Axar.az Milli.az-a istinadən tanınmış teleaparıcı Yusif
Ağayevin müsahibəsin təqdim edir.
- Yusif bəy, keçən mövsüm sizin üçün hansı əlamətdar
hadisələrlə yadda qaldı?
- "10-dan sonra" komandası ilə 10 ay çalışdıq ki, hər şey
mükəmməl olsun. Həqiqətən də istədiyimizə qismən də olsa, nail
olduq. 10 ay ərzində tamaşaçı ilə çox yaxın bir təmasda olduq, ATV
tamaşaçısı ilə yaxın bir körpü yaratdıq. Hər səhər 2 saat çalışdıq
ki, tamaşaçının zövqünü oxşayaq. Tamaşaçını sevindirdik, bəzən isə
qəmli günlərimizdə qəmləndik, bütün bayramları onlarla birlikdə
qeyd etdik. Azərbaycan şou-biznesində, musiqi sənətində
sayılıb-seçilən ən dəyərli insanları xalqımıza təqdim etdik. Elə
insanları da təqdim etdik ki, onlar bəlkə də yaddan çıxmışdı,
unudulmuşdu. Bu da, əlbəttə ki, bizim verilişin "Avtoqraf"
rubrikasının müxbiri, jurnalist Əli Novruzəliyevin böyük əməyi idi.
Biz bu rubrikada xalq artistləri Səfurə İbrahimovanı, Elmira
Şabanovanı, Ramiz Əzizbəylini, Məcnun Hacıbəyov, Xuraman Qasımova,
Lətifə Əliyeva və s. böyük sənətkarlarımızı illər sonra efirə
çıxarararaq, tamaşaçı ilə görüşdürdük. Verilişdə elə anlar yaşandı
ki... "Avtoqraf" rubrikası mənə daha yaxındır. Çünki mən bu
sənətkarları illərdir tanıyıb, keçdiyi sənət yolunu izləmişəm.
- Bəzən gələn qonaqlarla bərabər siz də kövrəlib, göz
yaşlarınızı gizlədə bilmirdiniz. Məsələn, "Yeddi oğul istərəm"
filminin Cəlalı - əməkdar artist Ənvər Həsənov verilişinizə qonaq
gələrkən çox kövrəldiniz. Kövrəlməyinizin səbəbi nə
idi?
- Ənvər Həsənovun taleyi ilə mənim taleyim arasında bir az
yaxınlıq var idi. O da həyat yoldaşını erkən itirmişdi, mən də. Bu
sənət insanları sənətdən uzaqlaşıblar, bir az boynu bükükdülər. Mən
təkcə Ənvər Həsənovu yox, digərlərini də nəzərdə tuturam. Bir zaman
xarüqələr yaratmış sənətkarların illər sonra ekrana qayıtması, məni
5 il ekrandan uzaq olub, yenidən ekrana çıxmağımla əlaqəli
düşündürdü. Düzdür, mənim fasiləm az idi, amma bunların fasilələri
böyük olub. Mən haradasa onların fasilələrində fəaliyyətimdə olan
kiçik bir fasiləmi gördüm, bu da, əlbəttə, məni çox üzürdü. Mən
onlara yalnız xoş sözlərlə təsəlli verə bilirdim, başqa heç nə
ilə.
- Qeyd etdiniz ki, 5 illik fəaliyyətimdə fasilə oldu. Bu
fasilə sizin yalnız televiziya fəaliyyətinizə aid idi, yoxsa həm də
radio?
- 5 illik fasilə yalnız mənim televiziya fəaliyyətimə aid idi.
Bu da mənim xeyrimə oldu. Mən bir çox şeyi götür-qoy etməyim üçün
zaman qazandım. Efir həyatını kənardan müşahidə etdim. Çünki
tamaşaçının artıq indiki tələbatı başqadır. 5 il bundan əvvəl
olanlar indi qəbul olunmur. Mən tamaşaçıların qarşısına yeni Yusif
olaraq gəldim, o biri Yusif qaldı köhnə verilişdə. Çox şükürlər
olsun ki, verilişimiz başlayandan çox yüksək reytinqlərə səbəb
oldu. Səhər efiri üçün 10, 12, 13 reytinq çox gözəl nəticə idi.
- Efirdən uzaq düşərkən fikirləşirdinizmi hansı layihə
ilə efirə çıxa bilərəm?
- Mən düşünürdüm ki, elə bir veriliş olsun ki, mənim əmək
fəaliyyətimə, statusuma və yaşıma uyğun olsun. Çox şükürlər olsun
ki, veriliş yaranarkən bütün bunlar nəzərə alındı. Düşünürdüm ki,
nə vaxtsa mənə veriliş təqdim olunacaq. Amma nə vaxt? Bax bunu
bilmirdim. 2015-ci il mənim üçün son dərəcə uğurlu il oldu. 2015-ci
ildə həyatımda çox şeylər dəyişdi, mən bun görə Allahıma borcluyam.
Əlbəttə ki, xüsusilə də ATV rəhbərliyinə.
- "10-dan sonra" verilişinin əsas məqsədi nə
idi?
- Bizim verilişin əsas kütləsi evdar qadınlar idi. Çünki saat
10-12 arası çox insan işdə olur. Bəzən insanlar elə ofislərində, iş
yerlərində də bizim verilişi izləyirdilər. "10-dan sonra" verilişi
səhər efiri olduğu üçün, biz tamaşaçılara pozitiv əhval-ruhiyyə
bəxş etməli idik. Bəzən qalmaqallı açıqlamalar da olurdu. Biz daha
çox bu tip xəbərlərə aydınlıq gətirirdik. Müğənninin həyatında baş
vermiş hər hansı bir hadisəni gündəm kimi tamaşaçılara təqdim
edirdik. Bu, çox normal bir şeydir.
- Yusif bəy, istərdim daha öncələrə qayıdaq. Sizin "106
House" verilişiniz də uzun ömürlü idi. Neçə il davam
etdi?
- "106 house" verilişi 12 il davam etdi. Bu verilişin studiyası
da çox balaca idi, sonradan bizə böyük studiya verdilər. 12 il
ərzində o studiyaya kimlər gəldi, kimlər getdi... İsmayıl YK-dan
tutmuş Ajda Pekkana qədər. Ən önəmlisi isə bu idi ki, mən bu
veriliş vasitəsilə adi müğənniləri meqaulduz səviyyəsinə qədər
qaldıra bildim. İndi həmin müğənnilərin bir çoxu "super ulduz",
"meqa ulduz" adı daşıyırlar.
- Nəsə narazı danışırsız. Olmaya sizə vəfasız çıxanlar
da olub?
- Yaxşılığımı bilən bilir, bilməyənin də halal xoşu olsun.
Şou-biznesdə vəfalı insan yoxdur. Bir, ya iki nəfər vəfalı insan
var, qalanları hamısı vəfasızdır.
- Yusif Ağayevin özəlliyi nədən ibarətdir?
- Yusif Ağayevin özəlliyi son dərəcə sülhpərvər, xeyirxah və
insanlara qarşı pozitiv olmaqdır. İçimdə nə qədər neqativ olsa da,
2 saat ərzində onu gizlətməyə çalışıram. Çünki insanlar məndən
pozitivlik istəyir. Tamaşaçını mənim problemim maraqlandırmır. Bir
daha deyirəm ki, mən bu verilişi təkbaşına edə bilməzdim. Bu
verilişi mən həcmcə çox da böyük olmayan "10-dan sonra" komandası
ilə hazırlayıram. Mən, sadəcə (Nərmin xanımın, Səmanın, Əlinin,
Azadın və Aygünün), kimlərinsə əməyini tamaşaçıya təqdim
edirəm.
- Həyatınızın ağır günlərini nə vaxt
yaşamısız?
- Həyatımda bir neçə ağır gün olub. Bu ağır günlərimdə bir daha
özümü tanımışam. Bu günlərin Allahın mənə bir imtahanı olduğunu
anlamışam. Bu anamı, atamı, həyat yoldaşımı itirdiyim anlardır.
Böyük qızım 7-8 illər bundan öncə avtomobil qəzasına düşərkən
keçirdiyi ağrılar indi də mənim ürəyimdədir. İş fəaliyyətimdə də
bir sıra ağrılar oldu ki, mən bu ağrılara sinə gəldim. Mən mübariz
insanam, bir sıra ağrılara qalib gəldim, hələ də qalib
gələcəyəm.
- O anlarda yanınızda kimlər var idi?
- Həmin anda yanımda yalnız yaxınlarım və ailəm idi.
- Bəs dostlar necə?
- Mənim həyatda dostum yoxdur. Tanışlarım çoxdur, hara
gedirəmsə, məni çox yaxşı qarşılayırlar. Bakının yarısından çoxu
tanışımdır (gülür). Dost anlamı mənə yaddır. Dostum ailəmdir,
nəvələrimdir. Mən onlar üçün yaşayıram.
- Neçə nəvəniz var?
- 5 nəvəm var, balacasının bu yaxınlarda 1 yaşı olacaq. Böyük
nəvəm isə 8-ci sinifə keçib.
- Hansı nəvənizə öz adınızı qoymusunuz?
- Ortancıl nəvəmə öz adımı qoymuşam. O dərslərini yaxşı oxuyur,
taekvando idman növünə gedir, hərdən 1 təpik də mənə atır
(gülür).
- Hansı xüsusiyyəti sizə oxşayır?
- Tərsliyi, sözü üzə deməyi və yeməklərində kapriz etməsi mənim
uşaqlıq illərimdəki xasiyyətimə oxşayır. Xarici siması da mənə çox
bənzəyir. Ən əsası isə mən də anamı çox istəyirdim, o da anasını
çox istəyir.
- Hazırda sezon finalına çıxmısınız. İstirahətə necə,
vaxt ayıra bildiniz? Bilirəm ki, səyahəti çox
sevirsiz.
- Hər il olduğu kimi bu il də bir çox ölkələrdə istirahət etdim.
Bu il Paris şəhəri, İsveç, Almaniya və s. ölkələri seçdim.
İstirahət mütləqdir, çünki yeni mövsümdən yeni enerji ilə "10-dan
sonra" komandası ilə efir həyatına başlayacağıq. Allah qismət etsə,
yenidən siz tamaşaçıların görüşünə gələcəyik.