Azərbaycanın ritm simvolu –
Natiq Şirinov. Onunla söhbətimiz Hacı Zeynalabdin Tağıyev adına
Mədəniyyət Evində baş tutdu.
Axar.az Azərbaycanın ritm simvolu olan Natiq Şirinovla
müsahibəni təqdim edir:
"Nağara çalmasam çox yaşaya bilmərəm"
- Bayaqdan sizi izləyirəm, maşallah durmadan məşq
edirsiniz. Hər gün məşqlər sizi yormur ki?
- Yox, yorulmuram. Amma Allaha o qədər dua edirəm, ona o qədər
yalvarıram ki, bir dənə mənə güc versin, əllərim dözsün. Əllərimin
artıq dözümü azalıb. Bu qədər məşqə dözmək əl üçün asan deyil. Tək
problem budur. Qalan kim ki sevdiyi işlə məşğul olur, o insan
xoşbəxtdir. Hara qədər yaradan bizə o xoşbəxtliyi verəcəksə, o
qədər də şükür edəcəyik.
- Barmaqlarınızda bildiyim qədər çürümə prosesi gedirdi.
İndi necədir vəziyyət?
- Hə, doğrudur. İllərdir biz onun qarşısını ala-ala məşqlərimizə
davam edirik. Çünki mən nağara çalmasam, çox yaşaya bilmərəm.
Nağaraya həyat tərzi kimi baxıram. Mənim həyatımın böyük hissəsi
nağaradır.
- Natiq müəllim, ümumiyyətlə, qrupun necə yaranması
barədə kifayət qədər danışmısınız, sadəcə siz özünüz başlanğıcı
necə xatırlayırsınız?
- 1992-1993-cü illər idi. Onda heç kim bilməzdi ki, dünyada
kimlər ritm ifaçılarıdır. Amma mən bütün məşhurların əsərlərinə
qulaq asardım. O vaxtlar məndə belə bir fikir yarandı ki, bir qrup
yaratmaq olar. Doğrudur, o vaxt da nağara qrupları var idi, mən
özüm də orada, "Cücələrim" qrupunda iştirak etmişəm. Mənim
müəllimim,- Allah ona rəhmət etsin,- Azər Əliyev idi. Bilirsiniz,
əlli nəfərdən ibarət nağara çalan başqa, amma ritm qrupu tamam
başqa.
O vaxtlar bizdə bu anlayış yox idi. Mən bunu ilk dəfə dünyada
görəndə o dəqiqə içimdə bu ideya yarandı. Natiq Ritm Qrupunu
yaradana qədər bir çox dünya şöhrətli insanları, qrupları
araşdırdım, onların tarixi ilə maraqlandıqca mənə bir az da həvəs
gəlirdi.
Sonra illər keçdi, Misirli Əhməd Azərbaycana mənimlə tanış
olmağa gəldi. Təsəvvür edin, bu mənim 10 illik arzum idi və yaradan
özü qarşıma çıxartdı. Halbuki, mən onunla birlikdə çalğı çalmaq
üçün hər şeydən keçərdim. Sonra Abbas Qasımov adlı özbək dəf
çalanla da eyni səhnəni bölüşmək arzum idi. Həyat elə gətirdi ki,
mən 2011-ci ildə nağara festivalı etdim, onu da çağırdım və o da
gəldi. Bilirsiniz, həyat çox gözəldir. Əgər istək səmimi, ürəkdən
gəlirsə, onda yaradan onu sənə mütləq verir.
- Nağara dedikdə ağla ilk Natiq Ritm Qrupu gəlir. Belə
desək, nağaranı öz adınızla bağlaya bilmisiniz. Bunu qazanmaq çoxmu
çətin oldu?
- Hər aləti dünyada sevdirən insan var. Bu tarix və ya nədənsə
asılı deyil. Sadəcə, səhnəyə çıxacaqsan, nə göstərəcəksənsə, o cür
də qəbul olunacaq. Şükürlər olsun ki, nağaranı dünyaya
Azərbaycandan Natiq Şirinov olaraq qəbul etdirə bilmişəm. Dünyada
keçirilən bütün Azərbaycan dövlət tədbirlərinin başında Natiq Ritm
Qrupunun açılışları yer alır. Bu bizi əlbəttə ki, qürurlandırır.
Təkcə bununla bitmir, bu gün nə qədər evlənən cütlüklər var,
istəyirlər ki, onların toyunun açılışını məhz Natiq Ritm Qrupu
etsin.
Kiminsə toyunda pulsuz çaldığım da olub
- Toy demişkən, bildiyim qədəri ilə hər toyda iştirak
etmirsiniz. Dəvət aldığınız toylar arasında seçim edərkən nəyə
üstünlük verirsiniz?
- Bütün toylar mənim üçün əzizdir. Sadəcə olaraq bir anlam var -
nağara bizim sərvətimizdir. Ona görə də, çalışıram ki, buna qiymət
verim. Toyların fərqi olmasa da, çox adam istəyir, amma bizi çağıra
bilmir. Təbii ki, kiminsə toyunda havayı çaldığım da olub.
Məsəlçün, Namiq Qaraçuxurlunun toyunun açılışını mən etdim, indi
durub ondan pul alacam? Dostlardan pulmu almaq olar? Olmaz təbii
ki.
Mən nağaranı pul üçün çalmamışam
- Qiymətlər necədir?
- Qiymətlər həddindən artıq yüksəkdir. Məsəlçün, öz balama toy
etsəydim, o miqdarda pulu verə bilməzdim. Miqdarını açıqlamaq
istəmirəm, amma hər kəsin büdcəsinə uyğun deyil (gülür). Şəxsən mən
vermərəm özüm-özümə o pulu. Bu yekəxanalıq deyil, xeyir ola Ledi
Qaqa iki milyona, Şakira üç milyona gəlir, amma nağara hansısa bir
məbləğə gedə bilmir?!
Elə olub ac-susuz qalmışam, evimdə çörək almağa pulum olmayıb,
amma demişəm ki, qiymət budur, vəssalam.
Mən göydə Allah, yerdə zəhmətimlə nağaranı insanlara sevdirə
bildim. Bu gün hamı nağara çalır. Hətta kiçik qruplar da yaranır.
İnsanlar özünü mənə oxşatmağa çalışır, əlbəttə ki, bu, sevindirici
haldır - zəhmətimizin bəhrəsidir.
Bu gün nağaranı pul xətrinə vuranlar var. Düşünürlər ki, Natiq
müəllimin maşını var, bağı var, biz də alaq. Amma Allah şahidimdir
ki, mən nağaranı bunun üçün vurmamışam. Onları təsadüf nəticəsində
qazanmışam. Mən nağaranı vuranda heç onları qazanacağımı
düşünmürdüm. Heç onlar bilmirəm necə oldu. Sadəcə ömrümü buna həsr
elədim.
- Heç qrupu tərk edib gedənlər, naxələf çıxanlar
oldumu?
- Komanda deməzdim, amma tələbələrdən qovduğum da olub, gedənlər
də, dözməyənlər də. Çoxunun getmə səbəbini heç indiyə qədər
bilmirəm də. Əlbəttə, axırda nadan, naxələf çıxanlar da olub. Amma
buna baxmayaraq, tələbələr yenə də axınla gəlir. Bilirsiniz, biz
insanları tanıya bilmərik, heç kim, heç kimi asanlıqla tanıya
bilməz. Bunu üçün zaman lazımdır. Həyatın pisi də, yaxşısı da
olmalıdır. Gələnlər, gedənlər həmişə olub. Hələ bilmirik kimlər
qalıb, kimlər gedəcək.
- Ümumiyyətlə necə seçirsiniz tələbələri? Dərslər
ödənişlidirmi?
- Bəli, ödənişlidir. Sözün düzü, əvvəllər ödənişli deyildi,
lakin tələbələrdən naxələf çıxandan sonra ödənişli etmək qərarı
verdim. Adama bir var, iki tərəfdən təsir edər, bir də var
düşünəsən ki, pulumu alıb dərsimi keçmişəm. Ona görə də, məktəbi
pullu etdim. Sizə onu da deyim ki, Allah mənə elə bir ruzi verib
ki, mənim məktəbdən gələn pula ehtiyacım yoxdur. Sadəcə, insanlar
bir şeyə pul verəndə onun qədr-qiymətini bilir.
Əvvəllər köhnə qayda-qanunla seçirdim tələbələri. Amma bu gün
hər şeyə, gözünün içindən tutmuş, oturuş-duruşuna diqqət edirik.
Ümid olmayan tələbələri seçmirik.
- Sizin məşhur "Ritm varsa, həyat var" adlı deyiminiz
var. Necə yarandı bu sloqan?
- Bu, Allahdan yarandı. "Speys"dən belə bir verilişə start
verirdik. Vaqif müəllimlə verilişin adını fikirləşirdik. Birdən
bədahətən dedim ki, "Ritm varsa, həyat var" və Vaqif müəllimin çox
xoşuna gəldi. Hərdən belə bədahətən şeylər konsert zamanı da olur.
Bəzən konsert ortasında sanki yeni ritm kəşf edirəm.
- Bədahətən kəşf etdiyiniz ritmlər qrup üzvlərini
çaşdırmır ki?
- Çox nadir hallarda çaşa bilərlər. Amma yanımda oturan
uşaqlardan iki nəfər var ki, onlar məni hər xırdalıqda belə
rahatlıqla anlayırlar. Onlardan biri oğlum Ümid Şirinov, digəri isə
Hikmət Rzayevdir. Yeganə insanlardır ki, onlar məni "göydə"
tuturlar.
- Natiq müəllim, bəs siz özünüz necə, həyatın ritmini
tuta bilirsinizmi?
- Sizcə, tuturam? (gülürük)
- Kitabınızdan nə xəbər?
- Kitab hazırda yazılır, demək olar ki, az qalıb. Əslində, mən
onu iki il bundan qabaq çap etdirməli idim. Amma yəqin gələn ilə
qalacaq. Gecikmənin səbəbi kitabın üç hissəli olmasıdır. Nağara
məktəbi 15 illik olacaq. O da elə belə olmayacaq, təbii ki,
təsdiqlənəcək. Bu dəqiqə kimdən soruşsan ki, neçə Azərbaycan ritmi
var, çoxu bilməz.
Habil Əliyevdən böyük ibrət almışam
- Natiq Şirinovun nağara karyerası nə zaman, hansı
səbəbdən bitə bilər?
- Allah Habil Əliyevə rəhmət etsin, mən ondan böyük bir ibrət
almışam. O, zamanı gələndə dayandı. Zamanım gələndə mən onu hiss
edib dayanacam.
Həmişə arzulamışam ki, məni görəndə "nağaraçalan, dumbulçalan"
deməsinlər. Şükürlər olsun ki, bu gün məni görəndə "Natiq Ritm"
deyirlər və bu da mənə çox böyük həzz verir.
Elə insanlar var ki, 70 il yaşayırlar, amma yaradan onlara
istədiklərinin bir hissəsini belə vermir, amma mən istədiklərimə
tez bir vaxtda yiyələnmişəm, yəqin tez öləcəm (gülür).
- Natiq müəllim, bəzən sizin göstərdiyiniz sənət
qarşısında belə desək, çıxışınıza layiq alqışlar olmur. Bir çox
çıxışlarınızda tamaşaçıların alqışının zəifliyindən kefinizin
qaçmasına şahid olmuşam. Sizcə, bizdə tamaşaçı alqışının zəif
olmasına səbəb nədir?
- Bilirsiniz, Azərbaycanda ritmlə bərabər əl çalmaq hələ
təkmilləşməyib. Bir də tamaşaçılardan çox şey asılıdır. Tamaşaçı
var ki, çox bəyənir, amma onun aləmində coşqu yoxdur. Haqlısınız,
belə olanda bizdə də ruh düşkünlüyü yaranır. Bəzən tamaşaçılar
bizimlə birlikdə "raqada-çika" belə edirlər. Məsələn, bizdə vəzifə
adamı heç vaxt "raqada-çika" deməz, amma bizim dünyada belə
deyil.
- Bildiyim qədəri ilə sənətinizdə sizə maneə yaratmaq
istəyənlər az deyil.
- Mən çox əziyyət çəkmişəm bu illər ərzində, çox istədilər
vursunlar, amma alınmadı. Maneə yaratmaq istəyənlərə gəlincə,
onların hamısı manıslar olub (gülür).
- Oxucularımıza nə demək istəyərdiniz?
- Oxuculara ilk növbədə can sağlığı arzu edirəm. Musiqiyə qulaq
asanda çalışsınlar, ritmi duysunlar. Əsas odur ki, bu vurduğumuz
ritmlərin o dünyada savabı olsun.
Müsahibənin sonunda qrupun digər üzvləri ilə Natiq
Şirinovla işləməyin çətinlikləri barədə qısaca söhbətimiz
oldu:
Ümid Şirinov (Natiq Şirinovun oğlu - 18 yaşı
var, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir):
"Atamla birlikdə işləmək mənə çətinlik yaradır, ancaq bu
çətinlikdən zövq alıram. Ən böyük çətinlik məşq prosesi zamanı
olur. Amma nəsə əldə etdikdən sonra bütün bunlar insana güc verir.
Potensiala gəlincə, heç vaxt atamda olan potensialı özümdə
görməmişəm.
Namiq Şirinov (Natiq Şirinovun böyük qardaşı –
qrupun qarmon ifaçısı):
"Uşaq vaxtından birlikdə böyüdüyümüz üçün bizə birlikdə məşq
etmək elə də çətin olmur. Çünki bir-birimizin xasiyyətinə yaxşı
bələdik. Amma ümumi nəzər salanda çox çətindir. Gərək işinə
məsuliyyətli yanaşasan".
Hikmət Rzayev (bas nağara, qoşa nağara, zərb
ifaçısı):
"2006-cı ildən bu qrupda fəaliyyət göstərirəm. Natiq müəllim
bizə çox güzəştə gedir, sağ olsun. Çətin olmasına baxmayaraq, mənim
üçün çox şərəfli işdir. Bizdə hər şey, bütün gərginlik məşq prosesi
zamanı olur, məşqdən sonra mehribançılıqdır (gülür).
Natiq Ritm Qrupunun məşq prosesindən hazırladığımız videonu
təqdim edirik: