Axar.az Həcc ziyarətindən yenicə qayıdan teleaparıcı
Hacı Nuranın Musavat.com-a müsahibəsini təqdim edir:
- İkinci dəfə Kəbəni ziyarət etdiniz. Səfəriniz necə
keçdi?
- Orada tam başqa dünyada olursan. Hər şey mükəmməl təşkil
olunmuşdu. Bu il ziyarətə 1 milyondan çox insan getmişdi. Şükür
Allaha ki, əziyyətli olmadı. İlk dəfə 2003-cü ildə ziyarətdə
olmuşam. O zaman avtobusla getdik, çox əziyyətli keçmişdi. Bu il
təyyarə ilə getdik, çox rahat oldu.
- Ziyarətdən sonra daxilən sizdə nələr
dəyişdi?
- Həcc ziyarəti bir imtahandır. Orada ab-hava fərqlidir.
İnsanlarla ünsiyyətdə olursan, bəzən tək qalırsan. Düşünməyə
imkanın olur. İnsan hər etdiyi hərəkəti düşünür. Mən artıq
insanlara qarşı daha diqqətliyəm, qəlb qırmamağa çalışıram. Ziyarət
hər kəsə qismət olmur. Şükür Allaha ki, mənə ikinci dəfə qismət
oldu. Hər il getməyi çox istərdim. Allahın nəsibi necədirsə, elə
yaşayırıq. Allaha hamıya ziyarət qismət etsin.
- Uzun müddətdir ki, xərçəng xəstəliyindən müalicə
olunursunuz. Hazırda səhhətiniz necədir?
- Müalicəmlə əlaqədar tez-tez Almaniyaya gedirəm. Daim müşahidə
altında olmalıyam. Həkimlər bildirirlər ki, tam sağalmaq şansım
var. Sadəcə olaraq, bunun üçün uzun müddət lazımdır. Əsas odur ki,
özümü yaxşı hiss edirəm. Müalicəm müsbət nəticə verir.
- Müalicə olunmağınıza, çətin günlər yaşamağınıza
baxmayaraq, daim sənət dostlarınızın yanındasınız, onların xoş
günlərində sizi tez-tez görürük. Göstərdiyiniz bu diqqət
qarşılıqlıdır?
- Əlbəttə, qarşılıqlıdır. Almaniyada müalicə olunanda
həmkarlarım, sənətçi dostlarım tez-tez məni ziyarət edirdi. Həcc
ziyarətinə gedəndə də Röya, digər yaxın dostlarım məni yola salmağa
gəlmişdi. Dostlarımın mənə qarşı olan sevgi və diqqətindən
razıyam.
- Efirə nə zaman qayıdacaqsınız?
- Efirə qayıtmağı çox istəyirəm. Mən Xəzər TV-nin simasıyam.
Fəaliyyətimi orada davam etdirəcəyəm. Danışıqlar gedir, xeyriyyə
xarakterli veriliş təqdim etməyi, köməyə ehtiyacı olanlara əl
tutmağı, onlara ümid olmağı arzulayıram. Özümü başqa səpkili
verilişdə görmürəm. Şou mənlik deyil.
- Hər zaman sizi fərqli və rəngarəng geyimlərdə
görürük...
- Öz tərzi olan aparıcılardanam. Hər zaman göz qabağındayıq,
fərqli olmalıyıq. Geyimlərimi özüm dizayn edib, tikirəm. Son
zamanlar vaxtım az olduğu üçün paltar tikməyə zaman ayıra bilmirəm.
Geyim tikməyi, bəzəməyi xoşlayıram.
- Sənət adamlarından geyim hazırlamağınızı istəyənlər
olub?
- İstəyənlər olub. Bir-iki tanınmışa geyim hazırlamışam,
adlarını açıqlamaq istəmirəm. Vaxtım az olduğu üçün istəsələr də,
çatdıra bilmərəm.
- Evlənməyi nə zaman düşünürsünüz?
- Evlənmək istəyirəm. Ailə quracağım xanımı seçməmişəm. Müalicə
ərəfəsində həkim evlənməyə icazə vermədi. Bədənim dərmanlardan
təmizlənməlidir. Sağalan kimi evlənəcəyəm.
- Bir çox tanınmış öz fanatı ilə evlənir. Evlənəcəyiniz
xanım fanatınız ola bilərmi?
- Əlbəttə, fanatım ola bilər. Əsas odur ki, o xanım məni başa
düşsün. Hər hansı tədbirdən evə gec gələndə artıq fikirlər
düşünməsin. Bilsin ki, tədbirdəyəm. Məndə yalan yoxdur, həyat
yoldaşıma xəyanət etmərəm. Anlayışlı xanım axtarıram.
- Xanımın xarici görünüşü necə sizin üçün
önəmlidirmi?
- Hər kəsin zövqü fərqlidir. Siz qaraşın, mən sarışın sevə
bilərəm. Mənim üçün çox gözəl olan xanım sizin üçün çirkin ola
bilər. Hər şey nisbidir. Əsasən xanımın daxili aləmi gözəl
olmalıdır. Ürəyi nə qədər böyük və mərhəmətli olsa, bir o qədər onu
çox sevərəm.