Yuxarı

Butulkanı sındırıb, soxdum qarnına…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl türməsindəki 6-cı korpusun 105–ci "burjuy" kamerasına köçürülənə qədər artıq iki kamerada dustaq həyatımın "ibtidai" günlərini yaşamışdım.

Bunlar 1-ci korpusdakı 25–ci və 3–cü korpusdakı 96-cı kameralar idi. Əlbəttə, 1-ci korpusun 33 saylı "karantin" kamerasındakı üçgünlük "istirahət"i də nəzərə alsaq, Bayıl türməsində 4 ay 15 günlük zamanı 4 kamerada başa vurdum.

İstintaqın gedişində saxlanıldığım 25 saylı kameraya düşməyimi bölgü zamanı təcridxananın rəisindən özüm xahiş etmişdim. 1 saylı Bakı şəhər İstintaq təcridxanasının rəisi, ədliyyə polkovniki Misir Əliyevin yeni dustaqlarla türmənin həyətində "atüstü" söhbətindən sonra, "hə, deyin, sizə nə kömək edə bilərəm?"- sorğusuna mən, "Cənab rəis, sizdə Elşad Mehdizadə adlı jurnalist var, köhnə tanışımdır, məni onunla bir kameraya salın", - deyə xahiş etdim.

Dinmədi. Bölgüdən sonra məni doğrudan da o kamerada yerləşdirdilər. Amma "Nyu-PRESS" qəzetinin baş redaktoru, rüşvət almaqda ittiham olunaraq həbs edilən Elşadı bu kamerada görə bilmədim. O, həmin gün məhkəməyə getmişdi və 7 illik həbs cəzası ilə 3-cü korpusun "osujdenka" deyilən 96 saylı kamerasına köçürülmüşdü. Mən onunla məhkəməm başa çatdıqdan sonra həmin "hücrədə" görüşəcəkdim. Amma jurnalist dostum haqda kamera yoldaşları çox yaxşı sözlər dedilər. Onu da qeyd edirdilər ki, o, çox fikir edir, xəstəlik tapmasa yaxşıdır.

Elşad 2005-ci ilin dekabrında həbs edilmişdi. Məhkəməsi isə 2006-cı ilin aprel ayının sonu başlamışdı, may ayında davam edirdi... Məhkəmənin hazırlıq və sonrakı iki iclasında iştirak etmişdim. Qeydlərimi götürmüşdüm və yazı da hazırlayıb, baş redaktoru olduğum "Yeni Xəbər" qəzetində dərc etmişdim.

May ayının 11-də onun növbəti məhkəmə toplantısı oldu, orda iştirak etdim. Mayın 12-də isə mən həbs edildim.

Məhkəməm iyul ayının sonlarında yekunlaşdı. Elşadla 96-cı kamerada görüşdük. O, apelyasiya şikayəti yazmışdı. Mən kameraya gəldiyim həftənin sonunda onu 6 saylı Cəzaçəkmə Müəssisəsinə "etap" etdilər. Çox sınıxmışdı və fikir edirdi, evdə məktəbli oğlu vardı, ailədə isə işləyən bir kimsə yox idi. Hər şey qoca anasının ümidinə qalmışdı.

Bu haqda bir qədər sonra. Hələlik istintaq müddətində qaldığım 25-ci kameraya qayıdım. Deyilənlərə inansaq, vaxtilə bu kamerada "Batya" – Lotu Bəxtiyar cəzasını çəkibmiş. Kamera balaca olsa da, çox səliqəli idi. Təmizliyinə söz ola bilməzdi. Təmizlik işləri növbəlilik əsasında aparılırdı. "Kutok" - ərzaqların saxlandığı dolab xüsusi olaraq bir nəfər dustağın, Əli Bayramlıdan olan A.nın nəzarətində idi və oranın təmizliyinə cavabdehlik daşıyırdı. Sonradan biləcəyəm ki, bu işləri görən adama "zon"da "mastovik" deyirlər və bu, heç də yaxşı hal sayılmır.

Mən artıq karantində olduğum zaman bəzi qaydaları öyrənmişdim, kameraya girərkən dustaqlarla necə salamlaşacağımı bilirdim. "Burdakılar sözə-söhbətə qarşı çox həssasdırlar" – demişdilər "straqaçlar". Onu da əlavə etmişdilər ki, "çox diqqətli olmalısan, ilk görüşdən, söhbətdən çox şey asılıdır, səni "atmosferə" sala bilərlər. İlişdinsə, qarmaqdan çıxmaq asan olmaz".

Belə də oldu. İlk tanışlıqdan sonra kameradakı "qardaşların" kimliyini, maddələrini mənə danışdıalr. Daha sonra əllərini beton və boltlarla yerə bərkidilmiş stola qoyub, bunu bir az kənara çəkməyə kömək etməyimi xahiş etdilər. Gülümsəyib, "gərək "laqonda" olsun", dedim.

Belə məqamda çoxu dolaşır və üzərinə ilk hırıltılı gülüş "çilənənlər" "atmosfer"ə düşməyə real namizəd kimi yadda qalır.

Kameradakı hər bir dustağın maraqlı həyat tarixçəsi vardı. Bunlar dönə-dönə izləniləcək film kimidir. Bu kamerada "məskunlaşdığım" ilk gündən onların həyat tarixçəsinin "yolçusu" oldum.

Bir dəqiqəlik sükut

İndi haqqında bəhs edəcəyim, qısa da olsa həyatının bir anını vərəqləyəcəyim həmsöhbətimin adı Aydındır. Hərəkətlərindən, davranışından "az aşın duzuna" bənzəmir. Çılğındır. Deyib-gülməyi sevir, yaxşı səsi var, arada segah üstündə oxuyur. Onunla gec isinişdik, baxmayaraq ki, həmyerliyik, bir rayonda doğulmuşuq. Aramızda olan səmimiliyin arxasında bir-birimizə hiss etdirmədiyimiz inamsızlıq vardı. Mənim hər kəslə maraqlanmağım, "necə oldun tutuldun, bu cinayəti edəndə nə fikirləşdin, ümumiyyətlə, heç fikirləşdinmi?" – deyə onu sorğu-suala tutmağım onun ürəyincə deyilmiş. Amma dustaqların mənimlə səmimi rəftarı və söhbətimizin maraqlı olması onu vadar etdi ki, nəhayət, dilə gəlsin və həyat tarixçəsini danışsın:

"Mən 3- cü dəfədir ki, tutuluram. Hər üç "xodkam" dava-dalaşa görə olub. "Mən bunların tayı deyiləm, – deyir və əli ilə domino oynayan dustaqları göstərir. - Narkotik alveri, istifadəçisi, toyuq-cücə oğurlamaq, qızın-qadının çantasına girmək, telefonunu, pulunu götürmək, boynundan boyunbağısını, qulağından sırğanı qoparıb qaçmaq mənə və mənim nəslimə yaraşmaz. Amma bunları da qınamıram, bu da peşədir, görünür "nujdaları" varmış (Başa düşürəm ki, axırıncı cümləsi özünü yersiz "razborkadan" sığortalamağa hesablanıb. - F.B.). Üst-üstə 4 il yarım "içəridə" olmuşam. Bu dəfə də heç nədən dolaşdım. Dolanışıq çətindir, alver etməyi də bacarmadım. Qaradağda, "karyer"də daş atırdım. Həftəmə 100-150 "şirvan" arası qazanırdım. Üstəgəl çax-çuxum da olurdu. Bir "smenşikim" vardı. Maaşımızı alanda dedi ki, mənə bir az pul ver, alver məqsədi ilə "ayın-oyun" alım, növbəyə qayıdanda verərəm. Yoldaşlıqdır, deyə fikirləşdim, düz bir "paçka" pul verdim. Bir həftədən sonra işə gələndə məni acıladı ki, sənin əlin ağırdı, ziyan elədim, heç nə qazana bilmədim, pulunu verməyəcəyəm. Elə bildim zarafat edir. Amma həftə sonunda pulumu istəyəndə eyni sözləri dedi. Guya mənim əlim ağırdır, bunun alveri alınmayıb və sair. Dəli olmadımmı? Buna əlimin ağırlığını doğurdan da sübut eləməliydim. Saldım yumruğun altına. Gördüm bu özünə gəlir, məni üstələyir, butulka vardı, sındırıb, soxdum qarnına.

İndi dörd aya yaxındır ki, burdayam. Dünənki məhkəmədə prokuror mənə 6 il iş istədi. Son sözümü də demişəm.

Hakimin qərarı yox idi, hökm oxunmamışdı və mən hələ ki, təqsirləndirilən şəxs qismində idim. Mənim hüququm var da son söz deyəm.

Mənə söz verildi. Təsəvvür etməzsən, ayağa qalxdım, hər kəsə vaxt ayırıb məhkəməyə gəldiyinə görə təşəkkürümü bildirdim. Sonra da dedim ki, bəs bu yaxınlarda ümummilli liderin doğum günü oldu, Məhkəmə heyətindən və bura gələnlərdən xahiş edirəm ki, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Prokurorun gözləri "nol 11"-in farası kimi bərələ qaldı. Hamı ayağa qalxdı. Bir dəqiqəlik sükutdan sonra çıxışıma – son sözümə başladım. Dedim ki, görüm xudavəndi-aləm bizim bu prokurorun özünün, yaxınlarının... Elə bunu demişdim ki, prokuror hirslə çımxırdı:

"Mənə dua-zad eləmə, ehtiyacım yoxdur sənin alqışına!" Hakimə dedim, möhtərəm hakim, son sözü kəsməyə onun haqqı çatır? Hakim qımışdı, davam elə,- dedi. Dedim ki, görüm Allah-təala bu prokurorun ömründən, sağlamlığından kəsib mənim ömrümə calasın ki, bunun istədiyi 6 ili sağ-salamat başa vura bilim. İnanmazsan, prokuror xoruz pipiyi kimi qıp-qırmızı olmuşdu. Hakim məhkəməni təxirə saldı. Üç gündən sonra hökmümü oxuyacaq".

Aydına beş il həbs cəzası verildi. 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. Üç ildən sonra isə Qaradağ Məhkəməsinə müraciət etmişdi".

"Nümunəvi" davranışlarına, müəssisənin ictimai işlərindəki fəaliyyətinə görə cəza növü dəyişdirilmiş və azadlığa çıxmışdı.

İndi o, Qaradağda daş karxanalarının birində briqadir kimi fəaliyyət göstərir.

Tarix
2013.12.18 / 10:14
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

Britaniya XİN rəhbərindən Bakı və İrəvanla bağlı açıqlama

Üçtərəfli işçi qrupu “yatmış” vəziyyətdədir - Overçuk

Prezident DMX əməkdaşlarını təltif etdi

Sülh müqaviləsinin imzalanması üçün əsas şərt... - XİN

Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...

Bayramov Çanaqqala Zəfəri ilə bağlı paylaşım etdi

Rusiya Azərbaycanın bu əzmindən... - Matviyenko

İrəvan sazişdə heç bir güzəştə getməyib - Ovannisyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla