A.İ.Kuprin
Yasəmən kolu
Arvadı qapını açanadək Nikolay Yevqrafoviç Almazov güclə gözlədi
və heç paltosunu, furajkasını çıxarmadan kabinetinə keçdi. Qadın
onun gərilmiş üzünü, çatılmış qaşlarını və alt dodağını əsəbi
şəkildə dişləri arasında sıxdığını görüncə, başa düşdü ki, nə isə
böyük bir fəlakət baş verib... Kirimişcə ərinin arxasınca getdi.
Almazov kabinetində harayasa bir küncə baxaraq bircə anlıq
tərpənməz qaldı. Əlindən saldığı portfelin içindəkilər döşəməyə
səpildi. Özü isə barmaqlarıyla bərabər qədd-qamətini də qeyzlə
xırçıldadaraq kresloya çökdü...
Almazov gənc, kasıbyana bir zabit idi, Baş qərargah
akademiyasında mühazirələr dinləyirdi, elə indicə də oradan
qayıdırdı. Bu gün professora sonuncu və ən çətin praktiki işini -
ərazinin alətlərlə təsviri işini təqdim etməli idi.
İndiyədək bütün imtahanlarını rahatca vermişdi və bir Allah, bir
də arvadı bilirdi ki, bu, necə böyük bir zəhmət bahasına başa
gəlmişdi... Elə ordan başlayaq ki, akademiyaya daxil olmağın özü
əvvəlcə mümkünsüz görünürdü. Almazov iki il dalbadal təntənəli
surətdə kəsilmişdi və yalnız üçüncü il inadcıl zəhməti sayəsində
bütün maneələri dəf edə bilmişdi. Arvadı olmasaydı, bəlkə də özündə
kifayət qədər güc tapmadığından hər şeyə əlini yelləyərdi. Ancaq
Veroçka onu ruhdan düşməyə qoymur və daima gümrah əhvalda olmasının
qeydinə qalırdı... Taleyin qismətindən arvadı hər bir uğursuzluğu
aydın və demək olar ki, gülər üzlə qarşılayırdı. Əri üçün, ucuz da
olsa, başını işlədən adamın məşğul olması üçün zəruri olan komfortu
yaratmaq naminə özünə lazım olan hər bir şeydən imtina etmişdi.
Bəzən, gərəkdiyində ərinin yazılarının üzünü köçürür, çertyojlarını
çəkir, onun oxucusu, məşqçisi və hətta yaddaş kitabcası da
olurdu.
Zəngli saatın axşaq yerişi ilə kədərlə pozulan beş dəqiqəlik
ağır sükut anları keçdi: bir, iki, üç-üç: iki təmiz tıqqıltı,
üçüncüsü xırıltılı fasilə ilə. Almazov palto və papağını
çıxarmadan, üzünü yana çevirərək oturmuşdu... Vera iki addım
kənarda, eynilə sakitcə, o gözəl, lakin əsəbi üzündə iztirab
ifadəsi ilə dayanmışdı. Nəhayət, ilk danışan da o oldu. Elə
ehtiyatla danışmağa başladı ki, qadınlar ancaq ağır xəstə yatan ən
yaxın adamın çarpayısı başında belə pıçıldaya bilərdilər...
- Kolya, işin necə oldu?.. Pis oldu?
O, çiyinlərini çəkib cavab vermədi.
- Kolya, yoxsa sənin planını çıxdaş etdilər? Danış, nə
olursa-olsun, onsuz da birlikdə müzakirə edəcəyik.
Almazov dərhal arvadına sarı döndü və sanki uzun zaman saxladığı
incikliyini nəhayət, açıb tökürmüş kimi qızğınlıqla, əsəbi halda
danışmağa başladı.
- Hə, hə, əgər bilmək istəyirsənsə, çıxdaş etdilər. Doğrudanmı
özün görmürsən? Hər şey cəhənnəm oldu!.. Bu zir-zibilin hamısını, -
hikkə ilə ayağını uzadıb içərisindən çertyojlar dağılmış qovluğu
göstərdi, - bu zir-zibilin hamısını barı ocağa at indi! Bu da sənə
akademiya! Bir aydan sonra yenə də polka, həm də biabırçılıqla,
rüsvayçılıqla. Və hamısı da hansısa bir murdar ləkədən ötrü...
Lənətə gələsən!
- Nə ləkə, Kolya? Mən heç nə anlamıram.
O, kreslonun qolunda oturub qolunu Almazovun boynuna sardı. Əri
müqavimət göstərmədi, lakin üzündəki incik ifadə ilə küncə baxmaqda
davam edirdi.
- Hansı ləkə, Kolya? – bir daha soruşdu.
- Ləkə dəə... Yaşıl boyanın saldığı adicə ləkə. Bilirsən ki,
dünən gecə saat üçədək yatmamışam, bunu bitirməli idim. Çertyoj çox
gözəl çəkilib və plan hərtərəfli işıqlandırılıb. Bunu hamı etiraf
edir. Amma di gəl, gecə xeyli oturub qalmışam, yuxusuzluqdan,
yorğunluqdan əllərim əsməyə başlayıb və ləkə salmışam... Həm də elə
bir qatı ləkə ki... yağlı... Silməyə başladım, ama daha da yaxıb
bulaşdırdım. Çox fikirləşdim ki, bunu neyləyim, axırda həmin yerdə
çoxlu ağac təsvir etmək qərarına gəldim... Çox uğurlu alındı, heç
ləkə olduğu bilinmirdi. Bu gün gətirib professora verirəm.
"Belə-belə işlər... Bəs bu kollar hardan çıxdı, poruçik?" Mən də
gərək hər şeyi necə vardısa o cür də danışaydım. Bəlkə də sadəcə,
gülüb keçərdi... Amma yox, gülüb-eləməzdi – çox səliqəli, vasvası
almandır. Mən də ona deyirəm ki, burada həqiqətən də kollar var. O
isə deyir: "Yox, mən bu yeri beş barmağım kimi tanıyıram. Burada
kollar ola bilməz". Söz sözü çəkdi və aramızda böyük mübahisə
yarandı. Bizim bir neçə zabitimiz də orada idi. "Madam siz bu qədər
israr edirsiniz ki, - professor deyir, - həmin dağ çökəkliyində
kollar var, onda zəhmət çəkin, günü sabah atlanıb mənimlə ora
gedək... Mən sübut edəcəm ki, siz ya diqqətsiz işləmisiz, ya da
birbaşa üçölçülü xəritədən surətini çıxarmısız..."
- Axı o, necə bu qədər əminliklə deyə bilər ki, orda
kollar yoxdur?
- Ah, ilahi, necə? Allah xətrinə, bu nə uşaq-uşaq sullardır
verirsən? Ona görə ki, o, artıq iyirmi ildir bu yeri öz yataq
otağından yaxşı tanıyır. Dünyada onun kimi yaramaz vasvası ola
bilməz, hələ bir üstəlik də almandı... İndi məlum olacaq ki, mən
yalan danışıram, hələ bir mübahisə də edirəm... Hələ üstəlik...
Söhbət əsnasında o, qarşısındakı külqabıdan yanmış kibrit
çöplərini çıxararaq qırır, xırda-xırda parçalara bölürdü. Susanda
isə hamısını qeyzlə döşəməyə tolazladı. Açıq-aydın görünürdü ki, bu
güclü insan ağlamaq istəyir.
Ər-arvad bir kəlmə də kəsmədən uzun müddət ağır qərarsızlıq
içində oturdular. Birdən Veroçka çılğınlıqla kreslodan sıçradı.
- Qulaq as, Kolya, biz bu dəqiqə geməliyik! Qalx, tez
ol!
Nikolay Yevqrafoviç dözülməz fiziki ağrıdan əziyyət çəkirmiş
kimi üz-gözünü büzüşdürdü.
- Ey, Vera, gic-gic danışma. Doğrudanmı, sən elə fikirləşirsən
ki, mən gedib hər şeyi etiraf edib üzr istəyəcəm? Bu, öz "qətlimə
fərman vermək" demək olar. Sən Allah, xahiş edirəm, səfehlik
etmə.
- Yox, səfehlik etmirəm, - Vera ayaqlarını yerə döyərək
etiraz etdi. – Heç kim səni gedib üzr istəməyə məcbur etmir...
Sadəcə olaraq, əgər orada bu lənətə gəlmiş kollar yoxdursa, onları
elə bu dəqiqə əkmək lazımdır.
- Əkmək?.. Kolları?.. – Nikolay Yevqrafoviç gözlərini
bərəltdi.
- Hə, əkmək. Bir halda ki, doğru deməmisən, - düzəltmək
lazımdır. Hazırlaş, şlyapamı mənə ver... Koftamı... Burda deyil,
şkafa bax... Çətiri də götür!
Etiraz etmək istəyən, lakin dinlənilmədiyini görən Almazov
şlyapa və koftanı axtarmağa başladı. Vera tez masa və komodların
siyirtmələrini çəkdi, səbət və qutucuqları çıxartdı, hamısını açıb
döşəməyə tökdü.
- Sırğalar... Yox, bunlar boş şeylərdir... Onlara heç nə
verməzlər... Amma bu soliterli (iri brilyant – tərc.) üzük
bahadır... Mütləq geri almaq lazımdır... Batsa, heyf olacaq.
Qolbaq... buna da az verəcəklər. Köhnədir, həm də əyilib... Kolya,
sənin gümüş portsiqarın hanı?
Beş dəqiqədən sonra bütün qızıllar ridikülə (qadın əl çantası –
tərc.) qoyulmuşdu. Artıq geyinib hazır dayanmış Vera heç nəyi
unutmadığına əmin olmaq üçün sonuncu dəfə ətrafa göz gəzdirdi.
- Getdik, - nəhayət, qəti səslə dedi.
- Axı biz hara gedirik? – Almazov etiraz etməyə çalışdı. – İndi
qaranlıq çökəcək, mənim sahəmə isə hələ on verst var.
- Heç nə olmaz... Getdik!
Almazovlar əvvəlcə lombarda baş vurdular. Açıqca görünürdü ki,
qiymət qoyan kişi insan bədbəxtliyinin hər gün gördüyü mənzərəsinə
çoxdan adət etdiyindən cütlüyün durumu onu az da olsa, mütəəssür
etmədi. O, gətirilən zinət əşyalarına elə diqqətlə və uzun-uzadı
baxdı ki, Veroçka artıq özündən çıxmağa başladı. Ən çox da brilyant
üzüyü turşu ilə yoxladıqdan sonra çəkib üç manat qiymət qoyması
Veranı xüsusilə incitdi.
- Axı bu, əsl brilyantdır, - Vera hiddətləndi, - otuz
yeddi manatdır, o da hələ düşəndə.
Lombardçı yorğun bir laqeydliklə gözlərini yumdu.
- Bizimçün fərqi yoxdur, xanım. Biz heç daşları götürmürük, - o,
tərəzinin gözünə başqa bir qızılı qoyaraq dedi, - biz ancaq metala
qiymət qoyuruq.
Amma köhnə və əyilmiş bilərzik, Veranın heç gözləmədiyi halda,
çox baha qiymətləndirildi. Hər nə isə, ümumilikdə iyirmi üç manata
yaxın pul yığıldı. Bu, lazım olan məbləğdən də bir az artıq
idi.
Almazovlar bağbanın yanına gələndə bəyaz Peterburq gecəsi bütün
səma boyu və havada göy süd kimi yayılmışdı. Bağban, çex, qızıl
eynəkli balaca qoca kişi yenicə ailəsi ilə şam yeməyinə əyləşmişdi.
Sifarişçilərin belə vaxtsız gəlişindən və qeyri-adi xahişlərindən
təəccüblənən bağbanın üzündə narazılıq ifadələrini də açıq görmək
olurdu. Çox güman ki, o, ortada hansısa bir kələkbazlığın
olmasından şübhələnmişdi və Veroçkanın israrlı xahişlərinə çox quru
cavab verdi:
- Bağışlayın. Amma mən gecə vaxtı işçiləri elə uzağa
göndərə bilmərəm. Əgər sizinçün münasibdirsə, sabah səhər gəlin –
mən sizin qulluğunuzda hazıram.
Onda bircə yol qalırdı: başıbəlalı ləkə ilə bağlı bütün əhvalatı
müfəssəl şəkildə bağbana danışmaq və Veroçka elə belə də etdi.
Bağban əvvəlcə inamsızlıqla, demək olar ki, ədavətlə dinlədi, amma
əhvalat gəlib Veranın kolları əkmək fikrinə düşməyinə çatanda o,
diqqətlə qulaq asmağa başladı və hətta bir neçə dəfə şəfqətlə
gülümsədi də.
- Neynək, başqa əlac yoxdur – Vera sözünü bitirəndə bağban
razılaşdı, - yaxşı deyin görüm, siz hansı kolları əkə
bilərsiniz?
Lakin bağbanda olan kol növlərinin heç biri münasib deyildi:
istər-istəməz yasəmən kolunun üzərində dayanmalı oldular.
Almazov boş yerə arvadını evə qayıtmaq üçün yola gətirməyə
çalışırdı. O, əri ilə birlikdə şəhər kənarına getdi. İşçilər
kolları əkənədək həyəcanla vurnuxur və onlara mane olurdu və yalnız
kolların ətrafındakı çimlərin bütün çökəkliyi örtən otlardan
qətiyyən fərqləndirməyin mümkün olmadığına tam əmin olduqdan sonra
evə getməyə razılıq verdi.
Ertəsi gün Vera heç cür evdə otura bilmirdi və ərini qarşılamaq
üçün küçəyə çıxdı. O, hələ uzaqdan, elə bircə qıvraq və bir qədər
də hoppana-hoppana yeriməyindən bildi ki, kollarla bağlı olay
yaxşılıqla qurtarıb... Doğrudan da, Almazov bütün tozun içində idi
və yorğunluqdan, aclıqdan ayaq üstə güclə dayanırdı, ancaq üzü
çaldığı zəfərin təntənəsi ilə işıq saçırdı.
- Yaxşı! Çox gözəl! – arvadının üzündəki həyəcanlı ifadəyə cavab
olaraq hələ on addımlıqdan qışqırdı. – Təsəvvür elə, birlikdə
kolların yanına gəlmişik. O, kollara baxır, baxır, hətta
yarpaqlarını qopardıb çeynəyir. "Bu, nə ağacıdır?" – deyə soruşur.
Mən cavab verirəm: "Bilmirəm, zati-aliləri". – "Yəqin tozağacıdır?"
- deyir. Mən cavab verirəm: "Yəqin ki, tozağacıdır, zati-alilləri".
O, mənə sarı çevrildi və hətta əlini də uzatdı. "Bağışlayın, -
dedi, - məni, poruçik. Madam ki, bu kolları unutmuşam, yəqin
qocalmağa başlayıram". O, çox məşhur professordur və çox ağıllıdır.
Düzdür, onu aldatdığıma üzülürəm. Bizim ən yaxşı
professorlarımızdan biridir. Hədsiz dərəcədə biliklidir. Bu qədər
iti yaddaşının olması və ərazini bu qədər dəqiq bilməsi çox
təəccüblüdür!
Ancaq onun danışdıqları Vera üçün kifayət deyildi. O,
professorla söhbətin bütün təfsilatını dönə-dönə təkidlə ərinə
söylətdirdi. O, ən xırda incəliklərinə qədər hər şeylə
maraqlanırdı: professorun üzünün ifadəsi necə idi, öz qocalığından
danışanda səsinin tonu necə idi, bu zaman Kolya özünü necə hiss
edirdi...
Və birlikdə evə doğru elə addımlayırdılar ki, sanki küçədə
onlardan başqa heç kim yox idi: əl-ələ tutmuşdular, durmadan
gülürdülər. Yoldan keçənlər bu qəribə cütlüyə bir daha nəzər salmaq
üçün təəccüblə ayaq saxlayırdılar...
Nikolay Yevqrafoviç heç vaxt belə iştaha ilə nahar etməmişdi...
Nahardan sonra Vera Almazovun kabinetinə çay gətirəndə ər-arvad
qəfildən eyni anda gülümsünüb baxışdılar.
- Nəyə gülürsən? – Vera soruşdu.
- Bəs sən nəyə gülürsən?
- Yoox, birinci sən de, mən sonra deyərəm.
- Heç, boş şeydi. Bu yasəmən əhvalatı yadıma düşdü. Bəs
sən?
- Mən də elə-belə güldüm. Mənim də yadıma düşdü.., yasəmən...
Demək istəyirdim ki, bundan sonra yasəmən mənim ən sevimli çiçəyim
olacaq...
1894
Tərcümə etdi: T.C.Bədəlova