Düşünürəm ki, onun diqqətli oxucuya təqdimata heç
ehtiyacı yoxdur. Cəlilabadda yaşayıb-yaradır. Kifayət qədər tanınan
və oxunan yazarlarımızdandır.
Bu dəfə "Qəfil qonaq" qismində onun - yazıçı Böyükxan Bağırlının
qapısını döyürəm. Bazar günü olduğu üçün onun yaşadığı Alar
kəndindəki evində olacağını dəqiq bilirəm. Alara yola düşməzdən
öncə cəlilabadlı yazar dostlarım Meyxoş Abdullaha və Əlirza Həsrətə
zəng edib görüş üçün vədə alıram. Səhərin gözü təzə açılsa da, hər
iki dostum görüş istəyimı "gözümdə qoymur". Evlərinə dəvət etsələr
də, razılaşmıram. Dostlara hara getdiyimizi bildirmədim. Meyxoş
duyuq düşür:
"Qağa, olmaya harasa qəfil qonaq kimi gedib, döyülmək olsa, bizi
qabağa vermək istəyirsən?" – deyib, layihəmizi xatırladır. Yolboyu
etdiyimiz söhbət Alar kəndinə qədər salınmış körpümüz olur.
Yolda ikən şair, tədqiqatçı alim Bilal Alarlı ilə zəngləşirik.
Böyükxan müəllimgildə olacağımızı deyirəm və razılaşırıq ki, o da
gəlsin.
Cəlilabadda dərc olunan "Yeni gün" qəzetinin redaktoru, rayonun
tanınmış ziyalısı olan Böyükxan müəllim Cəlilabadlı yazarların
çoxunun ilk yazılarının işıq üzü görməsinə şərait yaradıb. Elə
mənim də.
Həyətə ilk girişimizdə heç kəs gözümüzə dəymir.
"Ay, ev yiyəsi, ay ev yiyəsi!"
Çağırışımıza bağçada gəzişən ev quşları hay verir. Zəng edirəm.
Böyükxan müəllimlə telefonda salamlaşırıq.
- Səsin nə yaxşı gəlir,- deyir.
- Həyətinizdəyəm.
- Nə danışırsan,- deyir və bir anın içində evin ikinci qatına
qalxan pilləkənlərin qapısı açılır. Qəfil gələn qonaqları çoxdan
gözləyirmiş kimi xoş-beşdən sonra yuxarı dəvət edir.
Qonağın dadı qəfil gəlməsindədir
- Böyükxan müəllim, sizə qəfildən çoxmu qonaq gəlir?
- Qonağın dadı qəfil gəlməsindədir də... Sənin qəfil gəlməyin
bir yana, Meyxoşu, Əlirzanı da gətirmisən, bu, çox gözəl oldu.
- Bir azdan Bilal Alarlı da gələcək.
- Xoş gələcək. Sualına gəlincə onu deyim ki, biz böyük tayfa
olduğumuzdan qəfil qonaqlarımız da çox olur.
- Alarda bir neçə böyük tayfa yaşayır.
- Hə, elədir. Mən kəndin ən böyük Alıcəfərli tayfasındanam.
Qohum-əqrəbamız Cənubi Azərbaycanda Böyükağa bəylə tanınıb. Anamın
atası Məmmədqulu Xan Alarlı Səttar Xan hərakatının üzvü və onun
dostlarından olub. O, Nəcəfqulu Xanın atası idi. Nəcəfqulu Xan isə
32 Şahsevən tayfasından birinin rəhbəri olub. Nəcəfqulu Xan arada
bəri üzə keçib, guya bizim camaatın da köməyinə çatarmış. Gələndə
də xurcununu doldurub, gedərmiş. Qısası, qonaq cəhətdən qıtlığımız
olmur. Hələ atamın vaxtından buraların qonaq-qaralı olmasına
alışmışam.
- Bu gün istirahət günüdür. Qəfil gəlişimizlə hansısa işiniz
əngəl olmadıq ki?
- Hacı Fərhadın əmisi oğlu Hacı Məmmədxan rəhmətə gedib. Üzümü
təraş edib, hüzürə gedəcəkdim. Sizlər gəldiz, sonra gedərəm.
- Yas yerlərinə adətən üzütüklü gedirlər. Bəs siz nə əcəb təraş
olmaq istədiniz?
- Məni indiyədək üzütüklü görən olmayıb. Amma bu yaşda insanın
üzünün tüklü olması daha yaxşıdır.
- Maşallah, geniş həyətiniz var, səliqə-sahmanı da öz
yerində.
- Əllərimin qabarına bax. Həyətdə çox işi özüm görürəm. Yay
uzunu ancaq təsərrüfatla məşğul oluram. Qonşularımdan fərqli olaraq
tərəvəzi bazardan almıram. Qardaşlarım mənə deyirdi ki, ay bala,
camaat kənardan baxır, sən bizi biabır eləmə, tanınan,
sayılıb-seçilən adamsan. Deyirdim ki, burda pis nə var ki? Hər bir
şeyi özün əldə etmək məgər pisdir? Fiziki işlərlə məşğul olmaq mənə
daim enerji verir. Həzz verir. Amma mən ən böyük həzzi mütaliədən
alıram.
Dəvə iynənin gözündən keçə biləndə
- İndi kimi oxuyursuz?
- İki gün olar ki, gənclik çağlarımda oxuduğum Lev Tolstoyun
"Hərb və Sülh"əsərini yenidən oxuyuram. Yenidən oxuyanda yeni
şeylər tapıram. Sizə bir rəvayət danışım... Bir gün Mədinədə
ənsarlardan biri peyğəmbər salavatullaha buyurub ki, ya Rəsulallah,
bəs bu günahkarlar nə vaxt azad olunacaq? Peyğəmbər Qurandan ayə
gətirir. Ayədə göstərilir ki, günahkarlar o vaxt azad olacaqlar ki,
dəvə iynənin gözündən keçə biləcək. Bax onda insanlar bütün
günahlardan azad olacaqlar. Mənə ən çox həzz verən mütaliə və rəsm
əsərlərlərdir. 19-cu əsrin rus rəssamlarının rəsmlərinə baxıram.
Şəkillərdə qeyri-adi, maraqlı məqamları tutmaq xusüsi zövq
mənbəyimdir.
Əlağa Kürçaylı mənə 50 manat verib dedi ki…
-Tələbə yoldaşlarınızdan kimi xatırlayırsınız?
- Malik Fərrux, Nüsrət Kəsəmənli ilə bir qrupun uşaqları
olmuşuq. Məmməd Oruc, Yunuz Hacıyev, Vaqif Yusifli və başqaları...
O illərlə bağlı o qədər xatirələr var ki... Bir də görürdük ki,
Zəlimxan Yaqub əlində saz otağa girdi. İsmayıl Məmmədov bizim otağa
girib gözəl şeirlər deyərdi. O, indi tanınmış alimdir,
professordur. BDU-nin yataqxanasında qalırdıq. 16-cı otaqda. Bu
otağın xatirələri digərlərindən fərqlənərdi. O dönəmlərdə çox aktiv
idim. Tələbə sovetinin rəsmi sədri olmasam da, heyyətin bütün əsas
işlərini özüm görürdüm. Əlağa Kürçaylı, Məmməd Araz, Söhrab Tahir
və.s ilə görüşlər təşkil edərdik. Bir dəfə görüşdən sonra xudmani
stol açdığımızı görən Əlağa Kürçaylı mənə 50 manat verib dedi ki,
ay bala, bunlardan heç nə olmaz, get nəsə al.
Beçə yerinə qətfə…
- Tələbəlik illərindən sonra görüşlər səngiyər…
- Malik hər dəfə bu tərəflərə gələndə mütləq bizə dəyməli idi.
Bir dəfə onu yola salmağa hazırlaşırdım. Anam da onun üçün sovqat
hazırlamışdı. Bir neçə soyutma yumurta, kənd beçəsi və sair. Mənim
də hamama getməyim üçün lazım olan şeyləri digər torbaya yığmışdı.
Onunla sağollaşan zaman torbalarımız dəyişik düşür. Malik zəng edər
Yunusa, Yunus Baba Vəziroğluna, beləliklə bir neçə nəfər kafedə
yığışar ki, Böyükxan evdən "yeyib-içmək" göndərib. Yaxşı
yeyib-içmək var. Yunus bu hadisəni olduqca maraqlı şərh etmişdi.
Deyib ki, Böyükxan demək istəyir ki, sən kürdsən və kürdlər də
ayda-ildə bir dəfə çimirlər. Sonradan Maliklə deyib-gülürdük.
Abbasağa gələcəyin şairidir
- Abbasağa və Qasid Nağıoğlu ilə yaxın olmusuz…
- Abbasağa müəllim öz haqqını ala bilməyən, dəyərli şairlərdən
idi. O, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi ən uca zirvələrə layiq
idi. Sadəcə, o dövr, o zamanə ondan çox şeyi oğurladı. O, təbliğ
olunmadı. Əbədi tənqid onu görmədi. Məncə, o hələ gələcəyin
şairidir, bu günün yox. Gün gələcək, hər kəs onun istedadını fərq
etmədiyi üçün təəssüflənəcək. Onunla ilk dəfə 1965-ci ildə tanış
olmuşam. İmtahan verməyə gedirdik. Gördüm, Sabir Mirzəyev gəlir və
onun yanında hündürboy, ağayana bir nəfər. Həmin anda onu Sabirin
yanında gördüymə görə çox təəssüflənmişdim. Çünki Sabir olduqca
əlçatmaz idi. Elə orda tanış olduq. Abbasağanın "Azərbaycan"
jurnalında şeiri dərc olunmuşdu. Onun iki şeiri mənə olduqca təsir
eləmişdi. O vaxt 16 nəfər gənc şairin kitabı birgə nəşr olunmuşdu.
Onlara "onaltılar" deyirdilər. O zamandan onunla dost olduq. Rusca
gözəl mütaliəsi var idi. Mən ondan çox şey öyrənirdim.
"Məmməd Əmin" adını ilk dəfə Elçibəydən
eşitmişdim
Qasid Nağıoğluna gəlincə, o bir fenomen idi. Mən ona öz yaxın
adamım kimi münasibət bəsləyirdim. O, da qiymətini almayan insan
idi. O, ən azından BDU-nin professoru olmalı idi. Rəhmətlik olduqca
qısqanc idi. Onun xüsusi qısqanclığı mənə qarşı idi. İstəyirdi ki,
daim onun yanında olum.
Bizim onunla söhbətlərimiz elmi, sənətin içinə girən ədəbi
mövzular olurdu. Gənc şairlər söhbətimizə müdaxilə edəndə deyirdi
ki, onlar bizə mane olurlar. Bu hallar onu qıcıqlandırırdı.
Abbasağa və Qasid Nağıoğlu da çılğın adamlar idi. Qasiddəki
çılğınlıq vətənpərvərliklə əhatə olunurdu. Onun yanında millətə
qarşı hər hansı bir söhbət onu təbdən çıxarırdı, onu sakitləşdirmək
olmurdu. Qasid Elçibəylə xeyli yaxın dost idi. Qasidin vasitəsi ilə
Elçibəylə görüşmüşdüm. Elçibəylə ilk görüşümüzdə onun dilindən
"Cümhuriyyət" və "Məmməd Əmin Rəsulzadə" sözlərini sözlərini
eşitmişdim. Gördüm ki, o mənim kimi deyil. Saqqal saxlayırdı, özünə
baxan deyildi. Köynəyinin kənarları əyiş-üyüşdü. Amma bütün bunlar
ona olan marağı, sevgini azaltmırdı. Biz ondan BDU-da aldığımız
mühazirələrdən çox Qala Qapısının dibində "Məxməri" çay evində
bilgilər alırdıq. Burada bütün yazarlar, sənətkarlar
toplaşırdı.
Vidadi Məmmədov savadlı və avantrust idi
Habil Əliyev, Xan Şuşinski, Mehdi Məmmədov, Əlibaba Məmmədov
daim burada toplaşardı... Onlar Xan Şuşinskinin yanında
əyləşməzdilər. Bir də görürdük ki, Hüseyn Arif dəstəsi ilə gəlir.
Yanında Musa Ələkbərli, Zəlimxan Yaqub və başqalrı. Bizim ətrafımız
ayrı idi. Bizim dəstədə Vidadi Məmmədov söhbət edəndə hər birimiz,
Ramiz Rövşən də daxil olmaqla diqqətlə dinləyirdik. Vidadi Məmmədov
olduqca savadlı biri idi, bir az da avantrust idi. Elə ədəbi
simaların adını çəkirdi ki, onları böyük əksəriyyət tanımırdı.
Danışdıqca əksər yazarlar aradan əkilirdi. Bir gün Vidadi mənə dedi
ki, bu cür adlar yoxdur, onları özümdən uydurmuşam. Bu da olduqca
baməzə oldu. Onunla qonşu idik. Onun əsas məqsədi qəzetlərdəki
səhvləri tutmaq idi.
Salam Sarvanın kəşf olunması
- Siz bizim Cəlilabad ədəbi mühitinin yaradıcılığını necə
görürsünüz?
- Bizim Cəlilabadda dostluğa münasibət, xanəndəliyə mənsub səs
və yaradıcılıq eşqi çox fərqlidir. Bu iki varlıq bəlkə də heç yerdə
yoxdur. Apardığım müşahidələrdən bəlli olub ki, içi təmiz olmayan
adamın yaxşı səsi ola bilməz. Mir Möhsün ağanın "Hüzil Əlqəm"
kitabında yazılıb ki, yaxşı səs yalnız Allaha məxsusdur. Səs
insanın daxili gözəllyinin göstəricisidir. Bunların da hər biri
bizim rayon camaatında var. Elə bilirsən Salam öz-özündən yetişib?
Bəs Aqşin, sən özün, Əizadə Nuri, Bilal Alarlı, Meyxoş Abdullah,
Əlirza Həsrət?
- Yazarlarımızın çoxunun ədəbi mühütə qədəm qoyması sizin dərc
etdiyiniz yazılarla olub.
- Bir gün Ağavaqif və Seyid cavan bir oğlanla yanıma gəldilər.
Dedilər, bunun şeirlərinə bax. Dedim ki, mən ədəbi yazılara ancaq
evdə baxıram. Onlar təkid elədilər ki, indi oxuyub "hə",
"yox"deməlisən. O cavan Salam idi. Şeirlərini oxuduqca gördüm ki,
içimdə canlanma var. O şeirlərdən bir qəzet səhifəsi dərc etdim.
Böyük etiraz oldu. Rayon Partiya Komitəsinin birinci katibi Eybalı
Ağayev yanına çağırdı məni. "Bu, partiyanın ideoloji qəzetidir,-
dedi.- Hələ məktəbdə oxuyan gəncin bir səhifə yazısını çap
etmisən".
Dedim ki, ədəbiyyat nə vaxtdan bu cür bəhanələr tanıyıb?
Ədəbiyyat partiya işinin bir hissəsidir də elə. Ədəbiyyat ideoloji
bir vasitədir. Bir silahdır. Salam o dövrlərdə kəşf olundu. Bütün
bunlar o dövrlərin laboratoriyası idi.
Sabir Əhmədliyə minnətdarlıq
- Bəs sizin yaradıcılığınız kimlərdən bəhrələnib?
- Mənə yazmaqda ən böyük təsir göstərən Çingiz Aytmatovdur. Bir
zamanlar onun dəlisi olmuşam. Ondan əvvəl isə Ənvər Məmmədxanlının
"əsiri" olmuşam. Hətta onun Anna Kareninadan tərcüməsini orijinal
əsər kimi qəbul edirdim. Mənim ədəbi yazılarımın üzə çıxmasında
Sabir Əhmədlinin böyük zəhməti oldu. Bu hər zaman mənim
çiyinlərimdə borc olaraq qalmaqdadır. Hətta "Döyüşçülər daş
karxanasında" adlı hekayəmi ona həsr etmişdim. Sabir Əhmədlidən mən
çox şey öyrənmişəm. O, böyük yazıçı idi. Qələmi ağır idi. Mənim
tanınmağımda onun rolu danılmazdı.
Söhbətiz uzun çəkdi. Bu arada Bilal Alarlı da təşrif
buyurdu. Böyükxan müəllimin evində söz-sözü çəkdi. Qəfil qonaq
olaraq özümüzü ustadın evində çox rahat hiss etdik. Ədəbiyyatın
içində olduq.