Murad Əzimzadə ANS TV-də ""Şəbəkə", "Ağıl dəryası",
"Xəbər sizsiniz" və "Günəbaxan" verilişlərinin aparıcısı olub. O,
bir müddət əvvəl ANS-dən ATV-yə keçib.
Axar.az ATV kanalının aparıcısı Murad Əzimzadə ilə müsahibəni
təqdim edir.
- Murad, televiziyaya gələnə kimi necə bir həyatınız
olub? İstərdim, əvvəlcə bundan danışasınız.
- Elə də uzun bir həyat yolum yoxdur. 27 yaşım var,
valideynlərim Qərbi Azərbaycandandır - Göyçə mahalından. 1988-ci
ildə köçkün düşmüşük. Əvvəlcə Şəmkir rayonunda məskunlaşmışıq. Mən
orada dünyaya gəlmişəm, bir il sonra isə Gəncə şəhərinə köçmüşük.
Aşıq Ələsgər adına 36 saylı orta məktəbi bitirmişəm. Daha sonra
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq
fakültəsinə daxil oldum. Universitetdə oxuyarkən film sahəsi ilə
maraqlandım. Gördüm ki, yox, tez bir zamanda nəsə etmək, tanınmaq
bu sahədə mümkün deyil. Mən də TV sahəsinə yönəldim: AzTV, "Lider",
"Xəzər", "Speys", ANS, ATV - demək olar ki, bütün kanallarda
tamaşaçı və stajor kimi iştirak edirdim, çalışırdım. Sonra
prodakşnlara üz tutdum, qısa reklam çarxlarına çəkildim. Hansısa
TV-nin bayram çəkilişlərində gedib əl çalırdım. Yəni bir sözlə,
TV-də hər işdə çalışmışam. Bunu etiraf etməkdən də utanmıram.
- Əminəm ki, sizə kino və seriallardan təkliflər gəlir.
Bəs, niyə hələ sizi kino və ya serialda görə bilmirik?
- Kinorejissorluq fakültəsində oxumağımın bir üstün cəhəti də
onda idi ki, bizə rejissorluqla yanaşı, aktyorluq da öyrədirdilər.
Rəhmətlik Tofiq İsmayılov bizə həm də aktyorluq dərsləri keçirdi.
Bu yaxınlarda vəfat etdi, çox böyük ustad idi. Gələk indi serial və
kino çəkilişlərinə: dəvətlər olub, indi də davam edir. Amma hələ
ki, heç bir ssenariyə baxmamışam, çünki bildiyiniz kimi, yeni
kanala keçmişəm. İş həyatımda, karyeramda müəyyən dəyişikliklər
gedir, ona görə də indi bu barədə düşünmürəm. Buna baxmayaraq,
serial və ya kinoya çəkilmək üçün sərt şərtlərim yoxdur. Sadəcə, bu
dəqiqə hamı bilir ki, serial sahəsi açıq bazardır. Hamı qiymətləri
bilir və ümid edirəm ki, mənim özümə qoyduğum qiymət qarşı tərəfdə
narazılıq yaratmaz.
- ANS-də daha çox maarifləndirici verilişlər
hazırlayırdınız, bəs, yeni kanaldakı layihəniz necə
olacaq?
- Yeni kanal, yeni əməkdaşlar, yeni tanışlıqlar, yeni layihələr
- bütün bunlar mənim həm işimə, həm şəxsi həyatıma müsbət təsir
göstərir. Amma əlbəttə, bunun ağır və məsuliyyətli tərəfi də var.
Ağır tərəfi odur ki, insan istər-istəməz düşünür, efirə çıxandan
sonra necə olacaq, tamaşaçı məni necə qarşılayacaq. Dəyərli,
sevimli ATV kanalına məni yaraşdıracaqlar? Bu suallar məni
düşündürür. Hər bir aparıcını düşündürən prioritet suallardan
biridir. Layihəmə gəlincə, layihəm ümumilikdə şou tipli olacaq.
Türk və rus kanallarında gördüyümüz kimi fərqli bir maqazin
proqramı. Yəni adət etdiyimiz kimi ancaq müğənnilər olan bir
veriliş olmayacaq. Ölkədə baş tutan konsert və tədbirlərin, ATV
kanalında yayımlanan verilişlərin, serialların kulisini göstərməyə
çalışacağıq. Amma orada necə olacaq, nələr olacaq, bunları,
inşallah, tamaşaçılarımız tezliklə ATV kanalında izləyə
biləcəklər.
- ANS-də ciddi formatda verilişlər aparırdınız, necə
düşünürsünüz, indi maqazin formatına öyrəşə
biləcəksiniz?
- Daha əvvəl Lider TV-də iki maqazin yönümlü veriliş apardığım
üçün bu formata qarşı heç bir yadlıq hiss etmirəm. ATV
transferimdən çox şey gözləyirəm. Futbol dili ilə desək, özümü
"Dortmund"dan "Real Madrid"ə transfer olunmuş oyunçu kimi hiss
edirəm.
- Necə düşünürsünüz, bu transferdən sonra siz də
şou-biznesin bir nümayəndəsinə çevriləcəksiniz, ya
yox?
- İndi özümü şou-biznes nümayəndəsindən daha çox televiziya
işçisi, jurnalist kimi sayıram. Amma nə vaxtsa mənim hansısa pullu
tədbirdə, toyda aparıcılıq etdiyimi görsəniz, onda əmin ola
bilərsiniz ki, mən şou-biznesdəyəm. Ümumiyyətlə, şou-biznesdə olmaq
ayıb bir şey deyil, düzdür, bəzi aparıcılar, sənət adamları
şou-biznesdə olmağı özlərinə ayıb bilirlər. Bu, utancverici bir iş
deyil. Kimsə utancverici bir hərəkət edirsə, özünə cavabdehdir.
Onun yerinə mən niyə utanmalıyam?!
- Sosial şəbəkələrdə çox aktivsiniz, maraqlı bir
həştaqınız var – Danışanadam. Necə yarandı bu həştaq?
- Türkiyədə bir gənc var idi, Gəzi parkı hadisələri zamanı öz
etirazını hamıdan fərqli olaraq, yerində dayanıb edirdi. Hamı ona
"Dayanan adam" deyirdi. Onun etiraz üsulunu çox bəyəndim və sosial
şəbəkədə bu həştaqı yazdım.
- Cəmiyyətdə baş verən bir çox hadisəyə fikirlərinizi
bildirirsiniz. Belə fikirlərə sahibi olmaq üçün mütaliə etmək
lazımdır. Kimləri oxuyursunuz?
- Kitab oxumaq mənə görə trend olmaq vasitəsi deyil. Gənclərin
əksəriyyəti əlində Dostoyevski və Tolstoyun kitablarını gəzdirilər.
Oxumasalar belə, bu, sevindirici haldır. Çünki əgər onlar
qucaqlarında kitab gəzdirirlərsə, deməli, oxuyacaqlarına ümid var.
Mənə gəldikdə isə uzun zamandır heç nə oxuya bilmirəm, çünki gərgin
iş qrafiki ilə çalışıram. Bir televiziya adamı var idi. İndi
təəssüf ki, adı yadımdan çıxıb. O deyirdi ki, Nobel mükafatı alan
bütün yazıçıları oxumağa çalışın, əlbəttə, Nobel mükafatı almaq ən
üst və ya yaradıcılığın aliliyi göstəricisi deyil. Amma Nobel
mükafatı alan ədəbiyyatçılar cəmiyyəti maraqlandıran mövzulardan
yazırlar. Müasir yazarlardan Qabriel Qarsia Markesi, Orxan Pamuku,
klassiklərdən Dostoyevskini, Tolstoyu, Bulqakovu çox bəyənirəm.
Amma çox təəssüf edirəm ki, azərbaycanlı yazarların, şairlərin
kitabları çox sayda tirajlanmır. Mən həm də Nazim Hikmət
vurğunuyam, amma Nazimin şəxsi həyatını özüm üçün bir az təzadlı
hesab edirəm. İkinci dəfə dünyaya gəlsəydim, ədəbiyyat adamı
olardım.
- Sizi ilk dəfə "Şəbəkə" ilə tanımışıq. Çox kreativ bir
ideya idi. TV-yə yeni bir nəfəs gətirmişdi, hər kəs sevərək
izləyirdi. Bəs, siz özünüz hansı tip verilişlərə
baxırsınız?
- "Şəbəkə" ANS-də yayımlanırdı, verilişin ideyası "Ağıl Dəryası"
verilişinin layihə rəhbəri və prodüseri Elçin Bayramov ilə mənə
məxsus idi. Bir gün təsadüfən Elçin dedi ki, sosial şəbəkələrdən
veriliş hazırlayaq. Sonra başladıq proyekt halına salmağa və
beləliklə "Şəbəkə" verilişi yarandı. Daha sonra da dəyərli dostum,
qardaşım Rahil Sayadoğlu o verilişə gəldi. Rahil uzun müddət
"Şəbəkə"nin redaktoru olub, oradakı bütün mətnləri yazıb və
qələminə hörmət etdiyim ən sadiq dostlarımdan biridir. Özüm isə ən
çox sənədli filmlərə baxıram, sadəcə, zövqüm belədir. Sevimli
aparıcım Okan Bayülgəndir. Ümumiyyətlə, gülmək istəyəndə Bəyaza
baxıram, düşünmək istəyəndə isə Okan Bayülgənə.
- Sizin haqqınızda "Murad bir az yekəxanadır"
deyirlər...
- Hətta uzun illərdir dostluq etdiyim insanlar da deyir ki, sən
çox yekəxanasan, özündənrazısan. İnsanlar özünü qorumaqla
yekəxanalığı səhv salır. Mən, sadəcə, öz şəxsiyyətimi qoruyuram.
Amma real həyatda da, iş həyatımda da sadəyəm. Düşünürəm ki,
hamımız sadə olmalıyıq. Cəmiyyətdə tutduğumuz mövqedən asılı
olmayaraq!
- Maraqlıdır, sizə Maradona deyirlər, bu ləqəb necə
yaranıb?
- Bu, ləqəb deyil, mənim əsl adım olub. Babam Həsən kişi futbol
azarkeşi olub və argentinalı ulduz Dieqo Maradonanı çox sevib. Ona
görə də niyyət edib ki, nəvəm olsa, adını Maradona qoyacağam.
Beləcə adım Maradona olub. Daha sonra şəxsiyyət vəsiqəsi alanda
adımı dəyişmək qərarına gəldim və Murad adını seçdim. Gəncədə hələ
də çoxları mənə Maradona deyir (gülür).