"Keçmiş davamedici zaman"
layihəsində:
Axar.az-ın "Keçmiş
davamedici zaman" layihəsinin budəfəki qonaqları xalq şairi Nəriman
Həsənzadə və Rəşad Məciddir.
Layihənin növbəti sualı belə oldu:
"Musiqi bəstələnən şeirlərinizə görə qonorar almısınızmı? Bu
qonorarın miqdarı nə qədər olub?"
Xalq şairi Nəriman Həsənzadə sovet dövründə bütün
əsərlərinə görə qonorar aldığını deyir:
"Sovet dövründə yazdığımız bütün əsərlərə görə qonorar alırdıq,
nəinki musiqi bəstələnən şeirlərimizə. Qonorarla ailə saxlayırdıq.
Amma indi elə deyil.
Mənim sözlərimə bəstəkar Emin Sabitoğlu, Ramiz Mirişli, Ələkbər
Tağıyev və başqa məşhur bəstəkarlar musiqi bəstələyib. Xalq artisti
Zeynəb Xanlarova, Flora Kərimova, Xədicə Abbasova və başqa görkəmli
ifaçılar şeirlərimə yazılmış mahnıları yüksək səviyyədə ifa
ediblər. Aldığım qonorarların miqdarı tam olaraq yadımda deyil,
amma bütün şeirlərimə görə də qonorar almışam".
Rəşad Məcid isə indi şairə şeirinə görə qonorar
verilmədiyini deyir:
"Bir neçə şeirimə dostum Xanım İsmayılqızı mahnı bəstələyib.
Cavan Zeynallı, Ayan , İranə, İlkin şeirimə bəstələnən mahnıları
oxuyublar.
Bu il də Xumar Qədimova və Tünzalə Ağayeva sözlərimə
bəstələdikləri mahnıları oxudular. Dediklərinə görə, davamı
olacaq.
Milli Konservatoriyanın tələbəsi, gənc bəstəkar Aysel Kərim də
bir şeirimə mahnı bəstələyib. Bu mahnı da yaxınlarda Gülüstan
xanımın ifasında təqdim olunacaq.
Deyilənə görə, sovet dövründə sözlərə musiqi bəstələnəndə
şairlərə də qonorar verilirdi. İndi isə belə bir şey yoxdur.
Müğənnilər hesab edir ki, sözlərinə musiqi bəstələməklə, oxumaqla
şairləri reklam edirlər və bu şairlərə kifayətdir. Mahnıda
musiqinin orijinallığı ilə bərabər sözlərin də təsir gücü,
əhəmiyyəti böyükdür. Təəssüf ki, bugünkü mahnıların çoxuna təsadüfi
adamlar, qeyri-peşəkarlar söz yazırlar və belə primitiv, şablon,
bayağı sözlər bəzən dəyərli musiqini də təsirsiz edir".