Amerika telekanalında
nümayiş olunan "America’s Got Talant" istedad yarışmasına qatılaraq
"Çaplin" obrazı ilə məşhurlaşan azərbaycanlı sirk ustası Üzeyir
Novruzovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Salam! Sözün düzü boş vaxtım azdır. Amma suallarınızı bura
yazsanız, imkan daxilində cavablandıraram. Amma xahiş edirəm, çox
az sual olsun.
- Çox sadə insan təsiri bağışlayırsınız. Suallarımızı
cavablandırdığınız üçün təşəkkür edirəm. İstəyinizi nəzərə alıb,
çalışarıq ki, sizi çox yormayaq. (Azərbaycan dilində bir qədər
qəribə yazdığından söhbətimizi ingilis dilində davam edirdik).
Azərbaycan dilini bildiyinizi təxmin etməmişdim. Nə vaxtdan
Amerikada yaşayırsınız?
- Azərbaycan dilini də, rus dilini də bilirəm. Amerikada cəmi 13
ildir yaşayıram.
- Bakı ilə əlaqəniz varmı? Sonuncu dəfə Azərbaycanda nə
vaxt olmusuz?
- 2 il əvvəl oradaydım. 2013-cü ilin yazı idi.
- Burada kiminiz var? Bakıya gələndə kimin yanına
gəlirsiz?
- Anam Azərbaycandadır.
- Bəs, Amerikada kiminlə yaşayırsınız?
- Ailəliyəm. Amerikada ailəmlə birlikdə yaşayıram. İki övladım
var.
- Azərbaycanda artıq ulduzsunuz. Ağlınıza gələrdi ki, nə
vaxtsa belə məşhur olacaqsınız?
- Hər şey ağlıma gələrdi, amma bu yox. Bu haqda heç vaxt
fikirləşməmişəm də.
- Necə duyğudu? Məşhur olmaq, hamının səninlə
maraqlandığını bilmək necə təsir bağışlayır?
- Təbii ki, müdhiş bir hissdir. İnsanların mənim yaradıcılığımla
maraqlandığını, məni izlədiyini bilmək çox xoşdur.
- Müsabiqə artıq yekunlaşıb. Bundan sonrası üçün hansı
planlarınız var?
- Həyatım boyu ancaq sevdiyim işlə məşğul olmuşam. Yəni
müsabiqədən əvvəl də mənim bir həyatım vardı, işim vardı. İndiyədək
hansı işlə məşğul olmuşamsa, müsabiqədən sonra da onu davam
etdirəcəm. Düz 20 ildir ki, bu sənətdəyəm. Amma ola bilər ki,
müsabiqədən sonra mənim üçün yeni yaradıcılıq qapıları açılsın.
- Həyatda məqsədiniz nədir?
- Bütün məqsədlərim sənətimlə bağlıdır. Özümü, yaradıcılığımı
inkişaf etdirmək istəyirm. Bunun üçün yollar axtarıram. Məsələn,
özümü böyük kinoda, kinematoqrafiyada sınamaq istəyirəm. Yaxud,
şəxsi şoularımı təşkil etməyi düşünürəm.
- Çoxsaylı dünya ulduzları ilə şəkilləriniz yayıldı.
Məsələn, Demi Mur, Britni Spirs və s. Onlarla münasibətiniz
necədir? Yəni dostluq edirsiniz, yoxsa təsadüfən
qarşılaşmışdınız?
- Doğrudur, dünya şöhrətli bir sıra sənət adamı ilə, o cümlədən
tanınmış futbolçularla fotoşəkillərim var. Amma mən onlarla
ünsiyyət saxlamıram. Yəni dost münasibətimiz yoxdur. Dünyaca məşhur
"Cirque du Soleil" sirkinin şoularında çıxış edərkən, onlar səhnə
arxasına gəlib bizimlə tanış olur və xatirə şəkilləri
çəkdirirdilər.
- Sizcə, niyə müsabiqənin qalibi ola
bilmədiniz?
- Əsas mükafatın sahibi mən olmasam da, qalibəm. Yarımfinala
qədər qalib olacağıma əmin idim. Ancaq yarımfinal çıxışından sonra
vəziyyət dəyişdi. Bu mərhələdən sonra "America’s Got Talant"
istedad yarışmasının əsas mükafatını ala bilməyəcəyimi artıq
bilirdim. Çünki yarımfinalda böyük səhvə yol verdim və hündür
nərdivanın başından yerə yıxıldım. Yıxılanda da ciddi zədə aldım.
Həmin zədənin mənə mükafatçı olmağa imkan verməyəcəyi şübhə
doğurmurdu. Çünki bu zədə ilə finalda özümü tam göstərə
bilməyəcəkdim. Elə də oldu. Buna baxmayaraq, mən layihənin
qalibiyəm. Milyonlarla insanın və ən əsası özümün nəzərimdə
qalibəm. Çünki layihənin 10 ən yaxşı iştirakçısından biriyəm. Bu
siyahıya düşməyi bacardığım üçün özümdən razıyam.
- Azərbaycanlı heyranlarınıza nə demək
istərdiniz?
- Bütün azərbaycanlı heyranlarıma təşəkkür edirəm. Yarışın hər
mərhələsində onların dəstəyini hiss edirdim. Yazdıqları xoş sözlərə
görə hər birinə minnətdaram. Arzu edirəm ki, həyatda öz yolları
olsun. Həmin yoldan azmasınlar. Məqsədlərinə aparan yolda
qarşılarına çıxan heç bir çətinlik onları ruhdan salmasın. Heç vaxt
geri çəkilməsinlər. Diqqətiniz üçün sizə və təmsil etdiyiniz media
qurumuna təşəkkürümü bildirirəm.