Yuxarı

Deputatlar bu şəkli qiymətinə görə almadı – Rəssam

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəssam Əli Qafarlının Kult.az-a müsahibəsi:

- Azərbaycanda rəssam olmaq çətin deyil ki? Əlbəttə, qazancı, rəssamlıqla dolanışığı təmin etməyi nəzərdə tuturam...

- Təbii ki, qazanc mənbəyimiz çəkdiyimiz rəsmlərin satışından olur. əsərlərimizin alışına daha çox əcnəbilər maraq göstərir. Və bir də Tarqovıda rəsm sərgiləri satışında rusların əsərlərə maraq göstərdiyinin şahidi oluruq. Bizim millətə gəlincə isə onu demək istərdim ki, daha çox hədiyyə tipli işlərlə müraciət edirlər. Bəzən olur ki, şəkli almaq istədikdə son anda fikirlərindən daşınırlar. Misal üçün, sərgilərin birində Mehriban xanım Əliyeva ilə İlham Əliyevin birgə çəkdiyim rəsm əsərini sərgilədim. Olduqca böyük tablonun dəyəri ilə maraqlanan deputatlar onu almaqdan nədənsə imtina etdilər.

- Qiyməti nə qədər idi?

- Beş min manat.

- Belə məqamda “kaş rəssam olmazdım” fikri ağlınızdan keçməyib ki? Yeri gəlmişkən, rəssam olmasaydınız, hansı sənəti seçərdiniz?

- Çox güman ki, rok musiqiçisi olardım. Uşaqlıqdan Anadolu rokçularını dinləmişəm: Barış Manço, Əmrə Aydın, Kıraç - ən çox sevdiyim və dinlədiyim musiqiçilərdilər. Onu da qeyd edim ki, özümə gitara alaraq akkordlarla ifa etməyi də öyrənmişəm. Musiqiyə olan həvəsim hədsizdir. Çox sevdiyim Əmrə Aydının bu yaxınlarda Azərbaycana gələcəyini eşitmişəm, konsert təşkilatşıları ilə əlaqə yaradaraq, ona rəsm əsəri hədiyyə etməyi düşünürəm.

- Yaradıcı insanlar adətən mühitdə yetişir, ancaq genetik faktor da rol oynayır deyirlər...

- Anam musiqi müəlliməsidir, gözəl piano ifa edir. Atam Vidadi Qafarlı də tanınmış rəssamdır və onun işləri Mona Liza qalereyasında saxlanılır. O, uzun illər Türkiyədə çalışıb, hətta çox sevdiyi Barış Mançonun rəsmini çəkərək, ailəsinə hədiyyə edib. Çox güman ki, atamın rəssamlığa olan sevgisi məndə uşaqlıqdan bu sənətə maraq yaradıb. Evdə iki qardaşıq, atam əslində qardaşımın rəssam olmasını istəyirdi ki, o isə turizmi seçdi. Hazırda Polşada yaşayır.

- Emalatxananızda daha çox sərbəst üslubda çəkilən əsərlərə, natürmort və avanqard səpkili əl işlərinizə rast gəlmək olur. Bir çox rəssamlar portretin asan və gəlirli olduğunu düşünərək, digər janrlardan qaçırlar.

- Deməzdim. İnanın ki, portret rəssamlıqda ən qəliz sayılan və ən çətin janrdır. Hər rəssam üz cizgilərini dəqiq çəkə bilmir. Olub ki, hansısa bir qız gördükdə, onun simasını yadımda saxlayaraq, sonradan onun surətini kətan üzərinə köçürməyə başlamışam. Tam alınmasa da, təqribi olaraq istəyimə çatmışam.

- Rəssamlar həssas olurlar. Van Qoq sevdiyi xanımdan ayrıldıqda ona öz qulağını kəsərək bağışlamışdı. Siz sevdiyinizə qarşı hansı fədakarlığı edərdiniz?

- Allahın bəxş etdiyi cana əzab vermək mənim aləmimdə düzgün deyil. Mən o xanıma olan hisslərimi kətana köçürərdim. Bəli, olub ki, həyatımdakı xanımı canımdan çox sevmişəm, lakin ailə qurub getdikdən sonra zamanla anlamışam ki, unudulmayacaq bir kəs yoxdur əslində və həyat davam edir. Rəssamın emosiyaları da elədir; bəzən depressiv anında bütün duyğularını kətan üzərinə köçürərək, mütləq bir şedevr yarada bilərsən. Bəzən də özünə qapanıb aylarca emalatxanaya daxil olmazsan. Şəraitdən və vəziyyətdən asılı olaraq, münasibət birmənalı sayıla bilməz.

- Ölümü hansı rəngdə ifadə edərdiniz?

- Ölüm rəngsizdir.

- Rəssamlar var ki, öz doğmalarının rəsmlərini çəkmirlər. Onlar bunu yaxın adamlarının rəsmlərini çəkməklə onların daxili auralarını zədələyə biləcəkləri inancı ilə əsaslandırırlar.

- Bəli, bu cür düşüncə məndə də mövcuddur. Mən heç bir zaman doğmalarımın rəsmini çəkmirəm. Və onu da qeyd edim ki, dünyasını dəyişmiş insanların rəsmini çəkmək mənə pis təsir edir. Bu məsələdə olduqca həssas olduğum üçün çalışıram ki, vəfat edən şəxsləri şəklini çəkməyim. Amma təbii ki, istisnalar olur: təmənnasız olaraq, özümə borc bilərək, şəhidlərimizin çoxsaylı rəsmlərini canlandırmışam və bununla qürur duyuram. Və olub ki, tamamilə sadə bir ailədən gənc qızın avtoqəzada həlak olmasından duyğulanan rəfiqəsi onun rəsmini çəkmək üçün müraciət edib. Mən imtina etməmişəm, amma uzun müddət kövrək hisslər məni tərk etməyib.

- Ən sevdiyiniz rəng?

- Sarı. Mənim bütün əsərlərimdə sarı rəng özünəməxsus bir ahəngdədir. Bütün rənglər əslində maraqlıdır. Misal üçün, göylə sarı rəngin qarışığı yaşıl rəng verir. Çəhrayı ilə göy rəngin qarışığı isə bənövşəyi olur.

- Ən sevmədiyiniz rəng?

- Bənövşəyi. Ümumiyyətlə, rəssamlıqda bu rəngə “zəhərli” deyirlər. Qırmızı rəng - sevgi rəngi hesab edilir. Mənə görə ağ, qırmızı rənglər daha çox əsərin daxili dünyasının açılmasına yardım kimi istifadə edilən çalarlardan biridir.

- “Şeytan pıçıltısı” əsəriniz vahiməlidir. Şeytanın xanımı qucaqlayaraq, onu arxasınca aparmaq istəyini qeyd etmisiniz sanki. Hansı hisslərdən təsirlənərək bu cür əsər yaratdınız?

- Bir xarici filmə baxmışdım, oradakı şeytanla bağlı obraz beynimə həkk olunmuşdu. Bu əsərdə qadının üzündəki tüfeyli həyatdan məmnunluq duyğusu şeytanın yolunda olmasından xəbər verir.

- Görmək istədiyiniz və rəsmini yaratmaq istədiyini məşhur varmı?

- Ümumiyyətlə, rəssamlar, şairlər ilhamı əsasən gözəl qadınlardan alır. Pişiklərim var ki, onlardan da müsbət enerji alıram.

Amma xətrini dünyalar qədər istədiyim bəstəkar var - Eldar Mansurov. Mən rəsm əsərləri yaratdığım kimi, o da musiqinin rəsmini çəkir. Bu şəxsiyyəti şəxsən görmək, rəsmini çəkmək və hədiyyə etmək məni olduqca xoşbəxt edər.

- Sizin üçün xoşbəxtlik anlamı nədir?

- Xoşbəxtlik - təmənnasız sevgidir.

- İşinizlə xoşbəxtsinizmi?

- Tam fərqli bir şey ortaya qoyanda. Bu yaxınlarda Azərbaycanda bir ilkə imza atdım, adi şokoladla portretlər çəkdim. Hətta bəzən sifarişçilər şokolad iyini duyur və mənim şokoladı dişləyib, yarımçıq qalan hissəsi ilə rəsm çəkdiyimi təəccüb və heyrətlə qarşılayırlar. Bu ideyanı mənə qardaşım verdi. Mən sınadım və olduqca gözəl alındı.

Tarix
2022.09.04 / 13:40
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla