Yuxarı

Ağdamda şəhid sinif yoldaşlarımı gördüm… - Aqil Abbas

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı, millət vəkili, ssenarist Aqil Abbasın Axar.az-a müsahibəsi:

- “Dolu”nun finalında Qarabağa qayıdış var: komandirin torpaq səddi keçməsi və artıq ölən silahdaşlarının onun ardınca getməsi... Ancaq nədənsə o kadrlara baxanda məhz Ağdama qayıdışımız assosiasiya olunur. Biz 44 günlük savaşdakı zəfərdən sonra Ağdamı doğrudan da döyüşsüz aldıq. Bu nədir, yazıçı öncəgörməsi?

- Əvvəla, ordan başlayım ki, mən Ağdamın döyüşsüz alınması fikri ilə razı deyiləm. Qarabağda 44 gün müharibə getdi, döyüşün nəticəsi olaraq ermənilər kapitulyasiyaya imza atdı və Ağdam, Kəlbəcər və Laçından çıxmağa məcbur oldular. Yəni biz bütün torpaqlarımızı döyüşlə, Ordumuzun gücü ilə almışıq, ermənilər sülhlə, xoşluqla işğal etdikləri əraziləri boşaltmayıblar ki!

O ki qaldı öncəgörmə məsələsinə, mən hər zaman, hər yerdə deyirdim ki, Şuşaya Azərbaycan bayrağı sancılacaq, özü də cənab Ali Baş Komandan İlham Əliyev edəcək bunu. Kim buna inanmırsa, özünü assın. 30 ildir mən yalnız Qarabağdan yazıram və insanlara qələbəni aşılayıram. İnam, sadəcə inam! Bu günə qədər Qarabağla bağlı nə yazmışamsa, inanaraq yazmışam.

O inamımda da nə qədər haqlı olduğumu artıq hər kəs bilir.

- Aqil müəllim, “Dolu” ilə bağlı daha bir məqamı mütləq cavablandırmağınızı istərdik. Bu filmdə aktyorlar qəhrəmandırlar, ancaq qalib deyillər. Qalib-qəhrəmanları yaratmağın zamanıdırmı?

- Yox, onlar elə qalibdirlər. Mənəvi olaraq qalibdirlər, məğlub olmayıblar. Filmin sonunda da gördüyünüz kimi, piyada Qarabağa döyüşməyə gedirlər. Yəqin ki, diqqət etmisiniz, bütün filmlərin sonunda “Filmin sonu” yazılır, ancaq “Dolu” filmində bu söz yazılmır. Bu, bu o deməkdir ki, “Dolu” bitməmişdi, tamamlanmamışdı, biz ora qayıdırıq...

- Doğrudur, o filmdə məğlubiyyət hissi yoxdur, “Dolu” milli pafosla zəngindir...

- Qətiyyən! Bəlkə də kiməsə elə görünə bilər, ancaq romanda və filmdə heç bir pafos yoxdur. Mənim yazdıqlarım tam real hadisələrdir, müşahidələrim, gördüklərimdir. Siz bilirsiniz ki, mən hər iki müharibədə cəbhədə çox olmuşam, əsgərlərlə, döyüşçilərlə daimi ünsiyyətdə idim. Birinci Qarabağ savaşında ümumiyyətlə vaxtımın çoxu o ərazilərdə keçirdi, nələrsə etməyə çalışırdım. Yəni filmdə gördüyünüz, romanda oxuduğunuz hər şey realdır. Belə olmasaydı, “Dolu” yaddaşlarda bu qədər dərin iz salmazdı.

- Necə düşünürsünüz, “Dolu-2” yazıla və çəkilə bilərmi?

- “Dolu-2”-nin artıq ssenarisi yazılıb. Çəklişini planlaşdırıram.

- Qələbəmizdən bir il ötür. Yazıçı Aqil Abbas bu bir ildə qələbəni ədəbiyyata gətirə bildimi? Nə qədər zaman keçməlidir ki, qələbəmiz ədəbiyyata da gəlsin?

- Bir publisist kimi bu bir il ərzində mən Qarabağ hadisələri, Ağdam, Şuşa, Cıdır düzü haqqında və qələbə ilə bağlı xeyli yazılar yazmışam. Bu yazdıqlarımı hətta kitablarda da dərc ediblər. Bədii əsərə gəldikdə isə “Dolu-2” filmi çəkildikdən sonra “Dolu-2” romanını yazmağı düşünürəm.

- Ağdama getdiniz, gördünüz və əlbəttə, danışa bilmədiniz, kadrlar önündə belə göz yaşınızı saxlamağı bacarmadınız. Əslində, sizdən gözlədiklərimiz də bu idi. İndi bəlkə danışa biləsiniz: Ağdamda dağıdılmış mənzərəni hamımız gördük, görürük. Aqil Abbas bizim görmədiyimiz nəyi gördü orda?

- Aqil Abbas orda sizin görmədiyiniz bütün keçmişi gördü (gözləri dolur): uşaqlığımı gördüm, şəhid olan sinif yoldaşlarımı gördüm... Nə görmədim, nələri xatırlamadım ki...

Azərbaycanın bütün tanınmışları bizim evin daimi qonaqları olub - Əbülfəz Elçibəy, yazıçı Anar, Sabir Rüstəmxanlı, Söhrab Tahir, Vaqif Cəbrayılzadə və s. Atam rəhmətlik ziyalı insan idi, mən evdə olmasam belə, hamısı gəlib atamı görüb gedirdi. Həmin anları canlandırdım gözlərimin önündə.

Evimiz iki məktəbin ortasında yerləşirdi, həmin ab-havanı, həmin səs-küyü sanki yenidən eşitdim. Bir şeyin şahidi oldum Ağdamda, bəlkə də kimsə fərqinə varmadı, amma mən fərqinə vardım və çox təsirləndim. Cənnətdə 3 meyvə ağacı var: zeytun, əncir və nar. Təsəvvür edin ki, Ağdamda hər yeri dağıdıblar, həmin dağıdılmış məhəllələrdə nar və əncir ağacları bitmişdi və bu o deməkdir ki, Ağdam cənnətdir.

İmarətə getdim, həmin İmarətə Xurşidbanu Natəvan öz əlləri ilə 100-dən çox çinar ağacı əkib və hündürlükləri 30-40 metrə çatır. Bu özü ən böyük mirasdır, bundan sonra çox adam orada çinar əkə bilər, amma Natəvanın əlləri ilə əkdiyi çinarların yerini verməyəcək.

İmarətin bir bağbanı vardı, Məhərrəm kişi, biz hamımız uşaq vaxtı ondan qorxardıq, İmarətin həyətində futbol oynamağa gedəndə bizi qovardı. Orada əməllicə meşə salmışdı, nar, qoz ağacları əkmişdi və çox təmiz saxlayardı o bağı-bağçanı. Mən o Məhərrəm kişini də gördüm orda...

- “Aqil Abbasın Ağdamdakı evi”. İnşallah, qısa müddətdən sonra medianın bu adla fotoları manşetlərə daşıyacağına əminik. O evi təsvir edin bizə, necə bir ev arzulayırsınız Ağdamda?

- Ağdam azad olunan kimi mən elə öz evimi tikmək istədim, qəzetdə və televizorda imkanlı şəxslərə müraciət etdim ki, hər kəs öz evini özü tiksin ki, hökumətin yükü azalsın. Hökumət infrastrukturu qursun, inzibati binaları və məktəbləri tiksin. İmkanlı şəxslər isə qonşusuna əl atsın, evini tikməkdə kömək etsin. Misal üçün Ədalət Muradov (İqtisadiyyat Universitetinin rektoru) Ağdamın Güllücə kəndindəndir, onun Ağdamda evi yoxdur, amma zəng vurub dedi ki, gedib Ağdamda kiməsə ev tikərəm. Yollar açılsın, hökumət icazə versin, gedib dağıdılmış evimin eynisini tikdirmək istəyirəm. Dəbdəbli və ya böyük bir imarət istəmirəm, birmərtəbəli, 6 otaqlı evimiz olub, elə onu eyni qaydayla tikmək fikrim var.

- Aqil müəllim, illərdir “Ağdam” deyəndə göz önünə gələn simalardan biri də sizsiniz. Daimi olaraq Ağdamda yaşamağı düşünürsünüzmü?

- Əslinə qalsa, mən ağdamlı deyiləm, Ağcabədi rayonunun Bayat kəndindənəm. Sadəcə olaraq mən 3-cü sinifdə oxuyanda ailəm Ağdama köçdü. Kənddə yaşayırdıq, atam isə imkanlı kişi idi və Ağdam çox inkşaf etmiş bir şəhər olduğu üçün biz ora köçdük. Bütün mənalı həyatım Ağdamda keçib. 1988-ci ildə doğulduğum Bayat kəndində Füzuli adına kitabxana açmışdım və ürəyimdən keçirdi ki, bununla yanaşı bir kitabxana da Ağdamda tikdirim. Evimdə on beş mindən çox kitab vardı, müharibə zamanı ermənilər hamısını yandırdılar. Mən Ağdama gedən kimi bütün ziyalılar gəlirdilər ki, yeni hansı kitabı gətirmisən? Satışda belə olmayan kitabları tapıb aparırdım, aparmaynda küsürdülər məndən.

Ən böyük arzum evimizlə bərabər, Ağdamda böyük bir kitabxana tikdirməkdir. Əlbəttə ki, Ağdamdakı evimizin çırağı hər zaman yanacaq...

Tarix
2021.10.14 / 22:07
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla