"Türmə əhvalatları" layihəsində
(Əvvəli)
Gülsüm xanım üçün görüşümüzün ən ağır anı başladı. O,
həbsinin baş verdiyi anı soyuqqanlı olaraq nəql edə bilmədi.
Hərçənd bunun üçün çox çalışdı. Amma səsi titrədi, dodaqları
əsdi:
- İşə getməyə hazırlaşırdım. Qapının zəngi çalındı. Anam açdı.
Evə bir neçə yad adam daxil oldu. Mülki geyimdəydilər. Evinizdə
axtarış olacaq, dedilər. Səbəbini soruşduqda cavab məni şoka
saldı:
"Siz narkotik maddələrin yayımında günahkar bilinirsiniz".
İçimdə nə isə qırıldı. Bu, böhtan idi, ünvanı səhv salıblar
əminliyi vardı məndə. Eyni zamanda dəhşətli bir qorxu içimdə ilan
kimi qıvrıldı. İstər-istəməz ayaqyoluna tərəf getdim. Yekəpər gənc
əli ilə tualetin qapısını qapadı, olmaz, dedi. Sonra özü girdi
içəri, tualeti axtardı. Üst-başıma baxışları ilə "əl gəzdirdi",
acı-acı gülümsədi:
- Keç...
Keçmədim. İçimi sancı doğrayırdı amma. Sən belə şeyləri başa
düşərsən, qorxurdum ki, üstümü isladam. Amma özümü yenə də tox
tutdum. Axtarış aparıldı. Mənə ən çox pis təsir edən qonşularımızın
şahid kimi dəvət olunması idi. Bizi istəyənlər də, istəməyənlər də
vardı. Yataq otağını, mətbəxi, qonaq otağını, hamamı, tualeti
axtardılar. Dediyim kimi, İrandan gələn, həna, qurudulmuş, limon,
parça və bəzi ətriyyatdan başqa əllərinə bir şey keçmədi. Sonra
anamla məni polisə apardılar. Qardaşıma zəng etməyi xahiş etdik ki,
bilsin. Anamı axşam buraxdılar. Məni isə saxladılar. Həbs olunan
adamları mən tanıyırdım və onlar ancaq mənimlə görüşdüklərini,
məndən mal alıb pul verdiklərini dedilər. Deyilənlər, düzdür,
dedim. Amma mən heç bilmirdim ki, onlara verdiklərim, tiryək, yaxud
digər narkotik mallar imiş. Sözsüz inanmadılar. Mənimlə "podelnik"
kimi tutulanlar da dedilər ki, inanmırıq bilməsin.
İki gündən sonra istintaqın gedişi və məhkəməyə qədər məni evə
buraxdılar. İşə getdim. Hamı təəccüblə üzümə baxırdı, günahkar idim
və heç kəsə fikir vermirdim. Kadrlar şöbəsinin əməkdaşı zəng edib
məsləhət gördü ki, məzuniyyətə çıxım. Onsuz da əlim işə-zada
yatmırdı. Razılaşdım.
3 aydan çox istintaq getdi. Qardaşım maşınını, ticarət obyektini
satdı. Dayım kömək etdi. Axır ki məhkəməm baş tutdu və mən
təqsirləndirildiyim maddənin ən yüngülü bəndi ilə üç il yarım həbs
olundum.
Gülsüm xanım danışır və danışdıqca da gözlərini tez-tez qırpır.
Niyə? Bəlkə o günləri gözlərinin qarşısına gətirmək istəmir,
kirpikləri ilə qovur? Günəşin şüası üstünə düşür. Yerini dəyişməyi
təklif edirəm:
- Stulunu bəri çək, gün səni "vurur".
- Qoy vursun, vurulmuşun qorxusu yoxdur, kaş elə gün işığı
vursun, gün görməyənləri, şaxta-sazaq olmasın, – deyir və stulunu
da dəyişir. Stəkanını onun qarşısına qoymazdan qabaq çayını
təzələyirəm. O isə davam edir:
- İnan, hakimin səsini eşidə bilmədim. Cavan, yaraşıqlı bir
xanım olasan və səni gör nədə ittiham edələr. Nə isə, qoluma qandal
vurmaq istədilər, hakim qəzəblə çımxırdı ki, etməyin. Məni
gətirdilər Şüvəlan türməsinə. "Titanik" adlanan korpusda
saxladılar. Kamerada məndən savayı 6 məhbus qadın da vardı. Gözüm
qaraldı. Başıma dünya fırlandı sanki.
- Səni pis qarşıladılar? Yer göstərdilər
sənə?
- Yox yer göstərmədilər. Qələt edərlər mənə yer göstərərlər, mən
öz yerimi yaxşı bilən adamam.
- Axı təcrübəsiz idin, türmə qanunlarını bilmirdin,
vəzifə sahibi olmusan, dövlət işində çalışmısan, məmur olmusan.
İçəridə pis baxırlar axı beləsinə.
- Düz deyirsən... amma mənə oturmaq üçün yer verib, şponka
ayırdılar, dedilər, təmizlik işlərinə növbəliliklə baxırıq.
Bilirsən, o qadınlar da mənim kimi yazıqlar idi. Düzdür, biri
kriminal aləmlə yaxınlığı ilə tanınırdı, amma heç biri dustaq
həyatını özünün həyatının bir hissəsi kimi görmürdü. Bu baxımdan
narahatlığım yox idi. Məni ən çox narahat edən türməyə girərkən
üstümdə aparılan yoxlanış idi. Çox diqqətlə yoxladılar. Düzdür,
qadın nəzarətçilər idi yoxlayanlar, amma özümü təhqir olunmuş kimi
hiss edirdim.
- Bu adi bir prosesdir, qanun belə tələb edir, üst-başın
yoxlanılmalıdır. Özü də sən elə bir maddə ilə günahkar bilinibsən
ki, bu, mütləq lazım idi.
Gülsüm ilk dəfə zəiflik göstərdi. Ağladı. Səsi çıxmasa da, göz
yaşları sifəti boyunca iz saldı. Əl dəsmalı ilə gözlərinin yaşını
qurutdu. Davam etdi:
- Bilirsən, mən də bilirəm yoxlamalıdırlar. Amma bu nəzarətçi
qadınlar, məni təhqir etdilər. Soyun, dedilər. Qapını da
bağlamayıblar. Dedim, qapını örtün, güldülər, bura heç kəs gəlməz
dedilər. Soyunmaq istəmədim, üstümə çımxırdılar. Nəhayət, qapını
örtdükdən sonra üst geyimimi soyundum, "tamam soyun", - dedilər.
Bəlkə harandasa narkotik maddə gizlətmisən deyib, özləri mənə əl
atdılar. Ağladım, dedim, bu bir yanlışlıq olub. Mən... mən...
Susdu. Yenidən ağladı. Və stəkanda soyumaqda olan çaydan ovcuna
süzüb, gözlərinə çəkdi. Tez kənar stoldakılara fikir verdim.
Gülsümün ağlaması onlara da sirayət etmişdi. Baxışlarımı
tutmasınlar deyə, gözlərini gizlədilər. Gülsüm isə ətrafın fərqində
də deyildi. Onsuz da danışdığını heç kəs eşitmirdi.
– Mən narkoman deyiləm dedim. Onlar mənim bədənimdə nə isə
axtarmaq istədilər... təkcə onu deyə bildim ki, mən qız uşağıyam,
toxunmayın mənə... "Geyin, - dedilər, - sonra da, hörmət elə".
Dedim götürün, cibimdən çıxan pul qarşılarında idi. 10 manat
götürdülər. Sonra kameradakı qızlar dedi ki, gərək özün 5 manat
təklif edəydin... mənə dedilər ki, hələ çox şey görəcəksən,
eşidəcəksən...
Gülsüm yenə də səssiz ağladı. Göz yaşlarının dodaqlarına
düşənini bu dəfə dili ilə quruladı.
- Məni bilirsən nə dəhşətə gətirdi? Axşam yoxlanışında nəzarətçi
qadın "kormuşqa"nı açıb çağırdı: - Ey, bakirə, sənə bağlama var,
qəbul elə, bura qol çək. Bilmədim kimi çağırır, tərpənmədim.
İçəridə olan qadınlardan biri mənə tərəf döndü: - Səni
çağırır...
O gündən mənim ayamam "Bakirə" oldu. Axı sən bilirsən, hər
dustağa qoyulan bir ad var...
Ardı var