"Cəbhə xətti"nin budəfəki astanasında bir şəhidin ömür
kitabı açılacaq, rəvayət ediləcək... bir dərviş təki... Unudulmamış
ağrı-acı xatırlanacaq səhifələrdə. Can yanğısı, əslində,
itirilməmiş ümidlər və günbəgün uzaqlaşan xatirələr canlanacaq
kimlərinsə real baxış bucağında... və o danışdı:
Əzizlərini torpaq, qeyrət davasında itirlənləri dinlədikcə
bir-birinə bənzəyən qismət naxışları ilə qarşılaşmışam. Elə bil ki,
qadir Tanrı Vətənimizin şəhidlik ucalığından bizə boylanan
övladlarını şərəfli ünvanda qovuşdurmaqdan ötrü dünya mülkündə
varlıq çiçəyi tək bitiribmiş. Qazax mahalının bir parçası olmuş
Tovuzun şəhid qızı Rəhilə Komsomol qızı Qarayeva da həmin
insanlardan biridir. İndi Tanrının seçilmiş bəndələrindən birinin -
Rəhilə Qarayevanın 45 il bundan öncə Tovuzun Qədirli kəndində
başlamış, 22 il qabaq isə Qubadlının Yuxarı Cibikli oymağında başa
çataraq dastanlaşmış ömür yolunun maraq oyadası yarpaqlarını,
səhifələrini vərəqləyib, illərin axarında baş verən olayları
çözələmək istərəm.
Vətən deyib ağlayanın,
Göz yaşları selə dönər.
Axıb gedər gecə-gündüz,
Bir məkanda gölə dönər.
Hə... 1970-ci illərdə rəhmətlik eloğlumuz Komsomol Qarayevin
ailəsində baş verənlər onun doğmalarına həm sevincli, həm də ürək
sızladan anlar yaşatmışdı. 70-ci ilin 22 martında təbiətdə yeni
ovqatın baş qaldırdığı günlərdə mərhum Komsomol dayıyla rəhmətlik
Fatma xalanın evində başqa bir təntənə yaşanmışdı. Uğur soraqlı
həmin yaz günündə onların daha bir övladı, qız balalarının isə bacı
payı Tanrı bəxşişinə dönüb həyat səhnəsinə qədəm qoymuşdu. Saz
sənətini ürəkdən sevən Komsomol "Sazçı qızlar" ansamblının
yaradıcısı və yaşadıcısı mərhum Rəhilə Cabbarovanın şərəfinə
qızının adını Rəhilə qoydu. Rəhilənin dünyaya gəlişindən bir il
sonra basıcı Savadın gözləri şadyanalıq işartılarına bələnmişdi.
İlk qızları ata-anasının üzünü güldürmüşdü. 1972-ci ildə Komsomol
atayla Fatma ananın oğul balaları, qanlı döyüşlərin baş alıb
getdiyi fəlakətli çağlarda bacısıyla çiyin-çiyinə verərək quduz
yağılara qarşı döyüşəcək Qabil Qarayevin qığıltıları Rəhilənin
haray-həşirinə qarışdı. 1973-cü ildə Savad xanımın daha bir qızının
doğumuyla Qarayevlərin şadlıqla zəngin üərklərinə yeni naxış
salmışdı. Bir neçə il dalbadal Qarayevləri qanadlandıran həyatın
xoş axarının yönü dəyişdi. Savad Qarayevanın həyat yoldaşı dünyanın
işləklərindən hələ yaxşı baş çıxarmayan qızını, Savad xanımı
gözüyaşlı qoyub haqq dərgahına qovuşdu. Savad xanım balalarını
təkbaşına, necə, hansı çətinliklərə qatlaşaraq böyüdəcəyəni
düşündüyü, darlıqlardan qurtulub dincliyə çıxmağın yollarını
aradığı çağlarda, həyat yoldaşını itirəndən haradasa bir il yarım
sonra daha dözülməz itkini atasıyla, anasıyla, bacıları, qardaşları
ilə birlikdə yaşamağa məhkum oldu. Komsomol kişinin ocağında
böyüyənlərə süd vermiş cəfakeş Fatma xanımın həyatdan köçməsi körpə
balaları Rəhiləni və Qabili ana nəfəsinin məhrəmliyinə də, könül
oxşayan ana laylasının şirinliyinə də həsrət qoydu.
Əzizim otağında,
Bülbüləm budağında.
Bala anadan ayrı
Can verir otağında.
Qadın qayğısından, ana doğmalığından yaranan istiliyin qeybə
çəkilməsi ilə buzlaşmış evdə baş-başa verən atanı da, 3 bacını, 3
qardaşı da boynubükük qalmış bacıları Rəhilənin, qardaşları Qabilin
gələcək taleyi düşündürürdü. Qarayev soyadının daşıyıcıları 6 yaşlı
Rəhiləni, 4 yaşlı Qabili böyütmək, yetkin insanlar kimi
yetişdirərək insan cəmiyyətinə çıxarmaq məsuliyyətindən doğan
vəzifələrinin öhdəsindən layiqincə gəlməliydilər. Sözsüz ki, kiçik
yaşlı bacılarının, qardaşlarının qara donlu qayğıları Komsomol
kişinin qızlarını daha çox düşündürürdü. Onlar çox gözəl
anlayırdılar ki, ana yoxluğunun yerini doldurmaq naminə
daşıyacaqları yük bütün ağırlıqları ilə onların çiynindədir. İllər
qarabəxt Rahilənin yaşının üstünə yaş gətirmiş, 12 yaşına çatmışdı.
Bacısı Savad xanım atalarından icazə aldıqdan sonra bacısını
himayəsinə götürdü. Bacısı qızları ilə bir yerdə, tay-tuş kimi
böyüyən Rəhilənin uşaqlığı get-gedə arxada qalır, onun ürəyini ələ
almağa çalışanlar meydana çıxırdı. Rəhilə sevib-seviləsi çağlarını
yaşadığından hər kəsi, eləcə də Savad Qarayevanı düşündürən ən
ciddi məsələlərdən biri onun da ailə qurması, xoşbəxt yaşaması,
ev-eşik, övlad yiyəsi olması idi. Rəhiləni ağappaq gəlinlik
paltarında görmək istəyənlər bu arzunun həvəsi ilə çırpındıqları
halda fələk adlı varlığın çarxı onların ciyərparələrini şəhidliyə
doğru çəkib aparmaqda idi. Rəhilə Sumqayıtda dərziliyin sirlərinin
öyrənirdi bir peşə məktəbində. Ötüb-keçən günlərin yel qanadlı atı
onu ömür qatarının dayanacağı son mənzilə doğru addım-addım
yaxınlaşdırmaqdaydı.
Dağlarda qar, qış oldu,
Ömrümə dar qış oldu.
Lələnin şirin sözü
Fələyə qarğış oldu.
Səadət çıraqlarını söndürmüş, ümid ağaclarını köklü-köməcli
qoparmış qanlı-qadalı müharibə tüğyanı Azərbaycanı bir-birinə
vuranda ölkənin əliqabarlı təbəqəsi Vətən uğrunda döyüşlərin
getdiyi səngərlərə atılmışdı. Bütün ölkəni silkələyən savaşlarda
hər gün qan axıdılırdı. Yuxa ürəkli ulusumuzun əsəblərini tarıma
çəkmiş Xocalı faciəsinin vəhşət doğuran sonluğu böyüklü-kiçikli
hamını öz yerindən oynatmışdı. Dağınıqlıq, başıpozuqluq, başbilənin
yoxluğu məmləkəti qəlpələrə parçalayırdı. Buna baxmayaraq
yurdsevərlər Vətənin bütövlüyü, ulusun xoşbəxt gələcəyi yolunda ya
canlarından keçirdilər, ya da sağlamlıqlarının itirilməsinə səbəb
olan yaralar alırdılar. Ədavət qazanında qaynayan fitnənin buğu
qorxubilməz igidlər beşiyi Azərbaycanı bürüdüyü 1990-cı illərin
başlanğıc dönəmlərində cəbhədə yaralananların görüşünə getmək
istəyənlər də çox idi. Günlərin bir günü söhbətimizin qəhrəmanı
Rəhilə Qarayeva tay-tuşlarına qoşulub Sumqayıtda yerləşən Təcili
Tibbi Yardım Xəstəxanasında ölümlə həyat arasında mübarizə aparan
yaralı həmvətənlərimizin görüşünə yollanır. Həmin görüş Rəhilənin
içində bəlkə də çoxdan vurnuxan, var-gəl edən qərarsızlığın
qətiləşməsinə səbəb olur. Bununla da Rəhilə Komsomol qızı
Qarayevanın cəbhə bölgələrinə doğru gedən yollarının üstündə yaşıl
işıq yanır. Axı əzizlərini Rəhilənin evlənməyi düşündürürdü.
Elim qalıb neçə dağlar dalında,
Qismətim var yazılıbsa alında,
Gedəcəyəm ayaq qalsa yalın da,
Pir igidin çırağı da sönərmi?!
Rəhilə son qərarına qətilik möhürü vurub cəbhəyə yola düşdükdən
bir neçə ay keçsə də, ailə üzvləri, doğmaları onun itkin taleyindən
soraq ala bilməmişdilər. Sovet ordusunda xidməti borcunu tamamlayan
qardaşı Qabil Vətənə qayıtdıqdan sonra 1993-cü ilin ilk aylarında
bacısını axtara-axtara onun yerini tapır. Elə o vaxtdan bacı ilə
qardaşın döyüş yolları eyni səngərlərdən keçir, onlar işğalçı
qüvvələrlə mübarizəni bir yerdə aparırlar. Talançı rus-erməni
qoşunundakı cinayətkarları qorxuya salmış rəhmətlik Həsənəlinin
başçılığı altında neçə-neçə döyüşdə yurddaşlarının yanında yer
alırlar. 1992-ci ilin dekabrında dostun-düşmənin Həsən Qorxmaz kimi
tanıdığı cəsur komandir şəhidlik şərbətini dadır. Komandirinin
cəsədi yağıların cənginə keçmək təhlükəsində qalanda Rəhilə
Qarayeva komandirinin cansız cəsədini kürəyinə alaraq təmas
nöqtəsindən çıxarır. 1993-cü ilin 31 iyulunda Rəhilə kişilik təpəri
olmayanların silahından açılmış atəş nəticəsində aldığı yaradan
dünya ilə vidalaşır. Qardaşından başqa heç kimlə vidalaşmağa macal
tapmır. Avqustun 2-də atası Komsomol kişinin təkidi ilə Rəhilə ata
ocağında, Tovuzun Qədirli kəndində torpağın qoynuna tapşırılır.
Ana, mənə az ağla!
Qış sızılda, yaz ağla!
Nə vaxt yadına düşsəm,
Ağ kağıza yaz, ağla!
Martın 14-də Leyla Fərhad qızı Həsənovanın min-bir əziyyət
bahasına ərsəyə gətirdiyi anım toplantısının məramı Rəhilə Komsomol
qızı Qarayevanın 45 illiyi ilə bağlı idi. Qaçqın və Məcburi
Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin keçmiş binasına toplaşanlar
gənc vətənsevər Leyla Həsənovanın bu xoş məramına havadar çıxanlar
idilər. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asifin) qardaşı və
mərhum eloğlumuzun adını daşıyan fondun başçısı Ədalət Məhərrəmov,
keçmiş qadın döyüşçülər Sevda Səfərova, qardaşı və dayısı şəhid
olmuş, özü də odlu cəbhələrdə düşmən ünsürlərlə üz-üzə gəlmiş
Nərminə Abbasquluyeva, tarixçi alim, keçmişimizin gizli qatlarının
araşdırıcısı Nazim Tapdıq oğlu, hərbçi qadın, bu gün də
hüquq-mühafizə orqanlarında çalışan Aida Şirinova, "Avropa" Nəşrlər
Evinin başçısı Şöhrət Səlimbəyli, hərbi jurnalist Nigar Həmidli,
Təranə Mürsəqulova və başqaları yığnıcaqda çıxış etdilər. Anım
toplantısında Rəhilənin bacıları Savad və Xanımzər xanım ilə
birlikdə şəhidin bacısı oğlu da iştirak edib, xatirələrini
iştirakçılarla bölüşdü. Yığıncağın səbəbkarı Leyla Həsənova
çıxışında bir istəyini - şəhid Rəhilə Komsomol qızı Qarayevanın
adının əbədiləşdirilməsi üçün Tovuz İcra Hakimiyyəti başda olmaqla,
əlaqədar dövlət qurumlarının hərəkətə gəlməsinin gərəkliliyini dilə
gətirdi. Leyla Həsənovanın bu diləyinin tezliklə doğrulacağına
ürəkdən inanırıq.
"Cəbhə xətti"nin kövrək simləri kədər-kədər, bayatı-bayatı bir
torpaq, bir şəhid salnaməsi ilə dilləndi... söz susdu, söz
danışdı.