"Bayraqdar"
layhəsində
"Bayraqdar" layhəmizin bugünkü qonağı ikiqat Avropa, bir
dəfə dünya çempionu, Aynur Tofiq qızı Məmmədovadır.
O, 1979-cu ildə Ucar rayonunun Təzə Şilyan kəndində doğulub,
boya-başa çatıb. Dünyaya gəlişindən yadigar sağ əlindəki fiziki
qüsur onun həyatla mücadiləsinə, yaşam eşqinə, uğur sevdasına mane
ola bilməyib. Atasının oxuma qadağaları, ali məktəbə ilk cəhdin
uğursuzluqla nəticələnməsi də onu kimsəyə möhtac olmadan yaşamaq
arzusundan döndərə bilməyib. Nəhayət, ikinci cəhddə arzusu
müvəffəqiyyətə varır, Ali İxtisas Kollecinə qəbul olur. Tələbəlik
illərində Paralimpiya İdman Kompleksində atıcılıqla məşğul olur.
Respublika çepionatlarına qatılır, uğur qazanır – birinci, ikinci
yerlərin uğurunu dadır. Daha sonra partaekvondo
ilə məşğul olmağa başlayır. Aynur bu idman növü üzrə ilk qadın
çempiondur. Bir müddət sonra isə dünya çempionatının üçüncülüyündə
bayrağımızı dalğalandırır. Federerasiyanın prezidenti Kəmaləddin
Heydərov tərəfindən mükafatlandırılır. 2011-2014-cü illərdə Avropa,
2012-ci ildə isə dünya çempionu olur.
Hazırda bu ilin aprel ayında Moldovada keçiriləcək Avropa
Çemionatına hazırlaşır. 2015-ci il sentyabrında Türkiyənin Samsun
şəhərində baş tutacaq dünya çempionatına da qatılmağı arzulayır.
Ailəlidir, bir oğul övladı var.
- Aynur xanım, xanımların idmanla məşğul olmasına necə
baxırsınız? Uğurlar bir qadın idmançıya nə verir?
- Bəli, bəlkə də qız uşağı üçün bu asandır, amma evli biri üçün
çətindir. Amma ümumiyyətlə normal baxıram. Qaldı ki maddi
məsələlərə, mən hazırda Fövqəladə Hallar Nazirliyinin işçisiyəm.
Çalışdığım nazirlikdən mənə maaş verilir, ev verilib. Bundan əlavə
Neftçi İdman Sağlamlıq Kulubu mənə məvacib ayırıb. Federasiyamız
tərəfindən də 300 manat alıram.
- İdman sizin üçün nədir? Kimlərlə daha yaxınsız, kimlər
sizinlə daha çox dostluq edir? Ailənizin münasibəti necədir
uğurlarınıza?
- Mənim üçün idman həyatdır. İdmansız həyat yoxdur. Tək dostum
isə oğlumdur. Bəli, dost dediklərimiz var, amma inanın mənə, bir
dəqiqə belə kimsəyə vaxt ayıra bilmirəm. Çox vaxt buna görə məndən
inciyənlər də olur. Elə bilirlər, mən məşhurlaşandan sonra onları
saymıram, amma inanın, belə deyil. Vaxt məhdudiyyəti imkan vermir.
Heç bəzən vaxt tapıb atama, anama zəng edə bilmirəm. Üç qardaş, üç
bacıyıq. Atam, anam mənim hər şeyimdir. Onlar indi yaşlıdırlar.
Vaxt vardı, mənim idmana getməyimi, təhsil almağımı isdəmirdilər.
Amma indi mənimlə qürur duyurlar. Ailəmizdə idmançı yoxdur. Mən
uşaqlıqdan kişi kimi böyümüşəm. Həmişə idmana həvəsim olub.
- Uğurlarınızı kimə borclusunuz?
- Uğurlarımı Allahıma, anama, özümə borcluyam. Allah mənə güc
verdi, anam həmişə yanımda oldu, özüm də qarşıma məqsəd qoydum və
bacardım. Amma anam mənə çox dəstək olub. Gücüm yetdiyi qədər
rinqlərdə olacam.
- Nə vaxtsa siyasətlə məşğul olmağı
düşünürsünüzmü?
- Bəli, niyə də olmayım?! Bu il millət vəkilliyinə namizədliyimi
verəcəyəm.
- Sabah millət vəkili olsanız bizə yenə müsahibə
verərsinizmi?
- Bu həyatda yaşadığım əzablara baxmayaraq, həyatda dik durmağı,
həyatı sevməyi, uğur qazanmağı bacardım. Buna görə də yüksəyə
qalxdıqca daha da sadələşirəm. Xalqımı, vətənimi sevirəm.
- Ədəbiyyatımızla aranız necədir?
- Mənim yaddaş problemim var. Oxuyuram, amma yadımda qalmır.
Daha çox Quran oxuyuram. Vaxt tapdıqca oğlumla teatra gedirəm.
- Hər dəfə bayrağımızı yüksəldəndə nə hisslər
keçirirsiniz?
- Bu hissi ifadə etmək çox çətindir. Bunu ancaq yaşamaq
lazımdır. Məsələn, mənə Türkiyədən təkliflər gəlib ki, gedim onları
təmsil edim, amma mən vətənimi heç nəyə, heç kimə dəyişməmişəm,
dəyişmərəm də. Sizə bir şey də deyim, səhv başa düşməyin: mən ilk
çempionluğumdan bu günə qədər Federasiya Prezideti Kəmaləddin
Heydərovun qayğısını görmüşəm. Məni evlə, işlə, maaşla təmin edib.
Mənəvi dəstəyini də heç zaman əsirgəməyib. Bu xalqın idmançısına
sahib çıxan belə vətənsevər oğulları varsa, bizim başımız bu vətənə
fəda olsun. Söhbət maddiyyatda deyil, əsas qayğıdır. Məsələn, mən
Qarabağ üçün dərd çəkirəm. Torpaqlarımızın bir an öncə azad
olunmasını istəyirəm. Çox istəyirəm yarışda erməni rəqibim olsun,
onu darmadağın edim.
- Jurnalistlərə münasibətiniz necədir?
- Bir müddət əvvəl sayt açmaq isdəyirdim. Axı mən həm də aparıcı
olmuşam. Özünə hörmət edən jurnalistlərə sayğım var. Mütəmadi
olaraq saytları izləyirəm. Sizə görə dediyimi düşünməyin, amma
Axar.az-ı həmişə izləyirəm. Həmişə yenilənir, həmişə bizlərlə,
keçmiş döyüşçülərimizlə, bir sözlə hər sahə ilə bağlı nəsə
yazırsınız.
Aynur xanımın 9 yaşlı oğlu Mirkamala da bir neçə
sual verdik:
- Mirkamal, anan səninçün kimdir? Və ən böyük istəyin
nədir?
- Anam fədakardır, anaların ən gözəlidir. Anamın bütün
uğurlarına sevinirəm. Anam bayrağmızı dalğalandıranda sevinmişəm,
amma ağlamamışam. Kişi ağlamaz. Bu həyatda ən yaxın dostum anamdır,
bir də məhəllə dostum Məhəmməd. Jurnalistləri sevmirəm. Siz ilk
jurnalistsiniz ki, sizə nəsə danışıram. Anamı sevsəm də, onun
yolunu davam etdirməyəcəyəm. Mən kosmonavt olmaq istəyirəm. Bir də
istədiyim odur ki, Qarabağı özüm xilas edim…