Aparıcı Mətanət Əliverdiyeva
və aktyor Teymur Məmmədovun baş rollarını ifa etdiyi "Qız atası"
serialı maraqla izlənilir. Serialda Nəzakət və Vidadi (ər-arvad)
rolunda çıxış edən sənətçilərlə həm serial haqda, həm də şəxsi
həyatları ilə bağlı söhbət etdik.
Axar.az aparıcı Mətanət Əliverdiyeva və aktyor Teymur Məmmədovla
müsahibəni təqdim edir.
- Başlayaq?
Mətanət Əliverdiyeva: - Hə, başlayaq.
Teymur Məmmədov: - Nəyə başlayaq?
M.Ə: - Elə həmişə belə olmusan. Nəyə
başlayacağıq ? (gülürlər)
- Necə deyərlər, ər-arvad savaşı – yaz yağışı... Sizdə
də deyəsən, belədir.
M.Ə: - Yox-yox, savaşmırıq ki... (gülürlər)
Mən, sadəcə, evdə olan məsələləri ört-basdır edirəm,
"malalayıram".
T.M: - Bizim ər-arvad kimi, Mətanətlə aramızda
problem olmur. Ancaq uşaqlarımızın üstündə dalaşırıq, onların
problemlərini hərəmiz bir cür həll etmək istəyirik. Bəzən
övladlarımız uşaqlıq edirlər, ancaq valideyn istər serialda,
istərsə də həyatda hər zaman övladının yaxşılığını, xoş gününü
istəyər. Əslində, biz çox nümunəvi ailəyik.
M.Ə: - Ancaq bu serial məni bir daha ayıltdı,
nə yaxşı ki, mənim qızlarım yox imiş... Bəlkə də Allah bilərəkdən
mənə qız övlad verməyib, bir əlim onların başlarında olardı. Yeni
mövsümdə serialda qızlarım ərə getsə də, yenə də mən onların
üstündə hökmranlıq edirəm.
T.M: - Yolda məni görənlər Mətanəti soruşurlar.
Deyirlər, ilahi, bu qızın enerjisi tükənmir?! Biz Mətanəti aparıcı
kimi tanıyırdıq, sevirdik, ancaq onun bu dərəcədə aktrisalığına
bələd deyildik. Çoxu deyir ki, Mətanət də mənim kimi anadır, mən də
qızlarımı elə tənbeh edirəm, lazım olanda döyürəm də...
M.Ə: - Bir-birini tərifləmək kimi çıxmasın,
amma tərəf-müqabilindən də çox şey asılıdır. Bəlkə də Teymur
müəllimin yerinə bir başqa aktyor olsaydı, belə alınmazdı. Teymur
müəllimin simasındakı təmkin nəyə desən dəyər. Nəzakət və Vidadi
tamamilə fərqli insanlardır, amma onlar birlikdə çox xoşbəxtdirlər.
Bu da ailələr üçün bir nümunədir.
- Bəs həyatda necə həyat yoldaşısınız?
M. Ə: - Bax, mən serialda necəyəmsə, həyatda da
o cür həyat yoldaşıyam. Hay-küylü, çılğın, birini deyəndə beşini
deyirəm, beşini deyəndə on beşini deyirəm. Deyim ki, ay sözəbaxan
arvadam, yumruq altda olanam. Əsla! Mən elə olsam, ürəyim
partlayar. Mən əvvəlcədən demişəm ki, xasiyyətim belədir. Qəbul
edən də edib, öldürəsi deyil ki məni... (gülür)
T. M: - Mövlanə demişkən, ya olduğun kimi
görün, ya da ki, göründüyün kimi ol. Mən də elə göründüyüm kimiyəm.
Amma mənim ömür-gün yoldaşım, Mətanətdən yumşaq adamdır, belə
səsli-küylü deyil.
M. Ə: - Əfruzə, olar, Teymur müəllimə mən də
bir sual verim.
- Əlbəttə, buyurun, Mətanət xanım.
M. Ə: - Ay Teymur müəllim, istəyərdiniz ki,
həyat yoldaşınız mənim kimi olsun, ya elə sakit? Amma düzünü
deyin.
T. M: - Mənim də yoldaşım lap elə ölüvay adam
deyil...
- Xahiş edirəm, sualdan yayınmayasınız.
M.Ə: - Ya hə, ya yox, boşanaram ha...
T. M: - Hə, yaxşı deyirəm. O, bir az sakit
olsa, yaxşıdır. Hər iki arvad səsli-küylü olsa, tab gətirmərəm,
yazığam axı... (gülür)
- Bax, serialda Teymur müəllimi ürəklə öpüb
qucaqlayırsınız, yataq otağında çəkilişlər olur, buna əsl həyat
yoldaşınız nə deyir, qısqanmır ki?
M.Ə: - İlk seriyalarda belə qısqanclıqlar
olurdu. Çünki mən evdə deməmişdim ki, necə bir rolda oynayacağam.
Dedim, otur bax. Birinci seriyada Teymur müəllimi elə ürəklə "maç"
elədim ki, həyat yoldaşım üzümə baxıb dedi, heç məni belə ürəklə
öpüb, yola salmırsan ha... Dedim, sənlə alınmır da... (gülür)
- Bəs Teymur müəllim, sizdə bu barədə vəziyyət nə
yerdədir?
T.M: - Deməli, evə gedirəm, çox vaxt yorğun
oluram, yatıb, dincəlmək istəyirəm. Xanımım əsəbiləşir ki, gedib
orada o qədər atlanıb düşürsünüz ki, yorulursunuz, evə gələndə də
belə yorğun olursan. Ancaq sonradan mənim də, Mətanətin də yoldaşı
anlayır ki, bu sadəcə roldur, sənətimiz budur. Bundan sonra da təki
xeyir işlərdə görüşək.
M.Ə: - Bir də görürsən, yolda tanımadığım
adamlar mənimlə salamlaşırlar, sonra da deyirlər, ay Mətanət,
Vidadi necədir. Nəzakət desə, bilərəm ki, rola uyğun deyir.
Deyirəm, Vidadi kimdir?! Çünki ağlıma gəlmir ki, kimi
soruşurlar.
T.M: - Məndən "Nəzakət hanı", - deyə soruşanda
deyirəm ki, biz arvadı hər yerə aparan kişilərdən deyilik.
(gülürlər)
- Mətanət xanım rolda uşaqlarla bağlı olan məsələləri
demir, ört-basdır edir, bəzən yalan da danışır. Bəs əsl həyat
yoldaşınız necə, sizə belə yalanlardan danışırmı?
T.M: - Bir oğlum, bir qızım var. Hər iki
övladım hər zaman ürək sözlərini anaları ilə bölüşür. Yəni xanımım
da beş sözdən üçünü mənə deyir, ikisini demir. Hesab edirəm,
ata-bala arasında pərdə daha qalın olmalıdır.
M.Ə: - Qadın, həqiqətən, böyük qüvvədir. Qadın
ailədə hər şeyi elə tənzimləyə bilər ki, kişinin heç ruhu da
inciməz. Amma kişidə bu alınmır. Çünki qadın hər şeyi anlayır və
kişini ifşa edir.
- Ümumiyyətlə, örnək ailə necə olmalıdır?
T.M: - Ailədə böyük, kiçik yeri olmalıdır.
Hörmət olan ailədə hər şey qaydasında gedəcək.
M.Ə: - Ailədə mütləq problemlər olmalıdır ki,
birlik olsun. Ailədə hər kəs bir-birinin arxasında dayaq kimi
durmağı bacarmalıdır.
- Ağsaqqal, ağbirçək sözü ilə ailə qurulmalıdır, yoxsa
saf sevgi ilə?
M.Ə: - Əlbəttə, sevgi ilə... Mənim
valideynlərim həmişə deyir ki, kim deyir, övladı mən özüm üçün
dünyaya gətirmişəm, bu yanlışdır. Övladı dünyaya gətirdik,
böyütdük, təhsil verdik, ailə qurmaq öz seçimi ilə olmalıdır. Heç
vaxt mənim anam-atam həyatıma müdaxilə etməyib. Hər zaman seçimimi
özüm etmişəm, seçimim yanlış olsa belə, hər zaman arxamda dağ kimi
dayanıblar. Əgər sevgi olmasa, on uşağın olsa belə, ailəndə xoşbəxt
olmayacaqsan. Mən ailəni sevgidə görürəm. Sevgi olmayanda uşaqlar
da yaddan çıxır, qadın əsəbi olur.
T.M: - Ailədə mütləq sevgi olmalıdır ki, sabah
nə isə xoşagəlməz hadisələr yaşananda ata-ananın, xala-bibinin
üstünə atmayasan. Təbii ki, valideyn istəyər hər şey yaxşı olsun.
Amma yaxşı olması üçün də gənclərin bir-birinə sevgisi
olmalıdır.