1957–ci il sentyabrın 28-də Qubadlı rayonunun Xanlıq
kəndində anadan olub. 1975-1977 illərdə Qazaxıstanda hərbi xidmət
keçib. 1978-ci ildə Qubadlıda işıq idarəsində işıqçı çalışıb. 3 ay
sonra usta vəzifəsinə keçib. O ərəfədə Gəncə Politexnik Texnikumuna
qəbul olunub.
Bu dəfə "Cəhbə xətti"mizdə I Qarabağ savaşının qazisi, müharibə
əlili, Qubadlı Özünümüdafiə Batalyonunun komandiri olmuş Saleh
İsfəndiyar oğlu Rüstəmovdur. Döyüş tarixçəsini öz dilindən
eşidək:
əvvəli burada
- ...Bizdə elə döyüşçü
oğlanlar var idi ki! Şamil Basayev gəldi Qubadlıya, baxdı bizə,
dedi ki, biz sizin kimi döyüşə bilmərik. Mənə də şərt qoymuşdular
ki, öldürdüyümüz erməninin silahlarını götürəcəyik döyüşdən
sonra.
Razı olmadım. Dedim, yarı böləcəyik. Çünki döyüşə bir giririk. 9
nəfər idilər. Onlar döyüşə baxdılar, dedilər, sizin uşaqlar yaxşı
döyüşür. Bizlik deyil bura. Çıxıb getdilər. O vaxt İsgəndər
Həmidovun yanına gəlmişdilər, o göndərmişdi. Bizim uşaqlar heç
kimdən zəif deyildi. Sadəcə, rusların ikinci eşelonu – tankla və
digər texnika ilə bizi qırırdı. Özü də içimizdəki xainlərin əli
ilə. Onların kəşfiyyatına xəbər gedirdi ki, sabah 4 batalyon,
hərəsi də 50 nəfər heyətlə Suarasına hücuma keçəcək. Onlar artıq
bizim 200 nəfəri 400 nəfərlə qarşılayırdılar. Üstəlik, bütün
silahları ilə. Bütün əməliyyatlar belə olurdu. Ağdamda, - karyer
deyirdilər, - yarğanda bizi saldılar üzümlüyə. Onlar isə
yüksəklikdən quraşdırılmış pulemyotla vururdular. Nə qədər dedim
ki, komandir, belə hücum olmaz. Artilleriyanı işə sal, biz çıxaq.
Dedi, artilleriya işləmir, əsgərləri ver qabağa. Əsgər onsuz da
qırılır da.
İndi deyə bilmərəm, amma o vaxt bizimkilər rusa çox güclü
işləyirdilər. Ona görə də bizim heç bir əməliyyatımız güclü
alınmırdı. Heç bir regionumuzda.
Savaşda bayramlar
Mən sizə deyim, İsmayıl
Qurbanında qurban da kəsirdik. Özü də hər yerdə yox. Bu, Fizulidə
və Horadizdə oldu. Bizə bir türk qadın gəlib çıxmışdı. Deyirdi, siz
mənim qardaşlarımsınız. Hamımız da ona bacı kimi davranırdıq. Heç
kimin də haqqı yox idi ona nəsə artıq söz desin. Əsgərlərin
yeməyini bişirirdi. Deyirdi, mənim əziyyətim o olsun ki, bilim
azərbaycanlı qardaşlarımın yeməyini mən bişirirəm. O gedib İsmayıl
qurbanına iki heyvan alıb gətirmişdi. Qurbanlıq kəsdi, payladı bu
uşaqlara. Bütün postlara. Bayramlarda Bakıdan yaxşı dostlar hədiyyə
gətirərdilər. Əsgərlərə yaxşı yemək bişirilərdi. İçkiyə yol
verməməyə çalışırdıq. Amma qabağını da almaq olmurdu. Xəlvət içən
içirdi. Çox da ciddiyə getməsək də, cəzalandırırdıq. Cəzalandıranda
da çox saxlaya bilmirdik. Əsgər çatışmazlığı var idi. Ondan əlavə
də müharibədə nizamsızlıq hər yerdə olur. Qarşısını tam almaq
mümkün deyil. Bir dəfə biləsuvarlı bir əsgər içib univermağı
dağıtmışdı. Tutub aparmışdım kameraya. Amma onlar güzəştə gedilən
şeylərdir. O, ana-bacısını qoyub gəlib bu dağlarda ölməyə.
Neyləməliydik. Bir gün içib keflənib deyə, onu öldürmək, söymək
düzgün deyil axı.
Aslanlar
Rahilə adlı qız elə Həsən Qorxmazın yanında öldü. "Sərçə"
dediyimiz Nahidə adlı qız var idi. Sonuna kimi bizimlə döyüşüb.
Qubadlıdan Tahirə xanım, Dilşad xanım tibb işçiləri idilər.
Uşaqlarla döyüşə gedirdilər qorxmadan. Bayramlarda zabitlər mütləq
nəsə hədiyyə edirdilər onlara. Onlar bizim qızımız, bacımız idi. Ən
əsas da çiyin-çiyinə döyüşdüyümüz əsgər yoldaşlarımız idi. Bizimlə
döyüşə gedirdilər. Heç vaxt geridə qalmazdılar. Güllətutmaz yerdə
saxlasaq da, döyüş meydanında bizimlə olurdular. Əhədin yoldaşı
İlhamə var idi. O da tibb məntəqəsində işləyirdi. Tibb texnikumunu
bitirmişdilər deyə, işlərini də bacarırdılar. Əvvəl Bakıdan
gəlmişdilər. Sonra könüllülər gedəndə onlar da getdilər.
Sumqayıtdan Gülnarə adlı bir bağça müdirəsi, Goranboydan bir qız
var idi. Atası gəldi apardı. İnstitutdan qaçıb gəlmişdi.
Son döyüş
Ən son döyüşüm ermənilər 30 avqustda bizim kəndə gecə saat üçün
yarısı girəndə olub. Məni başqa kənddən gələndə ruslar vura
bilərdi. Amma buraxdılar. Balasoltanlı kəndi var orda. Camaatı,
mülki adamları yığdım maşına, ordan qaçırtdım. Sürücü götürmürdü.
Qabağını kəsdim, qaytardım yığdım. Çıxdım ordan Qubadlıya gəldim.
Namazov mənə göstərdi ki, Saleh, görürsən erməni tankıdır. Dedim,
görürəm. Qabağımı kəsmişdilər. Fakt isə budur ki, ruslar orda məni
vura bilərdilər. Amma vurmadılar. Mən öz kəndimizə gəldim. Silahı
götürəndə mənim maşınımın qabağını vurdular. Uşaqlar dedi ki, Valeh
müəllim abidənin qabağında iki erməni vurub. Meyitini götürə
bilmirlər. Valeh mənim böyük qardaşımdı. Orda 6 qardaş, dayım oğlu,
dostlarım – hamımız günortadan gecə saat 2-yə qədər döyüşdük.
Aramız 50-60 metr idi...
Başımıza pul qoymuşdular
Abidənin arxasını onlar
götürmüşdü. Biz də hasarın arxasında idik. Onların məlumatına görə
3 gün ərzində 37 erməni öldürülmüşdü. Girovlar da məlumat
vermişdilər ki, orda 37 nəfər öldürüblər. Valehlə məni də məxsusi
öldürmək üçün axtarırdılar. Başımıza pul qoymuşdular. Ordan gələn
girov bizim dostumuz idi. Kərəm müəllim dedi ki, sizdən
danışırdılar ancaq. Onları tutmaq lazımdır deyirdilər. Mən gecə
saat ikidə bildim ki, kəndin ayağından girib bizi girov götürə
bilərlər. Valehə dedim ki, çayı adlayaq o taya. Razılaşmadı. Mən
inad etdim. Məcburi o taya keçirtdim. Səhər qayıdıb yenə o mövqeni
götürdük. Həmin günü də döyüş getdi orda. İkimərtəbəli evin
damından Ağakişioğlu Əli kişi pulemyotla onları vururdu. O evi
tankla vurdular. Mən də o həyətin hasarının üstündən atırdım.
Hamımız ordaydıq. Ev çökdü. Mən orda çığırdığım kimi bir də ömrüm
boyu elə səs çıxarda bilmərəm. Elə bilirəm bütün kənd eşitdi onu.
Valeh ordan ikinci mərtəbənin damından gəlib birinci mərtəbəyə
düşdü. Yanımızdakı uşaqlar qaçdılar. Mən yüyürüb girdim. Valeh
taxtaların altından səsləndi ki, qorxma ölməmişəm. Çıxartdıq,
gəldik hasarın arxasından atışmağa başladıq. Valeh hirslənib dəmir
darvazadan çıxdı. Pulemyotla ardıcıl atəş açanda mən çıxıb Valehin
təpiklə sinəsindən vurdum. Valeh yıxılmağıyla TŞK 9 deşik açdı
darvazada. Mənə eləcə onu dedi ki, Saşa, sənin başına dönüm.
Süründük keçdik içəri.
Başını kəsib taxıblar tankın lüləsinə...
Üçüncü günü dedim ki, bax sən qumbaranı atdın orda partladılar.
Çığırtını da eşitdik. Onlar da atsa, altımız da öləcəyik. Bu
uşaqlardan birini göndərək, qız–gəlindən xəbərimiz yoxdur. Onları
yoxlasınlar. Mən özüm kəndə girəndə birinci qardaşımın evini
yoxlamışdım. Qardaşım kolxoz sədri idi. Gördüm heç kim yoxdur.
Yoldaşım, anamgil də yox idi. Evdən heç nə götürməmişdilər. Mən
qızıllar olan qabı sürücü ilə göndərdim ki, apar tap nənəmgilə ver.
Mən ya burda öləcəm, ya da bir yolun tapıb gələcəm. 3 gün
döyüşəndən sonra İcra Hakimiyyətində şöbə müdiri olan qardaşım
Cavanşir özündə iki maqazin saxlayıb qalan 6 maqazini mənə verdi.
Dedi ki, mən gedirəm qız-gəlini tapım, gəlib xəbər verəcəm. Gedir
Zəngilanın Məmmədbəyli dairəsinə, heç kimi tapmır. Heç demə,
ailə-uşaq, anamgil də gedib yığışıblar Dalğalı kəndində dostum var,
onlara. Burda OMON uşaqları gəlib deyirlər ki, Valehlə Salehi
öldürüb ermənilər. Salehin də başını kəsib taxıblar tankın
lüləsinə. Kəndin içində gəzdirirlər. O sözü deyən adamı 23 ildir
axtarıram. Heç kim boyun almır. 7 qardaşdan altısı döyüşürdük.
Nə ölüsünü tapa bilirik, nə dirisini
Cavanşir ağlayır. Mahruzlu kəndindən Bəhruz adlı bir oğlan
avtomat istəyir ki, Cavanşirə qoşulub gəlsin bizi tapmağa.
Cavanşirdə bir maqazin qalıbmış. Bəhruza avtomat da verən olmur.
Piyada gəlib çıxırlar Xanlığın aşağısındakı Mahrızlı kəndinə. Ordan
avtomatı olmadığına görə Cavanşirdən ayrılıb qayıdır. Cavanşir
düşür yoncalıqla gələndə sahədə vururlar qalır, ya necəsə yaralı
qalır, yoxa çıxır. 3 gündən sonra bir kəndçimiz gəldi ki, deyirlər,
Cavanşir itib axı, yoxdur. Dedim, Cavanşiri iki gün bundan əvvəl
göndərmişik ailə-uşağın dalınca. Dedi, yox ey, o sizin dalınızca
qayıdıb, yoxdur. Təşvişə düşdük. Çəkildik Qaralar kəndinə gəldik.
Notarius Həsən müəllimin evində qaldıq. 10-12 əsgərimi tapdım,
yerləşdirdim ora. Qardaşlarımla bir yerdə yerləşdik o evə. Gecələr
saat 12-dən sonra gəlib öz kəndimizdə qardaşımızın meyitini
axtarırdıq. Düz Zəngilan gedənə kimi qardaşımızın meyitini
axtardıq. Hələ də nə ölüsünü tapa bilirik, nə dirisini.
Mülki həyata alışmaq
Mənimçün bir neçə il çətin oldu. Yəhudi dostum var idi. Kömək
elədi Dubaydan mal gətirdim. Aeroportun qabağında bazar var idi.
Orda başladım işləməyə. Sonra da bir neçə dəfə başqa işlərə getdim,
gördüm yox, qiymət verən yoxdur. Ukraynadan gələndə 90 min pul
gətirmişdim. Hamısını silaha verdik. Maqazini iyirmi manata
alırdıq. Allahverdi Bağırovla patron alırdıq dənəsi 1 manata.
Patronları Əsgərandan rus əsgərlərindən alırdılar. Allahverdi
Bağırovun hörməti çox böyük idi. Onun sözünü heç kim iki edə
bilmirdi. 2-3 min pul aparırdım. 5-10 min patron alıb verirdi. Öz
cibindən verirdi. Çox mərd oğlan idi. Allah ona qəni-qəni rəhmət
eləsin. Onun kimi oğul Azərbaycanda 5-10 nəfər idi. O idi, Fred
Asif, Arif Paşayev, Fəxrəddin Səfərov, Əliyar Əliyev idi.
Ən dəhşətli ölümlər
Tank mərmisi Məşədi Rəhimin ürəyini parçalamışdı. Bir uşaq da
var idi, Sumqayıtdan. Güllə qarnını deşmişdi. Çöp taxdım qarnına
ki, qan içəri axmasın. Bir dostumu Qradla vurdular maşında. Yanıb
kül oldu. Çardaqlı kəndindən Arif adında oğlan idi. Tanrı bütün
şəhidlərimizə rəhmət eləsin...