Yuxarı

Samirə dəb xətalarından danışdı - Müsahibə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “S.Abdul” brendinin dizayneri Samirə Əbdülün Publika.az-a müsahibəsini təqdim edir:

- Özünüz haqqında məlumat verərdiniz. Harada təhsil almısınız? Modaya maraq nədən və nə zaman yarandı?

- Özümü tanıyandan əlimdə iynə tuturam. Çox kiçik yaşlarımdan əl işlərinə çox böyük marağım var idi. Anam iynəni düzgün tutmağı və toxumağı sadəcə bir dəfə göstərmişdi. Həmin vaxtdan bəzi kuklalarıma geyimlər tikməyə başlamışdım. Bu yaxınlarda uşaqlıqda özüm üçün tikdiyim pul kisəsini tapmışdım, inanırsınız, 6 yaşında bir uşağın tikdiyi xırdaca kisədə kiçik bir qüsur yox idi. Anam həkim işləyirdi, məni evdə tək qoyurdu, işdən qayıdanda məni həmişə hələ də yataqda, tikiş tikərkən görürdü. Saat üçə-dördə kimi yataqdan qalxmadığım üçün həmişə danlanırdım. Bununla belə anamın paltarlarını kəsib kuklalarıma libaslar tikdiyim üçün o, məni heç danlamazdı, əksinə təqdir edərdi.

Məndəki istedadı gördükdən sonra anam bütün dərnəklərə yazdırdı. O zaman Qaqarin adına pionerlər evinə gedirdim. 28 may küçəsində yerləşən pioner evi indi sənətçilik qalereyası adlanır və hələ də işləyir. Bir az böyüdükdən sonra peşəkar rəssamla çalışmağa başladım. Orta məktəbi bitirdikdən sonra Moskvaya yol aldım, Kosiqin adına Tekstil Akademiyasının tətbiqi sənət fakültəsinə daxil oldum, sonra təhsilimi Bakıda davam etdirdim, magistraturanı Bakıda bitirdim. İqtisad Universitetinin MBA fakültəsinin ingilis dili bölməsində “Biznesin idarəçiliyi” üzrə təhsil aldım.

- Azərbaycanda yerli məhsullara ehtiyac hansı səviyyədədir? Yerli geyimlərin alıcısı varmı?

- Əgər yerli dizaynerlərin məhsullarından söhbət gedirsə, əlbəttə ki, maraq var. Bunun sübutu kimi Bakıda fəaliyyət göstərən şourumları misal çəkə bilərəm. Lakin onlar da gürcü dizaynerlərə üstünlük verirlər. O ki qaldı kütləvi istehsala, hələ belə bir tələbat görmürəm. Çünki çox imkanlı təbəqə xaricdən geyinir və ya burdakı məşhur brendlərin butiklərinə üz tuturlar. Orta təbəqə isə əsasən Türkiyə və Çindən münasib qiymətə gələn və son trendlərə uyğun tikilmiş geyimlər alır.

- Moda ilə məşğul olmağa qərar verərkən bu amili nəzərə almışdınız?

- Əlbəttə ki, yox. Çox nadir insan 16-17 yaşında həyatda öz yolunu müəyyən edərkən qazanc barədə düşünür. Mən yalnız içimdən gələn səsləri duyurdum, qəlbim məni bu yola çəkirdi. Moda mənim üçün hisslərimi və özümü ifadə etmək üçün ən yaxşı vasitə idi.

- Modadan istədiyiniz pulları qazana bilirsiniz? Azərbaycanda moda sahəsinin inkişafı barədə nə düşünürsünüz?

- Təəssüf ki, dizayner üçün bu gün Azərbaycanda istehsal etdiyi məhsullardan istədiyi qazancı əldə etmək qeyri-mümkündür. Moda sənayesinin inkişafı çox böyük bazar tələb edir, yəni bunun üçün ilk növbədə güclü tələbat olmalıdır. Dizaynerlərin hazırladığı işlər çox dar təbəqəni maraqlandıra bilər, bu da əsasən seçilmək istəyən şou-biznes nümayəndələridir. Onların da çoxu pul əvəzinə barter təklif edirlər. Yəni sən mənə hər hansı libas bağışla, mən də səni reklam edim. Yerli moda biznesi hələ ki Azərbaycanda inkişaf etməyib və inanmıram ki, yaxın zamanlarda da bir dəyişiklik olsun.

- Moda həftələrinə maraq hansı səviyyədədir?

- Həqiqəti demək lazımdırsa, bizdə ona da maraq yox səviyyəsindədir. Deyə bilərəm ki, əsasən iştirakçıların yaxınları maraq göstərir. O biri tərəfdən də tədbirin adı ilə təşkilatçılıq heç də uyğunlaşmır. Çox adi, banal və sıradan bir tədbir kimi keçirilir. Məkan seçimi, reklamı çox bəsitdir.

- Geyim yaradarkən dünyada mövcud olan dövrün trendlərini nəzərə alırsınız, ya milli mentaliteti?

- Daha çox müasirliyə üstünlük verirəm, milli ornamentlər və ideyalara müraciət etmirəm. Bir çox hallarda dünya trendlərini qabaqlayıram.

- Yaradıcılıq sərhəd və çərçivələr tanımır. Maraqlıdır ki, moda biznesində özünüzə qoyduğunuz hansısa qadağalar var?

- Bax, burada artıq milli mentaliteti, ənənələri nəzərə almaq məcburiyyəti olur. Lakin məni qadağalar qorxutmur, builki kolleksiyam da bunun bariz nümunəsidir. Yəni qadınlarımız yüksək modaya, seçdikləri dizaynerin zövqünə etibar etməyi öyrənməlidirlər, modelyer isə kütlənin arxasınca deyil, onları öz səviyyəsinə qaldırmağı bacarmalıdır.

- Bu yaxınlarda keçirilən Azərbaycan moda həftələrində kapsul kolleksiyanız nümayiş olundu. İstərdim ki, bu barədə danışasınız. Kolleksiyalara nə cür geyimlər daxil edilib və onları yaradarkən nədən ilhamlanmısınız?

- Moda həftəsində nümayiş olunan əl işləri modelyer Nailə Əzimova ilə əməkdaşlığımız nəticəsində hazırlanan “Sparkle” kapsul kolleksiyasından idi. Burada həm cəsarəti, həm orijinallığı, həm də bohem havasını birləşdirməyə çalışmışdıq. Yüngül krujevalı donlar özündə ali zərifliklə brutal üstünlüyün vəhdəti ilə parıltılı metallika ilə bəzədilmiş qara libasın rahatlığını ehtiva edir. Kolleksiyadakı sadə libaslarla kəmərlər, apoletlər, qalın kolyelər, broşlar, kepkalar, sırğalar və ya strazlar kimi parlaq elementlər bütöv kompozisiya halında birləşərək hər birinə şıqlıq bəxş edib.

- Ümumiyyətlə, dizaynerlərin ilham qaynağı nədir?

- Bu barədə dəqiq fikir bildirmək çətindir. Bu, hansısa bir musiqi, rəsm əsəri, film, günəşli, yağışlı və qarlı hava ola bilər, əhval-ruhiyyə də çox vacibdir. Bu sualın birmənalı cavabı yoxdur.

- Sizcə, bu gün cəmiyyətimiz modanın gətirdiyi istənilən cərəyanları qəbul etməyə hazırdır?

- İstənilən dedikdə, hər kəsin bir çərçivəsi var və bu, yalnız adət-ənənədən irəli gəlmir, insanın öz zövqündən asılıdır.

- Hansı məşhurlarla çalışırsınız?

- Moda aləmində ilk addımlarımı atanda Xalq artistləri Aygün Kazımova, İlhamə Quliyeva, Nisə Qasımova, həmçinin Əməkdar artist Röya Ayxan ilə çalışırdım. Hazırda sadəcə aksesuarlar hazırlayıram. Elnarə Xəlilova, Fidan Axundova, Rəna Ağamuradova tez-tez əl işlərimə müraciət edir.

- Qara rəngə olan məhəbbətinizin səbəbini öyrənə bilərək?

- Qara klassika sayılır. Libaslarımın müəllifi gənc modelyer Nailə Əzimovadır, qara rəngin seçimi birbaşa aksessuarlarla bağlı idi. Daş-qaş və zəncirlərlə işlənmiş bəzək əşyaları qara üzərində daha effektiv təsir bağışlayır.

- Azərbaycanlı xanımlar aksesuarlardan düzgün istifadə etməyi bacarır?

- Bizim xanımlar zinət əşyalarını daha çox sevirlər, lakin son zamanlar aksesuarlar onları sıxışdırmağa başlayıb. Aksesuarlar bütün qadınlar, hətta dəblə sıx maraqlanmayanlar tərəfindən də sevilir. Lakin aksesuarlardan düzgün istifadə etməyi bacarmaq da xüsusi zövq və bilgi tələb edir. Bunun azərbaycanlı olmaqla bir əlaqəsi yoxdur.

Heç kəs üçün artıq sirr deyil ki, “haute couture” paltarları və saç kəsimi görünüş üçün ən vacib şey deyil. Hətta Koko Şanel "moda keçir, stil isə qalır" deyirdi. Onun qənaətinə əsasən, sadə bir paltar daha yaxşıdır, çünki bu zaman fərdi üslub yaratmaq üçün aksesuarlara yer qalır. Aksessuarlar zəruri detallardır, onlar qadının xarakterini tamamlayır və vurğulayırlar, onun obrazına rəng qatırlar. Onlar Zoluşkadan bir şahzadə xanım yaradırlar və ya bir xanımı qorxunc Yeni il şam ağacına çevirə bilərlər.

- Dəstin uğurlu alınmasında aksesuarların rolu nə qədərdir?

- Aksessuar xarici görünüşü dəyişmək üçün ən asan vasitədir, lakin onlardan düzgün istifadə etməyi bacarmaq lazımdır. Düzgün seçilmiş aksesuar möcüzələr göstərə bilər - onlar keçən ilin kolleksiyasından olan paltarlarа belə yeni rənglər qata bilər, qüsurları gizlədər, üstünlükləri vurğulaya bilər.

Müxtəlif zinnət əşyaları, bijuteriya, çantalar almaq imkanı olan qadın belə bəzən qeyri-adi bir aksessuar seçimi etməkdən qorxur. Ən vacib aksessuarların bir ahəngdə seçilməsidir. Aksessuar nə qədər bahalı, cəsarətli və orijinal olsa, geyim o qədər sadə olmalıdır. Aksessuarlar geyim tərzini tamamlayır və vahid kompozisiya yaradır.

- Bu qış nə cür aksesuarlar dəbdə olacaq?

- Cari ilin trendi 1940-cı illərin modasıdır. Hərbi formanı, xaki rənglərini xatırladan hər şey - hər növ paltar, qızıl düymələr, epoletlər, lakin bütün bunlar yalnız bir element kimi deyil, obrazın əsasını təşkil edir. Və burada, məsələn, bir qadın üzərində kişisayağı kostyum ilin trendi sayıla bilər. Moda həftəsində partnyorum Nailə xanımın təqdim etdiyi look-lardan biri məhz bu üslubda idi.

- Sizcə, qadını istənilən an xilas edən və ona seksuallığını vurğulamağa kömək edən aksessuar hansıdır?

- Özünə güvənməyən qadını heç bir rəng, heç bir ətir, heç bir əlbisə və ya aksessuar xilas etməz...

- Sizcə, qadında özgüvəni nə artırır?

- Öz qüvvəsi hesabına həyatda uğur qazanmaq və xoşbəxt olmaq istəyən qadının özgüvəni çox yüksək səviyyədə olmalıdır. Bunun üçün qadının xarici görünüşü onun daxili gözəlliyini, ona xas olan bütün individuallığı tamamlamalıdır. Hər qadının özünəməxsus cazibəsi var, onu kəşf edib, önə çəkmək lazımdır. Sovetlər zamanı belə bir tezis hökm sürürdü ki, insanı geyiminə görə qarşılayıb ağlına görə yola salırlar. Bu sovet sisteminin ideologiyasının təbliğatı idi, bununla qadınları ailəyə və işinə daha çox önəm verməyə sövq edirdilər, eləcə də qərbin təsirlərindən qoruyurdular. İndiki dövrdə bu tezis 180 dərəcə dəyişib - məqsədə nail olmağın yolu xarici görünüşdən keçir. Qadının uğur qazanmasında zahiri görkəmi birbaşa rol oynayır.

Gözəl, son dəbə uyğun geyinmiş, saçlarına düzən vermiş, dərisi və əlləri baxımlı olan qadın özünə daha çox inanır və güvənir, qarşısına qoyduğu məqsədlərə daha asan nail olur. Ən vacibi zahiri görkəmdir, çünki ilk təəssüratı məhz o yaradır. Qadın danışmağa başladıqda isə fikrini izah etmək üslubu, danışıq qabiliyyəti sıraya girir və son olaraq - davranış qaydaları, jestlər, mimikalar və sair əlamətlər onun xarakteri haqqında müəyyən fikir formalaşdırır.

- Müsahibə üçün minnətdaram, işlərinizdə uğurlar.

- Çox sağ olun.

Tarix
2018.11.15 / 10:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla