Bu dəfə şair Yafəs Türksəsin gerçəkləşməyən arzularına
işıq tutduq. Nəyi arzulayırdı, necə olmaq istəyirdi, nəyə nail
oldu, nələr əlçatmaz olaraq qaldı onun üçün? "Axar.az"ın
redaksiyasında baş tutan görüşdə sözü elə ilk andan ona verdik:
"Sən qısaca olaraq özünü necə xarakterizə edə
bilərsən?"
Filosof olmaq istəyirdi...
- Mən çox qəribə adamam. Daima axtarışdayam. Orta məktəbi əla
qiymətlərlə bitirmişəm. Məktəbli vaxtlarımda tarix müəllimim mənim
tarixçi, kimya müəllimim isə kimyaçı olacağımı düşünürdü. Amma mən
orta məktəbi bitirdikdən sonra sənədlərimi Leninqrad
universitetinin fəlsəfə fakültəsinə verdim. Yaxşı və əla qiymətlər
alsam da, orada oxumaq mənə nəsib olmadı. Bircə balım çatmadı. Buna
görə də məni o zamankı Xalq Təsərrüfatı institutunun əmtəəşünaslıq
fakültəsinə göndərdilər. Amma çox sevinirdim. Nədir-nədir kasıb bir
oğlan "Narxoz"da oxuyacaq. O dövrlərdə rüşvət çox idi. O məktəbə də
rüşvətsiz düşmək çətin idi. Anam şad idi ki, oğlu rüşvət vermədən
ali məktəbə qəbul olub.
Rüşvət almağı hər zaman arzulamışam
-Tələbəlik illərində fikirləşirdinmi ki, ixtisasına
uyğun işlə məşğul olduqda, kimsə sənə rüşvət təklif edərsə, nə
edəcəksən? Rüşvət götürəcəksənmi?
- Bəli. Etiraf edim ki, o vaxt mən yaxşı pullu vəzifələrdə
işləmək istəyirdim. O dövrün hər bir Azərbaycan gənci kimi
istəyirdim ki, hakim olum, yaxşı rüşvət alım və yaxud müəllim olum,
tələbəyə qiymət yazanda 5-10 manat alım. O vaxt bizim üçün bunlar
ən böyük arzular idi. Bütün dövrlərdə ƏMTƏƏ mühüm rol oynayır.
Tək-tük unikal insan olardı ki, bundan imtina edəydi. Universitetdə
oxuduğum müddətdə yalnız iki müəllim bizdən rüşvət almırdı. Bizi o
mühitin özü belə böyüdürdü, tərbiyə edirdi. Ona görə də hər zaman
belə şeylər arzulayırdıq. Hətta mağaza müdiri olub, rahat gəlir də
əldə etmək istəmişik.
- Bu arzuların gerçəkləşdimi?
- Müəyyən qədər. Bəzilərini gerçəkləşdirə bildim. Bir müddət
mağaza müdiri işlədim. Maaşdan əlavə gəlirlərim də olurdu. Yaxud
yeməkxana müdiri işləyəndə da qazancım pis olmurdu.
- Gəlirləri hansı formada əldə edirdin? Qiymətdə, yoxsa,
çəkidə?
- Həyatın yazılmamış qanunları var. Mən mağaza müdiri olaraq
80-90 manat maaş alırdım. Təbii ki, bu elə də böyük məbləğ deyildi.
Pul qazanmağın müxtəlif yolları vardı. Az tapılan məhsulları baha
qiymətə sataraq ehtiyaclarımızı ödədiyimiz vaxtlar da olub, çəkidə
aldatdığımız vaxtlar da... Etməmək də olmurdu, gərək yuxarılara
haqq verəydin axı...
Mən necə şair oldum...
- O vaxtlar da şeir yazırdın?
- Hələ orta məktəbdə oxuyanda tay-tuşlarımla qafiyəbazlıq
edirdim. Hərdən şeir də deyirdim. Amma heç vaxt ağlıma gəlməzdi ki,
nə vaxtsa şair olaram. Şairlik duyğusu bəlkə də, sevdiyim qızı
itirəndən sonra, bəlkə də ailədə faciə yaşayandan sonra baş
qaldırdı məndə. Bəlkə elə bundan sonra şairlik qabiliyyətimin
olduğunu hiss etdim. Haradasa 32 yaşımdan rahatlıqla sezə bilirdim
ki, məndə "məcnundan füzun aşiqlik istedadı var". Çox güman ki,
şairliyim keçirtdiyim sarsıntılardan sonra başladı.
Ədəbiyyata 1998-ci ildə qayıtdım
- Sən əvvəllər iş adamı olubsan, qaz vurub, qazan
doldurubsan. Həm də şairsən. Təzad təşkil etmirmi: bir tərəfdə
rüşvətə meylli, zəhmətsiz gəlirlə məşğul olan adam, o tərəfdə
duyğulu bir insan.
- Bəli, maraqlı sualdır. Mən şairliyə təxminən iki il idi ki,
başlamışdım, ardınca qaçqınlıq düşdü. Uzun müddət ədəbiyyata,
yaradıcılığa fasilə verdim. Amma içimdəki şairlik yaşayırdı.
Bilirsiniz, mənim duyğularım istəklərimlə heç vaxt toqquşmayıb. Mən
yenidən ədəbiyyata 1998-ci ildə qayıtdım ki, artıq onda
işsiz-gücsüz bir adam idim.
Tapılmayan malları satdırırdım...
- Bayaq söhbətimizdə dedin ki, arzularından biri də
maaşdan əlavə gəlirin olması idi. Bəs heç düşündünmü ki, maaşın elə
dərəcədə olsun ki, əlavə gəlirə ehtiyacın olmasın? Gərək elə yazıq
camaatı aldadaydın?
- Təbii ki, həmişə bir insan olaraq haqqın tərəfdarı olmuşam.
Amma mağaza müdirinin də əlavə gəlirinin olması əsas şərtlərdəndir.
Olmamağının özü elə haqsızlıq idi. Bunu da deyim ki, yaxşı
vəzifələrdə işləyəndə kasıb insanlara qayğı ilə yanaşmışam. Onların
nəyi var ki, artıq pul xərcləsinlər nəyəsə. Bütün bunlar təbii ki,
insanın içi ilə əlaqəli duyğulardır. Yaxşı insan olmağın peşəyə
aidiyyəti yoxdur. Mən humanist insanam, əgər hər hansı bir
ədalətsizliyə yol versəydim, vicdan əzabı çəkərdim. Buna görə də
bunu etməmişəm. Mən tapılmayan malları, ərzağı və sairi əliəyrilərə
satdırırdım...
Xəyanət şablon sözdür
- Bayaq bildirdin ki, nakam sevgin olub. Bundan sonra
şairlik istedadı üzə çıxıb. 32 yaşın olub o xoş hadisə baş verəndə.
Ayrılmışdın?
- Yox. Sadəcə, o ərəfələrdə başqa bir acı sevgi də yaşamışdım.
Ardınca ailədə faciələr baş verdi. Şairlik heç mənim ağlıma
gəlməyib. Alim ola bilərdim, amma şair olmaq ağlıma gəlməzdi. Şeir
yazanadək mən olduqca şən, deyib-gülən biri idim.
- Bəs neçə yaşında ailə qurdun?
- Haradasa... iyimi səkkiz.
- Bəs 32 yaşında sevdiyin qızdan necə
ayrıldın?
- Yox, elə sevdiyim qızı da o yaşlarımda itirdim. Sadəcə,
sarsıntılar içimdə toplanıb birdən özünü 32 yaşımda büruzə verdi.
Adi, normal insanlar həyatı boyu beş, ya da altı dəfə güclü sevgi
ilə qarşılaşır. Mənim həyatımda bu cür sevgilər baş verib, indi də
baş verir. İndi də ailəmdən kənar bir xanımla sevgimi yaşayıram.
İnsanı bir çərçivəyə salmaq olmaz. Xəyanət şablon sözdür. Mən ayda
dörd-beş dəfə də sevgilimlə görüşürəm, onunla mənə xoşdu. Buna
normal baxıram. Həyat yoldaşıma isə uşaqlarımın anası kimi hörmət
edirəm.
- Bəs xanımın da eynən belə düşünərsə?..
- Çox çətin sualdır. Amma mən onun seçiminə qarışa bilmərəm.
Əgər o bunu istəyərsə... Mən onunla sadəcə, bir təsadüf nəticəsində
evlənmişəm. Qısası, bizim aramızda sevgi yaşanmayıb. Sadəcə olaraq,
uşaqlarımıza görə bir-birimizə hörmət edirik. Hərdən feysbukda
yazışanda məni qısqanır. Çox vaxt isə şübhələnir. O, sadəcə klassik
xanımdır, ideal anadır, sədaqətli və zəhmətkeşdir. Hörmətə
layiqdir. Amma sevməmişəm onu. O bilir mənim başqası ilə
görüşməyimi. Dözür, dözməlidir də, axı bizim uşaqlarımız var...
- Yazdığın sevgi şeirlərini kimə
ünvanlamısan?
- Şair elə bir şeydir ki, şeir yazarkən hər xanımdan bir şey
əlavə edir. Sanki bir mətbəx kimi. Yaradıcının və yaradıcılığın öz
sirləri var.
Yafəs Konstantin Karpov
- Sən birdən-birə erotik şeirlər yazdın. Nə idi bu,
daxili tələbat, yoxsa adlarını posmodernist qoyan bəzi yazarlarla
ayaqlaşmaq cəhdi?
- Yaradıcılığımda müəyyən fərqliliklər etdim.
Bunu da öz adımla Azərbaycan oxucusuna təqdim edə bilməzdim.
Şeirlərimi rus şairi Konstantin Karpov adı ilə oxuculara
ünvanladım. Düşündüm ki, bunu xarici, rus yazar adı ilə təqdim
etsəm, daha tez qəbul edilər. Elə də oldu. O şeirlər xeyli oxundu,
xeyli "layk"lar, şərhlər gəldi. Elə ki bu şeirləri mənim yazdığım
bilinincə, hər şey dəyişdi. Hər kəs məni tənqid etməyə başladı ki,
niyə belə şeirlər yazırsan? Artıq "layk" edənlərin də sayı azaldı.
Hələ dostluğundan çıxaranları demirəm. İnsanlarımız belədir də...
Bəzilərinə dedim ki, niyə riyakarlıq edirsən, belə olmaz axı.
Yazarlarımız azad deyillər, səmimiyyətləri
yoxdur
- Bizim yazarlarda dünyaya çıxa biləcək qabiliyyət olsa da,
əksəriyyəti yerində sayır. Buna səbəb isə onlarda azadlığın
olmamasıdır. Kimi bir az qorxur, çəkinir, kimi də özünün istedadını
görmür. Bizim insanlarda səmimiyyət yoxdur. Məsələn, o vaxtı ilk
məhəbbət haqqında suala bir iki nəfərdən başqa hər kəs
boğazdanyuxarı cavab vermişdi. Hətta Qəşəm Nəcəfzadə ilk sevgisinin
elə həyat yoldaşı olduğunu demişdi. Amma mən onun dostu olaraq
bilirdim ki, həyat yoldaşı onun ilk məhəbbəti deyil. Elə indi də
ola bilsin ki, nə isə... Kor deyilik ki, görürük də... Sözümün canı
ondadır ki, bizim yazıçılarda səmimiyyət çatışmır. Azərbaycan
daxili azadlığa sahib olan bir neçə şairdən biri də mənəm. Azadlıq
olmayandan sonra yaxşı ədəbiyyat yarana bilməz.
- Ən çox kimin üçün darıxırsan? Daha çox səni nə narahat
edir?
- Mənim şəxsi həyatımda heç vaxt darıxdırıcı anlar olmayıb.
Mütləq maraqlı nəsə tapıram. Məni darıxdıran həyatın sadəcə bir
şablon olmasıdır. Hər kəs özünü gizlədir. 99 faiz insan
qeyri-səmimidir.
- Bəs səmimi olanlardan kimi görürsən, istedadlı yazar
kimi qəbul edirsən?
- Aqşin şeirlərində səmimidir. Kəramət Böyükçöl, Şərif Ağayar,
Fərqanədə müəyyən səmimilik var. Sənin publisistikan ürəyimcədir.
Qalanları özünü qeyri-səmimi aparır. Sanki heç kəs öz yerində
deyil. Məni darıxdıran, sadəcə, bunlardır.
Nobel arzulamaq qeyri-sağlam düşüncədir
- Yazar olaraq hansı arzuların gerçəkləşmədi? Heç Nobel
barədə düşünmüsənmi?
- Əlbəttə, mənim də qulağım alqış eşitmək istəyir. Amma Nobel
mükafatına gəlincə, bizim ədəbiyyat dünya ədəbiyyatından çox geri
qalıb. Baxmayaraq ki, biz ədəbiyyatı sevən xalqıq. Bizim nəsr,
dünya ədəbiyyatından 100, 50 il geri qalıb. Bizdən çətin ki,
Şekspir çıxar. Bizim yazarların Nobellik səviyyəsi yoxdur. Bunu
arzulamaq absurd bir şeydir. Əgər əsərlərimin xaricdə çap
olunmasını arzulasam, haradasa özüm-özümü anlayaram. Amma Nobel
mükafatını arzulamaq qeyri-sağlam düşüncədir.
- Qələm dostlarından kimlər ələndi, kimlər
qaldı?
- Ədəbiyyat elədir ki, insandan vaxt, enerji, həvəs tələb edir.
Bəzilərinin vaxtı, enerjisi və ya nələrisə çatmır, gedir. Fikrət
Əsədin enerjisi çatmadı, başı dolanışığına qarışdı, getdi. Rövşən
Naziroğlu var idi, o da atası, anası rəhmətə gedəndən sonra bu
sahəni tərk etdi. Ona ümidim çox idi. Xanımlardan Sevinc Pərvanə
yaxşıdır.
- Azərbaycanda nə qədər yazıçı olar?
- Hardasa 4000.
Bircə dəfə istedadımı dilinə gətirmədi
- Amma kitablarımız 300, 400 tirajla dərc
olunur...
- Elədir. Az oxunuruq. Paxılıq. Bir-birimizi az oxuyuruq. Bəzən
mənim buraxdığım qəzetə kiminsə sponsorluq etdiyini düşünürdülər.
Amma mən öz maddi hesabıma bu qəzeti maliyyələşdirirdim. Hətta
həyat yoldaşımın təqaüdündən də istifadə etmişəm.
Məni gözləri götürmür. Murad Köhnəqalanı götürək. O mənə nə
qədər lətifə qoşdu. Harada gördü, bir şey əlavə edirdi. İncimirdim.
Muraddır da. Amma heç olmasa bircə dəfə mənim istedadımı dilinə
gətirmədi.
- Bir az əvvəl dedin ki, həyat yoldaşının təqaüdünü alıb
qəzetin nəşrinə sərf etmisən. Həm də deyirsən ki, onu
sevmirəm...
- Olub da, pulum olmayanda qəzetə istifadə etmişəm. Mənim
qəzetim ədəbiyyat dərgiləri arasında birinci yeri tutub. Gör bunu
deyirlər?
- Son sualım belə olacaq: Sevgi münasibətlərində daha
çox səni rədd ediblər, yoxsa sən rədd etmisən?
- Mən çox xanımın saqqızını oğurlamışam. Amma düşünürəm ki, mən
daha çox tərk edilmişəm. Son olaraq, oxucularımıza demək istəyirəm
ki, çalışsınlar müasir ədəbiyyatımızda daha cəsarətli yazılar
oxusunlar. Cəsarətli yazarın cəsarətli də oxucusu olmalıdır. Heyf,
mən hələ elə oxucu görmürəm...