"Axar.az" ölkənin ictimai-siyasi fikir məkanında tanınan
gənclərdən biri Bəxtiyar Hacıyevin son zamanlar gənclər arasında
məşhurlaşan "Birlik üçün oxu" layihəsi ilə bağlı fikirlərini
oxucularına təqdim edir.
- "Birlik üçün oxu" layihəsinin ideyası necə yarandı və
ideyanın gerçəkləşdirilməsində məqsəd nə idi?
- Bu layihənin reallaşdırılması 2013-cü ilin əvvəlində bir
tədbirdə indiki koordinatorumuz olan Aygül Salehova ilə söhbət
zamanı yarandı. Biz düşündük ki, istedadlı gəncləri bir yerə
toplaya və bu layihəni Azərbaycanda reallaşdıra bilərik. Daha sonra
sosial şəbəkələrdə elan verdik, ilk videonu 2013-cü ilin mart
ayında hazırladıq.
Layihəni reallaşdırmaqda məqsədlər cəmiyyətə birlik mesajı
vermək, istedadlı gənclərimizi tapmaq, üzə çıxarmaq, ortaya maraqlı
bir layihə qoymaq və ən əsası, bu prosesdən zövq almaq idi. Layihə
çərçivəsində bir çox istedadlı gənc bir-biri ilə tanış olublar və
sonradan başqa layihələrdə əməkdaşlıq edirlər.
- İfa edilən musiqilərin seçimi zamanı hansı meyarlar
nəzərə alınıb?
- İfa edilən mahnıların xalq mahnıları, yaxud gənc nəslin
unutmaqda olduğu mahnılar olmasına üstünlük veririk. Bizi narahat
edən məsələlərdən biri də o idi ki, kifayət qədər gözəl xalq
mahnılarımız, bəstəkar mahnılarımız olsa da, korifeylərimizin çox
gözəl ifaları olsa da, son zamanlar televiziyaların və şou-biznes
təbliğatının nəticəsində bəzən bayağı ifaçılar, bayağı ifalar daha
çox tanınırdı, nəinki hansısa xalq mahnımız. Ona görə də çalışırıq
ki, seçdiyimiz ifalar gənc nəslin yaddaşına dəyərli mahnılarımızı
da yeni aranjimanda həkk etsin.
- "Birlik üçün oxu"yanların bir yerə yığılması və seçim
prosesi nə qədər zaman aldı?
- İlk layihə üçün biz sosial şəbəkələrdə elan
vermişdik və bir neçə ay həmin gənclərlə danışdıq, bir neçə dəfə
Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisində məşqlər oldu. Yeni
aranjimanın hazırlanması, gənclərin məşqləri, səsyazma və çəkiliş
bir neçə ay çəkdi. Çox vaxt biz istirahət məqsədi ilə bu məşqləri,
çəkilişləri həftə sonlarına salırdıq. İlk layihənin uğurlu
olacağına şübhə ilə yanaşanlar var idi, çünki ortada istinad etmək
üçün heç nə yox idi. Amma yekun video hazır olanda xüsusi ilə
sosial şəbəkələrdə minlərlə insanın çox müsbət rəylərlə videonu
paylaşması, duyğularını ifadə etməkləri göstərdi ki, bu layihə
kifayət qədər uğurlu alınıb.
Sonra bir müddət fasilə verdik, amma sosial şəbəkələrdə insanlar
yenə ilk videonu paylaşır və ikinci videonun hazırlanmasını tələb
edirdilər. Biz də qərara gəldik ki, yenidən elan verək, daha çox
iştirakçı cəlb edək və ikinci videonu hazırlayaq. İkinci videoda
həm alət sayına, həm iştirakçı sayına görə, həm də ilk vaxtlarda
insanların reaksiyası baxımından daha da uğurlu oldu.
- Bu layihənin ABŞ-da reallaşdırılan "Playing for
Change" və Türkiyədəki "Doğa için çal" layihələrindən götürülməsi
iddiası var və bunu necə dəyərləndirirsiniz?
- Biz bunu videonun sonunda da qeyd etmişik. Bu, qlobal bir
hərəkatdır, dünyanın bir çox ölkəsində reallaşdırılır və biz ABŞ-da
reallaşdırılan "Playing for Change" layihəsindən ilhamlanmışıq. Bu
yaxınlarda həm "Playing for Change" ofisindən, həm də Türkiyədəki
"Doğa için çal" rəhbərliyindən bizim layihə ilə bağlı təbrik
mesajları almışıq. Bundan başqa Azərbaycanın və Türkiyənin bir çox
dəyərli, nüfuzlu, tanınmış sənət adamları layihəmiz haqqında öz xoş
hisslərini bizə çatdırıblar.
- Layihənin büdcəsini bilmək maraqlı olardı. Lazım olan
vəsaiti necə əldə etdiniz?
- Hər iki video üçün xərclədiyimiz vəsait 1000
AZN-dən az olub. Hər iki videoda biz minimum icarə xərclərini
(studiya, avadanlıq icarəsi) ödəməklə, yerdə qalan bütün işləri
könüllü olaraq həyata keçirmişik. Birinci videonun hazırlanması
üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 1500 AZN
Müsbət Dəyişiklik Gənclər Hərəkatına dəstək olub. İkinci layihədə
həm öz imkanlarımızla, həm də o vəsaitdən qalan hissə ilə minimum
icarə xərclərini ödəmişik. Üçüncü layihə üçün isə sponsor tapmağı,
çəkilişlərin bir hissəsini Azərbaycanın müxtəlif rayonlarında
etməyi düşünürük.
- Necə düşünürsünüz, reallaşdırdığınız bu layihə ilə
bütün sosial təbəqədən olan insanların maraqlarını qarşılaya
bildinizmi?
- Layihənin adından da göründüyü kimi, biz musiqidə fərqli
notların bir-biri ilə ahəng yaratdığı kimi, fərqli düşüncələrin də
cəmiyyətdə bir ahəng yaradacağına inanırıq. "Birlik üçün oxu" adı
qoyduğumuz bu layihə cəmiyyətdə fərqli siyasi, dini, ideoloji
baxışları olan bir çox qrup tərəfindən çox müsbət qarşılandı.
Minlərlə xoş reaksiya arasında cəmi bir neçə mənfi rəy eşitdik, o
da bəzi texniki məsələlərlə bağlı idi. Məsələn, bizə hər iki
videonun məhz Bakıda çəkilməsi irad kimi bildirilmişdi. Bunun isə
səbəbi o idi ki, bizim kifayət qədər vəsaitimiz yox idi.
Azərbaycanın müxtəlif regionlarında çəkiliş edək.
- "Birlik üçün oxu" layihəsinin növbəti çəkilişlərində
hansı yeniliklər etməyi düşünürsünüz?
- Etmək istədiyimiz yeniliklərdən biri dünyanın müxtəlif
ölkələrində yaşayan və təhsil alan gənclərimizi də bu layihəyə cəlb
etməkdir. Biz sınaq olaraq ikinci videoda Ankara və İstanbuldan
iştirakçılar cəlb etdik. Gördük ki, texniki baxımdan bunu etmək
mümkündür. Bundan başqa layihə üçün sponsorluq etmək istəyən fərd
və ya şirkətlər olsa, Azərbaycanın müxtəlif bölgələrində yaşayan
istedadlı gəncləri də cəlb etmək, oralarda da çəkilişlər etmək
mümkündür.
Təbii ki, layihəni reallaşdıran, koordinasiya edən, iştirak edən
hər bir şəxsin gündəlik olaraq başqa işləri olduğunu, bu layihə ilə
sırf başqa işlərdən vaxt qaldıqda məşğul olduqlarını nəzərə alsaq,
üçüncü videoya qədər bir müddət fasilə olacağını təxmin edirəm.