"Keçmiş davamedici zaman" layihəsində:
Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki
qonaqları xalq artisti Afaq Bəşirqızı və gənc aktrisa Günel
Məmmədovadır.
Layihənin növbəti sualı belə oldu:
Filmlərdə, seriallarda açıq-saçıq səhnələrdə
çəkilmisinizmi və ya belə bir təklif almısınızmı? Ümumiyyətlə, necə
baxırsınız buna? Təklif olunsa, çəkilərdinizmi? Açıq-saçıq
səhnələrə çəkilməyin müsbət və mənfi tərəfləri nədir?
Xalq artisti Afaq Bəşirqızına görə, açıq-saçıqlıq yalnız bir
halda qəbul oluna bilər:
"Bizim açıq-saçıq səhnələr olan filmlərimiz var, məsələn,
"Təhminə" filmi. Amma hər şeyi nəzərə almaq lazımdır. Biz
öyrəşməmişik də. Elə gözəl filmlərimiz olub ki, biz orda açıq-saçıq
səhnələr olmadan keçinmişik. İstisnalar var, təbii. Aktyor
ustalığından, ona olan hörmətdən çox şey asılıdır. Aktyor elə
olmalıdır ki, o cür səhnələr olsa belə, bu, sırf onun oyunu kimi
həzm olunsun. Bir türk serialı var – Karadayı. O serialda "Min bir
gecə" serialından tanıdığımız aktrisa Bərgüzar Korel aktyor Kənan
İmirzalıoğlu ilə çox açıq-saçıq idi. 32-ci seriyada daha çox
açıq-saçıqlıq vardı. Mən saytlarda oxudum ki, qınaq daha çoxdur,
nəinki rəğbət. Mənə elə gəlir ki, rejissorlar bizim filmləri Qərb
filmləri – Maykl Duqlasın filmləri kimi çəkməməlidirlər. Açıq
səhnələri eyhamla və ya başqa vasitəylə əvəz etməlidirlər. Bu
yaxınlarda teatrlarımızın birində bir tamaşa da nümayiş olundu ki,
bu da çox sensasiya yaratdı. Öz müəlliməsinə zorakılıq tətbiq edən
şagirddən bəhs edir. Həmin səhnələrin qabarıq verilməsi yaxşı qəbul
olunmadı. Mən o tamaşanın birinci versiyasına baxmışam, amma ikinci
versiyasına yox. Rejissor və aktyor ustalığından çox şey asılıdır,
əsasən də rejissordan. Açıq-saçıqlıq qəbul olunan bir şey deyil.
Yəni mən də bu xalqın nümayəndəsiyəm, başa düşürəm, bu oyundur,
amma məni buna inandırmaq lazımdır".
Gənc aktrisa Günel Məmmədova açıq-saçıq səhnələrə
çəkilməyin ancaq mənfi tərəflərinin olması
fikrindədir:
"Azərbaycanda istər filmlər, istərsə də seriallar müəyyən bir
çərçivədə çəkilir, yəni bizim filmlərdə xarici filmlərdəki kimi
açıq-saçıqlıq yoxdur. Təbii ki, mentalitetdən irəli gələn bir
şeydir. Çəkilirsə də, Azərbaycanda nümayiş olunmur. Bizdə
açıq-saçıqlıq maksimum "öpüşməkdən" ibarətdir. Mən nəinki lap
açıq-saçıq səhnələr, öpüşmək səhnələri olan ssenarilərdən belə
imtina eləmişəm. Amma elə ssenarilər də olub ki, yataq səhnələri
rejissor tərəfindən başqa cür həllini tapıb. Mənim filmoqrafiyamda
olan, italyan rejissor Andre Badalonun "Sevgi haqqında" və gürcü
rejissor İrakli Akapidzenin "Həyat çiçəyi" serialında yataq
səhnələri əvəz olunmuşdu, ancaq rejissorlar istədikləri mənanı verə
bilmişdilər. Həm də məncə, əsas öpüşmək, soyunmaq deyil – əfsuslar
olsun ki, rejissorlarımızın əksəriyyəti müasirlik xətrinə lazım
oldu-olmadı belə səhnələrə üstünlük verirlər. Əgər hər hansı bir
situasiya bunu tələb etmirsə, məcburi deyilsə, onsuz da keçinmək
olar. Açıq səhnələrə çəkilənlərə də normal baxıram. Bu, individual
bir baxışdır. Hansısa aktrisanı və ya aktyoru mühakimə etməyə heç
kimin haqqı yoxdur. Mənə həmişə qəribə gəlib ki, biz əcnəbi
seriallara, filmlərə baxanda orda hər cür açıq-saçıq səhnələr
olduğu halda bunu normal qəbul edirik, bu bizi narahat etmir, amma
öz aktyorlarımız həmin rolu oynayan kimi damğa vururuq. Çox
acınacaqlı haldır. Mən indiyə kimi açıq-saçıq səhnələrə
çəkilməmişəm, hətta elə proyektlərim olub ki, mənə çox uğur gətirə
bilərdi, lakin imtina etmişəm. Çünki nəzərə almalıydım ki, mən
Azərbaycanda yaşayıram, mentalitetim nəyi tələb edir, dinim və
əhatə olunduğum cəmiyyət hansıdır. Əfsuslar olsun ki, bizdə
oynadığın obrazla sənin şəxsiyyətini səhv salırlar və bu, böyük
problemdir. Açıq-saçıqlığın Azərbaycanda yalnız mənfi tərəfləri ola
bilər".