"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan
insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir.
Bildirdiyimiz kimi, layihənin sonunda sosial şəbəkədə ən çox
paylaşılan və "feysbukun" "1 nömrə"si olduğunu isbatlayan
müsahibimiz mükafatlandırılacaq. Layihənin bu dəfəki qonağı feysbuk
sosial şəbəkəsində populyar olan xanım isifadəçi Aidə
Ələkbərdir.
- Feysbukdan nə zamandan bəri istifadə edirsən və ilkin
vaxtlarla indiki feysbuk fəaliyyətin arasında hansı fərqlər
var?
- Qeydiyyatdan çoxdan keçmişdim, amma ilk zamanlar xoşuma
gəlməmişdi deyə, çox nadir istifadə edirdim. Mütəmadi olaraq
2010-cu ildən istifadə etməyə başladım. Feysbukda mövcudluğumu
"fəaliyyət" adlandırmazdım, amma əsas davranış fərqi ondan ibarətdi
ki, daha öncələr digərlərinin ideya, sitat, aforizmlərini
paylaşmağa üstünlük verirdimsə, daha sonralar öz düşüncələrimi
paylaşmağa başladım.
- Səncə, bu, eqo yüksəlişi deyil?
- Yox, qəti. Biz, həqiqi dahilər, çox sadə adamlarıq. Əslində
fikirləşdim ki, aforizmlər onsuz da internetdə var, istəyən tapıb
oxuya bilər. Mənim öz düşüncələrim isə unikal məhsuldu. Anlaşılmaq
üçün bir daha qeyd edim, mən bu məhsulun keyfiyyətini
dəyərləndirmirəm, söhbət yalnız ondan gedir ki, bu, təkrar ideya
deyil, öz müşahidəm, öz təcrübəmdi.
- Feysbukda arxivinə baxdım, əvvəlki illərdə yazdığın
statusların əksəriyyəti rus dilindədir. Ancaq indi o qədər də çox
yazmırsan. Özünü rusdilli sayırsan?
- Heç yadımda deyil əvvəllər hansı dildə yazırdım. Ola bilər.
İndi də məncə rus dilində az yazmıram. Rusdilli deyəndə nə nəzərdə
tutulur görəsən?
- Gündəlik hansı dildən istifadə edirsənsə, hansı dildə
düşünürsənsə o dilin insanı sayılırsan...
- İdeyadan asılıdır. Elə ideya var ki, ağlıma hətta ingilis
dilində gəlir. Çünki konkret bu dildə daha lakonik səslənir.
Gündəlik həyatımda hal-hazırda Azərbaycan və rus dilini yəqin
bərabər istifadə edirəm. Amma etiraf edim ki, rus dilini sevirəm və
bu dildə daha çox oxuyuram, bu səbəbdən böyük ehtimalla söz bazam
daha çoxdu. Orta və ali təhsilimi Azərbaycan dilində almışam.
- Rusdilliləri həmişə qınayırlar ki, cəmiyyətin
problemlərinə biganə qalırlar, özlərini düşünürlər və s. bu fikirlə
razısan?
- Ümumiyyətlə, bu "rusdilli" kateqoriyasının istifadəsinin
əleyhinəyəm. Kimdir onlar? Təhsilini rus dilində almış insanlar?
Milliyyətcə rus olan vətəndaşlar? Təhsilsiz, lakin ailələrində rus
dili istifadə olunanlar? Yəni demək istəyirəm ki, müxtəlif növ və
təbəqə insanlar ola bilər. Onların davranışı da fərqlidi və onları
yalnız rus dilində danışmaqları ətrafında birləşdirmək məntiqsizdi.
Əgər söhbət ana dilində danışmaqla patriotluq (bax bu sözün
Azərbaycan versiyasını yadıma sala bilmirəm bayaqdan) arasında olan
paraleldən gedirsə, mən onunla razı deyiləm. Ümumiyyətlə,
patriotluğa da birmənalı yanaşmıram. Qısaca deyim, insanın
cəmiyyətə xeyirlilik dərəcəsi ilə həmin insanın danışdığı dil
arasında əlaqəni görmürəm.
- Səncə, nəyə görə aktiv və tələbkar vətəndaşların
arasında rus dilində danışanlar yox dərəcəsindədir?
- Mən bir az çürükçüyəm, bağışla, amma yenə dəqiqləşdirməyə
ehtiyac duyuram. Aktiv vətəndaşlar deyəndə nə nəzərdə tutulur?
Feysbukda siyasi status yazanlar? Ya həyatlarını hansısa başqa
məşğuliyyətlə zəngin edən, məna qatan insanlar?
- Məsələn, ictimai-siyasi həyatda daha aktiv olanlar,
məsələlərə biganə qalmayanlar və s.
- Küçəyə çıxıb etiraz edənlər ümumi Azərbaycan əhalisinin neçə
faizidi? Siz rusdilli adlandırdığınız neçə faizidi bütün
Azərbaycanın? Bir tərəfdən bu sadə mütanəsiblikdi. Digər tərəfdən,
əgər yenə də "rusdilli" kateqoriyasını davam etdirmək istəyiriksə,
düşünürəm ki, onlar üçün daha ortaq olan dəyərlər ölkədəki hazırki
vəziyyətlə ziddiyətdə deyil, bu səbəbdən etiraza meylli deyillər.
Ən azı baş verən etiraz formalarına qarışmaq istəkləri olmur.
- Bildiyim qədəri ilə mütaliə ilə aran yaxşıdır.
Oxuduğun kitablardan danışaq. Məsələn hazırda nə
oxuyursan?
- Hazırda Harper Linin "Əbabili öldürmək"(To Kil a Mockingbird)
kitabını oxuyuram. Arada anladım
ki, bir xeyli kitab var, hamı oxuyub məndən başqa. Siyahı tutdum,
oxuya-oxuya gedirəm. Keçən ilin sonunda həmin siyahıdan "İt ürəyi"
və Selincerin "Çovdar tarlasında uşaqlar" ("Çovdarlıqda uçurumdan
qoruyan". – red.) əsərini oxudum, xeyli ləzzət aldım. Digər
tərəfdən fikirləşirəm ki, bəlkə daha öncələr bu əsərləri oxusaydım
onlarda indi aldığım həzzi almazdım.
- Mediamızı izləyirsənsə, bəyənmədiyin tərəfləri
hansıdır?
- Yerli TV-ni illərdi izləmirəm, heç xəbərim yoxdu nə baş verir.
Yalnız radio və internetdə olan medianı izləyirəm. Bəyənmədiyim
tərəf biabırçı savadsızlıqdır. Medianın bəyənmədiyim cəhətləri
arasında bütün dünya mediasına xas olan tərəflər də var.
Auditoriyaya, reytinqə işləmək bütün dünya mediasının ortaq
problemidir. Nə etmək olar, əgər "filankəsin şok çılpaq
fotosessiyası", "filankəs 100 minlik maşınını əzib" tipli başlıqlar
maksimal baxıcı sayı yığırsa, media da ora gedəcək. Oxucuların
səviyyəsini qaldırmaq isə medianın vəzifəsi deyil.
- Səncə, sosial media onlayn medianı nə zaman üstələyir?
Sosial medianının hansı cəhətləri onu onlayn mediadan üstün
edir?
- Sosial media interaktivlik səviyyəsinə görə onlayn mediadan
fərqlənir və bu cəhətinə görə onu qabaqlayır. Sosial media oxucuya
daha yaxındı, daha təbii və həqiqi görsənir.