bağlı söhbətə çəkirəm:
- Evdə qız kimi böyümək daha yaxşıdır, ya
oğlan?
- Bir söz deyim sizə, evdə oğul olmamağın ağırlığını mən çox
çəkmişəm. Ata həm var idi, həm də yox. Ona görə də yük var idi
üzərimizdə.
- Bəs qardaşsızlığı görən bir xanım olaraq bacısız olan
oğlanlarınız üçün həm də bacı ola bildiniz?
- Əvvəllər mənə elə gəlirdi ki, oluram. Sonradan gördüm ki, yox,
oğlanlarım məni hər şeyi bilən müəllim kimi qəbul edir. Yəni nə
sual olsa, mənə verib cavab alacaqlar kimi qəbul edirlər. Sizin
dediyiniz o bacı statusunda görmürlər. Yadımdadır ki, oğlum
İsraildə idi, oradan zəng elədi ki, filan-filan şeyləri sual
verirlər mənə. Mən də cavabını yazdım ona. O da mənə "Quql mama"
yazdı. Kiçik oğlum da mənə "hocam" deyir. Bu da Aqili bir az
qıcıqlandırır ki, nə sual olsa İradəyə verirlər.
- Bəlkə İradə xanım uşaqlara daha çox vaxt sərf edib,
onlar həm də dostdur?
- Bəlkə də...
- Bayaq dediniz ki, ictimai həyatda, işdə Aqil müəllimin
qəzəbli vaxtları olub.
- Evdə çox mehribandır. Evdə sərt vaxtları çox az olub.
- Bəlkə, evdəki mehribanlıq çöldəki "günahlarını" yumaq
üçündür?
- Bəlkə də... Bunu o, yaxşı bilər.
- Sizcə onun "günahlarının" dolu ağırlığı ola
bilər?
- Mənə görə, hə.
- Bunlar sizi incidib?
- Hə, elə indi də incidir...
- O incikliyi heç zaman büruzə verməmisiz?
- Mən uşaqlar balaca olanda evdə heç bir konflikt yaratmaq
istəmirdim. Bu, saxta sakitlik idi.
İndi az qala addımbaaddım dalımca gəzir
- Aqil müəllim qısqancdır?
- Əlbəttə. Deməyinə, ona-buna öyüd-nəsihət verməyinə baxmayın,
qısqancdır. İndi az qala addımbaaddım dalımca gəzir.
- Yəqin qısqanmağına şərait yaratmısız?
- Yox. Məndə saxta oyunlar yoxdur.
- Bəs xasiyyətinizdə oxşar olmayan nələr
var?
- Çoxdur. Mən heç vaxt yalan danışmıram.
- O, yalan danışırsa, bəlkə bu xeyirxah
yalandır?
- Mən xeyirxah yalanları da qəbul eləmirəm.
- O, bir sərkərdə olsaydı, necə olardı?
- Yox. Onun heç qəti intizamı yoxdur. Nə sərkərdə? – Qəribə bir
təbəssüm dolaşır sifətində, zarafat edir: - Ordu batardı ki...
- Amma geyim-kecimi, saçı, üzü çox
səliqəlidir.
- Onun geyiminə mən nəzarət eləyirəm. Nəzarət eləməyən kimi,
aləm qarışır bir-birinə.
- Onun əsərlərinin ilk oxucusu sizsiz dediniz, bəs o
necə, sizin kitabınız dərc olunmazdan qabaq oxuyur?
- Yox. Mən əvvəldən bəri heç vaxt yazılarmı ona vermirəm.
- Sizcə o, özünü sizin oxucunuz olaraq qəbul
eləyir?
- Hə.
O, arvadı haqda yox, yazıçı haqda danışardı
- Bəs niyə sizin əsərləriniz haqda ürəkdən danışmır?
Bəlkə ürəyinə gəlir ki, kişi qadını haqda danışır, deyə
fikirləşərlər?
- Yəqin o problem də var. Çünki cəmiyyətdə bu, düzgün qəbul
olunmur. Əgər bu haqda söhbət olsa, o, arvadı haqda yox, yazıçı
haqda danışardı.
- Siz onun üçün daha çox qadınsız, ya
yazıçı?
- Yox, qadın.
- Necə istərdiz: Sizi qadını olaraq, ya yazıçı olaraq
daha çox qəbul eləsin?
- Məncə, qadını. Bizim aramızda ədəbi müharibə yoxdur ki.
- Bəs bu müharibə hansı müstəvidə olub? Qadın-kişi
münasibətinizdə soyuqluq olub?
- Olub, əlbəttə. Mənə elə bir ailə göstərin ki, onlarda bu
yaşanmasın. Çox da uzaq olmayan günlərdə bir stress yaşadım... Elə
bil uzaqlaşdım, atdım hər şeyi onların üstünə. Buna bazarlıq da
daxil idi. Yemək də bişirmədim... Evdə köməkçim var. "Ağzımızın
dadı qaçıb, İradə evdə yemək bişirmir" - deyirdilər. Mən də
fikirləşirdim ki, o vaxt ki mən yemək bişirirdim, tək oturub evdə
sizi gözləyirdim - onda siz yox idiniz...
O, mənə yaşatdıqlarını unutdurmağa çalışır
- İki kişi -oğlanlarınız bir qədər aralıda olur, ikiniz
qalmısız. Bu bir kişi ilə çətindir?
- Yox, indi o bir-bir mənə yaşatdıqlarını unutdurmağa çalışır.
Amma insanın yaddaşı elədi ki, ummadığın, gözləmədiyin bir zamanda
gəlir gözünün qabağına....
- Aqil müəllimdən sonra "Ədalət" qəzetinə rəhbərlik
edirsiniz. Onun səsini eşidəndə işçilər bəzən hay-küy salırdı. Guya
işləyirlər, redaktor onları boş görməsin. Bəs indi necədir? "İradə
xanım gəlir, oturub özümüzü məşğul göstərək", - belə hallar
olurmu?
- Görürsüz, burda necə sakitlikdi. Hamısı xarakterdən asılıdır.
Bizim cəmiyyətdə isə mülayim kişiləri sevmirlər. Aqil də bizim
cəmiyyətin damarını tutmağı bacarır. Məsələn, mən sizə Aqilin ilk
vaxtlar hansı xasiyyətindən xoşum gəldiyini deyim. O, ümumi
çərçivələrə sığmırdı. Tutalım, kinoya getmişik, biletə növbədir. O
qaçırdı, növbədənkənar bilet alıb gəlirdi. Mənim atam isə elə
deyildi. Deyirdi, qanun nədir, elə də olmalıdır. Amma Aqil yox.
Əslinə qalsa, qanunu tapdamırdı, böyründən keçirdi.
Hamısı 90-cı illərin nəticəsidir
- Bəs ondan daha sonra nə gözləyirsiz?
- Bilisiz, ondan nə gözləyirəm? Ümumiyyətlə, ədəbiyyatımızdan.
90-cı illəri hələ ki yazan olmayıb. Halbuki çox maraqlı materiallar
var. Cəmiyyətin o çöküşündən sonra birdən-birə özünə gəlməyi və
sair. Dəhşətli illər idi. O 90-ları keçənə qədər nələr oldu
cəmiyyətdə. Həmin illərin nəticəsi olaraq fahişəlik nə şəkildədir,
gənclərin arasında narkotikaya meyl, oğurluq, quldurluq nə
şəkildədir, cəmiyyətin dağılma prosesi... hamısı 90-cı illərin
nəticəsidir. Və bizlər artıq yavaş-yavaş tərəqqi eləməyə
başlamışıq, irəli addım atırıq. Yəni o prosesi ədəbiyyatdan
gözləyirəm. Tək-tük yazanlar var. Mən də onları yazmaq istəyirəm.
Problemlərim, beynimin yorğunluğu mane olur.
Özəl şeyləri danışmağı sevmirəm
- Siz heç problemli qadına oxşamırsız axı. Statuslar
yazırsız, yazılarınızla bəzən insanlar əhval-ruhiyyələrini bərpa
eləyə bilir. Bəzən hansısa mövzunu müzakirəyə çıxarırsız. İronik
atmacalarınız olur. Adamda elə təəssürat yaranır ki, bəxtəvərin
balası oturub yazır özü üçün, dərdi-səri yox. Ümumiyyətlə, sizin
kimi xanımın problemi, dərdi nədir?
- Status yazmağın problemə nə dəxli? Mən özəl şeyləri danışmağı
sevmirəm axı. Ən azından insanın səhhəti yerində olmaya bilər.
- Gəzintini xoşlayırsız. Təxminən neçə ölkədə olubsuz?
Ölkələrin oxşar, fərqli cəhətləri nədir?
- Səyahəti çox xoşlayıram. Kənarda yaşaya bilmərəm, amma kaş
burda doğulaydım, deyə çox fikirləşmişəm.
- Gəzməyə qərib ölkə...
- Çox gözəl sözdür. Məni dərdlərimdən, problemlərimdən ayıran
səyahətdir. O da son illər başladı. Dedim axı, böyük ağrı yaşandı
bizim aramızda. Bundan sonra biz başladıq səyahət eləməyə. Deyirlər
e, onun nə problemi ola bilər, onun hər şeyi olub, var. Yaşı əllini
adlamış iki yazıçı necə yaşamalıdı ki? Əgər cəmiyyət hər hansı
mövzuda suallarını bu adamlardan soruşursa, deməli, fərqlidir də...
Deməli, haqqı çatır da nəyəsə... Bəlkə, düz demirəm?
Mətbuatda reketçiliyin əsasını o qoymayıb
- Bəzən Aqil müəllim haqda da müxtəlif söz-söhbət
dolaşır. Deyirlər ki, mətbuatda reketçiliyin əsasını o qoyub. Elə
qəzetin birinci səhifəsində gedən atmacalı yazıları ilə.
Eşitmisiz?
- Eşitmişəm. Amma mən bunları qəbul eləmirəm. Çünki mən bunların
içindəyəm, nəyin necə olduğunu hamıdan yaxşı bilirəm. İnsanlar
haqda uzaqdan mühakimə yürütmək, ümumiyyətlə, bizim millətə çox xas
olan bir şeydir.
İnsan həmişə səbrini, təmkinini saxlayıb anlamağa çalışırsa, bu
o demək deyil ki, hər yoldan keçən onun üstünə çirkab tökə bilər.
Bir də mən bunu insanların qarmaqarışıq həyat yaşamağı ilə izah
eləyirəm. O qədər çörəklə imtahana çəkirlər ki, insanların
əksəriyyəti mənən xədim, mənən qısır olur. Özünü insan hiss eləmək
üçün başlayır kimisə əzməyə. Bu qarışıq, seksual həyat da
insanların mənəvi problemindən doğur. Mən belə izah eləməyə
çalışıram. Bizim cəmiyyətimizdə mənən əxlaqlı adamlar var e, özü də
az deyillər, öz prinsipləri ilə yaşayanlar da bunu qəbul eləyə
bilmir. "Malena" filmi yadınıza düşür? Görürlər ki, hamıdan
fərqlənir, istəyirlər özlərinə oxşatsınlar. Axırda oxşadırlar
da.
Söhbətimizi beləcə yekunlaşdırdıq. Sağollaşdıq. Çıxarkən İradə
xanımdan "Yol romanı" kitabını xahiş etdim. Başqa - "Müşfiq
İnsanlar ölkəsi" kitabını verdi, o kitab qurtarıb, - dedi.