(əvvəli burada)
Yekaterina ilə Potyomkinin macərasının kulminasiya
nöqtəsi Moskvaya uzun-uzadı səyahətləri oldu. Onlar türklər
üzərində qələbəni və Puqaçov üsyanının yatırılmasını qeyd etmək
niyyətində idilər.
1775-ci ilin yanvarında imperatriçə Potyomkinlə birlikdə
Rusiyanın paytaxtını gəzməyə çıxır. Sevgililər hər yerdə birlikdə
görünürdülər. Onlar Moskva ətrafındakı Çyornaya Qryaz kəndinə də
birlikdə getmişdilər. Yekaterina burada möhtəşəm bir saray
tikdirmək istəyirdi. Bu tikintinin şərəfinə yerin adını dəyişdirib
Çariçıno qoyurlar. İyulda Xodınsk çölündə düzənlənən bayramda
Potyomkin özü özünü ötüb keçir. Ərazidə park salınır, "Don" və
"Dnepr" adlı kiçik çaylar çəkilir, qəsrlər, minarələr ucaldılır.
Fişənglər səmada imperatriçənin venzelini (ad və familiyanın baş
hərflərinin bir-birinə keçirilərək qəşəng yazılışı – tərc.)
yazırdı. On minlərlə qonaq fəvvarələrdən şərab içir və şişdə
qızardılmış öküz və qoyuna qonaq olurlar.
Gizlədilən qanunsuz "vərəsələr"
İyulun on ikisində imperatriçə ağrılarının başlaması səbəbindən
bayram şənliyini tərk edir və iki gündən sonra bir qədər də
yaxşılaşmış, qədd-qaməti düzəlmiş halda gəlib çıxır. Sonralar
Yelizaveta Qriqoryevna Tyomkina adı ilə tanınan qız məhz bu
günlərdə dünyaya gəlmişdi. O, qraf Samoylovun ailəsində böyümüşdü
və Potyomkin həmişə ona diqqət və qayğı göstərirdi. Şayiələr
gəzirdi ki, bu, Yekaterinanın o zamanki adətə görə, atasının
qısaldılmış familiyasını daşıyan qızıdır. Doğrudur, çariça özü
Tyomkina ilə maraqlanmırdı, lakin o, Qriqori Orlovdan olan oğluna –
Bobrinski qrafına da elə böyük diqqət ayırmırdı. O da başqa bir
ailədə tərbiyə almışdı.
Gizli ər statusu Potyomkini sakitləşdirmədi: o, imperatriçəyə
qarşı daha sərbəst, bəzən isə hətta kobudcasına davranmağa başladı.
Görüşləri getdikcə azalırdı: indi o, təkcə axşamları deyil,
gecələri də kart stolunun arxasında keçirirdi və onun başqa
qadınlarla əlaqələri haqqında şayiələr imperatriçəyədək gəlib
çatırdı. Ancaq daha pisi hələ bu deyildi: rus nağıllarının
qəhrəmanları kimi bu həyatda hər şey əldə edən və daha çatacaq bir
zirvə qalmadığını anlayan Potyomkin açıq-aydın darıxmağa
başlamışdı. Potyomkin öz qohumu Engelqardtla nahar süfrəsi
arxasında etiraf etmişdi ki, "məndən xoşbəxt insan ola bilərmi?
Mənim bütün arzularım, bütün istəklərim sanki bir sehrbazın çubuğu
ilə gerçəkləşib. Mən yüksək rütbə tutmaq istəyirdim - buna nail
oldum; ordenlər almaq istəyirdim – aldım; qumar oynamağı sevirdim –
istənilən qədər uduza bilərəm; ləl-cəvahirat sevirdim – məndə olan
nadir, gözəl zinətlər heç kimdə yoxdur. Bir sözlə, bəxtəvərəm".
Potyomkin bu sözləri deyib stolun üstündən çox qiymətli servisin
boşqabını göturub döşəməyə tolazladı və yataq otağına çəkildi.
Yekaterina uzun müddət sevgilisinin halındakı dəyişikliyin
səbəblərini anlaya bilmirdi. Gah hədiyyələrlə könlünü anlamağa
çalışır, gah nəvaziş göstərir, gah da əksinə, kobud şəkildə
məzəmmət edirdi. Bir-iki gün barışırdılar, sonra o, yenə
melonxoliyaya qapılır, sarayda ruh kimi dolaşırdı. Nəhayət,
Yekaterinanın alman qanı özünü göstərdi: o, Potyomkinə başa saldı
ki, ayrılmalıdırlar. Lakin çariça onun məsləhətlərindən məhrum
olmamaq və yaxud da sadəcə, ona hələ də əziz olan surəti hər gün
seyr edə bilmək üçün Potyomkini "tam istefaya göndərmədi".
Bəzən belə də olur...
Qarşılıqlı razılığa əsasən qərara alındı ki, o, sarayı tərk
edəcək, lakin istənilən vaxt ora gəlmək hüququnu saxlayacaq və ən
başlıcası Yekaterinaya layiqli sevgili tövsiyə edəcək. Belə də
olur: 1775-ci ilin dekabrında Pyotr Zavadovski – o qədər də gənc
olmayan yaraşıqlı general artıq Yekaterinanın qonağı idi. Onun
parlaq isdedadı olmasa da, Potyomkinə sonsuz sədaqəti vardı.
Potyomkinin Rusiyadakı və xaricdəki düşmənləri onun
hakimiyyətdəki mövqeyinin zərrə qədər də azalmadığını görüb çox
məyus olmuşdular. Minlərlə kəndlisi olan yeni torpaqlar onun
sərəncamına verilmişdi. Keçmiş favoritinin mükafatlara olan
sevgisini bilən Yerkaterina əksəriyyəti ilə qohumluq əlaqələri olan
Avropa hökmdarlarına üz tutub Potyomkini ali ordenlərlə təltif
etməklərini istəmişdi. Yekaterina onu hətta Kurlyandiya hersoqu
etməyi də planlaşdırmışdı. Ancaq onun bu niyyəti baş tutmadı, çünki
Qriqori gözlənilmədən bəyan etdi ki, artıq imperatriçadan belə
hədiyyələr qəbul etmək istəmir.
"Aradüzəldən" rolu birdən-birə ona həqarətli görünmüşdü və o,
çox böyük ümidsizliyə qapılaraq imperatriçəni qısqandırmağa
çalışırdı. Özü isə "görünməmiş əxlaqsızlığa" qurşanmışdı. Gah
Zavadovskinin saraydan qovulmasını tələb edir, gah da təşrifinə
razılıq verirdi. Günlərin birində isə monastıra çəkilməyi qərar
alır: "Bir halda ki, mənə Sizin hüzurunuzdan qovulmaq nəsib olub,
yaxşısı budur ki, bu, çox az adam içində baş versin. Ləngimədən
geri çəkilirəm, halbuki bura mənimçün yaşamağa bərabərdir".
Axırda nəhayət ki, Yekaterina Potyomkini tatar hücumları üzündən
insansız qalan Novorusiyanın general-qubernatoru təyin edərk
saraydan göndərməyi qərara alır.
Novorusiya necə salındı...
Növbəti bir neçə ildə Qriqori Aleksandroviç Peterburda, demək
olar ki, görünmədi. O, çox böyük işlər gördü: qala tikməkdən tutmuş
mallara qiymətlətin qoyulmasına kimi.
Onun səyi ilə Novorusiya torpaqlarında bəzi vergilər ləğv
olunmuşdu. Bu səbəbdən də nəinki rus və ukraynalı kəndlilər,
həmçinin yadellilər də - yunanlar, bolqarlar, serbiyalılar,
yəhudilər də buraya can atırdılar.
İmperatriçə isə bu aralar favoritlərini tez-tez dəyişirdi:
Zavadovskini Yermolov tezliklə oyundan çıxarır, sonra Zoriç, sonra
gənc, vaxtsız vəfat etmiş Aleksandr Lanskoy (onun ölümünü də
Yekaterinanın sevgi acgözlüyü ilə bağlayırdılar). Bu dövrənin
mexanizmini əvvəllər bir müddət Potyomkinin katibi olmuş fransız
Sen-Jan açır: "Knyaz çoxsaylı əlaltılarının verdiyi məlumatlar
əsasında özünün də iki il ərzində tutduğu mövqeyi tutmaq üçün
zəruri keyfiyyətləri olan gənc zabitləri axtarıb tapırdı. Sonra o,
namizədlərin portretlərini sifariş verir və onları imperatriçənin
seçiminə təqdim edirdi".
Bu, göstərir ki, Yekaterina əvvəlki kimi təkcə Potyomkinə etibar
edir və onu eşidirdi. Hamı bunu bilirdi və buna görə də xarici
səfirlər nazir və senatorların deyil, məhz onun yanına gəlir, mühüm
kağızları göndərir, incidilənlər də şikayətə məhz buraya üz
tuturdular.
Potyomkinin səyi ilə Qara dəniz donanması sıfırdan yenidən
yaradıldı. Mənlumdur ki, bu, hələ I Pyotrun arzusu idi. Yeni Odessa
və Nikolayev şəhərləri gəmiqayırmanın mərkəzlərinə çevrildilər.
Novorusiyanın insan yaşamayan düzlərində başqa şəhərlər də -
Yekaterinoslav, Herson, Mariupol şəhərləri də salındı. Rus
məskənləri getdikcə Krıma daha çox yaxınlaşırdılar. Potyomkin
Yekaterinaya yazırdı: "Elə bilin ki, Krım artıq sizindir və
"burunun üstündəki həmin ziyillər artıq yoxdur" – budur,
sərhədlərin vəziyyəti əladır". 1783-c ildə sonuncu Krım xanı Şahin
Gəray xan hakimiyyətdən uzaqlaşdırılır. İmperatriçə verdiyi
manifestlə Krımı Rusiya torpağı elan edir və adını dəyişdirərək
Tavriya quberniyası (Tavriçeskaya quberniya) adlandırır.
İmperatriçənin fərmanı ilə Potyomkinə Tavriya knyazı titulu
verilir.
1787-ci ilin yazında Yekaterina yeni torpaqlarına baxmaq üçün,
bəlkə də Qrişenkasından ötrü darıxdığından cənuba səyahətə
yollanır. Onu xidmətçilər karvanı müşayiət edirdi. Hətta Müqəddəs
Roma imperiyasının imperatoru II İosif də Yekaterina ilə gedirdi.
İmperatriçə yeni torpaqlarını ona göstərmək istəyirdi. Mənzərə
gözləniləndən daha heyrətamiz idi - əvvəllər uzanıb gedən çılpaq
düzənlərdə xeyli əhali yaşayan şəhərlər, kəndlər, əkin sahələri
salınmışdı. Hər şeydən şübhələnən, ehtiyat edən xaricilər də hətta
etiraf edirdilər ki, gözləri qarşısında sərgilənən bu əlvan
dekorasiyanı çariçanın göstərişi ilə Potyomkin yaratmışdı.
Saksoniya səfiri Gelbrix qayıdan kimi bu barədə kitab yazır və
ilk dəfə "Potyomkinin kəndləri" ifadəsini də o, işlədir. Əlbəttə,
görüntü üçün olan işlər də vardı: hökmdar kortecinin keçdiyi
yerlərdə təcili olaraq hasarlar boyanmış, sakinlər isə qəşəng
paltarlar geymişdilər. Ən başlıcası isə Novorusiyanın
məskunlaşdırılması və onun abadlaşdırılmasını hörmətli knyaz nə
qədər istəsə də saxtalaşdıra bilməzdi. Bu, Sevastopolda xüsusilə
nəzərə çarpırdı. Burada rus donanması qonaqların qarşısına bütün
toplardan yaylım atəşi açaraq döyüş nizamı ilə çıxdı.
Səyahətin iştirakçısı olmuş fransız prinsi de Lin yazırdı:
"İmperatriçənin səyahətini möcüzə adlandırmaq olar. Demək olar ki,
hər addımda gözlənilməzliklərlə qarşılaşırdıq. Bir tərəfdə
eskadraları (hərbi-dəniz donanması gəmilərinin böyük birləşməsi –
tərc.), o biri tərəfdə atlı dəstələri, başqa yanda bir neçə verst
yayımlanan işıqfəşanlıq, burda isə bir gecədə salınmış bağlar!"
Süqut onu da haqladı...
Potyomkinin "ulduz saatı" həm də onun gözdən düşməsinin
başlanğıcı oldu. Elə həmin yay Türkiyə ilə yeni savaş başladı.
Potyomkinin qoşunu sayca az idi, döyüş sursatı da çatışmırdı,
üstəlik bədbəxtlikdən onda malxülyanın növbəti kəskin tutmaları da
başlamışdı. O, donquldanırdı ki, hər şey məhv oldu, müharibə
uduzulmuşdur və yaxşısı budur, Krımı türklərə geri qaytaraq.
Doğrudur, Potyomkin türklərin qalasını ələ keçirə bilir, lakin buna
yarım il vaxt sərf etməli oldu.
Qələbə ilə Peterburqa varid olan general hiss edir ki,
imperatriçə onunla nəzakətlə, lakin soyuq davranır. Tezliklə
Qriqori Aleksandroviç öyrənir ki, bu soyuqluğun səbəbi Platon Zubov
adı idi. Yaraşıqlı poruçik Yekaterina ilə cənub səyahətində tanış
olmuş və tədricən imperatriçəninən yaxın adamına çevrilmişdi.
Poruçikin 22, imperatriçənin isə 60 yaşı vardı. Zubov onun
sevgilisi olduqdan sonra öz mövqeyinin sabitliyinin təminatını
çariçanın bütün əvvəlki favoritlərini və ilk öncə də Potyomkini
ləkələməkdə gördü. Hərbi uğursuzluqlar da, Novorusiyadakı
qarışıqlıq da, onun yaxınlarının xəzinəni qarət etməsi də
Potyomkinin ayağına yazılırdı.
Sözsüz ki, Zubovun söylədiklərinin heç də hamısı yalan deyildi:
hətta o dövrkü zahiri dəbdəbə zamanında belə Potyomkinin davranışı
qıcıq oyadırdı. Onun qonağı olan general Lanjeron xatırlayırdı ki,
hara baxsan qızıl və gümüş parıldayırdı. Knyaz gümüşü saplarla
toxunmuş, gümüşü saçaqlarla haşiyələnmiş, lent və güllərlə
bəzədilmiş çəhrayı örtük çəkilmiş divanda zərif və bahalı ev
paltarında öz libaslarından daha gözəl olan qadınların əhatəsində
oturmuşdu. Onların qarşılarında isə qızıl külqabı vardı. Otağın
ortasında qızıl qablar düzülmüş şam stolu qoyulmuşdu".
Potyomkinin hərəmxanası
Yekaterinanın gözlərini generalın şəxsi həyatına da açdılar.
Əgər imperatriçə kişisiz ötüşə bilmirdisə, o da qadınsız həyatı
ağlına sığışdıra bilmirdi. Admiral Senyavinin qızı, Polşa
generalının arvadı, gələcək Pototsk qrafinyası Sofya de Vitt, hətta
İtaliya kahininin arvadı, Peterburqa cəmi bircə həftəliyə gəlmiş
Kaliostro da onun məşuqəsi olmuşdu. Ərinə sədaqətdə ad çıxarmış
sonuncu qadını Potyomkin yoldan çıxaracağına mərc gəlmişdi.
Lakin əsas qalmaqal Potyomkinin öz doğma bacısı qızlarından
düzəltdiyi hərəmxana oldu. Qriqori Aleksandroviç onları bacılarının
vəfatından sonra özü tərbiyə eləmişdi, həm də təlim-tərbiyə kursuna
əks cinslə münasibət elminə dair kurs da daxil idi.
Bir neçə ildən sonra bacıların böyüyünü çox zəngin və dəbdəbəli
cehizlə ərə verdilər. Onun yerini yaşca növbəti bacı tutur. Bütün
bunlar hər gün bir az daha çoxalan dedi-qodu üçün çox böyük
material verir və Potyomkinin başı üzərində hökmdar qəzəbinin
partlayışı hədəsini də getdikcə daha da artırırdı.
O, sevimli silahı – comərdliklə müdafiə olunmaq qərarına gəlir.
1791-ci ilin yazında Yekaterina və üç min nəfərlik saray əyanı üçün
paytaxtın Tavriya sarayında dəbdəbəli bayram təşkil edir.
Peterburq hələ belə bayram görməmişdi: "Böyük və nəhəng
çilçıraqlar parıltını ikiqat artırırdı. Hər yanda parlaq ulduzlar
və yaqut, zümrüd, topaz daşların ətrafa səpələnən şəfəqləri bərq
vururdu. Saysız-hesabsız güzgülər və billur piramidalar bu sehrli
mənzərəni əks etdirirdi. "Doğrudanmı biz əvvəl olduğumuz
yerdəyik?", - deyə imperatriçə təəccüblə Potyomkindən
soruşmuşdu.
Qəzəb sönür: Yekaterina yaşa dolmuş və kökəlmiş knyazda əvvəlki
qocaq, təcrübəli və ağıllı favoriti gərərək Qriqori Alekseyeviçi
yubanmadan rumın şəhəri olan Yassaya gedib türklərlə sülh bağlamağa
göndərir.
1791-ci ilin yağışlı payız günü idi. Yolda Potyomkini qızdırma
tutur və o, Yassaya tamam xəstə halda gəlib çatır. Bir neçə gündən
sonra vəziyyəti daha da pisləşir. Ancaq şahidlər söyləyirdilər ki,
o, hələ də öz həyatı uğrunda mübarizə aparırdı və son yeməyində
böyük bir sala dilimi, bütöv bir qaz, bir neçə cücə yeyir,
inanılmaz qədər kvas, bal və şərab içir. Və dərhal sonra onu
Nikolayevə aparmalarını əmr edir. Lakin yolda qəfildən
müşayiətçilərə deyir: "Bəsdir! Artıq gediləsi bir yer yoxdur: mən
ölürəm. Məni faytondan düşürün, yerdə ölmək istəyirəm". Onun istəyi
yerinə yetirilir və oktyabrın 5-də Tavriya knyazı gözlərini əbədi
yumur. Potyomkinin cəsədini Hersona aparıb özünün tikdirdiyi baş
kilsədə dəfn edirlər.
Potyomkindən beş il çox yaşayan Yekaterina alman baronu Qrimmə
ünvanladığı məktubda onun ölümü haqda belə yazırdı: "Dünən sanki
baltanın küt tərəfi ilə başıma bir zərbə endirdilər... Şagirdim,
dostum, demək olar ki, səcdəgahım knyaz Potyomkin Tavriçeski vəfat
etdi. O, yüksək əqlə, nadir zəkaya və çox gözəl ürəyə malik bir
insan idi". Bu sözlər göstərir ki, impratriçənin qəlbindəki keçmiş
sevgi hissi artıq çoxdan özünü başqa bir duyğuya vermişdi. Lakin
məhəbbət nifrətə deyil, sakit bir ehtiram hissinə güzəstə
getmişdi.
Eynilə belə bir dəyişiklik Potyomkində də baş vermişdi, son
nəfəsinədək o, vətəninə və imperatriçəyə sadiq qalmışdı. Məhz buna
görə də onlar tarixə əl-ələ verərək Rusiyanı yaradan böyük insanlar
kimi daxil olublar.